Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / IV Qlobal Bakı Forumu: qlobal əhəmiyyətli məsələlərin aktiv müzakirə platforması

IV Qlobal Bakı Forumu: qlobal əhəmiyyətli məsələlərin aktiv müzakirə platforması

15.03.2016 [10:08]

Prezident İlham Əliyev: Çalışmalıyıq ki, əməkdaşlıq, qarşılıqlı anlaşma və hörmət üçün zəmin yaransın. Əks təqdirdə, gələcəkdə vəziyyət pisləşməkdə davam edəcək
Məlum olduğu kimi, 10-11 mart tarixində Azərbaycanın paytaxtında “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumu keçirilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən IV Qlobal Bakı Forumunda bu dəfə münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunması kimi mühüm məsələlər müzakirə edilib. Bundan başqa, enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də Forumun gündəliyinə daxil edilib. Albaniya, Monteneqro, Bolqarıstan, Gürcüstan prezidentlərinin də qatıldığı Forumda 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla 53 ölkədən 300-dən çox nümayəndə iştirak edib.
Çoxqütblü dünyaya doğru: sivilizasiyalararası dialoq XXI əsrin strateji prioriteti kimi...
Ümumiyyətlə, Forum çərçivəsində səsləndirilən fikirlər, ifadə edilən qənaətlər bəşəriyyət üçün aktual olan bir məqamı növbəti dəfə gündəmə gətirdi: sivilizasiyalararası dialoq, müxtəlif mədəniyyətlər və dəyərlərə malik olan xalqların əməkdaşlığı XXI əsrin strateji prioriteti kimi müəyyənləşdirilməlidir. Lakin hazırda dünya miqyasında, eləcə də beynəlxalq münasibətlər sistemində aktiv dialoq məkanı olan Avrasiyada sivilizasiyalararası toqquşma, qarşıdurma meyilləri müşahidə edilir. Şübhəsiz, bu cür neqativ tendensiyaların əsasında beynəlxalq münasibətlər və dünya siyasətindəki etimad böhranı və ya səmimiyyətsizlik mühiti dayanır.
Sirr deyil ki, II Dünya müharibəsindən sonra bəşəriyyətin təhlükəsizliyini və sabit inkişafını təmin etmək məqsədilə ümumbəşəri dəyərlər əsasında yeni beynəlxalq münasibətlər sistemi formalaşdırıldı. Yaradılan yeni sistemin əsasında bərabərlik, beynəlxalq münaqişələrin sülh yolu ilə həll edilməsi, bir ölkənin digər ölkəyə güc tətbiq etməsindən imtina etməsi, dövlətlərin daxili işlərinə qarışmamaq, insanların əsas hüquq və azadlıqlarına hörmət etmək, eləcə də bərabərhüquqlu əməkdaşlıq kimi prinsiplər dayanırdı. Lakin təxminən son 15 ildə bu prinsiplərin kobud şəkildə pozulması nəticəsində beynəlxalq münasibətlərdə qarşılıqlı etimadın azalması və beynəlxalq əməkdaşlıqda, eləcə də xalqlararası dialoq və inteqrasiya proseslərində arzuolunmayan - neqativ hadisələrin baş verməsi müşahidə edilir.
Beynəlxalq hüququn çox zaman elə onu formalaşdıran əsas güclər tərəfindən pozulması, müəyyən siyasi mərkəzlərin öz maraqlarını qlobal və bəşəri mənafelərə qurban verməklə təmin etmək cəhdlərinin qarşısını almalı olan mexanizmlərin səmərəsizliyi beynəlxalq münasibətlərdə etimad böhranının bariz əlamətləridir. Xüsusilə də transmilli xarakterli iqtisadi maraqların təmin olunması prinsipinin əsas strateji hədəf kimi müəyyənləşdirilməsi sivilizasiyalararası mədəniyyət və inteqrasiya məsələsini müəyyən qədər ikinci plana keçirib. Belə olan halda, xalqlar və milli dövlətlər arasındakı əməkdaşlıq münasibətləri də regional və beynəlxalq təhlükəsizlik nöqteyi-nəzərindən kifayət qədər səmərəli olmur.
