Ana səhifə »  Analitik »  Son 14 il ərzində Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçib
A+   Yenilə  A-
Son 14 il ərzində Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçib

Çoxəsrlik tarixində Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb
Müasir müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. Tarixin müxtəlif dönəmlərində ayrı-ayrı problemlər və situasiyalarla qarşılaşan Azərbaycan xalqı əzmkarlıq və vahidlik nümayiş etdirərək dövlətçilik ənənələrimizin əbədiliyini, müstəqil Azərbaycanın tərəqqisini təmin etmişdir. Şübhəsiz, bütün bu tarixi və misilsiz nailiyyətlərin əldə edilməsində lider faktoru spesifik, əvəzolunmaz rol oynamışdır.
Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, Ulu öndər Heydər Əliyev olmuşdur. İctimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. O da həqiqətdir ki, Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir. Prezident İlham Əliyev Öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə Özünün əsl siyasi lider olduğunu isbatlayıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu gün Azərbaycan inkişafdadır: “Bu gün müstəqil dövlətimiz özünün ən uğurlu dövrünü yaşayır. Çoxəsrlik tarixində Azərbaycan heç vaxt indiki qədər güclü olmamışdır. Bu gün Azərbaycanda aparılan islahatlar xalqımızın gələcək inkişafını təmin edir”.
Aparılan islahatlar Azərbaycanın perspektiv inkişafı üçün fundamental əsaslar formalaşdırıb
Zamanın nəbzini tutması, meydana çıxan çağırışlara adekvat siyasi xətt müəyyənləşdirməsi Prezident İlham Əliyevin üstün keyfiyyətlərindəndir. Onun mütəmadi olaraq praqmatik yanaşmalar sərgiləməsi son 14 ildə Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafını təmin edib.
Deyilənlər baxımından yeni şəraitdə ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında həyata keçirilən islahatların önəmini xüsusi qeyd etmək lazımdır. Bu islahatların əhatə dairəsinə ölkədə biznes mühitinin optimallaşdırılması, bank-maliyyə sektorunun sağlamlaşdırılması, gömrük idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, bütün sahələrdə şəffaflığın təmin edilməsi kimi mühüm istiqamətlər daxildir.
Postneft dövrünün iqtisadiyyatına keçidlə bağlı reallaşdırılan islahatlar çərçivəsində ölkədə investisiya mühitinin cəlbediciliyinin artırılması diqqət mərkəzində saxlanılır. Aydın məsələdir ki, güclü sərmayə təminatı olmadan bu və ya digər istiqamətlər üzrə yeni layihələrin həyata keçirilməsindən də söhbət gedə bilməz. Son 14 ildə Azərbaycan iqtisadiyyatına müxtəlif mənbələrdən təxminən 200 milyard dollar həcmində investisiyalar yönəldilib. Prezident İlham Əliyev Azərbaycanda ölkəyə sərmayə qoyuluşunun stimullaşdırılması məqsədilə bir neçə Fərman imzalayıb. Dövlət başçısının 2016-cı il 18 yanvar tarixli “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərmanı ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiqlənib. Müvafiq təşviq mexanizminin işə salınması isə öz növbəsində sahibkarların investisiya fəallığını artırıb.
Yeni nəsil iqtisadi islahatlara uyğun olaraq həmçinin ixracın səmərəli təşviqi mexanizmi işə salınıb. Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən, 2016-2020-ci illərdə Azərbaycan Respublikasının ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə müəyyənləşdirilmiş qaydalar çərçivəsində ixrac təşviqinin ödənilməsi nəzərdə tutulub. Tətbiqinə başlanıldığı qısa müddətdə sahibkarlarda təşviq mexanizminə böyük maraq yaranıb. Bunun nəticəsidir ki, xarici bazarlara çıxarılan Azərbaycan mənşəli məhsulların həcmi əhəmiyyətli dərəcədə artıb. Son statistik məlumatlara görə, ölkəmizin xarici ticarət dövriyyəsində ixracın payı 61 faizə çatıb, ixrac idxalı 4,7 milyard dollar üstələyir. Eyni zamanda, “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxarılan məhsullarımızın ixrac coğrafiyası genişlənir.
Prezident İlham Əliyevin 2016-cı ilin dekabrında imzaladığı müvafiq Fərmana əsasən təsdiqlənən milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində isə yaxın, orta və uzunmüddətli dövr üçün inkişaf hədəfləri müəyyənləşdirilib. Bütövlükdə qabaqcıl dünya təcrübəsinin, müasir təsərrüfatçılıq metodlarının, yeni təşəbbüslərin tətbiqinə, liberal transformasiyalara uğurlu keçidin təmin olunmasına hesablanan kompleks islahatlar postneft dövründə milli iqtisadiyyatımızın inkişafı üçün münbit zəmin rolunda çıxış edərək onun qarşısında yeni perspektivlər açıb.
