Ana səhifə »  Analitik »  Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir, sosial və humanitar sahələrdə böyük işlər görür
A+   Yenilə  A-
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir, sosial və humanitar sahələrdə böyük işlər görür

Prezident İlham Əliyev: Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır
Dünyada həm milli səviyyədə, həm də öz ölkəsinin hüdudlarından kənarda eyni zamanda böyük populyarlıq və rəğbət qazanan dövlət rəsmilərinin, ictimai-siyasi xadimlərin sayı elə də çox deyil. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Fondun rəhbəri, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini Mehriban xanım Əliyevanın həyat və fəaliyyətini izlədikdə isə məhz bu məqam diqqəti xüsusi cəlb edir - o, Azərbaycan cəmiyyətində insanlara yaxınlığı və insanların ona hədsiz rəğbəti ilə seçilir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva tez-tez cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşlərdə olur. Belə görüşlər, müzakirələr çox səmimi ortamda keçir. Elə Mehriban xanım Əliyevanın fəaliyyətinin, təşəbbüslərinin mənbəyində də cəmiyyətdən, əhalinin müxtəlif təbəqələrindən gələn sosial sifarişlər dayanır. Onun özü dəfələrlə bildirib ki, öz missiyasını insanları narahat edən məsələlərin həllinə yardım göstərməkdə görür. Mehriban xanım Əliyevanın ifadə etdiyi “Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz öz kiçik də olsa töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır” sözləri onun portretinin konkret ştrixlərini göz önündə canlandırır.
Eyni zamanda, Mehriban xanım Əliyeva qlobal miqyasda böyük nüfuz qazanan ictimai-siyasi xadimdir. Ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları, məşhur siyasətçilər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə görüşlərdə ona dərin hörmətlərini ifadə ediblər. Bu da ilk növbədə onunla bağlıdır ki, Azərbaycanın Birinci vitse-prezidenti daim ölkəmizin qlobal əməkdaşlığın dərinləşməsində rolunu artırmağa, eləcə də xalqımızın zəngin ənənələrinə əsaslanaraq Yer üzündə tolerantlıq, birgəyaşayış, sülh ideyalarının təbliğinə çalışır. 
Deyilənlərdən də göründüyü kimi, Mehriban xanım Əliyevanın fəaliyyəti çoxşaxəlidir. O, fəal ictimai-siyasi xadim kimi, Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir, sosial və humanitar sahələrdə böyük işlər görür.
Birinci vitse-prezidentlik institutu Azərbaycanda dövlət idarəçiliyinin funksionallığını daha da artırıb
Bir neçə il bundan əvvəl ölkəmizin yeni reallıqlarına və dünyanın qabaqcıl dövlətlərinin müsbət təcrübəsinə uyğun olaraq respublikamızda aparılan Konstitusiya islahatları çərçivəsində həyata vəsiqə alan Birinci vitse-prezidentlik institutu artıq müstəqil Azərbaycanın həyatının yeni reallığına çevrilib. Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib. Ümumi qənaət belədir ki, qısa müddətdə Birinci vitse-prezidentlik institutu Azərbaycanda dövlət idarəçiliyinin funksionallığını daha da artırıb.
Qeyd edək ki, 2017-ci ildə dövlət başçısının imzaladığı Sərəncamla Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunması onun Vətən və xalq naminə göstərdiyi ardıcıl fəaliyyətə verilən yüksək qiymət idi. Mehriban xanım Əliyeva yeni təyinatadək ona həvalə olunan bütün vəzifələrin öhdəsindən layiqincə gələrək özünün yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirmişdi. Biz aşağıda Mehriban xanım Əliyevanın Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondunun prezidenti kimi uğurlu fəaliyyəti barədə də söhbət açacağıq. Yeni təyinatadək Azərbaycan ictimaiyyəti Mehriban xanım Əliyevanın Bakının ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı yarışmasını, tarixdə ilk dəfə keçirilən Birinci Avropa Oyunlarını təşkil edən peşəkar komandanın rəhbəri kimi necə böyük əzmkarlıq, iradə, təşkilatçılıq, ətrafındakıları gələcək uğurlara inandırmaq bacarığı nümayiş etdirdiyinin şahidi olmuşdu. Bəhs olunan mötəbər tədbirlərdə Azərbaycan yeni yüksək standartlar nümayiş etdirdi, özünü güclü, hər şeyə qadir olan dövlət kimi göstərdi ki, burada Mehriban xanım Əliyevanın xidmətləri müqayisəyəgəlməzdir. Mehriban xanım Əliyevanın Milli Məclisin bir neçə çağırış deputatı kimi səmərəli fəaliyyəti də yaddaşlarda dərin iz qoyub. Bundan başqa, Mehriban xanım Əliyeva tərkibində 700 mindən çox fəal insanı birləşdirən Yeni Azərbaycan Partiyasının Sədr müavinidir. Onun Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi fəaliyyəti də təqdirəlayiqdir. Bütün bu amillər, heç şübhəsiz ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin olunmasına öz müsbət təsirini göstərib. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım Əliyevanı təqdim edərək deyib: “Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır”.
