Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Yeni geosiyasi şəraitdə Azərbaycanın yeri və rolu möhkəmlənir

Yeni geosiyasi şəraitdə Azərbaycanın yeri və rolu möhkəmlənir

07.02.2014 [09:15]

Prezident İlham Əliyev: Azərbaycan artıq böyük bir regional amildir. Sabitlik, təhlükəsizlik və inkişaf amilidir
Məlum olduğu kimi, son bir neçə ildə dünyanın bir sıra regionlarında geosiyasi proseslərin dinamikasının artması müşahidə edilir. Qlobal rəqabətin güclənməsi, iqtisadi böhranlar, siyasi gərginlik, vətəndaş müharibələri, hərbi müdaxilələr beynəlxalq münasibətlərdə aparıcı faktorlara çevrilib. Hazırkı geosiyasi mənzərənin formalaşmasında başlanğıcını ABŞ-dan götürən 2008-2009-cu illərin qlobal maliyyə böhranının, onun müxtəlif ölkələrin, xüsusən də Avropa qitəsi dövlətlərinin iqtisadiyyatına təsirinin rolunu ayrıca qeyd etmək olar. Bildiyimiz kimi, maliyyə böhranı Avropa İttifaqı daxilində inteqrasiyaya inamı zəiflətdi, iqtisadi böhranın meydana çıxardığı sosial problemlər isə region ölkələrində irqçilik, faşizm kimi təhlükəli ideologiyaların tərəfdarlarının artmasına səbəb oldu.
Qərbin iqtisadi böhranın nəticələrini aradan qaldırmaq uğrunda səylər göstərdiyi bir vaxtda isə, yəni 2011-ci ilin əvvəlindən etibarən ilk olaraq Misirdə hakimiyyət çevrilişi ilə nəticələnən inqilab dalğası Yaxın Şərq və Şimali Afrika regionunu bürüdü. Qərbin siyasi, iqtisadi mənafeləri naminə böyük maraq göstərdiyi və müxtəlif formalarda fəal müdaxilə etdiyi “ərəb baharı” regionun siyasi mənzərəsini xeyli dəyişdirdi. Ekspertlər tərəfindən bəzən “demokratiyanın yeni dalğası” adlandırılan proseslər, əslində, özü ilə dağıntı, xaos və radikalizm, ardınca isə Qərb demokratiyasından xeyli fərqlənən hərbi və dini avtoritar rejimləri gətirdi. Hazırda Misir, İraq, Suriya kimi ölkələrdə gedən proseslər Yaxın Şərq və Şimali Afrikada yeni düzənin formalaşmaqda davam etdiyini göstərsə də, proseslər əvvəlki illərə nisbətən xeyli səngiyib.
Son aylarda isə yenidən Avropa qitəsində cərəyan edən geostrateji proseslər diqqəti bu regiona cəlb edib. Doğrudur, artıq avrozona ölkələrinin iqtisadiyyatı nisbətən stabilləşib, hətta inkişaf meyilləri özünü göstərməyə başlayıb. Lakin Şərqi Avropada isə qlobal geosiyasi rəqabət daha da sürətlənib. Belə ki, ötən ilin sonlarından etibarən Ukraynada daxili siyasi sabitliyin pozulması ilə müşahidə olunan proseslərin fonunda Qərb-Rusiya geosiyasi qarşıdurması özünü daha aydın göstərir. Daha doğrusu, Avroatlantik güclərlə Rusiya arasında gedən geosiyasi mübarizənin episentri bu dəfə Ukrayna olub.
Bildiyimiz kimi, son illərdə Ukrayna rəhbərliyi daha çox Avropayönümlü siyasət yürüdürdü. Lakin Rusiyanın ölkəni öz təsir dairəsində saxlamaq yönündə addımları rəsmi Kiyevin 2013-cü ilin noyabrında Vilnüsdə keçirilən Avropa İttifaqının III “Şərq tərəfdaşlığı” Sammitində İttifaqla assosiativ sazişi imzalamaqdan imtina etməsi ilə nəticələndi. Həmin dövrdən etibarən Ukraynada hakimiyyətə etirazlar intensiv xarakter alıb. Beynəlxalq ictimaiyyətin diqqətini çox cəlb etməməsinə baxmayaraq, Avropa İttifaqı ilə assosiativ sazişi imzalamağın astanasında olan Moldovada da qlobal geosiyasi rəqabətin təsirləri özünü göstərir. Son illərdə Avrasiya geosiyasi məkanında gedən geosiyasi proseslər sırasında Şərqi Asiya regionu dövlətləri arasındakı, eləcə də ABŞ-Çin və ABŞ-Şimali Koreya münasibətlərini qeyd etmək olar. Region ölkələri arasındakı ərazi mübahisələri, eləcə də ABŞ və Şimali Koreya arasındakı müharibə ritorikası bölgədəki siyasi, hərbi durumu kəskinləşdirən əsas faktorlar qismində çıxış edir.