ÜDM-də qeyri-neft sektorunun xüsusi çəkisinin 80 faizədək artması böyük nailiyyətdir
Azərbaycanın mənzərəsinə istinadən qətiyyətlə demək mümkündür ki, son 14 ildə ölkəmiz bütünlüklə iqtisadiyyatın şaxələndirilməsinə istiqamətlənib. Ötən illərdə möhkəm daxili sabitliyi ilə fərqlənən Azərbaycanda ölkəyə gələn böyük həcmlərdə neft gəlirləri məqsədyönlü şəkildə milli mənafe baxımından strateji önəm daşıyan prioritet sahələrə, o cümlədən də neftdənkənar iqtisadiyyat üzrə yeni proqramların reallaşdırılmasına yönəldilib. Ümumiyyətlə, respublikamız Prezident İlham Əliyevin möhkəm siyasi qətiyyəti sayəsində elə bir uğurlu iqtisadi inkişaf modeli seçib ki, burada neft amili heç də həlledici, dominant rol oynamır, əksinə ağırlıq mərkəzi, çəkici qüvvə tədricən qeyri-neft sektoruna keçir. Həyata keçirilən məqsədyönlü siyasət sayəsində respublikamızda buraxılan ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi 80 faizədək artıb ki, bu da böyük nailiyyətdir.
Azərbaycanda qeyri-neft sektorunun mühüm bir qolu kimi, sahibkarlığın inkişafı həm siyasi, həm də maddi cəhətdən dəstəklənir. 2004-cü ildən bəri respublikamızda çoxlu sayda sahibkarlıq subyektinə təxminən 2 milyard manat həcmində kreditlər ayrılıb. Davamlı dövlət dəstəyi sayəsində ölkədə məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb.
Respublikada böyük potensiala malik aqrar sektor yeni yanaşmalar əsasında inkişaf etdirilir. İndiyədək dövlət başçısının tapşırığına uyğun olaraq ölkəmizin 20 rayonunda 44 min hektardan çox sahədə 22 sahibkarlıq subyekti tərəfindən 32 iri fermer təsərrüfatı yaradılıb. Respublikanın ayrı-ayrı bölgələrində bitkiçilik və heyvandarlıq istiqamətli 40-dək aqroparkların yaradılması güclü şəkildə təşviq olunur. Artıq ölkənin regionlarında 10 min hektar ərazidə yaradılan 2 aqropark uğurla fəaliyyət göstərir.
Ölkəmizdə neftdənkənar iqtisadiyyat üzrə uğurla həyata keçirilən sənayeləşmə siyasəti də öz bəhrəsini verir. Son illərdə respublikanın potensialından səmərəli istifadə olunması və davamlı dövlət dəstəyi sayəsində sənaye quruculuğu sahəsində diqqətəlayiq uğurlara nail olunub. Ümumiyyətlə, son 14 ildə Azərbaycanda sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin müasir mənzərəsini səciyyələndirir.
Əlamətdar haldır ki, ölkəmizdə sənayeləşmə siyasəti ildən-ilə daha geniş vüsət alır. Hazırda Bakıda, Sumqayıtda, Mingəçevirdə və digər bölgələrdə yeni sənaye obyektlərinin tikintisi uğurla davam etdirilir, bir neçə bölgədə isə sənaye məhəllələri yaradılır.
Müvafiq Dövlət proqramlarının uğurla icra edilməsi sayəsində ölkənin bütün regionlarının siması dəyişib
Hazırda bütün dünyada nümunə kimi qəbul edilən inkişafın Azərbaycan modelinin səciyyəvi cəhətlərindən söhbət açarkən ölkənin regionlarının tarazlı şəkildə inkişaf etdirilməsinin strateji kurs kimi müəyyənləşdirilməsini xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında müəyyənləşdirilən bu strateji kursa uyğun olaraq müxtəlif istiqamətləri əhatə edən layihələr yalnız paytaxt Bakıda və yaxud iri şəhərlərdə deyil, respublikanın bütün bölgələrində reallaşdırılır. Bu gün məmnunluq hissi ilə qeyd edə bilərik ki, artıq respublikamızda paytaxt Bakı ilə bölgələr arasında fərq minimuma enib, bütün bölgələrin sakinləri həm yüksək iş şəraiti, həm də bütün kommunal rahatlıqlarla təmin olunublar.
Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı ciddi konseptual əsaslara söykənir və Prezident İlham Əliyevin fərmanları ilə təsdiqlənərək 2004-cü ildən bəri böyük uğurla reallaşdırılan müvafiq Dövlət proqramlarında nəzərdə tutulan konkret hədəflərə istiqamətləndirilib. Qeyd edək ki, Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı beşillik Dövlət proqramlarının qəbul edilməsi təşəbbüsünü Prezident İlham Əliyev hələ 2003-cü ildə seçicilərlə görüşlərində irəli sürüb. Praqmatik siyasətçi olan İlham Əliyev xalqın inamını qazanaraq Prezident seçildikdən sonra Öz vədinə sadiq qaldı. İndiyədək respublikamızda Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırılıb. Əvvəlki illərdə yaradılan möhkəm baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas olub. Hazırda üçüncü Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir.
