Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan beynəlxalq münasibətlər sistemində: regional liderdən qlobal aktora doğru

Azərbaycan beynəlxalq münasibətlər sistemində: regional liderdən qlobal aktora doğru

08.08.2013 [10:11]

Azərbaycanın sürətli inkişafının və yüksək beynəlxalq nüfuzunun əsas şərtlərindən biri rasional və praqmatik xarici siyasət kursudur. Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren liderinə çevrilib. Eyni zamanda, Azərbaycanın xarici siyasət strategiyası bir neçə istiqamətdə ölkəmizi nəzərə alınan lokomotiv aktorlardan birinə çevirib. Bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı, inkişaf mənbəyi adlandırırlar.
Beləliklə, ilk növbədə, ölkəmiz tərəfindən reallaşdırılan müstəqil və balanslaşdırılmış enerji siyasəti regionun və regionətrafı coğrafiyanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Azərbaycanı dünyanın enerji bazarında aparıcı ixracatçılardan birinə çevirib. Belə ki, bu gün praqmatik siyasəti ilə Xəzər hövzəsinin bayraqdarı hesab edilən Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biri kimi çıxış edir. Ölkəmiz milli dövlətçilik prinsiplərinə müvafiq olaraq həyata keçirilən praqmatik və rasional əsaslara söykənən siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu qismində çıxış etməkdədir. Təsadüfi deyil ki, Xəzər dənizinə xarici sərmayədarları ilk dəfə dəvət etməklə uzunmüddətli qarşılıqlı-faydalı əməkdaşlığın sağlam təməlini atan Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Bu da Azərbaycanın dünya dövlətlərinin strateji əməkdaşlıqlar perspektivində kəsb etdiyi önəmi aydın şəkildə əks etdirir. Hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə başlıca aktorların - dünyanın aparıcı dövlətləri və transmilli şirkətlərin uzunmüddətli perspektivdə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə can atdığı tərəfdaş ölkələrdəndir.
Digər tərəfdən, Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən balanslaşdırılmış xarici siyasət strategiyasının fonunda Azərbaycan Cənubi Qafqazın hərbi-siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın iştirakı olmadan regionda heç bir strateji əməkdaşlıq platforması gerçəkləşdirilmir. Gerçəkləşdirilən bütün regional layihələrin mərkəzi oyunçusu qismində məhz Azərbaycan çıxış edir və sözügedən layihə Cənubi Qafqazın təhlükəsizlik sisteminin strateji korreksiyasında əhəmiyyətli faktor kimi dəyərləndirilir. Eyni zamanda, məhz bu cür layihələr ölkəmizin milli maraqlarına adekvat olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, heç bir dövlətdən, təşkilatdan asılı olmadığını da təsdiq edir. Beləliklə, sadalananlardan belə bir qanunauyğun və məntiqi nəticəyə gəlmək olur ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizi dünya siyasətinin təmsilçisi qismində çıxış edən və müstəqil xarici siyasət yürüdən milli dövlətlərin etibarlı strateji tərəfdaşına çevirib.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət kursunun fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Sadalananların qanunauyğun nəticəsi kimi, Azərbaycan beynəlxalq miqyasda ikitərəfli və çoxtərəfli münasibətlər kontekstində etibarlı strateji tərəfdaşlardan birinə çevrilib. Hazırda rasional xarici siyasət kursu həyata keçirən müstəqil milli dövlətlər ölkəmizi etibarlı tərəfdaş, güclü, nüfuzlu milli aktor kimi qəbul edirlər. 2011-ci ilin oktyabr ayının 24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən, Azərbaycanın 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhükəsizlik Şurasında (BMT TŞ) təmsil edəcək yeni qeyri-daimi (müvəqqəti) üzv seçilməsi bunun başlıca göstəricisidir.