Bu kontekstdə yekun qənaət budur ki, beynəlxalq münasibətlərdə səmimiyyətdən uzaq yürüdülən siyasət aktorlar arasında etimadın zəifləməsinə və itirilməsinə gətirib çıxarır. Bu cür siyasət uzunmüddətli perspektivdə tərəflərə nəinki uğur gətirmir, hətta bütün bəşəriyyət üçün xoşagəlməz nəticələrə səbəb olur.
Bu gün dünyanın müxtəlif yerlərində siyasi, dini, etnik zəmində müharibələrin çoxalması, beynəlxalq ictimaiyyətin bu və ya digər şəkildə müdaxilə etdiyi münaqişələrin daha da kəskinləşməsi müşahidə olunur. Beynəlxalq ədaləti bərpa etmək missiyasını üzərinə götürən qurumların, dövlətlərin faktiki davranışlarının elan etdikləri məqsədlərlə uzlaşmaması məhz siyasi səmimiyyət çatışmazlığından xəbər verir.
Deməli, beynəlxalq hüququn işləkliyinin bərpa olunması, beynəlxalq və lokal konfliktlərin həllinə yönələn səylərin nəticə verməsi üçün beynəlxalq siyasətdə etimad və səmimiyyət mühiti olmalı, xalqlararası əməkdaşlıq, sivilizasiyalararası dialoq birinci dərəcəli komponent kimi götürülməlidir. Yalnız bu yolla beynəlxalq tərəfdaşlıqda etimad mühitinin yaradılması mümkündür.
Yeri gəlmişkən, “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumunun rəsmi açılışındakı çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu məqamlara toxunaraq qeyd edib: “Düşünürəm ki, hamımız vahid məqsəd - əməkdaşlıq, qarşılıqlı anlaşma, sabitlik və sülhün təşviqi ətrafında birləşmişik. Çünki biz bir-birimizlə bağlıyıq. Bəzən adama elə gələ bilər ki, televiziya vasitəsilə izlədiyimiz qorxulu hadisələr yad bir planetdə baş verir. Lakin reallıqda bu, qonşuluqda baş verir və qaçqın böhranı nümayiş etdirdi ki, biz bir-birimizlə əlaqəliyik. Hər bir əməl, addım və ya digər dövlətlərin daxili işlərinə müdaxilə mütləq həmin müdaxiləni edənlər üçün çətinliklər yaradacaqdır. Hesab edirəm ki, bugünkü reallıqların ibrət dərsi məhz budur. Biz bir-birimizə ehtiram nümayiş etdirməli, seçimə, ərazi bütövlüyünə və gələcəklə bağlı planlara hörmətlə yanaşmalıyıq. Bunların hamısı təmasda olmaq üçün zəruridir. Çünki əsas məqsədimiz gərginliyin və mövcud təhlükələrin azaldılmasıdır”.
Əlbəttə, qlobal sülh və təhlükəsizlik kontekstində dünya birliyinin vahid mövqeyinin təmin olunması strateji zərurət qismində çıxış edir. Çünki dünya miqyasında baş verən hadisə və proseslər mövcud tendensiyaların neqativ istiqamətdə cərəyan etdiyini göstərir. Dövlətimizin başçısı bu məsələ ilə bağlı vurğulayıb ki, dünya daha da sakit və təhlükəsiz olması əvəzinə, daha da təhlükəli olmuşdur: “Bizim regionda da vəziyyət kəskin şəkildə dəyişmişdir. Mövcud münaqişələr həll edilməmiş qalır, bununla yanaşı, yeni münaqişələr, yeni qarşıdurma və təhlükə bölgələri yaranmışdır. Bu səbəbdən hesab edirəm ki, dövlət və hökumət başçıları, siyasətçilər olaraq biz gərginliyin azaldılması üçün rolumuzu oynamalıyıq. Çalışmalıyıq ki, əməkdaşlıq, qarşılıqlı anlaşma və hörmət üçün zəmin yaransın. Əks təqdirdə, gələcəkdə vəziyyət pisləşməkdə davam edəcək”.
Azərbaycanın multikulturalizm təcrübəsi: üstün dəyər və xüsusi nümunə kimi
Forum çərçivəsində aktiv müzakirə mövzusuna çevrilən mühüm məsələlərdən biri də multikulturalizm olub. Ümumiyyətlə, Azərbaycanda multikulturalizm məsələsi xüsusi aktuallıq kəsb edir, çünki ölkəmizin təcrübəsi multikulturalizmin təbliği üçün müsbət nümunə qismində çıxış edir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan müxtəlif xalqların nümayəndələrinin yanaşı, sülh və təhlükəsizlik şəraitində yaşadığı ideal və arzuolunan məmləkət kimi dəyərləndirilməkdədir. Şübhəsiz, bunun fonunda ölkəmizin timsalında, sözün əsl mənasında, multikulturalizmin təntənəsi və nümunəsi müşahidə edilməkdədir.
Ümumiyyətlə, müasir beynəlxalq münasibətlər sisteminin əsas tendensiyaları, hazırkı beynəlxalq durum deməyə əsas verir ki, multikulturalizmin alternativi yoxdur və bu, mədəniyyətlər, sivilizasiyalararası dialoqun inkişafına özünəməxsus töhfələr bəxş edir. Eyni zamanda, bununla xalqlar öz mədəniyyətləri və mənəvi dəyərlərini inteqrasiya etdirir, mövcud mədəni sərvətlər sintez olunmuş formada dünya xalqlarına yeni dəyərlər kimi təqdim olunur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Müxtəlif etnik köklərə, dinlərə malik insanlar əsrlər boyu Azərbaycanda sülh, əmin-amanlıq şəraitində yaşamışlar və biz bununla fəxr edirik. Fərəhlənirik ki, müstəqillik illərində bu müsbət meyil daha da güclənmişdir. Multikulturalizm və dini dözümlülük Azərbaycanda dövlət siyasətidir. Eyni zamanda, bu, cəmiyyətdə olan əhval-ruhiyyənin təcəssümüdür. Bu isə çox vacibdir ki, həmin sahədə dövlət siyasəti və ümumi ab-hava bir-birindən fərqlənmir.
2008-ci ildə biz “Bakı prosesi”nə start verdik və ilk dəfə İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin mədəniyyət nazirlərini Avropa Şurasına üzv olan dövlətlərin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına dəvət etdik. “Bakı prosesi” artıq bir reallıqdır. Biz Azərbaycanda multikulturalizm dəyərlərini təşviq edən çoxsaylı beynəlxalq tədbirlər keçirmişik. Dünya dini liderlərinin zirvə görüşünü, bir neçə dəfə Mədəniyyətlərarası Dialoq Forumu və Beynəlxalq Humanitar Forum təşkil etmişik. Təqribən bir aydan sonra biz BMT-nin təşkilatçılığı ilə Azərbaycanda Sivilizasiyalar Alyansının 7-ci toplantısını keçirəcəyik”.
Ölkəmiz dünyaya tolerantlıq kontekstində yeni model bəxş edib
Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edib. Dünyada “sivilizasiyaların toqquşması” prosesinin müşahidə edildiyi, müxtəlif ölkələrdə cəmiyyətdaxili parçalanmalar nəticəsində dini, etnik zəmində konfliktlərin yaşandığı bir vaxtda Azərbaycan sabit və tolerant mühiti ilə diqqət çəkir. Azərbaycan mədəniyyətlərin inteqrasiyası və tolerantlıq təcrübəsinə malik olan bir ölkədir. Üstəlik, bir çox nüfuzlu beynəlxalq mədəniyyət və idman müsabiqələrinin, tədbirlərinin respublikamızda keçirilməsi də həm ölkəmizin inkişafından, həm də dünyaya açıq olmasından xəbər verir. Bütün bunlarla əlaqədar olaraq, ölkəmiz dünya sivilizasiyalarının qovuşmasının və multikulturalizmin nəzərə çarpan nümunəsi kimi dünyada tanınır.
Qeyd etdiyimiz kimi, müasir Azərbaycan sivilizasiyalararası dialoqun, qlobal siyasi, iqtisadi, mədəni problemlərin müzakirə olunduğu məkana çevrilib. Dünya İqtisadi Forumu, Krans Montana Forumu, Cənubi Qafqaz Forumu, “Eurovision” musiqi yarışması, Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Ümumdünya Sammiti, Qlobal Bakı Forumu və digər nüfuzlu tədbirlərə ev sahibliyi edən Bakı şəhəri artıq dünyanın qlobal səciyyəli mərkəzlərindən biri kimi qəbul olunur.
Yeri gəlmişkən, Prezident İlham Əliyev onu da diqqətə çatdırıb ki, “Ötən il Azərbaycan ilk Avropa Oyunlarına, 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi etmişdir. Bakı İslam Mədəniyyəti Paytaxtı elan edilmişdir və gələn il biz İslam Həmrəylik Oyunlarını təşkil edəcəyik. Azərbaycan Avropa Şurasının və eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Bu, mədəniyyətlər, ənənələr, dinlər arasında körpüdür və bu, bizim məsuliyyətimizdir. Biz bu rolu ilk öncə öz ölkəmizin uğurlu gələcəyi və regionda sabit proqnozlaşdırıla bilən vəziyyətin yaradılması naminə oynayırıq”.
Azərbaycanda bütün azadlıqların, o cümlədən vicdan azadlığının durumu təqdirəlayiqdir
Xüsusi olaraq qeyd etmək lazımdır ki, sivilizasiyalararası dialoqa mühüm töhfələr verən, tolerantlıq məkanı kimi tanınan Azərbaycanda bütün azadlıqlar, o cümlədən vicdan azadlığı təmin edilib. Ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulduğunu faktlar təsdiqləyir. Azərbaycanda dini etiqad və vicdan azadlığı Konstitusiya normasıdır, ölkədə çoxlu sayda dini təşkilatlar fəaliyyət göstərir, hər kəsin dini ayinləri sərbəst şəkildə yerinə yetirməsi üçün zəruri şərait təmin olunub. O da qeyd edilməlidir ki, müxtəlif dinlərə mənsub şəxslərin ibadəti üçün yaradılan şərait yüksək qiymətləndirilir. Ümumiyyətlə, bu istiqamətdə görülən tədbirlər ardıcıl səciyyə daşıyır. Dövlətimizin başçısı bu məqamlara toxunaraq qeyd edib: “Ötən ay biz müsəlman dünyasının ən müqəddəs məkanlarından olan İmamzadə Dini-Tarixi Kompleksinin yenidənqurma və bərpadan sonra açılışında iştirak etdik. Yeri gəlmişkən, bu kompleks Gəncədə, Nizami Gəncəvinin vətənində yerləşir. Azərbaycan xalqı bu abidəni VIII əsrdən bəri qoruyur. Ərazidə yeni məscid də inşa edilmişdir və mən Azərbaycanın müxtəlif bölgələrindən olan insanları ora dəvət etmişdim. Orada mənimlə yanaşı çıxış edənlərin arasında Azərbaycanın müxtəlif dini icmalarının rəhbərləri olmuşlar - Azərbaycan müsəlmanlarının, Azərbaycanın Rus Pravoslav kilsəsinin, yəhudi icmasının və Azərbaycanın Katolik kilsəsinin rəhbərləri. Onlar bu tədbirdə yalnız iştirak etməmiş, həm çıxış etmiş və həm də yeni inşa edilmiş məscidi ziyarət etmişlər. Bu işlər bizim ölkədə belə qurulub. Bu, bizim cəmiyyətimizə, xalqımıza və dünyaya olan mesajımızdır”.
Prezident İlham Əliyev əlavə edib ki, bir neçə ay bundan öncə Azərbaycanın ən böyük məscidində sünni və şiə müsəlmanlar bir yerdə namaz qılmışlar və bunu vəhdət namazı adlandırmışlar: “Bu da bir daha real vəziyyəti əks etdirir. Burada nə müsəlman icması daxilində, nə də, ümumiyyətlə, cəmiyyətimizdə fərq qoyulmur. Bu, Azərbaycan reallığıdır, bizim ən böyük sərvətlərimizdəndir və uğurlu inkişafımızın zəmanətidir. Çünki bu konsensus, bu birlik olmadan biz uğur əldə edə bilmərik. Biz daha da böyük nailiyyətlər əldə etməkdə, ölkəmizi müasirləşdirməkdə davam etmək istəyirik. Biz buna yalnız dostluq və multikulturalizm kimi birgə dəyərlərə əsaslanaraq nail ola bilərik”.
Ölkəmiz açıq cəmiyyət quruculuğunun, ardıcıl islahatlar mexanizminin formalaşdırılmasının pozitiv modelini yaradıb
Bütün bunlarla yanaşı, institusional islahatlar və davamlı inkişafın ardıcıllığının təmin olunması baxımından da Azərbaycan müsbət nümunə qismində çıxış edir. Qeyd edək ki, Forumda açıq cəmiyyət quruculuğunda islahatların əhəmiyyətinə də toxunulub və səsləndirilən fikirlərdə Azərbaycanda açıq cəmiyyət quruculuğunun, ardıcıl islahatlar mexanizminin formalaşdırılmasının pozitiv model kimi çıxış etdiyi diqqətə çatdırılıb.
Ümumiyyətlə, ölkəmizdə həyata keçirilən institusional islahatlardan bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yönündəki strateji əhəmiyyətli nəticələrə də toxunmaq məqsədəmüvafiqdir. Tərəddüdsüz qeyd etmək olar ki, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanda təkmil sistem bərqərar olunub və hüquqi dövlət quruculuğu artıq başa çatıb. Ümumiyyətlə, modernləşmə strategiyasının yeni keyfiyyətdə davam etdirilməsi, siyasi mədəniyyətin yeni keyfiyyət ünsürləri ilə zənginləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təkmillik səviyyəsinin artırılması istiqamətində təməl strateji tədbirlərin görülməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, plüralist mühitin möhkəmləndirilməsi kimi strateji səciyyə daşıyan faktorlar təkmil və mükəmməl struktur elementlərinə malik olan siyasi sistemin tamlığını təmin edib.
Sadalananları sübut edən başlıca faktlardan biri də ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin təşəkkül tapmasıdır. Belə ki, hüququn aliliyi, ictimai həyatın bütün sahələrində qanunun hökmranlığı prinsiplərinin mühafizə olunması dövlətin və vətəndaşların qarşılıqlı mənəvi məsuliyyətinin güclənməsini təmin etməklə yanaşı, hüquqi dövlətin təməllərini də möhkəmləndirib. Eyni zamanda, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunması istiqamətində xüsusi işlər görülüb, əhəmiyyətli nəticələr əldə edilib.
Dövlətimizin başçısı bəhs olunan çıxışı zamanı bu məqamlara toxunaraq deyib: “Azərbaycanda siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılır. Bütün fundamental azadlıqlar təmin edilir - söz azadlığı, toplaşma azadlığı, dini azadlıq, media azadlığı. Bizdə azad internet mövcuddur. Son iyirmi ildir ki, senzura ləğv olunub və vətəndaşlarımızın 70 faizdən çoxu internet istifadəçisidir. Siyasi azadlıqlar iqtisadi islahatlarla dəstəklənir”.
“Yeni Azərbaycan”
Analitik Qrupu

Paylaş:
Baxılıb: 2930 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31