Beləliklə, tam qətiyyətlə demək mümkündür ki, son 14 ildə respublikamızda regionların sosial-iqtisadi inkişafında bəhs olunan Dövlət proqramları mühüm rol oynayıb. İlk Dövlət Proqramının icrasına start veriləndən etibarən Azərbaycanın bölgələrində 70 mindən çox müəssisə fəaliyyətə başlayıb və regionlarda ümumi məhsul buraxılışı əhəmiyyətli dərəcədə artıb. Ən önəmli cəhətlərdən biri odur ki, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bir çox göstəricilər üzrə bölgələrdə artım tempi ölkə üzrə müvafiq göstəriciləri üstələyib. Belə ki, son illərdə regionlardan vergi ödənişləri 14 dəfədən çox artıb. Artıq 6 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir. Ümumiyyətlə, son 14 ildə regionların maliyyə təminatı əhəmiyyətli dərəcədə güclənib. 2004-cü ildən etibarən bəhs olunan Dövlət proqramlarının icrasına bütün mənbələr hesabına 50 milyard manatdan çox vəsait yönəldilib. Bundan başqa, Prezident İlham Əliyev ayrı-ayrı bölgələrdə yol infrastrukturunun yenilənməsinə, çoxmərtəbəli yaşayış binalarının təmirinə, kommunal layihələrin reallaşdırılmasına əlavə maliyyə vəsaitlərinin ayrılmasına dair çoxsaylı sərəncamlar imzalayıb.
Respublikada həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır
Respublikamızda rasional iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır. Azərbaycanın dövlət başçısının nümayiş etdirdiyi güclü siyasi iradə sayəsində respublikamızda yoxsulluğun bir fenomen kimi tamamilə aradan qaldırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Çox qısa müddətdə yoxsulluğun 50 faizdən 5 faizədək azaldılması böyük nailiyyətdir. Eyni zamanda, son 14 ildə respublika üzrə təxminən 1,9 milyon yeni iş yerinin yaradılması insanların sosial vəziyyətinin yaxşılaşmasında mühüm faktor qismində çıxış edir. Qeyd edək ki, hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında “yüksək insan inkişafı” ölkələri qrupunda yer alıb.
Ölkədə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi xəttə əsasən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə davamlı tədbirlər görülür. Bu baxımdan ölkə əhalisinin ən həssas hissəsi olan qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə göstərilən dövlət dəstəyi xüsusilə diqqətəlayiqdir. Son 14 ildə qəbul edilən müvafiq Dövlət proqramları çərçivəsində qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına və digər sosial ehtiyaclarının ödənilməsinə 6,2 milyard manatdan çox vəsait sərf olunub. Nəticədə, 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub. Hazırda Bakıda və Sumqayıtda qəzalı binalarda müvəqqəti sığınacaq tapan məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması üzrə yeni layihə də uğurla reallaşdırılır.
Bütövlükdə sadalananlar deməyə əsas verir ki, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Azərbaycanın dünya kosmik ailəsinin üzvlüyünə daxil olması qürurverici haldır
Ölkəmizdə Prezident İlham Əliyevin yeni sənaye quruculuğu ilə bağlı müəyyənləşdirdiyi hədəflərə uyğun olaraq İKT sektorunun inkişafı, innovasiya əsaslı, elm tutumlu müəssisələrin yaradılması yüksək səviyyədə dəstəklənir. Dövlət başçısı Sumqayıtda, Pirallahıda, Mingəçevirdə, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının tabeçiliyində yüksək texnologiyalar parklarının yaradılması haqqında müvafiq Sərəncam və fərmanlar imzalayıb. Yüksək texnologiyalar parklarında nəzərdə tutulan fəaliyyət sahələrinə mobil texnologiyalar, informasiya texnologiyaları, elektron biznes, animasiya qrafikaları, proqram mühəndisliyi, telekommunikasiya və kosmos, robot və mexanika, LED texnologiyaları, biotexnologiyalar, tibbi proqram təminatları, enerji səmərəliliyi sahələrində tədqiqatların aparılması, alternativ enerji və digər innovativ texnologiyalar daxildir.