Bu arada, 2014-cü ildə ABŞ-ın öz qoşunlarını Əfqanıstandan çıxarmasının da Mərkəzi Asiya regionu üçün müəyyən geosiyasi nəticələrinin ola biləcəyi ehtimal edilir. Ekspertlərin fikrincə, bölgə dövlətləri terrorizm təhlükəsinin artmasının qarşısının alınması və regional təhlükəsizliyin möhkəmləndirilməsi üçün daha çox çalışmalı olacaqlar.
Bütün sadalanan geosiyasi proseslərin fonunda ayrı-ayrı dövlətlərin öz təhlükəsizliyini və suverenliyini qoruyub saxlaması kifayət qədər düşünülmüş, uzaqgörən və çevik siyasətin həyata keçirilməsini, daxili və xarici siyasi kursun bir-biri ilə düzgün uzlaşdırılmasını tələb edir. Bu mənada, Azərbaycanın yeni dünya nizamının formalaşması nəticəsində ətraf regionlarda gedən gərgin geosiyasi proseslərdə Cənubi Qafqazın “sabitlik adası”na çevrilməsi ölkə rəhbərliyinin məhz belə bir siyasət xətti yürütməsindən xəbər verir. Məhz son dönəmdə müşahidə edilən proseslər bunu daha aydın başa düşməyə imkan verir.
Azərbaycan regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr verir
Son hadisələrin fonunda qeyd etmək olar ki, ötən ildə də Azərbaycanın xarici siyasəti mühüm nailiyyətlərlə səciyyələndirilə bilər. Cənubi Qafqaz geosiyasi məkanının lider aktoru olan Azərbaycanın iştirakı ilə regional miqyaslı, qlobal xarakterli strateji layihələrin reallaşdırılıması, eləcə də ölkəmizin beynəlxalq nüfuzunun daha da artması, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsi həyata keçirilən praqmatik xarici siyasətin pozitiv nəticələridir. Ötən ili səciyyələndirərkən, ilk növbədə, ölkəmizin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzvlüyü uğurla başa vurmasını qeyd etmək lazımdır. Vurğulamaq gərəkdir ki, 2011-ci ilin oktyabr ayının 24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən, Azərbaycanın 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında təmsil edəcək qeyri-daimi üzv seçilməsi və quruma 2012-ci ilin may və 2013-cü ilin oktyabr aylarında sədrlik etməsi Prezident İlham Əliyevin həyata keçirdiyi rasional xarici siyasət kursunun qanunauyğun nəticəsi idi. Ümumiyyətlə, Azərbaycan BMT TŞ-yə sədrlik müddətini uğurla həyata keçirdi. Bu dövrdə BMT TŞ-də dünyanı narahat edən bir sıra mühüm məsələlər gündəliyə daxil edildi və səmərəli müzakirələr qeydə alındı. Dolayısıyla, Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvü kimi sərgilədiyi fəaliyyət və atdığı addımlar 2011-ci ilin oktyabrında ölkəmizin quruma üzvlüyünə səs verən 155 ölkənin etimadının doğruldulması deməkdir. Azərbaycan TŞ-dəki fəaliyyəti ilə humanizm dəyərlərinə, dünyanın müxtəlif regionlarındakı münaqişələrin aradan qaldırılması üçün göstərilən səylərə verdiyi önəmi nümayiş etdirdi.
Bundan əlavə, Azərbaycan nümayəndələri BMT TŞ-də keçirilən digər müzakirələrdə və səsvermələrdə fəal iştirak edərək, dünyada sülh və təhlükəsizliyin təmin olunmasına verdiyi önəmi bir daha göstərmiş oldu.