Mehriban xanım Əliyeva Təhlükəsizlik Şurasının iclasında Azərbaycana layiqincə xidmət edəcəyini bir daha qətiyyətlə bəyan etdi: “Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”.
Ötən dövrdə Birinci vitse-prezidentlik institutunun funksionallığının artması onu deməyə əsas verir ki, Mehriban xanım Əliyeva dövlət başçısının və ölkə ictimaiyyətinin ona olan böyük inamını yeni vəzifədə də yüksək səviyyədə doğruldur. Mehriban xanım Əliyeva Birinci vitse-prezident vəzifəsində dövlət idarəçiliyinə yeni keyfiyyət dəyişikliyi gətirib, onun xəlqi mahiyyətini daha da gücləndirib. Azərbaycan cəmiyyəti ölkənin Birinci-vitse prezidentinin yanında keçirilən müşavirələrdə aktual məsələlərin müzakirə edilməsindən və qarşıya qoyulan tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsindən məmnundur. Hər gün cəmiyyətin müxtəlif təbəqələrindən Mehriban xanım Əliyevaya çoxsaylı müraciətlər ünvanlanır. O isə bu müraciətlərin heç birini diqqətdən kənarda saxlamır.
Qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hesablanan yeni layihələr uğurla reallaşdırılır
Son 15 ildə ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həlli məqsədilə müxtəlif proqramlar reallaşdırılıb. Bütövlükdə, respublikamızda indiyədək 58 min 203 ailə və ya 300 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb ki, ondan da 54 min 203 ailə, yaxud 272 min nəfər son 15 ilin payına düşür. Təkcə 2018-ci ildə 5903 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb. Ümumilikdə bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 7,1 milyard manat vəsait xərclənib. 
O cümlədən Birinci vitse-prezidentin bilavasitə rəhbərliyi ilə qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hesablanan yeni layihə də uğurla reallaşdırılır. Qeyd edək ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsində 2017-ci il martın 9-da keçirdiyi ilk müşavirədə məhz Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsi məsələsi müzakirə edildi. Birinci vitse-prezidentin yanında keçirilən ilk müşavirədən sonra birinci mərhələdə ən qəzalı binalarda yaşayan 4 min ailənin köçürülməsi üçün tədbirlər planı hazırlandı. Bəhs olunan müşavirədən cəmi bir neçə ay sonra isə - 2017-ci il may ayının 30-da Mehriban xanım Əliyevanın iştirakı ilə Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün inşa edilən “Ümid” yaşayış kompleksinin təməli qoyuldu. Bundan başqa, çox qısa müddətdə Abşeron rayonunun Masazır, Mehdiabad, o cümlədən Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edilib. Ötən ilin mayında istifadəyə verilən “Qobu Park” yaşayış kompleksində hər biri 2 bloklu, 9 mərtəbəli, 1026 mənzilli 11 yaşayış binası inşa olunub.
Ötən il dekabrın 24-də Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksi istifadəyə verilib. Məcburi köçkün soydaşlarımız üçün daha bir yaşayış kompleksi 27 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Sumqayıt şəhərində istifadəyə verilib. Şəhərin mərkəzində, Koroğlu prospektində yerləşən kompleksin inşasına 2017-ci ilin martında başlanılıb. Xüsusi memarlıq üslubunda və müasir səviyyədə inşa olunan bu kompleks 1005 qaçqın və məcburi köçkün ailəsi üçün nəzərdə tutulub. 
Cari il aprelin 5-də Bakının Kürdəxanı qəsəbəsində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilən yeni yaşayış kompeksində 810 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq mümkün olub. Pirallahı rayonunda cari il iyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilən yeni yaşayış kompleksində isə 306 məcburi köçkün ailəsi üçün gözəl şərait yaradılıb.
Yeni layihə əsasında aprel döyüşlərinin iştirakçılarının yüksək texnologiyalı protezlərlə təmin olunması ciddi sosial əhəmiyyət daşıyır
Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsində təqdim etdiyi “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi onun milli təəssübkeşliyini, vətənpərvərliyini, Azərbaycanın hər bir vətəndaşının dərd-sərini öz ağrısı kimi qəbul etməsini və əlbəttə ki, ana qəlbinin hərarətini ifadə edir. Ciddi sosial əhəmiyyət daşıyan layihənin təqdimat mərasimi Birinci vitse-prezidentin şəxsən iştirakı ilə 2017-ci il aprelin 3-də keçirilib. Təqdimat mərasimində çıxış edən Mehriban Əliyeva vurğulayıb: “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Münaqişə beynəlxalq hüququn normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə öz həllini tapmalıdır, işğalçı qüvvələr Azərbaycan torpaqlarını tərk etməlidirlər, ondan sonra regionda sülh bərpa olunacaq və heç bir ana - nə erməni, nə də azərbaycanlı ana oğlunun məzarı üstündə göz yaşını tökməyəcək”.