İnnovativ, yüksək texnologiyalı sənaye quruculuğuna göstərilən diqqət sayəsində Azərbaycanın kosmik dövlətə çevrilməsi də böyük nailiyyətdir. “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında”, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında dövlət başçısının imzaladığı müvafiq sərəncamlar Azərbaycanın dünya kosmik ailəsinə inamlı inteqrasiyasını təmin edib. Dövlət başçısının 3 may 2010-cu il tarixli Sərəncamı ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) təsis edilib. ASC-nin yaradılmasından təxminən 3 il sonra, 2013-cü il fevralın 8-də “Azerspace-1” peyki orbitə çıxarılıb. Hazırda Azərbaycanın iki peyki orbitdə uğurla fəaliyyət göstərir. Dekabrın əvvəlində keçirilən “Bakutel-2017” sərgisində bildirildiyi kimi, 2010-cu ildə yaradılmış və Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” “Azərspace-1” peyki vasitəsilə öz müştərilərinə yüksək etibarlı peyk əsaslı teleradio yayımı, səs, video məlumatlarının ötürülməsi və digər xidmətləri təqdim edir. Yüksək ixtisaslı peşəkar heyətə və texniki imkanlara malik olan “Azərkosmos” ASC-nin yaradılmasından ötən dövr ərzində bu qurum ölkədə və bütünlüklə regionda İKT sektorunun aparıcı qüvvələrindən birinə çevrilib.
Hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edilib
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili siyasət kursu sayəsində demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yönündə də mühüm nəticələr əldə olunub. Demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub və hüquqi dövlət quruculuğu artıq başa çatıb. Başqa sözlə, hüququn aliliyi, ictimai həyatın bütün sahələrində qanunun hökmranlığı prinsiplərinin mühafizə olunması dövlətin və vətəndaşların qarşılıqlı mənəvi məsuliyyətinin güclənməsini təmin etməklə yanaşı, hüquqi dövlətin təməllərini də möhkəmləndirib.
Digər tərəfdən, Prezident İlham Əliyevin siyasi kursunun qanunauyğun nəticəsi kimi, ölkəmizdə söz və mətbuat azadlığı yüksək səviyyədə təmin edilib. Eyni zamanda, ölkəmizdə mətbuatın böyük dostu, hamisi və qayğıkeşi olan Prezident İlham Əliyev jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə, onların mənzil-məişət problemlərinin həllinə hər zaman diqqət və qayğı ilə yanaşıb. Jurnalistlərin məişət şəraitinin mütəmadi olaraq yaxşılaşdırılması dövlətin diqqət mərkəzindədir. Bu məqamda qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyevin 2010-cu il 22 iyul tarixində imzaladığı “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” Sərəncama əsasən, Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Həmin Sərəncamın icrası nəticəsində Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində jurnalistlər üçün 2 blokdan, 156 mənzildən ibarət 17 mərtəbəli bina tikildi və 2013-cü il iyulun 22-də Prezident İlham Əliyev həmin binada mənzillərin paylanması mərasimində iştirak etdi. Həmçinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli, 255 mənzilli binanın cari il iyulun 20-də istifadəyə verilməsi və həmin gün jurnalistlər üçün yeni, sayca üçüncü binanın təməlinin atılması bu istiqamətdə atılan addımların davamlı xarakter daşıdığını bir daha təsdiqləyir. Hazırda hərtərəfli diqqət və qayğı ilə əhatə olunan Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğu, sosial ədalət və şəffaflığın təmin edilməsi, siyasi mədəniyyətin inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynayır.
Birinci vitse-prezidentlik institutunun yaradılması idarəetmənin təkmilləşdirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın tərəqqisinə və milli gücünün artmasına xidmət edir, Azərbaycanın inkişafının davamlı xarakter daşımasına, dövlət müstəqilliyinin möhkəmlənməsinə, idarəetmənin təkmilləşdirilməsi və demokratik inkişaf prosesinə əhəmiyyətli töhfə kimi xarakterizə olunur. Məhz ötən il sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi - referenduma çıxarılan məsələlər də islahatlar kursunun tərkib hissəsini təşkil edir. Bəhs olunan referendumun nəticələri Azərbaycan xalqının mütləq əksəriyyətinin Prezident İlham Əliyevin siyasətini dəstəklədiyini bir daha nümayiş etdirdi.
Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən institusional islahatlar idarəetmənin təkmilləşdirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Bu baxımdan, ümumxalq səsverməsi vasitəsilə respublikamızda yeni idarəçilik institutunun - vitse-prezidentlik təsisatının yaradılması xüsusi olaraq vurğulanmalıdır. Ötən zaman göstərdi ki, ölkədə vitse-prezidentlik təsisatının yaradılması yeni nəsil islahatların həyata keçirilməsi, vətəndaşlara dövlət diqqəti və qayğısının gücləndirilməsi, cəmiyyətin bütün təbəqələrini əhatə edən uğurlu sosial siyasətin davam etdirilməsi baxımından mühüm amil oldu.
Birinci vitse-prezident təyin edilən Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın inkişafına müstəsna töhfələr verir. Başqa sözlə, bu gün Birinci vitse-prezident kimi Mehriban xanım Əliyevanın çoxşaxəli, ictimai əhəmiyyətli fəaliyyəti ölkəmizin tərəqqisi, ayrı-ayrı sahələrdə mühüm inkişaf göstəricilərinin əldə olunması baxımından böyük önəmə malikdir. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyəti milli maraqlardan irəli gələn vəzifələrin yerinə yetirilməsi kontekstində xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan beynəlxalq arenada güclü və nüfuzlu dövlət kimi tanınır
Bir məqamı da vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna, eləcə də yüksək beynəlxalq nüfuza malik olan aktora çevrilib. Avrasiyanın mühüm geostrateji məntəqələrindən biri olan Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycan öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə regional və beynəlxalq əməkdaşlığa, təhlükəsizliyə müstəsna töhfələr verir. Eyni zamanda, regional işbirliyi formatlarının yaranmasında Azərbaycanın yeri və rolu müstəsna əhəmiyyət kəsb edir. Ölkəmiz hazırda regionda sabitləşdirici aktor kimi çıxış edir.
Digər tərəfdən, öz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürən Azərbaycan beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim etməkdədir. Bütün bunların müqabilində ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən geopolitik subyektlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirirlər. Bununla yanaşı, Cənubi Qafqazın təhlükəsizlik qarantı olan Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir.
Azərbaycan Multikultural dəyərlərin təbliğ və təşviq olunmasında mühüm rol oynayır
Digər tərəfdən, tolerantlıq nümunəsi olan, multikultural dəyərləri təbliğ edən Azərbaycan etnik və dini zəmində sabitliyin hökm sürməsi, fərqli etnik mənsubiyyətə və dini dünyagörüşünə sahib olan qrupların əmin-amanlıq və sülh şəraitində yaşaması ilə fərqlənir. Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm İli” elan etməsindən sonra müasir siyasi, mənəvi və ideoloji çağırışların nəzərə alınaraq ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması böyük əhəmiyyətə malikdir. Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması həm ölkəmizin daxili auditoriyasına, həm də dünya ictimaiyyətinə ciddi bir çağırışdır. Bütövlükdə, multikultural dəyərləri təbliğ edən Azərbaycan İslam həmrəyliyinin təbliğ və təşviq olunmasında mühüm rol oynayır.
Azərbaycanın iştirak etdiyi qlobal enerji layihələri ölkəmizi daha da gücləndirir
Yerləşdiyi coğrafiyanın lider dövləti, əsas geosiyasi aktoru sayılan Azərbaycan qısa müstəqillik tarixində regionda bir sıra qlobal əhəmiyyət daşıyan layihələrin təşəbbüskarı və moderatoru rolunda çıxış edib. Bu sırada enerji layihələrini xüsusi qeyd etmək lazımdır. Ölkəmizin ərsəyə gəlməsində həm siyasi dəstək, həm də investisiya təminatı baxımından mühüm rol oynadığı “Əsrin kontraktı” layihəsi çərçivəsində bütün öhdəliklər yüksək səviyyədə yerinə yetirilir, həmçinin Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan kəmərləri uğurla istismar olunur.
“Əsrin kontraktı” ilə təməli qoyulan yeni neft strategiyasının son 14 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi sayəsində Azərbaycan özünün enerji təhlükəsizliyini tam təmin edib, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə sanballı töhfələr verən etibarlı tərəfdaşa çevrilib.
Cari il sentyabrın 14-də isə müstəqil Azərbaycanın həyatında daha bir əlamətdar hadisə baş verib. Bəhs olunan tarixdə Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib. Bəhs olunan Sazişin imzalanması ilə böyük ehtiyatlara malik “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsində yeni mərhələ başlayıb.
“Əsrin kontraktı”nda olduğu kimi, yeni müqavilədə də Azərbaycanın milli maraqları maksimum dərəcədə nəzərə alınıb. Sənədə əsasən, xarici investorlar tərəfindən ölkəmizə 3,6 milyard dollar həcmində bonus ödəniləcək. Bundan başqa, SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək. Yeni Sazişə əsasən, Azərbaycanın iştirak payı 11 faizdən 25 faizə qaldırılıb və ölkəmizə çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək.
Hazırda Azərbaycanın fəal iştirakı ilə daha bir qlobal enerji layihəsi - “Cənub Qaz Dəhlizi” icra olunur. Resurs mənbəyi Xəzərin Azərbaycan sektorundakı zəngin “Şahdəniz” yatağı olan “Cənub Qaz Dəhlizi” 6 ölkədən keçməklə Avropa İttifaqı ölkələrinədək uzanacaq. “Cənub Qaz Dəhlizi”nin təməli 2014-cü il sentyabrın 20-də Bakıda qoyulub. “Cənub Qaz Dəhlizi” layihəsi dörd hissədən ibarətdir. Buraya “Şahdəniz” yatağının işlənməsi, genişləndirilmiş Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) və Transadriatik (TAP) boru kəmərləri daxildir.
Bütövlükdə, uğurlu enerji siyasəti həm regional inkişaf və əməkdaşlığa müstəsna töhfələr verir, həm də Azərbaycanın mövqeyinin güclənməsini şərtləndirir.
Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi regionda tranzit ölkə kimi Azərbaycanın mövqeyini daha da möhkəmləndirib
Qədim İpək Yolunun üstündə yerləşən Azərbaycan həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, eləcə də iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır.