Azərbaycan regionda sabitləşdirici amil kimi...
Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət regionda cərəyan edən siyasi, iqtisadi proseslərin axarına həlledici təsir göstərir. Məhz dövlət başçısının liderlik keyfiyyətləri əsasında bu gün Azərbaycan beynəlxalq aləmdə nüfuz sahibinə çevrilib. Azərbaycan Avropa ilə Asiya qitələrini təkcə coğrafi baxımdan deyil, həm də siyasi, iqtisadi, mədəni nöqteyi-nəzərdən birləşdirən regional güc mərkəzidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz böyük regional amilə çevrilib: “Bu gün Azərbaycan öz gücünə arxayın olan, öz gücünə arxalanan, bütün tərəfdaşlar ilə münasibətləri qarşılıqlı hörmət və ehtiram prinsipləri əsasında qurmağa çalışan, dinamik inkişaf edən gənc və eyni zamanda, təcrübəli ölkədir. Azərbaycan artıq böyük bir regional amildir. Sabitlik, təhlükəsizlik və inkişaf amilidir”.
Azərbaycanın regionda sabitləşdirici aktor kimi fəaliyyətinin önəmindən bəhs edərkən, şübhəsiz, son dönəmlərdə ölkəmizin iştirakı ilə gerçəkləşdirilən enerji lahiyələrinin əhəmiyyətini qeyd etmək lazımdır. Məlum olduğu kimi, 2013-cü il Azərbaycanın enerji siyasətində böyük uğurlarla yadda qalıb. “Əsrin müqaviləsi”nin imzalandığı dövrdən etibarən, dünyada əsasən neft ölkəsi kimi tanınan Azərbaycan 2013-cü ildə də atdığı addımlarla beynəlxalq aləmdə enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən dövlət kimi özünü təsdiq etdi. Ötən il, ilk növbədə, Azərbaycan qaz ixracatçısı kimi regional və beynəlxalq təhlükəsizlikdə mühüm rol oynadığını bir daha sübuta yetirdi. Qeyd edək ki, bu istiqamətdə ilk böyük nailiyyət 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəmərinin istifadəyə verilməsi idi. Bu baxımdan, Avropanın “mavi yanacaq” bazarlarında əsas iştirakçılardan birinə çevrilmək niyyətində olan Azərbaycanın təşəbbüsü ilə qəbul olunan Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi həm ölkəmizin, həm də qitə dövlətlərinin enerji maraqlarına cavab verir. Bu layihə ilə Azərbaycanın Avropanın ən yaxın və etibarlı enerji tərəfdaşı olması bir daha öz təsdiqini tapır. Eyni zamanda, TANAP layihəsi Transxəzər qaz kəmərinin gerçəkləşməsi üçün də yeni imkanlar yaradacaq. Qazaxıstan və Türkmənistanın gələcəkdə bu layihəyə qoşulacağı təqdirdə Azərbaycan həm də qaz nəqlində mühüm tranzit ölkəyə çevriləcək. Ümumiyyətlə, TANAP layihəsi ilə Şərq-Qərb enerji dəhlizinin formalaşmasında Azərbaycanın rolu daha da artacaq.
Bu kontekstdə ən yaddaqalan və uğurlu nəticələrdən biri kimi dekabrın 17-də Bakıda “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimini qeyd etmək olar. “Şahdəniz-2”-nin təsdiq edilməsi layihənin artıq reallaşdırılma mərhələsinə qədəm qoymasından xəbər verir. Azərbaycanın ən böyük təbii qaz mənbəyi olan “Şahdəniz” yatağının ümumi ehtiyatları 1,2 trilyon kubmetr həcmində dəyərləndirilir. Bu, Azərbaycanın gələcəkdə sürətli inkişafını təmin etmək üçün mühüm imkandır. Qərarın imzalanması mərasimində iştirak edən Prezident İlham Əliyev nitqində “Şahdəniz-2” layihəsinin qlobal miqyasda ən böyük layihələrdən biri olduğunu vurğulayıb: “Şahdəniz-2” dünyanın ən iri enerji layihələrindən biridir. Bu layihə enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu tarixi layihədə iştirakçı dövlət və şirkətlərin geniş əməkdaşlığı təmin ediləcəkdir”.