Dolayısıyla, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış etməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi sıçrayış dövrünü yaşayan Azərbaycan həm də dünya birliyinin fəal və nüfuzlu aktorlarından birinə çevrilib. Rəsmi Bakı Amerika Birləşmiş Ştatları, Rusiya, Türkiyə, Avropa İttifaqı, İslam ölkələri ilə bərabərhüquqlu əməkdaşlıq edir. 2011-ci ildə 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasının üzvü seçilən Azərbaycan Respublikası qlobal məsələlərin həllində, dünyada sülh və təhlükəsizliyin təmin olunmasında yaxından iştirak edərək beynəlxalq münasibətlər sisteminin fəal üzvü imicini möhkəmləndirib. Elə həmin il Qoşulmama Hərəkatına daxil olmaqla Azərbaycan öz xarici siyasətinin yeni vektorlarını müəyyənləşdirib, Latın Amerikası və Afrika ölkələri ilə səmərəli əməkdaşlıq əlaqələri qurmağa başlayıb.
Cənubi Qafqazın lideri...
Qeyd etdiyimiz kimi, uğurlu sosial-iqtisadi model yaratmaqla Azərbaycan ölkə daxilində sabitliyə və dayanıqlı iqtisadi inkişafa nail olub. Bu gün milli iqtisadiyyatımız modern sosial-iqtisadi və fiziki infrastruktura, yüksək məşğulluq səviyyəsinə və rəqabət imkanlarına malikdir. Neftdən daxil olan gəlirlər və düşünülmüş büdcə siyasəti ölkənin maliyyə gücünü xeyli artırıb, valyuta ehtiyatlarını yaratmağa imkan verib və inflyasiyanı idarəolunan səviyyədə saxlayıb.
Hazırda iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı neft sektorundan daha da sürətlə irəli gedir və ölkəmizdə xarici təsirlərə dayanıqlı iqtisadiyyat formalaşmaqdadır. Ümumiyyətlə, son 3 ildə iqtisadiyyatın qeyri-neft sektorunun davamlı olaraq yüksələn xətlə artması və 10 faizlik səviyyəni üstələməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının modernləşdirilməsi və şaxələnməsinə, neft faktorundan asılılığın azaldılmasına, qeyri-neft sektorunun sürətli inkişafına yönəlmiş iqtisadi inkişaf modelinin uğurla həyata keçirilməsinin nəticəsi kimi qiymətləndirilməlidir.
Bütövlükdə, ötən 10 il ərzində ölkə iqtisadiyyatı 3 dəfə artıb, iqtisadiyyatın şaxələndirilməsi uğurla həyata keçirilib, ölkədə müasir sosial-iqtisadi infrastruktur yaradılıb. 2003-cü ildə 1,5 milyard dollar olan dövlət büdcəsi 2013-cü ildə 25 milyard dollara çatıb. Cari ilin ilk yarım ilində ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinin statistikasına gəlincə, ötən ilin müvafiq dövrü ilə müqayisədə Ümumi Daxili Məhsul (ÜDM) istehsalı 5 faiz, yaxud müqayisəli qiymətlərlə 1,3 milyard manat artaraq 27,2 milyard manata çatıb.
Makroiqtisadi dayanıqlılığın digər göstəricilərindən biri olan inflyasiya isə ötən 6 ay ərzində 2012-ci ilin müvafiq dövrü ilə nisbətdə cəmi 2 faiz təşkil edib. Ölkə iqtisadiyyatının qeyri-neft sektoru ötən dövr ərzində 10,9 faiz səviyyəsində artıb. Bu artım bütövlükdə ölkə iqtisadiyyatı üzrə 5 faizlik artımı təmin edib. Hər bir nəfərə düşən ÜDM istehsalı orta hesabla 2936,3 manat (3741,9 ABŞ dolları) olub.
Əlavə edək ki, Beynəlxalq Valyuta Fondunun 2010-cu ildə açıqladığı dünya ölkələrinin adambaşına düşən milli gəlirin siyahısına görə, Azərbaycan 80-ci yerdə (10.033 dollar) qərarlaşıb. Həmin siyahıda Rusiya 52-ci (15.837 dollar), Türkiyə 64-cü (13.464 dollar), İran 73-cü (10.865 dollar), Gürcüstan 114-cü (5.114 dollar), Ermənistan isə 115-ci (5.100 dollar) yeri bölüşüblər.
Beləliklə, makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə ardıcıl inkişaf strategiyasının uğurlu davamı nəticəsində bu gün Azərbaycan bütövlükdə Cənubi Qafqazın lideri və dünyanın ən sürətli inkişaf tempinə malik ölkələrindən biridir. Azərbaycan zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib. Yəni, milli valyutanın ölkə iqtisadiyyatının sahələrindən birinin istehsal məhsulunun ixracının artması hesabına möhkəmlənməsi və bununla da bütövlükdə iqtisadiyyatda baş verə biləcək böhranın (“Holland sindromu”) qarşısı alınıb.
Müqayisə üçün bildirək ki, 90-cı illərdə tənəzzül dövrünü yaşayan digər Cənubi Qafqaz ölkəsi Gürcüstan 2010-cu ildə Cənubi Qafqaz iqtisadiyyatının yalnız 15,5 faizini formalaşdırırdı. Halbuki, artıq 2011-ci ildə sözügedən regionun iqtisadiyyatının 80 faizi Azərbaycanın payına düşürdü. 2013-cü ilin iyununda Gürcüstanda ÜDM-nin artımı keçən ilin analoji dövrü ilə müqayisədə mənfi olub və -0,8 faiz təşkil edib. Gürcüstan Milli Statistika Xidmətinin ilkin məlumatına görə, ÜDM-nin artım tempi cari ilin ilk 6 ayı ərzində 1,8 faizə çatıb. Bu göstəricilər onu bildirir ki, ötən 20 il ərzində Gürcüstan iqtisadiyyatında artım çox cüzi olub. Ermənistanda isə rəsmi statistikaya görə cari ilin ilk yarısında inflyasiya 4,1 faiz təşkil etdiyi halda, orta aylıq əməkhaqqı cəmi 2,1 faiz artıb. Qiymətlər əməkhaqlarından daha sürətlə artdığına görə ölkədə həyat səviyyəsi aşağı düşüb. Bu müddət ərzində Ermənistan dramının məzənnəsi də düşüb. Hazırda, 1000 dram 1,9089 AZN, 2,4361 ABŞ dollar dəyərində ölçülür.
Regionların inkişafı ölkəmizin modernləşmə və tərəqqisinə xidmət edir
Ölkəmizin ümumi iqtisadi, sosial inkişafını şərtləndirən əsas amillər arasında mütləq şəkildə regionların, Bakı və Bakıətrafı qəsəbələrin inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsizdir. Bunun nəticəsidir ki, ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafına, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsinə nail olunub. Hazırda Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir. İqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılır.
Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Bütün bunlar isə şübhəsiz Azərbaycanın modernləşmə və tərəqqisinə xidmət edir.
Bütövlükdə, demək olar ki, regionların inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq həyata keçirilən kompleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılmış misilsiz nailiyyətlər tam əsasla bir real tezisi meydana çıxarır: son 10 ildə Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən əsaslı dönüşə və yüksək indikatorlara nail olan, iqtisadiyyatını bir neçə dəfə inkişaf etdirməklə dünya üzrə ən proqressiv meyarlara malik olan tam modernləşən dövlətə çevrilib.
Manat regionun ən dayanıqlı və etibarlı valyutasına çevrilib
Respublikada makroiqtisadi sabitliyin qorunub saxlanması və iqtisadi inkişafın dinamik xarakter alması bank maliyyə sisteminə əhəmiyyətli təsir edib. Ölkənin malik olduğu böyük iqtisadi qüdrətin və maliyyə imkanlarının bazasında diversifikasiya olunmuş iqtisadiyyatın qurulması və resursların qeyri-neft sektorunun kapitalizasiyasına yönəldilməsində maliyyə-bank sektoru müstəsna rol oynayır. Azərbaycan iqtisadiyyatının, eləcə də bank və ödəniş sistemlərinin dinamik inkişafı milli valyutaya olan inamın artmasına gətirib çıxarıb. Azərbaycan manatının regionda ən dayanıqlı və etibarlı valyutaya çevrilməsi onun ödəniş və yığım funksiyasını gücləndirib. Möhkəm iqtisadi dayaqlara, xüsusilə dayanıqlı xarici valyuta ehtiyatlarına, mükəmməl makroiqtisadi idarəetməyə söykənən manatın sabitliyi bu gün də davam etməkdədir. Manatın möhkəmlənməsi idxal məhsullarının bahalaşmasının qarşısını almaqla inflyasiya təzyiqlərini zəiflədir.
Beynəlxalq təcrübə göstərir ki, yüksək inflyasiya və devalvasiya dövründə nominal dəyərini əhəmiyyətli dərəcədə itirmiş milli valyutanın davamlı iqtisadi sabitlik şəraitində denominasiyası zəruridir. Ölkədə dövlət quruculuğu istiqamətində həyata keçirilən davamlı iqtisadi islahatlar, yeridilən düzgün pul və valyuta siyasəti nəticəsində dayanıqlı makroiqtisadi sabitlik və yüksək templi iqtisadi artım manatın denominasiyasının həyata keçirilməsi üçün əlverişli şərait yaratdı. İnflyasiyanın məqbul səviyyədə olması, manatın xarici dönərli valyutalara nisbətən məzənnəsinin sabitliyi və onun daxili dönərliliyinin təmin edilməsi, əhalinin həyat səviyyəsinin əhəmiyyətli yaxşılaşması denominasiyanı şərtləndirdi. Beləliklə, Prezident tərəfindən imzalanan müvafiq Fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən 1 yeni manat 5000 manata bərabər tutulmaqla denominasiya həyata keçirilib. Qeyd edək ki, yeni manatın tədavülə buraxıldığı ilk iş günündə 1 dollar 0,9184 manata bərabər olduğu halda, 2013-cü il avqust ayının 7-nə bu rəqəm 0,7844 təşkil edir.
Bununla yanaşı, Azərbaycanda artan valyuta ehtiyatları fonunda neftin qiymətinin azalmasının ölkənin maliyyə imkanlarına təsir effektini azaltmaq və Neft Fondunun maliyyə imkanlarını sabit saxlamaq üçün ötən ilin birinci rübündən qızıl alınmasına başlanılıb. ARDNF qızıl ehtiyatlarını 2013-cü ilin sonuna kimi 30 tona çatdırmağı planlaşdırır.
MDB ölkələri arasında ilk yerlərdə...
Azərbaycanda sürətli inkişaf təbii olaraq dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən, sosial sferaya ciddi sirayət edib. Mübaliğəsiz demək olar ki, bazar iqtisadiyyatı ilə sosial müdafiənin uğurlu kombinasiyası qazanılan bir çox uğurların təməlini təşkil edən əsas amillərdəndir. Təsadüfi deyil ki, son illər ərzində bir sıra Avropa ölkələrində qlobal böhranla bağlı büdcə xərclərinin azaldıldığı və ciddi sosial gərginliyin müşahidə edildiyi halda, Azərbaycanda sosialyönümlü layihələrin reallaşdırılmasında hansısa ləngiməyə, yaxud çətinliyə rast gəlinməyib. Əksinə, əldə edilən gəlirlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilib.
Dövlət büdcəsində sosial xərclərə ayrılan vəsaitin təqribən 30 faiz olması hökumətin bu sahəyə göstərdiyi diqqətin nəticəsidir. Qeyd etmək yerinə düşər ki, cari ilin 6 ayında dövlət büdcəsi xərclərinin 26,7 faizi və ya 2 milyard 331 milyon manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilməklə, 2012-ci ilin eyni dövrü ilə müqayisədə 31 milyon manat çox olub. Hesabat dövründə əhalinin pul gəlirlərinin artım tempi 7,1 faiz təşkil edib və inflyasiyanı ənənəvi olaraq xeyli üstələyib. Ölkə üzrə orta aylıq əməkhaqqı 6,8 faiz yüksələrək 408,8 manat təşkil edib. Respublika üzrə xarici dövlət borcunun ÜDM-yə nisbətinin aşağı səviyyədə saxlanılması və 6 ayın nəticələrinə görə ölkəmizin məcmu valyuta ehtiyatları məbləğindən 9 dəfəyədək az olması Azərbaycanın milli iqtisadi inkişaf modelinin maliyyə dayaqlarını özündə ehtiva edir.
Müqayisə üçün qeyd edək ki, son 10 ildə Azərbaycanda məşğulluq səviyyəsi artsa da, Ermənistan və Gürcüstanda bu göstərici azalıb. Azərbaycan orta aylıq maaşın həcminə görə, MDB ölkələri arasında ilk yerlərdə təmsil olunur. Ölkə bu göstəriciyə görə yalnız Rusiya və Qazaxıstandan geri qalır. Azərbaycanda orta statistik əməkhaqqı Rusiyada orta aylıq əməkhaqqının 60 faizini təşkil etsə də, bu göstərici Gürcüstan, Ermənistan, Ukrayna və Moldovadakı analoji göstəricidən 1,5 dəfə çoxdur. 2010-cu ildə Azərbaycanda orta aylıq əməkhaqqı 413 dollar təşkil edib.
Əlavə edək ki, Dünya Bankının hesabatında milli gəlirin ədalətli bölgüsünə görə, Azərbaycan 110 inkişaf edən ölkəni geridə qoyur və bu da iqtisadi inkişafın səmərəliliyini göstərir. Hesabata görə, Azərbaycan dünyanın 153 ölkəsi arasında ən aşağı yoxsulluğa malik 20 ölkədən biridir. Həmçinin, cari ilin aprelində Avropa Komissiyasının maliyyə dəstəyi ilə hazırlanan “Aİ ilə Şərq Tərəfdaşlığı ölkələri arasında əmək mobilliyinin xərcləri və səmərəsi” adlı hesabatda bildirilir ki, son 10 ildə Azərbaycanda məşğulluq səviyyəsi xeyli yüksəlib. Azərbaycan məşğulluq səviyyəsinə görə (60 faiz), bölgədə ən yüksək göstəricilərdən birinə sahibdir. 2000-2011-ci illərdə Azərbaycanda məşğulluğun səviyyəsi 18 faiz artıb ki, Azərbaycan bu göstəriciyə görə MDB ölkələri sırasında da ön sıralardadır. Hesabata əsasən, Azərbaycanda immiqrasiya prosesi də aktiv şəkildə davam edir. Bu prosesdə əsasən MDB ölkələrinin vətəndaşları iştirak edirlər. Azərbaycanda miqrasiya proqnozlarına gəldikdə isə, ölkəni tərk etmək istəyən insanların sayı ildən-ilə azalır.
Azərbaycan investor ölkə kimi özünü təsdiq edib
Təbii ki, ölkəmizin nəhəng enerji ehtiyatlarına malik olması və qlobal enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi çəkisinin artması Azərbaycanı xarici investorlar üçün cəlbedici edib. Azərbaycanın investisiyalara açıq olması, ölkədə münbit biznes mühitinin formalaşdırılması da sərmayədarların marağına səbəb olur. Qeyd edək ki, cari ilin birinci yarısında ölkə iqtisadiyyatına 12,6 milyard dollar sərmayə qoyulub. Bunun böyük hissəsi, təqribən, 7 milyard dolları daxili, 5 milyardı isə xarici sərmayələrdir. Yəni, qlobal iqtisadi böhranın müşahidə olunduğu dövrün təhlili bir daha göstərir ki, Azərbaycan əvvəlki kimi yenə də investisiya yatırılması baxımından dünyanın ən cəlbedici ölkələrindən biridir.
Hazırda ölkəmiz artan iqtisadi imkanları hesabına bu gün bölgə dövlətlərinin iqtisadiyyatının real sektoruna sərmayə yatıran və iri infrastruktur layihələrini maliyyələşdirən əsas investor kimi özünü təsdiq edib. Dünyanın nüfuzlu iqtisadi tədqiqat mərkəzlərinin hesabatlarında respublikamız bölgədə investisiyaların coğrafi mərkəzinə çevrilmiş ölkə kimi səciyyələndirilir.
Bu gün Azərbaycan Türkiyə, Gürcüstan, Rumıniya, Moldova, Ukrayna, Belarus, Slovakiya, Rusiyanın Şimali Qafqaz regionu və digər dövlətlərin sərmayə bazarlarında aktiv iştirak edən investor kimi mövqeyini möhkəmləndirir. Respublikamız həmin ölkələrin neft-qaz, neft-kimya, yanacaq-energetika, sənaye, emal, infrastruktur bölmələrinə irihəcmli maliyyə vəsaitləri yönəldərək iqtisadiyyatın inkişafına öz töhfəsini verməkdədir.
Xaricə sərmayələrin qoyuluşunda Azərbaycan qiymətli kağızlar bazarına, aktivlərə, səhmlərə də maraq göstərir. Ölkənin valyuta ehtiyatlarının durmadan artması və maliyyə imkanlarının güclənməsi isə Azərbaycanın daha böyük miqdarda xaricdə investisiyalar yatırmasına şərait yaradır ki, bu da ölkəmizin sərmayə bazarında əsas dövlətlərdən birinə çevrilməsinə gətirib çıxarır. Məsələn, 2012-ci ilin dekabr ayında Neft Fondu tərəfindən London, Paris və Moskva şəhərlərində ilk daşınmaz əmlak investisiyaları həyata keçirilib.
Azərbaycan beynəlxalq müstəvidə öz mövqelərini daha da gücləndirir
Ümumiyyətlə, bütün sadalananlarla yanaşı, onu da qeyd etmək lazımdır ki, Azərbaycan bir çox məsələlərlə bağlı dünya birliyinə özünün töhfələrini verməkdədir. Bu mənada, Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edib. Dünyada “sivilizasiyaların toqquşması” prosesinin cərəyan etdiyi, müxtəlif ölkələrdə cəmiyyətdaxili parçalanmalar nəticəsində dini, etnik zəmində konfliktlərin yaşandığı bir vaxtda Azərbaycan sabit və tolerant mühiti ilə diqqət çəkir. Azərbaycan mədəniyyətlərin inteqrasiyası və tolerantlıq təcrübəsinə malik olan bir ölkədir. Üstəlik, bir çox nüfuzlu beynəlxalq mədəniyyət və idman müsabiqələrinin, tədbirlərinin respublikamızda keçirilməsi də həm ölkəmizin inkişafından, həm də dünyaya açıq olmasından xəbər verir. Bütün bunlarla əlaqədar olaraq, ölkəmiz dünya sivilizasiyalarının qovuşmasının və multikulturalizmin nəzərəçarpan nümunəsi kimi dünyada tanınır. Beləliklə, sadalananları nəzərə alaraq deyə bilərik ki, bu gün Azərbaycan regional liderdən qlobal aktora çevrilib.
Son illər nüfuzlu beynəlxalq təşkilatların, maliyyə qurumlarının Azərbaycan haqqında hesabatları və rəyləri də bu faktı təsdiqləyir. Məsələn, biznes mühitinin yaxşılaşdırılması sahəsində reallaşdırılan islahatlar, həyata keçirilən səmərəli tədbirlər nəticəsində “Dooing Business” hesabatı Azərbaycanın nailiyyətlərini yüksək qiymətləndirib, 2009-cu ildə dərc olunmuş hesabatda ölkəmiz “ən islahatçı” ölkə elan edildi. “Dünya Rəqabətlilik Hesabatı 2012-2013” hesabatına əsasən Azərbaycan rəqabətlilik reytinqinə görə 144 dövlət arasında 46-cı yerdə qərarlaşıb. Qlobal iqtisadiyyatın böhran dövrünü yaşadığı və yüksək rəqabət mühiti ilə səciyyələnən bir zamanda Azərbaycanın 9 pillə irəliləməsi və dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatı sırasına daxil olması ölkədə aparılan məqsədyönlü sosial-iqtisadi inkişaf siyasətinin əyani göstəricisi və ölkəmizin beynəlxalq nüfuzunun artmasının nümunəsi kimi qiymətləndirilə bilər.
Bununla yanaşı, ölkədə əlverişli rəqabət mühitinin yaradılması və daha da inkişaf etdirilməsi istiqamətində atılan addımlar bəhrəsini verir. Ölkədə iqtisadi təhlükəsizliyin müvəffəqiyyətlə təmin olunması beynəlxalq reytinq agentliklərinin də diqqətindən kənarda qalmayıb. Dünyanın üç nüfuzlu reytinq agentlikləri - “Fitch”, “Standard and Poors”, “Moody”s, Azərbaycanın kredit reytinqini yüksəldib. Bununla da, Azərbaycan Cənubi Qafqazda, investisiya reytinqi alan ilk və yeganə ölkəyə çevrilib. Hazırda bu uğurlar fonunda Azərbaycan sürətli inkişafını davam etdirir və beynəlxalq müstəvidə öz mövqelərini daha da gücləndirir.
“Yeni Azərbaycan”ın
Analitik qrupu

Paylaş:
Baxılıb: 2766 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30