Layihə çərçivəsində döyüşlərdə xəsarət almış əsgər və zabitlərimiz dünyanın müasir protez istehsalçıları olan Almaniyanın “Ottobock”, İslandiyanın “Ossur”, İngiltərənin “RSL Steeper” və ABŞ-ın “Fillauer” şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin olunublar. Layihə üzrə qısa müddətdə müvafiq işlər həyata keçirilib. Hər bir əsgər və zabitin bir çox fərdi xüsusiyyətləri, xüsusilə aktivlik dərəcələri, həyat tərzləri, əmək məşğuliyyətləri və hər bir istifadəçinin protezlərə olan fərdi tələbləri nəzərə alınaraq onlar üçün uyğun və yüksəkkeyfiyyətli protezlər tətbiq olunub.
Xeyirxahlıq və humanizm Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin əsas qayəsini təşkil edir
Mehriban xanım Əliyevanın özünün də dəfələrlə vurğuladığı kimi, onun üçün bir fəaliyyət sahəsi xüsusi önəm daşıyır. Söhbət onun xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan Fonda rəhbərlik etməsindən gedir. O, Ümummilli Lider Heydər Əliyevin unudulmaz xatirəsinə böyük ehtiramının ifadəsi olaraq Ulu Öndərin adını daşıyan Fondun prezidenti kimi müqayisəyəgəlməz fəallıq və təşəbbüskarlıq nümayiş etdirir. Mehriban xanım Əliyevanın təəssübkeşliyi, Vətənə, xalqa bağlılığı, daim qurub yaratmaq həvəsi ilə yaşadığı, gördüyü işdən mənəvi zövq aldığı rəhbərlik etdiyi Heydər Əliyev Fondunun reallaşdırdığı layihələrdə daha qabarıq şəkildə nəzərə çarpır. Ümumiyyətlə, xeyirxahlıq və humanizm Heydər Əliyev Fondunun istər ölkə daxilində, istərsə də xaricdə həyata keçirdiyi layihələrin əsas qayəsini təşkil edir.
Məlum olduğu kimi, 2004-cü il mayın 10-da yaradılan Heydər Əliyev Fondu Ulu Öndərin ideyalarını böyük əzmlə, sədaqətlə həyata keçirir. Fond görülən işlərin həcminə görə nəinki Azərbaycanda, eyni zamanda, regionda ən böyük ictimai təşkilata çevrilib ki, burada da Mehriban xanım Əliyevanın müstəsna rolu var.
Ötən dövrdə Fond tərəfindən müxtəlif istiqamətlər üzrə konkret layihələr reallaşdırılıb. Fondun təşəbbüsü ilə başlanmış “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi Azərbaycanda müasir təhsil infrastrukturunun yaradılmasında mühüm rol oynayır. “Xocalıya ədalət!” kampaniyası da məhz Fondun təşəbbüsü ilə başlayıb. Sonradan dövlət orqanları, ictimai qurumlar bu təşəbbüsə qoşulublar və nəticə etibarilə qısa müddət ərzində 10-dan çox ölkə Xocalı faciəsini rəsmən soyqırımı kimi tanıyıb.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva həyatının xoş günlərini, milli bayramlarımızı, bir qayda olaraq, valideyn himayəsindən məhrum qalmış və yaxud fiziki qüsurlu uşaqlarla keçirir. Son illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə paytaxt Bakıda və respublikanın bölgələrində çoxlu sayda körpələr evinin, uşaq bağçasının, xüsusi təyinatlı uşaq müəssisəsinin yüksək səviyyədə təmir olunması və hər cür mebellə təchiz edilməsi də Mehriban xanım Əliyevanın qayğıya ehtiyacı olan uşaqlara xüsusi münasibətinin ifadəsidir. Ümumiyyətlə, Fondun təkcə “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsi çərçivəsində 30-dan çox internat və uşaq evi yenidən qurulub. Bununla yanaşı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün çoxmənzilli yaşayış binaları inşa olunur. İndiyədək Nizami və Abşeron rayonlarında bir neçə belə bina istifadəyə verilib və yenisi də tikilməkdədir. Azərbaycanda talassemiya xəstəliyinin müalicəsi və diaqnostikası məqsədi ilə Heydər Əliyev Fondu tərəfindən ixtisaslaşdırılmış mərkəzin və qan bankının yaradılması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün könüllü donor xidmətinin inkişaf etdirilməsi təqdirəlayiq haldır.
Bu məqamda vurğulamaq yerinə düşər ki, fəaliyyətində daim humanizm prinsiplərindən çıxış edən Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında Milli Məclis bir neçə amnistiya aktı layihəsini dəstəkləyərək müvafiq qərarlar qəbul edib. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları əsasında 40 minə yaxın məhkum müxtəlif növ cəzalardan azad edilib.
Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr, bir qayda olaraq, cəmiyyətin ən həssas qruplarının maraq dairəsində olan məsələləri əhatə edir. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi arasında Özünüməşğulluq Proqramının icrası sahəsində əməkdaşlığa dair imzalanan Memoranduma əsasən icra olunan “Sosial bağlar” layihəsi çərçivəsində regionlarda sosial cəhətdən həssas qruplar üçün meyvə bağlarının salınması, tərəvəz və bostan məhsulları istehsalı üzrə ailə təsərrüfatlarının yaradılması işləri davam etdirilir. 