Eyni zamanda, ölkəmizin mövqeyini gücləndirən o cəhətdir ki, buradan paralel şəkildə Şərq-Qərb və Şimal-Cənub marşrutları keçir. Avropa, Qafqaz və Orta Asiya ölkələrini əlaqələndirən Şərq-Qərb nəqliyyat dəhlizi istər iqtisadi səmərəlilik, istərsə də mükəmməl infrastruktur baxımından olduqca əlverişli marşrutdur. Bu marşrutun potensialından səmərəli istifadə etməklə bəhs olunan geniş coğrafiyada yerləşən ölkələr arasında iqtisadi-ticarət əlaqələrini gücləndirmək, bütövlükdə regionun inkişafına əlavə impuls vermək mümkündür. Bu baxımdan Azərbaycanın son 14 ildə Şərq-Qərb dəhlizinin yaradılmasında və onun funksionallığının artırılmasında, o cümlədən də tarixi İpək Yolunun bərpasında fəal rol oynaması tərəfdaş ölkələr tərəfindən yüksək qiymətləndirilir.
2017-ci il oktyabrın 30-da inamlı inkişaf yolu tutan, özünü dünyaya güclü dövlət kimi təqdim edən respublikamızda daha bir əlamətdar hadisə yaşanıb - Bakı Beynəlxalq Dəniz Ticarət Limanında XXI əsrin layihələrindən olan Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimi keçirilib. Layihənin reallığa çevrilməsi məhz Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və böyük əməyi sayəsində mümkün olub.
Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, növbəti mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəal siyasət yeridir və qətiyyətli mövqe sərgiləyir
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü xarici siyasət kursunun mühüm strateji istiqamətlərindən birini də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında - ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edir. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə qlobal səviyyədə genişmiqyaslı iş aparır, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir. Müəyyən müddətdir ki, davam edən danışıqlar prosesində ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik sahədə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub. Digər sahələrdə olduğu kimi, ölkənin ərazi bütövlüyü məsələsində də respublika rəhbərliyinin qətiyyətli və birmənalı mövqe sərgiləməsi bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb.
Ümumiyyətlə, danışıqların hazırkı mənzərəsi Azərbaycanın aşkar üstünlüyünü, Ermənistanın isə çətin vəziyyətdə olduğunu göstərir. Digər tərəfdən, 2016-cı ilin aprelində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində müşahidə olunan gərginlik və Azərbaycan Ordusunun mühüm uğuru Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni vəziyyətin yaranmasını şərtləndirib. Daha da dəqiqləşdirsək, ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilər, rəsmilər Ermənistanın təxribatçı hərəkətlərinə son qoyulmasının və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyini bəyan ediblər. Ayrıca, Minsk qrupu mövcud status-kvonun davam edə bilməyəcəyi qənaətində olduğunu ifadə edib. Bütövlükdə isə bəlli olan budur ki, yaranmış siyasi şərait Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini zəruri edir.
İctimai rəy sorğuları mövcud siyasi kursun alternativsiz olduğunu sübut edir
Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunur. Təsadüfi deyil ki, ictimai rəyin öyrənilməsi üzrə müxtəlif sosioloji tədqiqat mərkəzlərinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğular göstərir ki, Prezident İlham Əliyevin fəaliyyəti cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Yeri gəlmişkən, bu kontekstdə son olaraq “ELS - Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin 2018-ci il prezident seçkiləri ərəfəsində Azərbaycandakı mövcud ictimai-siyasi durumun qiymətləndirilməsi, seçici fəallığı, aktual məsələlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi məqsədilə ölkə ərazisində apardığı sosioloji tədqiqat və sorğunun nəticələri də bu reallığı ifadə edir. Azərbaycanın son 5 ildə hansı istiqamətdə (düzgün, yaxud yanlış) inkişaf etdiyini respondentlərin 83,7 faizi “düzgün” olaraq qiymətləndirib. Bundan başqa, dövlət başçısının həyata keçirdiyi daxili siyasəti qiymətləndirdikdə əksəriyyət (84,7 faiz) bu siyasəti dəstəklədiyini deyib. Sorğu zamanı respondentlərə gələn həftə prezident seçkiləri keçiriləcəyi halda, Prezident İlham Əliyevə səs verib-verməyəcəklərinə dair sual verilib. Rəyi soruşulanların 85,2 faizi Prezident İlham Əliyevə səs verəcəyini bildirib. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasəti qiymətləndirənlərin 91,4 faizi isə bu siyasəti dəstəklədiyini bildirib.
Göründüyü kimi, Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda əldə edilmiş möhkəm ictimai-siyasi sabitliyi və sürətli iqtisadi inkişafı perspektiv tərəqqinin əsası kimi dəyərləndirir. Bu gün hər bir Azərbaycan vətəndaşı iqtidarın siyasi kursunun alternativsiz olduğunu bildirir. Bütövlükdə, ölkə əhalisi arasında aparılan müxtəlif sosioloji tədqiqat və sorğuların nəticələri Azərbaycanda vətəndaşların dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəslədiyini göstərir.
“Yeni Azərbaycan”ın
Analitik Qrupu

 
  • Oxunub:  105180  |  
  • Tarix:  23-12-2017  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

29 Mart 18:34
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bərdə rayonunda baş vermiş zorakılıq hadisəsi ilə bağlı zərərçəkmiş ailənin sosial-psixoloji vəziyyətini nəzarətdə saxlayır
29 Mart 16:27
Mənfəət, əmlak və gəlir vergisi bəyannamələrinin təqdim edilməsi və vergilərin ödənilməsi müddəti uzadılıb
29 Mart 12:08
Vüqar İskəndərov: AŞPA məruzəçilərinin son açıqlaması onların ölkəmizə qarşı qərəzli və ikili standartlardan yanaşdığını bir daha təsdiqlədi
28 Mart 22:33
“Ailələrə zəng” aksiyasına start verilib
28 Mart 22:28
Mehriban Əliyeva: Həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir
28 Mart 22:24
Prezident İlham Əliyevin səsləndirdiyi “Biz birlikdə güclüyük” şüarı “Alov qüllələri"ndə! - VİDEO
28 Mart 20:35
Səməd Seyidov AŞPA məruzəçilərinin qərəzli açıqlaması ilə əlaqədar assambleyanın prezidentinə məktub göndərib
28 Mart 20:31
YAP Gəncə şəhər təşkilatının fəalları tənha və ahıl sakinlərə yardım edirlər
28 Mart 20:29
Operativ Qərargah: Azərbaycanda 17 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib
28 Mart 20:19
“Sağlamlığımız milli həmrəyliyimizdədir” aksiyası böyük ictimai marağa səbəb olub
28 Mart 20:18
Prezident İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib
28 Mart 20:14
YAP-ın könüllüləri və ƏƏSMN-nin sosial işçiləri birgə ahıllara, tənhalara yardım paylayır, sosial xidmət göstərirlər
28 Mart 12:17
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti xüsusi iş rejimində davam edəcək
27 Mart 21:08
Martın 29-u saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndiriləcək
27 Mart 20:55
DİN: Sosial şəbəkələrdə BŞBPİ-nin rəis müavini adından yayılan sənəd saxtadır
27 Mart 19:58
Əli Əhmədov: Radikal müxalifət nümayəndələri mutasiya edərək qorxulu virusa çevriliblər
27 Mart 18:53
Azərbaycanda 43 yeni koronavirusa yoluxma halı qeydə alınıb - Operativ Qərargah
27 Mart 17:04
ASAN könüllülərindən tənha yaşayan ahıl vətəndaşlar üçün növbəti təşəbbüs
27 Mart 16:24
DOST könüllüləri tənha yaşlılara sosial məişət xidmətlərinin göstərilməsində yaxından iştirak edirlər
27 Mart 16:22
Türkiyə XİN: 8 xarici ölkədə 50 türkiyəli koronavirus səbəbindən həyatını itirib
27 Mart 16:18
Ekologiya və Təbii Sərvətlər Nazirliyi evdəqal kampaniyası çərçivəsində daha bir təşəbbüslə çıxış edib
27 Mart 14:57
Milli Məclisdə informasiya mübadiləsi internet üzərindən uğurla davam etdirilir
27 Mart 14:41
YAP-ın fəalları və könüllüləri tənha şəxslərə evlərində sosial xidmətlər göstərir
27 Mart 14:38
İlham Əliyev fenomeni: Zamanında qəbul edilmiş qərarlar Azərbaycanın tərəqqi yolunda inamla irəliləməsini təmin edir
27 Mart 14:36
YAP Nizami rayon təşkilatının könüllüləri ƏƏSMN-nin sosial işçiləri ilə birlikdə ahıl və tənha insanlara yardım paylayıblar
27 Mart 14:33
Ölümlə hədələnən qadın üç günlük körpəsi ilə birlikdə sığınacağa yerləşdirildi
27 Mart 10:28
İcbari tibbi sığortanın ikinci mərhələdə tətbiqi iyul ayında həyata keçiriləcək
27 Mart 09:07
Mikayıl Cabbarov: Gələn həftədən tibbi xalat və maskaların istehsalına başlanılacaq
27 Mart 08:54
Ramin Quluzadə: Paytaxtda nəqliyyat vasitələrindən istifadə edənlərin sayı azalıb
27 Mart 08:35
Zaur Əliyev: Azərbaycanda koronavirus şübhəsi səbəbindən karantində saxlanılanların sayı 3300-dən çoxdur
27 Mart 08:11
Sahil Babayev: Hazırda tənha yaşayan 10 mindən çox ahıl şəxsə sosial xidmətlər göstərilir
27 Mart 07:45
Əli Əsədov: Sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl edilməlidir
26 Mart 16:26
YAP Gənclər Birliyi daha bir sosial layihəyə başladı (VİDEO)
26 Mart 16:24
Varşavadan 19 soydaşımız Azərbaycana gətirilib
26 Mart 16:22
Əli Əhmədov: “Bütün səylərimizi birləşdirərək, Prezidentin çağırışına qoşularaq, Milli Həmrəylimizi daha da gücləndirərək bütün dünyanı lərzəyə salan koronovirus bəlasından Azərbaycanın ən az itkilərlə çıxmasına öz dəstəyimizi verə biləcəyik” (VİDEO)
26 Mart 16:17
Vətəndaşlarımız "Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyasından məmnunluq ifadə edir
26 Mart 16:13
Əli Əhmədov: “Azərbaycanın koronavirus bəlasından az itkilərlə çıxmasına öz dəstəyimizi verəcəyik"
25 Mart 21:21
Yaxın günlərdə pərakəndə satışda kifayət qədər tibbi spirt olacaq və maskaların istehsalı üçün əlverişli şərait yaradılacaq
25 Mart 21:14
Heydər Əliyev Fondu koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirlər çərçivəsində sosial layihəyə başlayıb
25 Mart 18:34
Nazirlər Kabineti xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə qərar qəbul edib
25 Mart 18:13
Türkiyədə koronavirusla bağlı yalan məlumatlar yaymaqda şübhəli bilinən 410 nəfər saxlanılıb
25 Mart 18:11
Neftçala Rayon İcra Hakimiyyətinin əməkdaşları bir aylıq əmək haqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər
25 Mart 17:27
Yaponiyanın Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatır
25 Mart 17:20
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikasında yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat vəsait ayırdı
25 Mart 17:15
YAP-ın könüllüləri son beş gündə 2500-dən artıq tənha və ahıllara yardım edib
25 Mart 16:25
Koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı Bahar Muradovanın ailələrə çağırışı
25 Mart 16:15
Qüdrətli Azərbaycan dövləti daim öz vətəndaşının yanındadır
25 Mart 11:21
Vüsal Qasımlı: Xüsusi karantin rejimi pandemiyanın sürətlə yayılmasının qarşısını alır
25 Mart 11:13
Koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılmış İşçi Qrupun iclası keçirilib
25 Mart 09:24
Prezident: Azərbaycan həkimləri böyük qəhrəmanlıq göstərirlər
24 Mart 23:51
Prezident İlham Əliyev: Qəbul edilmiş qərarlar vəziyyəti nəzarətdə saxlamağa imkan yaradır
24 Mart 23:37
Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral
24 Mart 23:27
Nyu-York – Bakı və İstanbul - Bakı aviareysləri ilə 230 azərbaycanlı vətənə qayıdıb
24 Mart 21:58
Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb
24 Mart 21:53
TƏBİB: Martın sonunadək Azərbaycanda maska istehsal edən müəssisə fəaliyyətə başlayacaq
24 Mart 19:08
"Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiya yüksək fəallıqla davam etdirilir
24 Mart 16:44
Prezident İlham Əliyev Hövsan yaşayış kompleksinin açılışında iştirak edib
24 Mart 16:27
Heydər Əliyev Fondu Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb və himayəsindəki müəssisələrə yardım edib
24 Mart 12:42
Müdafiə Nazirliyi: Düşmənin təxribat cəhdinin qarşısı alınıb
24 Mart 12:26
Milli Məclisdə internet üzərindən informasiya mübadiləsi qrupları yaradılıb
24 Mart 12:17
“Azərsun Holdinq” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat köçürdü
23 Mart 22:26
Hikmət Hacıyev: Vətəndaşlarımız olduqları ölkənin karantin rejiminə ciddi riayət etməlidirlər
23 Mart 20:38
Azərbaycan Respublikasında martın 24-dən aprelin 20-dək xüsusi karantin rejimi elan edilir
23 Mart 18:55
Birinci vitse-prezident Mehriban Əliyeva bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23 Mart 18:38
ASAN könüllüləri koronavirusla mübarizədə fəal iştirak edirlər
23 Mart 18:32
Prezident Administrasiyasının rəhbər şəxsləri bir aylıq əməkhaqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər
23 Mart 18:15
YAP İcra Katibliyinin, partiyanın yerli strukturlarının əməkdaşlarının 1 aylıq əmək haqqı “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na ianə ediləcəkdir
23 Mart 18:10
Əli Əhmədov: İndi həmişə olduğundan daha çox həmrəyliyə, bir-birini dəstəkləməyə, təhlükəli xəstəliklə mübarizə aparan dövlətin yanında olmağa, həyata keçirilən zəruri tədbirləri hamılıqla dəstəkləməyə ehtiyac var
22 Mart 18:45
"SAĞLAMLIĞIMIZ MİLLİ HƏMRƏYLİYİMİZDƏDİR"
22 Mart 16:56
SOCAR AQŞ Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1,5 milyon manat vəsait köçürüb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA