Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Serbiya nəşrində yuqoslaviyalı diplomatın Heydər Əliyev şəxsiyyəti barədə xatirələri dərc edilib

Serbiya nəşrində yuqoslaviyalı diplomatın Heydər Əliyev şəxsiyyəti barədə xatirələri dərc edilib

13.05.2016 [09:54]

Vaxtilə Yuqoslaviya Sosialist Federativ Respublikası (YSFSR) Federal Parlamenti prezidentinin kabinet rəhbəri və bu ölkənin Qarşılıqlı İqtisadi Yardım Şurasında (QİYŞ) səfiri olmuş professor Budimir Lazoviç bu yaxınlarda anadan olmasının növbəti ildönümü münasibətilə nurlu xatirəsi bütün Azərbaycan xalqı tərəfindən yad edilmiş Heydər Əliyev haqqında xatirələrini bölüşüb http://evroazijainfo.in.rs/dr-budimir-lazovic-secanje-jugoslovenskog-diplomate-na-istorijsku-licnost-hejdara-alijeva).
B.Lazoviç öz məqaləsində qeyd edir ki, Azərbaycanın və Qərbi Balkan ölkələrinin, habelə onların xalqlarının adət-ənənələrinə, maddi və mənəvi mədəniyyət elementlərinə xas olan ümumi cəhətləri eyni dəyərlərə və mənəvi prinsiplərə malikdir. Bu yaxınlıq zəncirində İkinci Dünya müharibəsi zamanı antifaşist mübarizəsində əməkdaşlıq xüsusilə güclü təsir bağışlayır. Yuqoslaviya partizan dəstələrində mübarizə aparan azərbaycanlılar çox olub. 1944-cü ilin oktyabr ayında Belqradın, habelə Qərbi Serbiyanın azad olunması əməliyyatlarında iştirak etmiş 223-cü Qırmızı bayraqlı Azərbaycan diviziyası bu mübarizədə görkəmli rol oynayıb. Zayeçar şəhərində Serbiyanın azad edilməsi uğrunda mübarizlərin qardaşlıq məzarlarının abidəsi keçmiş Yuqoslaviya və Azərbaycan xalqlarının silah qardaşlığının əbədi rəmzidir. Bizim adamların sevə-sevə Mixaylo çağırdıqları Mehdi Hüseynzadənin çoxsaylı qəhrəmanlıqlarına heyran olmamaq mümkün deyil. Təəssüf ki, Mehdinin qəhrəmanlığı və cəsarəti barədə Serbiya ictimaiyyətinin məlumatı azdır. Müəllif yazır ki, Mehdi Hüseynzadə Sloveniyadakı Çepovan kəndində dəfn edilib. Bu kənddə onun xatirə lövhəsi vurulub. O, Sovet İttifaqı Qəhrəmanı elan edilib.
Keçmiş Yuqoslaviya və Azərbaycan xalqlarının uzunmüddətli dostluğu və yaxınlığı, iqtisadi, mədəni və siyasi sahələrdə əməkdaşlığı İkinci Dünya müharibəsindən sonra da davam edib.
Müəllif daha sonra Heydər Əliyev barədə, xüsusən 1976-cı il sentyabrın 22-də Sovet İttifaqı Ali Sovetinin nümayəndə heyətinin rəhbəri kimi Yuqoslaviya Sosialist Federativ Respublikasına səfəri barədə xatirələrini bölüşür. B.Lazoviç yazır: “O vaxt mən Federal Parlamentin prezidenti Kiro Qliqorovun (YSFSR dağılandan sonra Makedoniyanın birinci prezidenti) kabinetinin başçısı idim. SSRİ Ali Sovetinin nümayəndə heyətinin səfərinə mənim böyük marağım səbəbsiz deyildi, çünki o vaxt mən Qarşılıqlı İqtisadi Yardım Şurası (QİYŞ) çərçivəsində iqtisadi inteqrasiya məsələlərinə həsr olunmuş doktorluq dissertasiyası üzərində işləyirdim. Danışıqlar və sorğu məlumatı üçün platforma hazırlanması prosesində mən QİYŞ-in üzvü olan ayrı-ayrı dövlətlərin iqtisadi inkişafı və həmin dövlətlərin daxilində qarşılıqlı iqtisadi və elmi-texniki əməkdaşlıq barədə informasiya hazırlamışdım. Bu kontekstdə mən SSRİ-nin ayrı-ayrı respublikalarının, o cümlədən Azərbaycanın iqtisadi və elmi-texniki inkişafını xülasə şəklində hazırlamışdım. Danışıqlar üçün platforma hazırlayarkən biz başqa məsələlərlə bərabər, nümayəndə heyətinin rəhbəri Heydər Əliyevin ətraflı tərcümeyi-halını və Azərbaycan barədə daha geniş informasiya əldə etmişdik. O vaxt mən Azərbaycanın ümumi tarixi inkişafı ilə daha yaxından tanış oldum, bu ölkəyə və onun xalqına rəğbətim artdı”.
Heydər Əliyevin səfərinin Yuqoslaviya Parlamenti sədrinin və nümayəndə heyətinin böyük marağına səbəb olması həm də onunla bağlı idi ki, SSRİ-dən gələn bu cür ali nümayəndə heyətinə ilk dəfə idi ki, milli çoxluq təşkil etməyən xalqın nümayəndəsi başçılıq edirdi.
Kiro Qliqorov və Heydər Əliyev söhbət zamanı Yuqoslaviyanın və SSRİ-nin çox millətli ölkələr kimi daxili sosial-iqtisadi inkişafı, beynəlxalq vəziyyət və qarşılıqlı münasibətlər barədə fikir mübadiləsi apardılar. Kökləri İkinci Dünya müharibəsi zamanı faşizmə qarşı birgə mübarizədə yaranmış hərtərəfli əməkdaşlığın möhkəm əsasları və bu əməkdaşlığın daha da dərinləşməsində hər iki tərəfin maraqlı olması təsdiq edildi. Sosial-iqtisadi və siyasi inkişafda, habelə beynəlxalq münasibətlərdə iki ölkənin hərəsinin öz yolunun olması qeyd edildi. Heydər Əliyev xüsusi vurğuladı ki, YSFSR və SSRİ İkinci Dünya müharibəsindən sonra bütün dünyada sülhün təmin edilməsi, təhlükəsizliyin möhkəmləndirilməsi, o cümlədən müstəmləkəçiliyə, yeni müstəmləkəçiliyə qarşı mübarizə, milli-azadlıq hərəkatlarının dəstəklənməsi istiqamətində çox iş görüblər. O qeyd etdi ki, SSRİ Qoşulmamaq Hərəkatına böyük əhəmiyyət verir və bu baxımdan Yuqoslaviyanın siyasətini, Qoşulmamaq Hərəkatının üzvü olan ölkələr arasında onun rolunu dəstəkləyir. Federal Məclisin nümayəndə heyəti çərçivəsində danışıqlardan sonra Heydər Əliyevin çıxışı barədə çox müsbət şərhlər səsləndi. K.Qliqorov qeyd etdi ki, Heydər Əliyev aydın baxışlı, şux görkəmli, ağıllı və təvazökar siyasətçidir.
Heydər Əliyevin Yuqoslaviyaya sonrakı səfərləri, Onun həm Yuqoslaviya ilə SSRİ, həm də bu çoxmillətli, multikultural və çoxkonfessiyalı cəmiyyətlərin ayrı-ayrı respublikaları arasında hərtərəfli dostluğa əsaslanan əməkdaşlığın inkişafına marağı və bu əməkdaşlığı dəstəkləməsi eyni dərəcədə yaddaqalan oldu. Heydər Əliyevə xas olan həssaslığın, Onun qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə və təkmilləşdirilməsinə tərəfdar olmasının mənbəyi Azərbaycan xalqının xarakterindən, o cümlədən onun multikulturalizm ənənələrindən qaynaqlanırdı. Heydər Əliyev Özünü Azərbaycan xalqları və bu xalqlara yaxın olan keçmiş Yuqoslaviya xalqları arasında dostcasına əməkdaşlığın möhkəm tərəfdarı və qurucusu kimi təqdim etdi.
Heydər Əliyevin daim və yorulmadan yaratdığı mədəniyyət abidələri və müəssisələri də daxil olmaqla, əsasını qoyduğu bu ənənəni O, dünyasını dəyişəndən sonra da davam etdirmək, multikulturalizmin siyasi və hüquqi əsaslarının varisliyini və sonrakı inkişafını təmin etmək mümkün olub. Azərbaycan fəxr edə bilər ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə multikulturalizm dünyada dövlət siyasətinin ən mühüm və barəsində ən çox danışılan atributlarından birinə çevrilib.
Bu nöqteyi-nəzəri təsdiq edən parlaq nümunələr çoxdur. Belə faktlardan biri də budur ki, Ermənistanın azərbaycanlılar yaşayan regionlarında və Azərbaycanın işğal edilmiş rayonlarında, o cümlədən Dağlıq Qarabağda Azərbaycan xalqının mədəni irsinin məhv edilməsinə baxmayaraq, Bakının mərkəzindəki erməni kilsəsinə toxunulmayıb. Azərbaycanda bütün dini binaların, o cümlədən kilsələrin, sinaqoqların və məscidlərin kommunal xərcləri dövlət tərəfindən ödənilir. Azərbaycan qonşu Gürcüstanda da bu cür obyektlərin kommunal xərclərini ödəyir, Gürcüstanda SOCAR (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti) uğurla işləyir. Xatırladaq ki, Azərbaycan 2011-ci ildə Belqradda Bayraqlı məscidini, habelə Novı Sadda Müqəddəs Petka kilsəsini tam bərpa edib. 2014-cü ildə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Dini-Mədəniyyət Mərkəzi açılıb.
Azərbaycan dünya miqyasında multikulturalizmin unikal promouteri rolu oynayır. Burada bir neçə təşəbbüs, o cümlədən “Bakı prosesi” təşəbbüsü (Avropa Şurasının üzvü olan ölkələrin mədəniyyət nazirlərinin görüşü, həmin görüşə ilk dəfə olaraq İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət nazirləri dəvət edilib), Dini Liderlərin Ümumdünya Sammiti, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Multikulturalizm qış məktəbi, Bakı Beynəlxalq Humanitar Forumu keçirilib. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi bu qəbildən olan hadisələrdən biridir. Azərbaycan dövlətinin başçısının qərarı ilə Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Daha bir xəbəri xatırlatmağa dəyər ki, Azərbaycan multikulturalizmi 11 ölkənin universitetlərində ayrıca fənn kimi tədris edilir. B.Lazoviç qeyd edir ki, Azərbaycanın özünəməxsus tarixi ənənələri kimi multikulturalizm və tolerantlıq dəyərlərinin dərinləşməsində və inkişafında Heydər Əliyev Fondunun əvəzedilməz rolu var.
Səfir xatırlayır: “YSFSR-in QYİŞ-dəki səfiri kimi Moskvada xidmət etdiyim dövrdə - 1986-cı və 1987-ci illərdə Qurultaylar Sarayında keçirilən qəbullar zamanı Heydər Əliyevlə qısamüddətli görüşlərimiz olub. Həmin dövrdə O, yüksək siyasi və dövlət vəzifələri tuturdu - Sov.İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini idi. O, 1976-cı ildə İttifaq Parlamentinə səfərini xatırlatmağımı məmnunluq hissi ilə qarşıladı və prezident Qliqorovun salamlarına lütfkarlıqla cavab verdi. 1987-ci il oktyabrın 22-də xəbər verildi ki, “Sov.İK MK-nın plenumu Heydər Əliyev yoldaşın səhhəti ilə əlaqədar pensiyaya çıxmasına görə Onun Siyasi Büro üzvü vəzifəsindən azad olunması xahişini təmin etməyi qərara alıb”. Bu xəbər məni çox təəccübləndirdi, təəssüfləndim. Kommunist partiyasının və dövlətin yüksəkvəzifəli məmurları işdən azad edilən zaman verilən adi, quru bəyanat idi. Adətən, bunlar real səbəblər deyildi, çox güman, baxışlardakı ziddiyyətlərdən, fikirlərin müxtəlif olmasından, şəxsi paxıllıqdan, çəkişmələrdən, dövlət başçısının və partiyada ona yaxın adamların şöhrətpərəstliyindən, ya da sadəcə insani və siyasi həsəd hissindən irəli gəlirdi”.
Moskvadakı diplomatik korpusun intellektual dairələrində bu səbəblərin həqiqiliyinə şübhə edirdilər. Sonralar bu şübhələr özünü doğrultdu. Müasirlər və həmin hadisələrin əsas iştirakçıları bunu təsdiq etdilər. 1993-cü ildə cənab Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsi elan ediləndə hamıya aydın oldu ki, O, sağlamdır, MK-nın altı il əvvəl yaydığı məlumatın həqiqətlə heç bir əlaqəsi yoxdur. Xoşbəxtlikdən və Azərbaycan xalqının bəxtindən, sonrakı on ildə Heydər Əliyev dövlət başçısı oldu və tarixdə dərin və silinməz izlər qoydu. Heydər Əliyev Azərbaycan Prezidenti vəzifəsində Özünü ölkənin müstəqilliyinin qorunub saxlanmasında və möhkəmlənməsində, onun hərtərəfli inkişafının dirçəldilməsində çox dəyərli tarixi xidmətləri olan əsl milli lider kimi göstərdi. 1993-cü ildə - Azərbaycan dövləti və milləti üçün mürəkkəb bir dövrdə Azərbaycan Prezidenti vəzifəsində işə başlayaraq, vətəndaş müharibəsinin qarşısını almağa və Azərbaycanın suverenliyini qoruyub saxlamağa nail oldu. 1994-cü ildə Ermənistanla atəşkəs barədə saziş bağlanması ölkədə sabitləşməyə şərait yaratdı. 1995-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın Konstitusiyası qəbul edildi. Bu sənəd bütün vətəndaşların bərabərliyi və demokratik inkişaf üçün şərait yaradılmasını təmin etdi. İqtisadi sahədə dərin islahatlar aparıldı. 1994-cü ildə Onun təşəbbüsü ilə bağlanmış “Əsrin müqaviləsi”, neftin Avropaya nəql edilməsi üçün infrastruktur obyektlərinin tikilməsi dövlətin iqtisadi dirçəlişinin təməlidir. Bu iqtisadi siyasət indi Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Təsadüfi deyildir ki, 2014-cü ildə işsizlik səviyyəsi 5 faiz, ölkənin xarici borcu ÜDM-in cəmi 8 faizi həcmində olub, əvvəlki on il ərzində investisiyaların məbləği 200 milyard dollara çatıb.
Müəllif vurğulayır ki, Azərbaycan ilə Balkan dövlətləri arasında yaxşı ənənəyə çevrilmiş əməkdaşlıq bu gün də davam edir. Son dövrdə iqtisadiyyat və mədəniyyət sahəsində əməkdaşlıqla yanaşı, Azərbaycanın sosial təyinatlı obyektlərin tikintisinə çoxsaylı ianələr etməsi, belə obyektlərin bir qisminin Heydər Əliyev Fondunun dəstəyi ilə tikilməsi müşahidə olunur. B.Lazoviç irihəcmli ianələr sırasında aşağıdakıları xatırladır: Sarayevoda Bakı küçəsinin və Dostluq parkının, Kor Uşaqlar və Gənclər üçün Mərkəzin yenidən qurulması, Banya-Lukada heriatrik sosial mərkəzin tikintisi, Belqradda Taşmaydan parkının abadlaşdırılması və yeniləşdirilməsi, Novi-Sadda, Dunay çayı sahilindəki parkın və Novi-Pazarda mədəniyyət mərkəzinin yenidən qurulması, Podqoritsadakı Kral parkının və Bakı küçəsinin abadlaşdırılması və yenidən qurulması, Byelo-Poledə uşaq bağçası tikintisi və s. Azərbaycanda və Qərbi Balkan ölkələrində dostluq rəmzi sayılan siyasi xadimlərə, elm və mədəniyyət xadimlərinə abidələr ucaldılıb.
Müəllif sonda beynəlxalq hüququn prinsipləri və normalarından, BMT-nin Nizamnaməsi və Helsinki Yekun Aktından yazır. Əməkdaşlıq, bərabərlik və dözümlülük separatizmin real alternatividir. Professor Budimir Lazoviç son olaraq qeyd edir ki, separatizmin insanları haraya sürükləməsini anlamaq üçün Balkan ölkələrinin, bəzi hallarda isə Cənubi Qafqazın keçmişinə və bugünkü vəziyyətinə nəzər salmaq kifayətdir.

Paylaş:
Baxılıb: 509 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31