Xatırladaq ki, 2018-ci ildə “Sosial bağlar” layihəsi üzrə 41 rayonda həssas qrupları əhatə edən 125 ailə üçün intensiv meyvə bağları salınıb. Yaradılmış təsərrüfatlara aqrotexniki qulluq, sahiblərinə müvafiq məsləhət xidmətləri göstərilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, artıq “Sosial bağlar” layihəsinin növbəti mərhələsi kimi, 250 ailə üçün intensiv meyvə bağlarının salınmasına başlanılıb. Bütövlükdə layihə bağçılıq üçün əlverişli şəraiti olan 34 rayonu əhatə edir. 
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmlənməsinə mühüm töhfələr verir
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun artmasına, əlaqələrinin möhkəmlənməsinə özünün sanballı töhfələrini verir. Bu kontekstdə 2019-cu ilin mart ayında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Fransaya səfəri iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsində yeni mərhələ açıb. Səfər çərçivəsində Mehriban xanım Əliyeva Fransanın yüksəksəviyyəli dövlət və hökumət rəsmiləri, o cümlədən iqtisadiyyat və maliyyə naziri Brüno Lömer, Fransa Respublikası Milli Assambleyasının sədri Rişar Ferran, Fransa Respublikasının sabiq Prezidenti Nikola Sarkozi, Fransanın birinci xanımı Brijit Makron, Fransa Senatının sədri Jerar Larşe ilə görüşüb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva həmçinin Fransanın mədəniyyət naziri Frank Riyesterin müşayiəti ilə Parisin Orsey muzeyini ziyarət edib. Keçirilən görüşlərdə ikitərəfli əlaqələrin aktual məsələləri müzakirə edilib. 
Cari ildə ölkəmizdə Mehriban xanım Əliyevanın iştirakı ilə keçirilən beynəlxalq tədbirlər də Azərbaycanın dünya miqyasında nüfuzunun artması baxımından böyük önəm daşıyır. Belə ki, cari ilin iyun ayında Bakıda, Heydər Əliyev Mərkəzində Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BMT-nin Dövlət Xidmətləri Forumu keçirilib. Dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirak etdiyi builki Foruma müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirləri, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxsləri qatılıblar.
Forumun açılışında çıxış edən Birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizin dövlət idarəçiliyi, vətəndaşlara müxtəlif xidmətlər göstərilməsi sahəsində qazandığı uğurları iştirakçıların diqqətinə çatdırıb. Mehriban Əliyeva “Biz istedadlı, yüksək motivasiyalı və yaradıcı gənclərimizin ölkənin müasirləşməsində necə yaxından iştirak etməsini görməkdən fərəh hissi duyuruq. Müsbət təcrübəmiz beynəlxalq ictimaiyyətin də diqqətini cəlb etmişdir və 2015-ci ildə “ASAN xidmət” dövlət xidmətlərinin təchizatının təkmilləşdirilməsi kateqoriyasında BMT tərəfindən mükafata layiq görülmüşdür. Bizim ASAN ilə bağlı olan təcrübəmizin daha geniş regionda ən yaxşı təcrübə kimi izlənilməsinə görə fərəhlənirik”, - deyə vurğulayıb. 
Ölkəmizin və zəngin mədəniyyətimizin təbliğində UNESKO platformasından geniş istifadə olunması təqdirəlayiq haldır
Mehriban xanım Əliyevanın səyləri sayəsində Azərbaycan-UNESKO əlaqələri yeni səviyyəyə yüksəlib. O cümlədən ölkəmizin və zəngin mədəniyyətimizin təbliğində UNESKO platformasından geniş istifadə olunması təqdirəlayiq haldır. 
Məlum olduğu kimi, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva mədəniyyət, təhsil və idman sahələrində geniş fəaliyyət göstərir. Mehriban xanım Əliyeva 1995-ci ildən etibarən rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondunun xətti ilə təşkil etdiyi müxtəlif səpkili tədbirlər vasitəsilə ölkəmizin mədəni irsinin beynəlxalq səviyyədə təbliğinin, onun mühafizəsinin təmin olunması, gələcək nəsillərə çatdırılması sahəsində böyük xidmətlər göstərib. Onun zəngin mədəniyyətimizin qorunub saxlanılması və təbliği sahəsində çoxşaxəli fəaliyyəti beynəlxalq səviyyədə yüksək dəyərləndirilib. Belə ki, Mehriban xanım Əliyeva Azərbaycanın zəngin mədəniyyətinin qorunması, öyrənilməsi və tədqiqində xidmətlərinə görə UNESKO tərəfindən 2004-cü ilin sentyabr ayında qurumun şifahi və musiqi ənənələri sahəsində Xoşməramlı Səfiri adına layiq görülüb. 