“Şahdəniz-2” layihəsinin gerçəkləşməsi “Cənub” qaz dəhlizi vasitəsilə mavi yanacağın Xəzər dənizindən Avropadakı bazarlara çatdırılacağı deməkdir. Bu, həm də Azərbaycanın enerji sektoruna böyük həcmdə yeni investisiyaların yatırılmasına və yeni iş yerlərinin yaradılmasına da səbəb olacaq. Ümumilikdə, “Şahdəniz-2” layihəsi çərçivəsində ildə 16 milyard kubmetr qazın hasil ediləcəyi gözlənilir. Bunun 6 milyardı Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya ötürüləcək. Bu layihə çərçivəsində ilk qazın 2018-ci ildə əldə edilməsi planlaşdırılır. Bundan əlavə, Türkiyənin şərq sərhədindən ölkənin qərb sərhədinə qədər uzanacaq Trans-Anadolu təbii qaz boru kəmərinin tikintisi də sürətləndiriləcək.
Beləliklə, Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycan qazını Gürcüstandan keçməklə, Türkiyənin şərq hissəsinə daşıyır. Tikiləcək TANAP kəməri qazı Türkiyənin şərqindən qərbinə daşıyacaq, yəni Avropa ilə sərhəddə gətirəcək. TAP boru kəməri isə qazın buradan Avropa ölkələrinə paylanmasına imkan verəcək. Bu isə Avropada mavi yanacaq bazarını genişləndirəcək, istehlakçı ölkələr isə enerji mənbələrinin çoxaldılması yolu ilə öz təhlükəsizliklərini daha etibarlı təmin edə biləcəklər.
Beləliklə, düzgün enerji siyasəti sayəsində Azərbaycan özünün inkişafını təmin edir, eyni zamanda, çoxsaylı tərəfdaşlar qazanmaqla özünün beynəlxalq aləmdəki mövqeyini durmadan gücləndirir.
Şərqlə Qərbi birləşdirən strateji körpü
Dəyişən dünya düzəni və yeni geosiyasi şəraitin fonunda bəzi hallarda Şərq və Qərb sivilizasiyaları arasında müəyyən qarşıdurma və ziddiyyətlər müşahidə olunur. Bu cür situasiyalarda tək bir geostrateji orientasiyaya söykənərək ya Qərbə, ya da Şərqə yönələn milli dövlətlər həm suverenliyin məhdudlaşdırılması problemi ilə qarşılaşırlar, həm də öz xarici siyasət kursları ilə milli maraqlarını təmin etmək iqtidarında olmurlar. Amma Azərbaycan bu cür mürəkkəb və ziddiyyətli situasiyanın fonunda da müstəqil xarici siyasətə istinad etməklə yeni geosiyasi şəraitdə öz mövqeyini möhkəmləndirməyə nail olub. Həyata keçirilən müstəqil xarici siyasət kursu həm ölkəmizin milli maraqlarının təmin olunmasını, həm də ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin formalaşmasını, dolayısıyla, Azərbaycanın Şərqlə Qərbi birləşdirən strateji körpüyə çevrilməsini şərtləndirib. Həmçinin, xalqımızın daşıyıcısı olduğu dəyərlər sistemi Şərqlə Qərb arasında dialoq və inteqrasiyaya mühüm töhfələr bəxş edir. Eyni zamanda, ölkəmizin iştirakı ilə milli dövlətlər arasındakı əməkdaşlığın və sivilizasiyalarası dialoqun inkişafına əhəmiyyətli töhfələr verən strateji layihələr reallaşdırılır. Ən əhəmiyyətlisi isə odur ki, bütün bunlar Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir, həmçinin perspektiv nailiyyətlər üçün strateji zəmin rolunu oynayır.
Çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu milli maraqlarımıza xidmət edir
Qeyd etdik ki, beynəlxalq strateji balansın Şərqdə, yoxsa Qərbdə olması məsələsi müasir dünya düzənində diqqəti çəkən situasiyalardan biridir. Bu şəraitdə bəhs olunan qütblər arasında milli maraqlara müvafiq manevrlər etməyi bacaran, həmçinin, hər iki tərəflə qarşılıqlı-faydalı və praqmatik münasibətləri davam etdirə bilən ölkələr xarici siyasətdə mühüm nailiyyətlər əldə edə bilirlər. Bu kontekstdə Azərbaycan öz xarici siyasətini rasional və praqmatik prinsiplər əsasında davam etdirir. Ölkəmiz həm özünün milli maraqlarına müvafiq olaraq Qərbə, yaxud Avroatlantik strukturlara uğurla inteqrasiya edir, həm də Şərq ölkələri ilə çoxşaxəli əməkdaşlıq əlaqələrini davamlı surətdə inkişaf etdirir.
Məlum olduğu kimi, Azərbaycanın xarici siyasət kursunda Avroatlantik qurumlarla əlaqələr və Qərb dövlətləri ilə ikitərəfli əməkdaşlıq münasibətləri xüsusi çəkiyə malikdir. Azərbaycanın demokratik dövlət quruculuğu siyasəti Qərbə inteqrasiyanı mümkün edən başlıca amildir. Ölkəmizin Qərbə inteqrasiyası həm də bəhs olunan region dövlətləri ilə qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığına söykənir. Azərbaycan əksər Qərb dövlətləri ilə siyasi, iqtisadi, mədəni, humanitar əlaqələrə malikdir. Ölkəmizin əlverişli coğrafi mövqedə yerləşməsi, azad bazar iqtisadiyyatına malik olması, xarici investorların fəaliyyətinə geniş şərait yaratması, beynəlxalq siyasi nüfuzunun güclənməsi və digər amillər region dövlətlərini respublikamızla əməkdaşlığa cəlb edən başlıca amillərdir. Qərb ölkələrinin özünün müsbət beynəlxalq imicini formalaşdırmış Azərbaycanla əməkdaşlığa olan yüksək marağı, eləcə də ölkəmizin milli siyasi və iqtisadi maraqları zəminində respublikamızın Avropa məkanına inteqrasiyası davam etməkdədir.
Azərbaycanla Şərq ölkələri arasındakı əlaqələr də dinamik inkişaf tempi ilə davam etməkdədir. Bu, bütün sahələri, iqtisadi, siyasi, mədəni, humanitar və s. istiqamətləri əhatə edir. Belə ki, Azərbaycan müsəlman ölkələrinin təşkilatı olan İslam Əməkdaşlıq Təşkilatında təmsil olunur, eyni zamanda, digər Şərq ölkələri ilə də ikitərəfli və çoxtərəfli formatda mövcud olan qarşılıqlı-faydalı əlaqələr davamlı olaraq daha da möhkəmləndirilir. Azərbaycanla müsəlman ölkələri daim beynəlxalq arenada qarşılıqlı surətdə bir-birilərinin mənafe və mövqelərini müdafiə edirlər. Qısacası, Azərbaycanın praqmatik mövqeyinin fonunda Şərq ölkələri ölkəmizi etibarlı tərəfdaş və sıx münasibətlərə malik müttəfiq kimi qiymətləndirirlər.
Ölkəmiz sivilizasiyalararası dialoq və mədəniyyətlərin inteqrasiyasında mühüm rol oynayır
Bütün bunların fonunda toxunulması lazım olan mühüm məsələlərdən biri də budur ki, Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtsadi inkişaf baxımından yeni model bəxş edib. Dünyada “sivilizasiyaların toqquşması” prosesinin cərəyan etdiyi, müxtəlif ölkələrdə cəmiyyətdaxili parçalanmalar nəticəsində dini, etnik zəmində konfliktlərin yaşandığı bir vaxtda Azərbaycan sabit və tolerant mühiti ilə diqqət çəkir. Azərbaycan mədəniyyətlərin inteqrasiyası və tolerantlıq təcrübəsinə malik olan bir ölkədir. Üstəlik, bir çox nüfuzlu beynəlxalq mədəniyyət müsabiqələrinin, tədbirlərinin respublikamızda keçirilməsi də həm ölkəmizin inkişafından, həm də dünyaya açıq olmasından xəbər verir. Bütün bunlarla əlaqədar olaraq, ölkəmiz dünya sivilizasiyalarının qovuşmasının və multikulturalizmin nəzərə çarpan nümunəsi kimi dünyada tanınır. Beləliklə, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi xarici siyasət kursu ilə müasir dünyanın, xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır.
“Yeni Azərbaycan”ın
Analitik Qrupu

Paylaş:
Baxılıb: 2395 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30