Ümumiyyətlə, Mehriban xanım Əliyevanın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəniyyətimizin beynəlxalq miqyasda təbliği, görkəmli elm və incəsənət xadimlərimizin tanıdılması məqsədinə xidmət edən fəaliyyətinin əhatə dairəsi kifayət qədər genişdir. İndiyədək UNESKO baş qərargahında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycana həsr olunmuş müxtəlif tədbirlər təşkil edilib. Görkəmli alim, akademik Yusif Məmmədəliyevin, Azərbaycan ədəbiyyatının tanınmış siması Mir Cəlal Paşayevin 100 illik yubileylərinin UNESKO səviyyəsində qeyd edilməsi deyilənlərə misaldır. Mehriban xanım Əliyeva bu qəbildən olan tədbirlərdə şəxsən iştirak edir. 2006-cı il oktyabrın 21-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva UNESKO-nun 60 illiyinə həsr olunmuş “Sivilizasiyalararası dialoq” həftəsi çərçivəsində “Azərbaycan: mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda” adı altında keçirilən Azərbaycan günü ilə bağlı tədbirə qatılıb. 2011-ci il aprelin 19-da UNESKO-nun baş qərargahında respublikamızın müstəqilliyinin 20-ci ildönümü münasibətilə “Azərbaycanın gənc istedadları” adlı möhtəşəm konsert proqramı təşkil olunub. Eyni zamanda, 2011-ci il aprelin 19-dan 29-dək UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi keçirilib. Mehriban xanım Əliyeva 2011-ci il oktyabrın 26-da UNESKO-nun baş konfransının 36-cı sessiyası çərçivəsində təşkil olunan “UNESKO-nun dünya mədəniyyəti və dayanıqlı inkişafda rolu nədən ibarətdir?” mövzusunda Liderlər Forumunda iştirak edib. 2013-cü il iyulun 18-də UNESKO-nun baş qərargahında respublikamızın UNESKO-ya üzv olmasının 20 illiyi ilə əlaqədar təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində Azərbaycan hökuməti tərəfindən 20 illik yubiley münasibətilə təşkilatın daxili həyətində yerləşdirilmiş daş at və daş qoç abidələrinin, eləcə də Azərbaycanda daş sənətinə həsr edilmiş sərginin açılış mərasimi baş tutub. Tədbirdə UNESKO-nun baş direktoru İrina Bokova və UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva çıxış ediblər. Tədbir iştirakçılarına Azərbaycanda daş sənətinin tarixini əks etdirən kitablar paylanıb. 2013-cü il oktyabrın 22-də UNESKO-nun baş qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr edilmiş Beynəlxalq simpozium keçirilib. Eyni zamanda, 2013-cü il oktyabrın 22-də UNESKO-nun baş qərargahında Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Azərbaycan - tolerantlıq məkanı” adlı foto-sərginin açılışı baş tutub. Sərgidə Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Azərbaycana dəfələrlə yaradıcı səfərlər etmiş dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən fotoşəkilləri sərgilənib. 2014-cü il iyunun 2-də UNESKO-nun baş qərargahında Heydər Əliyev Fondunun dəstəyi ilə “Əsrlərdən bəri qorunub saxlanılan ənənəvi təamlar” adlı Azərbaycan mətbəxi həftəsi təşkil olunub. 2014-cü il sentyabrın 15-18-də UNESKO-nun baş qərargahında Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın UNESKO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Qobustan həftəsi keçirilib, Qobustanın UNESKO-da tanıtımı çərçivəsində Fərəc Qarayevin “Qobustan kölgələri” baletinin nümayişi və Qobustanın qayaüstü rəsmlərinin fotoşəkillərindən ibarət sərginin açılışı baş tutub.
Yeri gəlmişkən, onu da vurğulayaq ki, Mehriban xanım Əliyevanın UNESKO səviyyəsində çoxşaxəli fəaliyyəti yüksək dəyərləndirilir. Mehriban xanım Əliyeva dünya mədəniyyətinə qayğı və diqqətinə, həmçinin Azərbaycanın mədəni irsinin yaşadılması sahəsindəki töhfələrinə görə 2008-ci ildə qurumun keçmiş baş direktoru Koiçiro Matsuura tərəfindən gümüş xatirə medalı, 2010-cu ildə baş direktor İrina Bokova tərəfindən Qızıl Motsart medalı ilə təltif edilib.
Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESKO-nun müvafiq siyahılarında yer alıb
Məlumdur ki, Azərbaycan uzun illər ərzində həm respublika daxilində, həm də ölkə hüdudlarından kənarda dünya irs abidələrinin qorunması istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə ayrı-ayrı Avropa ölkələrində, həmçinin İslam coğrafiyasında beynəlxalq əhəmiyyət daşıyan bir sıra abidələr bərpa edilərək onlara ikinci həyat verilib. Cari ildə UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi ümumdünya irs obyektlərinin qorunması məsələsində Azərbaycanın xidmətlərinin beynəlxalq səviyyədə yüksək dəyərləndirildiyini təsdiqləyir. Bu fakt dünyanın mədəni-turistik xəritəsində Azərbaycanın mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirir. Sessiyada Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi barədə qəbul edilən qərar Azərbaycan xalqının dünya mədəniyyətinə xüsusi töhfəsinin beynəlxalq səviyyədə növbəti təsdiqidir. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıblar. Dövlət başçısı təbrikində xüsusi olaraq nəzərə çatdırıb ki, Şəkinin tarixi mərkəzində keçmişimizi özündə təcəssüm etdirən Şəki Xan Sarayı, karvansaraylar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları və yaşayış evləri bu gündən etibarən təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur. “Son illər Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanıdılması və qorunması istiqamətində çoxsaylı layihələr həyata keçirilmişdir. Qeyd edilməlidir ki, bu fəaliyyətlər beynəlxalq təşkilatlarla, xüsusən dünya mədəniyyəti, təhsili və elminə məsul olan UNESKO ilə sıx əməkdaşlıq şəraitində gerçəkləşdirilir. Təsadüfi deyil ki, “İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı” UNESKO-nun Ümumdünya İrs Siyahısında, həmçinin xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır. Bu hadisələr Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda bir daha etirafıdır”, - deyə Prezident İlham Əliyevin xalqımıza ünvanladığı təbrikində vurğulanır. 
Şübhə yoxdur ki, gələcəkdə həyata keçirilən məqsədyönlü dövlət siyasəti sayəsində Azərbaycanda UNESKO-nun mədəni irs siyahısına daxil olan abidələrin sayı daha da artacaq. Respublikamızda beynəlxalq səviyyədə tanınmalarının növbəsini gözləyən çoxlu sayda mədəniyyət abidələri var. Atəşgah, Naxçıvandakı mavzoleylər, Xəzər sahilindəki müdafiə qurğuları və digər abidələr bu qəbildəndir.
Keçirilən müsabiqələr muğamın qorunması və gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır
Məlum olduğu kimi, muğam Azərbaycanda çox sevilən sənət növüdür. Dərin və heyrətamiz fəlsəfə ilə zəngin olan, ana laylası kimi ruhumuza qida verən muğamlarımız hər bir azərbaycanlının düşüncəsində və qəlbində əbədi yer tutur. Respublikamızda muğam sənətinin qorunması və yüksək səviyyədə təbliği məqsədilə görülən tədbirlər sırasında Heydər Əliyev Fondunun dəstəyi ilə muğam mərkəzlərinin yaradılmasının önəmini xüsusi qeyd edə bilərik. 2008-ci il dekabrın 27-də Bakıda dənizkənarı Milli Parkda Beynəlxalq Muğam Mərkəzi istifadəyə verilib. Eyni zamanda, Fondun dəstəyi ilə regionlarda da bir neçə muğam mərkəzi yaradılıb. Bakıda istifadəyə verilən Beynəlxalq Muğam Mərkəzi ilə yanaşı, Ağcabədidə, Füzulidə, Ağdamda inşa olunan Muğam mərkəzləri də ölkəmizdə muğamın inkişafında mühüm rol oynayır.
Heydər Əliyev Fondu 2005-ci ildən “Azərbaycan muğamları” layihəsini uğurla həyata keçirir. Layihə çərçivəsində 24 virtuoz muğam ustadının ifaları toplanmış “Qarabağ xanəndələri” musiqi albomu böyük maraqla qarşılanan ilk və uğurlu iş olub. Fond tərəfindən 2008-ci ildə hazırlanan “Muğam ensiklopediyası” qədim musiqi irsimizin qorunması və inkişafı yolunda sanballı nəşr kimi dəyərləndirilir. Heydər Əliyev Fondunun muğamın qorunması və təbliği istiqamətindəki növbəti uğurlu layihələri “Azərbaycan muğamı” interaktiv audiovizual multimedia toplusu və “Muğam aləmi” nəşridir.
Heydər Əliyev Fondunun bir sıra dövlət qurumları ilə birgə təşkil etdiyi Respublika muğam müsabiqəsi və 2009-cu ildən keçirilən Beynəlxalq Muğam Festivalı həm Azərbaycanda muğam sənətinə üz tutan gənclərin sayını xeyli artırıb, həm də milli muğam musiqimizi dünyaya tanıdıb. Təsadüfi deyil ki, 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara Musiqi Festivalının rəhbərliyi tərəfindən 26 avqust tarixi Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək yolu üzərində yerləşən ölkələrin musiqisi günü elan olunub. Beləliklə, məhz Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində muğamımız kiçik konsert salonları səviyyəsindən çıxarılaraq UNESKO səviyyəsinə qaldırılıb, muğama layiq olduğu beynəlxalq status verilib.
Mehriban xanım Əliyevanın xoş mərama əsaslanan geniş fəaliyyəti Azərbaycanda və beynəlxalq səviyyədə yüksək dəyərləndirilir
Azərbaycan dövləti və xalqı Mehriban xanım Əliyevanın ölkəmiz qarşısında xidmətlərini yüksək dəyərləndirir. İndiyədək Mehriban xanım Əliyeva bir sıra yüksək mükafatlara layiq görülüb. Prezident İlham Əliyev Heydər Əliyev Fondunun fəaliyyətinin 5 illiyinə həsr olunan mərasimdə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “Heydər Əliyev Mükafatı”nı təqdim edib. Dövlət başçısının 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə isə Mehriban xanım Əliyeva Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə ölkəmizin ən ali dövlət təltifi olan “Heydər Əliyev” ordeninə layiq görülüb.
Mehriban xanım Əliyevanın xeyriyyəçilik fəaliyyəti, həmçinin xalqlar və mədəniyyətlərarası əlaqələrin inkişafına verdiyi əvəzsiz töhfələr xarici ölkələr və təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. On ildən artıqdır ki, Mehriban Əliyeva UNESKO-nun və ISESKO-nun xoşməramlı səfiridir. Dünyada ikinci belə şəxsiyyət yoxdur ki, hər iki mötəbər təşkilatın eyni zamanda səfiri olsun. Bundan başqa, Mehriban xanım Əliyeva Rusiyanın, Fransanın, Polşanın, Pakistanın, Serbiyanın, çoxsaylı beynəlxalq təşkilatların yüksəksəviyyəli mükafatları ilə təltif olunub. 2019-cu ildə isə Prezident Vladimir Putinin Fərmanı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunub. Birinci vitse-prezident bu mükafata Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə görə layiq görülüb.
“Yeni Azərbaycan”ın
Analitik Qrupu

 
  • Oxunub:  38130  |  
  • Tarix:  24-08-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

29 Mart 16:27
Mənfəət, əmlak və gəlir vergisi bəyannamələrinin təqdim edilməsi və vergilərin ödənilməsi müddəti uzadılıb
29 Mart 12:08
Vüqar İskəndərov: AŞPA məruzəçilərinin son açıqlaması onların ölkəmizə qarşı qərəzli və ikili standartlardan yanaşdığını bir daha təsdiqlədi
28 Mart 22:33
“Ailələrə zəng” aksiyasına start verilib
28 Mart 22:28
Mehriban Əliyeva: Həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir
28 Mart 22:24
Prezident İlham Əliyevin səsləndirdiyi “Biz birlikdə güclüyük” şüarı “Alov qüllələri"ndə! - VİDEO
28 Mart 20:35
Səməd Seyidov AŞPA məruzəçilərinin qərəzli açıqlaması ilə əlaqədar assambleyanın prezidentinə məktub göndərib
28 Mart 20:31
YAP Gəncə şəhər təşkilatının fəalları tənha və ahıl sakinlərə yardım edirlər
28 Mart 20:29
Operativ Qərargah: Azərbaycanda 17 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib
28 Mart 20:19
“Sağlamlığımız milli həmrəyliyimizdədir” aksiyası böyük ictimai marağa səbəb olub
28 Mart 20:18
Prezident İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib
28 Mart 20:14
YAP-ın könüllüləri və ƏƏSMN-nin sosial işçiləri birgə ahıllara, tənhalara yardım paylayır, sosial xidmət göstərirlər
28 Mart 12:17
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti xüsusi iş rejimində davam edəcək
27 Mart 21:08
Martın 29-u saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndiriləcək
27 Mart 20:55
DİN: Sosial şəbəkələrdə BŞBPİ-nin rəis müavini adından yayılan sənəd saxtadır
27 Mart 19:58
Əli Əhmədov: Radikal müxalifət nümayəndələri mutasiya edərək qorxulu virusa çevriliblər
27 Mart 18:53
Azərbaycanda 43 yeni koronavirusa yoluxma halı qeydə alınıb - Operativ Qərargah
27 Mart 17:04
ASAN könüllülərindən tənha yaşayan ahıl vətəndaşlar üçün növbəti təşəbbüs
27 Mart 16:24
DOST könüllüləri tənha yaşlılara sosial məişət xidmətlərinin göstərilməsində yaxından iştirak edirlər
27 Mart 16:22
Türkiyə XİN: 8 xarici ölkədə 50 türkiyəli koronavirus səbəbindən həyatını itirib
27 Mart 16:18
Ekologiya və Təbii Sərvətlər Nazirliyi evdəqal kampaniyası çərçivəsində daha bir təşəbbüslə çıxış edib
27 Mart 14:57
Milli Məclisdə informasiya mübadiləsi internet üzərindən uğurla davam etdirilir
27 Mart 14:41
YAP-ın fəalları və könüllüləri tənha şəxslərə evlərində sosial xidmətlər göstərir
27 Mart 14:38
İlham Əliyev fenomeni: Zamanında qəbul edilmiş qərarlar Azərbaycanın tərəqqi yolunda inamla irəliləməsini təmin edir
27 Mart 14:36
YAP Nizami rayon təşkilatının könüllüləri ƏƏSMN-nin sosial işçiləri ilə birlikdə ahıl və tənha insanlara yardım paylayıblar
27 Mart 14:33
Ölümlə hədələnən qadın üç günlük körpəsi ilə birlikdə sığınacağa yerləşdirildi
27 Mart 10:28
İcbari tibbi sığortanın ikinci mərhələdə tətbiqi iyul ayında həyata keçiriləcək
27 Mart 09:07
Mikayıl Cabbarov: Gələn həftədən tibbi xalat və maskaların istehsalına başlanılacaq
27 Mart 08:54
Ramin Quluzadə: Paytaxtda nəqliyyat vasitələrindən istifadə edənlərin sayı azalıb
27 Mart 08:35
Zaur Əliyev: Azərbaycanda koronavirus şübhəsi səbəbindən karantində saxlanılanların sayı 3300-dən çoxdur
27 Mart 08:11
Sahil Babayev: Hazırda tənha yaşayan 10 mindən çox ahıl şəxsə sosial xidmətlər göstərilir
27 Mart 07:45
Əli Əsədov: Sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl edilməlidir
26 Mart 16:26
YAP Gənclər Birliyi daha bir sosial layihəyə başladı (VİDEO)
26 Mart 16:24
Varşavadan 19 soydaşımız Azərbaycana gətirilib
26 Mart 16:22
Əli Əhmədov: “Bütün səylərimizi birləşdirərək, Prezidentin çağırışına qoşularaq, Milli Həmrəylimizi daha da gücləndirərək bütün dünyanı lərzəyə salan koronovirus bəlasından Azərbaycanın ən az itkilərlə çıxmasına öz dəstəyimizi verə biləcəyik” (VİDEO)
26 Mart 16:17
Vətəndaşlarımız "Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyasından məmnunluq ifadə edir
26 Mart 16:13
Əli Əhmədov: “Azərbaycanın koronavirus bəlasından az itkilərlə çıxmasına öz dəstəyimizi verəcəyik"
25 Mart 21:21
Yaxın günlərdə pərakəndə satışda kifayət qədər tibbi spirt olacaq və maskaların istehsalı üçün əlverişli şərait yaradılacaq
25 Mart 21:14
Heydər Əliyev Fondu koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirlər çərçivəsində sosial layihəyə başlayıb
25 Mart 18:34
Nazirlər Kabineti xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə qərar qəbul edib
25 Mart 18:13
Türkiyədə koronavirusla bağlı yalan məlumatlar yaymaqda şübhəli bilinən 410 nəfər saxlanılıb
25 Mart 18:11
Neftçala Rayon İcra Hakimiyyətinin əməkdaşları bir aylıq əmək haqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər
25 Mart 17:27
Yaponiyanın Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatır
25 Mart 17:20
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikasında yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat vəsait ayırdı
25 Mart 17:15
YAP-ın könüllüləri son beş gündə 2500-dən artıq tənha və ahıllara yardım edib
25 Mart 16:25
Koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı Bahar Muradovanın ailələrə çağırışı
25 Mart 16:15
Qüdrətli Azərbaycan dövləti daim öz vətəndaşının yanındadır
25 Mart 11:21
Vüsal Qasımlı: Xüsusi karantin rejimi pandemiyanın sürətlə yayılmasının qarşısını alır
25 Mart 11:13
Koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılmış İşçi Qrupun iclası keçirilib
25 Mart 09:24
Prezident: Azərbaycan həkimləri böyük qəhrəmanlıq göstərirlər
24 Mart 23:51
Prezident İlham Əliyev: Qəbul edilmiş qərarlar vəziyyəti nəzarətdə saxlamağa imkan yaradır
24 Mart 23:37
Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral
24 Mart 23:27
Nyu-York – Bakı və İstanbul - Bakı aviareysləri ilə 230 azərbaycanlı vətənə qayıdıb
24 Mart 21:58
Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb
24 Mart 21:53
TƏBİB: Martın sonunadək Azərbaycanda maska istehsal edən müəssisə fəaliyyətə başlayacaq
24 Mart 19:08
"Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiya yüksək fəallıqla davam etdirilir
24 Mart 16:44
Prezident İlham Əliyev Hövsan yaşayış kompleksinin açılışında iştirak edib
24 Mart 16:27
Heydər Əliyev Fondu Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb və himayəsindəki müəssisələrə yardım edib
24 Mart 12:42
Müdafiə Nazirliyi: Düşmənin təxribat cəhdinin qarşısı alınıb
24 Mart 12:26
Milli Məclisdə internet üzərindən informasiya mübadiləsi qrupları yaradılıb
24 Mart 12:17
“Azərsun Holdinq” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat köçürdü
23 Mart 22:26
Hikmət Hacıyev: Vətəndaşlarımız olduqları ölkənin karantin rejiminə ciddi riayət etməlidirlər
23 Mart 20:38
Azərbaycan Respublikasında martın 24-dən aprelin 20-dək xüsusi karantin rejimi elan edilir
23 Mart 18:55
Birinci vitse-prezident Mehriban Əliyeva bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23 Mart 18:38
ASAN könüllüləri koronavirusla mübarizədə fəal iştirak edirlər
23 Mart 18:32
Prezident Administrasiyasının rəhbər şəxsləri bir aylıq əməkhaqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər
23 Mart 18:15
YAP İcra Katibliyinin, partiyanın yerli strukturlarının əməkdaşlarının 1 aylıq əmək haqqı “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na ianə ediləcəkdir
23 Mart 18:10
Əli Əhmədov: İndi həmişə olduğundan daha çox həmrəyliyə, bir-birini dəstəkləməyə, təhlükəli xəstəliklə mübarizə aparan dövlətin yanında olmağa, həyata keçirilən zəruri tədbirləri hamılıqla dəstəkləməyə ehtiyac var
22 Mart 18:45
"SAĞLAMLIĞIMIZ MİLLİ HƏMRƏYLİYİMİZDƏDİR"
22 Mart 16:56
SOCAR AQŞ Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1,5 milyon manat vəsait köçürüb
22 Mart 16:15
"ASAN xidmət" Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat məbləğində vəsait köçürəcək

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA