Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanın regionlarında yolların abadlaşdırılması geniş vüsət alıb

Azərbaycanın regionlarında yolların abadlaşdırılması geniş vüsət alıb

28.09.2016 [10:02]

Müvafiq Dövlət proqramlarının icrası nəticəsində son 12 ildə ölkədə 10 min kilometrdən çox yol çəkilməsi, 6 hava limanı tikilməsi respublikanın bölgələrinin sosial-iqtisadi inkişafına əlavə impuls verir
Son 12 ildə Azərbaycanın bütün dünya üçün nümunə göstərilən dinamik sosial-iqtisadi inkişaf modelindən söhbət açarkən bütün ölkəboyu güclü infrastruktur yaradılmasına böyük diqqət göstərilməsini xüsusi qeyd etmək lazımdır. Bəhs olunan dövrdə Prezident İlham Əliyevin Azərbaycanı hər cəhətdən müasir ölkəyə çevirməklə bağlı müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq ardıcıl surətdə həyata keçirilən layihələr sayəsində istər paytaxt Bakıda, istərsə də regionlarda sosial və iqtisadi sektorlara aid infrastrukturun yenilənməsi istiqamətində böyük iş həcmi yerinə yetirilib. Bunun sayəsində də hazırda Azərbaycan mükəmməl infrastruktur təminatına malik ölkəyə çevrilib. Qısa müddətdə ölkədə 25 elektrik stansiyasının, 6 yeni hava limanının, nəhəng ticarət limanının tikilib istifadəyə verilməsi böyük nailiyyətdir. Hazırda respublika üzrə qazlaşdırmanın səviyyəsi 90 faizə çatdırılıb. Ölkənin bütün regionlarında həyata keçirilən su-kanalizasiya layihələri sayəsində artıq bir sıra iri şəhərlərdə əhaliyə 24 saat fasiləsiz keyfiyyətli su verilir, eyni zamanda, bölgələrdə əvvəllər içməli su qıtlığından ciddi əziyyət çəkən yaşayış məntəqələrinin təminatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Yaradılan mükəmməl infrastruktur əhalinin həyat səviyyəsinin yüksəlməsinə təsir göstərən mühüm faktor qismində çıxış etməklə yanaşı, qeyri-neft sektorunun üstün inkişafı, daxili istehsalın genişləndirilməsi baxımından da böyük əhəmiyyət daşıyır. Ölkəmizin regionlarında müasir infrastruktur yaradılmasının əsas xarakterik cəhəti isə ondan ibarətdir ki, dövlət yeni infrastruktur obyektlərinin yaradılmasının maliyyə təminatını bir qayda olaraq öz öhdəsinə götürür. Sonradan bu layihələr bölgələrin və bütövlükdə ölkənin inkişafına təkan verən vacib faktora çevrilir.
Əsas məqamlardan biri ondan ibarətdir ki, ölkə miqyasında yeni infrastruktur layihələrinin yerinə yetirilməsi davamlı xarakter daşıyır. Bu baxımdan respublikamızda qlobal mənfi təsirlər nəticəsində yaranan yeni iqtisadi şərait də istisna deyil. Azərbaycan dövləti özünün davamlı inkişaf strategiyasına sadiqlik nümayiş etdirərək bir sıra çətinliklərlə müşayiət olunan yeni iqtisadi şəraitdə də respublikanın infrastruktur təminatının yaxşılaşdırılması ilə bağlı tədbirləri davam etdirir. İnfrastrukturun yaxşılaşdırılması baxımından cari ilin birinci yarısı da istisna olmayıb. Belə ki, bu sahədə heç bir layihə ixtisara salınmayıb, əksinə, ölkənin müxtəlif bölgələrində insanlar infrastruktur obyektlərinin istifadəyə verilməsinin sevincini yaşayıblar. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ölkəmizi fərqləndirən bu cəhətə diqqət çəkərək vurğulayıb ki, bu ilin əvvəlindən infrastruktur layihələri icra edilir.
Ölkənin yol-nəqliyyat infrastrukturunun yenilənməsi bir sıra mühüm amillərlə şərtlənir
Son 12 ildə Azərbaycanın müasir infrastruktur quruculuğu istiqamətində əldə etdiyi uğurlardan söhbət açarkən ölkənin yol-nəqliyyat imkanlarının davamlı olaraq genişləndirilməsini xüsusi vurğulamaq lazımdır. Respublikamızda qısa müddətdə kifayət qədər yüksək səviyyəli yol-nəqliyyat infrastrukturu yaradılıb - bu sahədə irimiqyaslı layihələr həyata keçirilib, dünya standartlarına cavab verən yeni yollar çəkilib, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidləri tikilib. Paralel surətdə, daşımaların idarə olunması mexanizmi təkmilləşdirilib və ölkəmizin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası genişlənib. Həyata keçirilən bu və ya digər tədbirlər sayəsində ölkəmizdə sərnişin və yük daşımalarının həcmi əhəmiyyətli dərəcədə artıb.
Azərbaycanda son 12 ildə müasir yol-nəqliyyat infrastrukturu yaradılmasına böyük diqqət yetirilməsi və bu sahəyə iri həcmlərdə investisiyalar yönəldilməsi bir sıra amillərlə şərtlənir. Biz yuxarıda müasir infrastruktur yaradılmasının ölkənin sosial-iqtisadi inkişafı baxımdan böyük önəm daşıdığını vurğuladıq. Respublikamızda yol-nəqliyyat infrastrukturunun yenilənməsini zəruri edən digər mühüm amil isə Azərbaycanın tranzit daşımaları üçün əlverişli məkan olması ilə bağlıdır. Azərbaycanın coğrafi mövqeyi ölkəmizin istər Şərq-Qərb, istərsə də Şimal-Cənub dəhlizlərində vacib rol oynamasını şərtləndirir. Respublikamız həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, eləcə də iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Bütün bu deyilənlərə dövlət səviyyəsində yüksək siyasi iradə nümayiş etdirildiyini də əlavə etsək, onda Azərbaycanın müxtəlif istiqamətlərdə tranzit daşımaları üçün necə əlverişli ölkə olduğu barədə konkret təsəvvür yaranar.
Beləliklə, beynəlxalq əhəmiyyətli yolların yenidən qurulması Azərbaycanın tranzit imkanlarını daha da artırır. Hazırda Azərbaycan regionda yeni əməkdaşlıq platformalarının yaranmasına daha sanballı töhfələr vermək üçün həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərinin öz ərazisindən keçən hissəsinin yüksək dünya standartları səviyyəsində qurulması üçün bütün zəruri tədbirləri həyata keçirir. Prezident İlham Əliyev Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm tərkib hissəsi olan beynəlxalq miqyaslı İpək Yolu layihəsinin inşasını daim diqqət mərkəzində saxlayır. Həmin layihə Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayır. İndiyədək qədim İpək Yolunun bərpası layihəsi çərçivəsində respublikamızın ərazisində böyük iş həcmi yerinə yetirilib. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin respublikamızın ərazisindən keçən hissəsinin tikintisi də sürətlə davam etdirilir. Ölkənin yol-nəqliyyat sistemində mühüm yer tutan və Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu boyunca əsaslı yenidənqurma işləri həyata keçirilir, magistralda hərəkətin təhlükəsizliyinə və intensivliyinin artırılmasına hesablanan bir sıra mürəkkəb layihələır reallaşdırılır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ölkəmizin ərazisindən keçən magistral yollarda işlərin intensiv şəkildə davam etdirilməsindən məmnunluğunu ifadə edərək deyib: “Qeyd etməliyəm ki, magistral yollarda işlər gedir. Gəncə-Gürcüstan sərhədi yolu dörd zolağa çevrilir. Genişlənmə işləri gedir. Bu il Rusiya sərhədinə qədər magistral yolda böyük işlər görülməlidir. Bizim qurumlar çalışmalıdırlar ki, bu yolu da başa çatdırsınlar. Bakı-Şamaxı yolunun dörd zolağa çevrilməsi prosesi gedir və Bakı-İran sərhədi magistral yolunda da tikinti işləri davam edir”.
Ölkə ərazisində 10 min kilometrdən çox yol çəkilməsi böyük nailiyyətdir
Son 12 ildə Azərbaycanın bütün regionlarında yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı statistika kifayət qədər zəngindir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin bir çoxu yüksək səviyyədə tamamlanıb. Belə ki, ilk iki Dövlət Proqramının həyata keçirildiyi 2004-2013-cü illərdə respublikada yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yolların uzunluğu 9 min kilometri ötüb, bu müddətdə 250 yeni körpü, tunel və yol ötürücüsü inşa edilib. Haqqında bəhs olunan dövrdə Azərbaycanın bölgələrində 6 aeroport tikilib ki, onlardan da 4-ü beynəlxalq səviyyəlidir. Heydər Əliyev beynəlxalq aeroportunun yeni aerovağzal kompleksi isə 2014-cü ildə istifadəyə verilib. Bütün bunların nəticəsidir ki, indi respublikanın bölgələrindən də beynəlxalq uçuşlar həyata keçirilir və bu amil Azərbaycanın regionlarının inkişafına əlavə impuls verir. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində ölkədə yol-nəqliyyat infrastrukturunun yenilənməsindən məmnunluğunu ifadə edərək deyib: “Son 12 il ərzində on min kilometrdən çox yol çəkilmişdir. Bizim bir dənə də olsun magistral yolumuz yox idi. Yəqin ki, çoxları bunu xatırlamır, hansı vəziyyətdə idi bizim yollarımız. İndi magistral yollar - şəhərləri, başqa ölkələri birləşdirən yollar çəkilib və çəkilir, kənd yolları on min kilometrdir”
Yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı layihələr regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı çərçivəsində də intensiv şəkildə davam etdirilir. Yeni Dövlət Proqramının icrasının birinci ili ərzində daha 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 30-dan çox yeni körpü və yolötürücüsü tikilib və ya təmir olunub. Yol infrastrukturunun yenilənməsi 2015-ci ildə də həyata keçirilib. Belə ki, ötən il 400 kilometrdən artıq ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 12 yeni körpü və yolötürücüsü tikilib və ya təmir olunub. Həyata keçirilən layihələr ölkənin yol təsərrüfatında vəziyyəti tamamilə dəyişib.
Cari ildə kənd yollarının tikintisi də diqqət mərkəzində saxlanılır
Prezident İlham Əliyevin respublikamızda yol-nəqliyyat infrastrukturunun yüksək səviyyəyə qaldırılması sahəsində qarşıya qoyduğu yeni hədəflərdən biri də kənd yollarının yenidən qurulması ilə bağlıdır. Bütövlükdə son illərdə bu sahəyə ayrılan vəsaitin həcmi getdikcə artır. Əhalinin böyük əksəriyyəti, xüsusilə kəndlərdə yaşayan insanlar artıq yaxşı yollarla təmin olunublar. Ancaq hələ də bərbad vəziyyətdə olan yollarımız vardır. Dövlət başçısı tərəfindən qarşıya növbəti 3-4 il ərzində Azərbaycanda bütün kənd yollarının təmirinə nail olmaqla bağlı ciddi vəzifə qoyulub. İnsanların əziyyət çəkməmələri üçün kənd yolları yüksək səviyyədə asfaltlaşdırılmalıdır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin bəhs olunan iclasındakı nitqində cari ildə ölkəmizin bütün bölgələrində kənd yollarının tikintisinin daha geniş vüsət aldığını nəzərə çatdıraraq bildirib: “Kənd yollarının tikintisi çox sürətlə aparılır. Bu məqsədlər üçün dövlət büdcəsindən 200 milyon manat vəsait ayrılıb. Təxminən 60-70 kənd yolu layihəsi o cümlədən Bakı qəsəbələrində icra edilir və ediləcək. Bunun da çox böyük təsiri olacaq”.
Qeyd edək ki, həm artıq başa çatan Dövlət proqramlarında, həm də hazırda icrası davam etdirilən üçüncü Dövlət Proqramında kənd yollarının yenidən qurulması ilə bağlı geniş tədbirlər öz əksini tapıb. Tədbirlər planına uyğun olaraq 2015-ci ildə respublika ərazisində kənd yollarının tikintisi davam etdirilib, əhalisi 351 min nəfər olan 245 yaşayış məntəqəsini birləşdirən 590 kilometrdən artıq kənd yolu çəkilib. Respublikanın ayrı-ayrı bölgələrində həyata keçirilən yeni yol layihələri ilə bağlı statistika kifayət qədər zəngindir. İndiyədək Cəlilabad rayonunda bir neçə yol layihəsi reallaşdırılıb. Bu layihələr çərçivəsində təxminən 100 min əhalinin yaşadığı 60-dək yaşayış məntəqəsində yollar yenidən qurulub. Prezident İlham Əliyevin rayona səfəri çərçivəsində dövlət başçısının iştirakı ilə Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun açılışı olub.
Cari ilin əvvəlindən bəri Tərtər rayonunun Hüsənli, Əskipara və Evoğlu kəndlərinin daxili yolları təmirdən sonra sakinlərin istifadəsinə verilib. Yerli icma birliklərinin təşəbbüsü ilə təmir olunan kənddaxili yolların uzunluğu 27 kilometrdir. Yolun eni 5-8, bəzi yerlərdə isə 10-15 metrə çatır.
Daha bir yolun - 28 min insanın yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Xaçmaz rayonunun Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisinə başlanılıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi üçün “Azəravtoyol” ASC-yə 5,2 milyon manat ayrılıb. Tikinti işləri çərçivəsində yol üçüncü texniki dərəcəyə uyğun olaraq 7-8 metrədək genişləndirilir. Yol yatağının eni isə 12 metr təşkil edəcək. Yolun yaşayış məntəqələrindən keçən hissəsində piyada səkiləri salınacaq.
Prezident İlham Əliyev həmçinin on iki min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun başa çatdırılması, eləcə də Qəbələ rayonunda yeddi min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun tikintisi məqsədi ilə müvafiq sərəncamlar imzalayıb. Prezident İlham Əliyevin son vaxtlarda imzaladığı digər sərəncamlara əsasən Şəki şəhərində on səkkiz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun, Saatlı rayonunda əlli bir min nəfər əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun, Lənkəran şəhərində on min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun, Sabirabad rayonunda iyirmi min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd- Həşimxanlı avtomobil yolunun, Oğuz rayonunda on bir min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Sincan-Xaçmaz-Filfili avtomobil yolunun tikintisi davam etdiriləcək. Prezident İlham Əliyev həmçinin Quba rayonunda altı min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının, eləcə də Qax rayonunda yeddi min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisinin başa çatdırılması ilə bağlı müvafiq sərəncamlar imzalayıb.
Hazırda Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi sürətlə davam etdirilir
Hazırda Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən işlər davam etdirilir. Sözügedən avtomobil yolunun uzunluğu 19 kilometrdir. Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Bunun əvəzinə karbonat materialı tökülərək yenidən kipləşdirilib. Hazırda qum-çınqıl qarışığı və optimal qırmadaş qarışığından ibarət yol geyiminin əsasının tikintisi işləri aparılır. Buna paralel olaraq yola 2 qat olmaqla asfalt-beton örtüyü döşənir. Ümumilikdə 115 min kvadratmetr ərazinin asfaltlanması nəzərdə tutulub.
Layihəyə uyğun olaraq yol yatağının eni 10 metr təşkil edir. Bura 6 metr yolun hərəkət hissəsi və hər bir istiqamət üzrə 2 metr olmaqla çiyinlər daxildir. Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə suötürücü boruların tikintisi də aparılır. Tikinti işləri bitdikdən sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.
Qeyd edək ki, Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi 5 mindən çox əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq, yetişdirilən məhsulların rahat şəkildə rayon mərkəzlərinə daşınmasına imkan yaranacaq.
Qeyd etmək yerinə düşər ki, ölkəmizdə kənd yolları layihələrinin intensiv şəkildə həyata keçirilməsini şərtləndirən bir sıra amillər var. Belə ki, kənd yollarının tikintisini əsasən daxili resurslar hesabına həyata keçirmək mümkündür. Bu qəbildən olan layihələrin yerinə yetirilməsində xaricdən mal və materiallar alınmasına heç bir lüzum yoxdur. Yuxarıda bəhs olunan konfransdakı nitqində bu vacib məqamla bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev vurğulayıb: “Kənd yollarının tikintisində bizim xarici komponentə heç bir ehtiyacımız yoxdur. Lazım olan bütün mal-materiallar Azərbaycanda istehsal edilir. Kənd yollarının tikintisində valyuta komponenti yoxdur. Bu da indiki şəraitdə çox önəmli amildir”.
Bu günlərdə cənub bölgəsinin sakinləri yeni yolların istifadəyə verilməsinin sevincini yaşayıblar
Qeyd etdiyimiz kimi, regionlarda yol infrastrukturunun yenidən qurulması davamlı hal alıb. Elə bu günlərdə respublikanın cənubunda iki yol layihəsi tamamlanıb. Belə ki, Cəlilabad rayonunun Cəlilabad-Astanlı-Cəngan-Soltankənd və Biləsuvar rayonunun Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yollarının tikintisi “Azəravtoyol” ASC tərəfindən başa çatdırılıb.
“Azəravtoyol”un mətbuat xidmətindən bildirilib ki, Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun uzunluğu 20,05 kilometrdir. Tikinti işləri çərçivəsində yolun torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə yeni 8 metr enində torpaq yatağı inşa olunub. Daha sonra yola yeni asfalt-beton örtük döşənib.
Hazırda 2 hərəkət zolaqlı yolun asfalt örtüyünün eni 6 metr təşkil edir. Layihəyə uyğun olaraq hər bir tərəfdə 1 metr enində çiyinlərin, həmçinin 254 metr dairəvi boruların və 41 metr düzbucaqlı boruların tikintisi aparılıb.
Analoji işlər uzunluğu 16 kilometr olan Biləsuvar-Günəşli-Ağayri-İsmətli-Çinarlı-Əliabad avtomobil yolunda da aparılıb.
Tikinti layihəsi çərçivəsində torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə yeni 9 metr enində yol yatağının, həmçinin qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol əsasının inşası aparılıb. Daha sonra yola 2 qat olmaqla 5 metr enində yeni asfalt-beton örtüyü döşənib, 2 metr enində isə çiyinlər qurulub.
Bəhs olunan avtomobil yollarının tikintisi ilə Cəlilabad rayonunda 23 yaşayış məntəqəsinin 20 min nəfər əhalisinin, Biləsuvar rayonunda isə 5 yaşayış məntəqəsinin 11 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşmaqla yanaşı, sözügedən ərazilərdə kənd təsərrüfatının inkişafına, insanların yetişdirdikləri məhsulları rahat şəkildə rayon mərkəzlərinə daşımasına imkan yaranıb.
Bölgələrdə kənd yolları layihələrinin icrası yeni iş yerlərinin yaradılması baxımından da böyük önəm daşıyır
Respublikanın bölgələrində kənd yollarının müasir standartlar səviyyəsində yenidən qurulması bir çox cəhətdən böyük əhəmiyyət daşıyır. Kənd yollarının tikintisi layihələri iqtisadi əhəmiyyət daşımaqla yanaşı, həm də dərin sosial məzmun kəsb edir. Məlumdur ki, ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında əhalinin məşğulluğunun təmin olunması davamlı olaraq diqqət mərkəzində saxlanılır. Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində respublikamızda işsizliyin səviyyəsini 5 faizədək azaltmaq mümkün olub. Mənfi qlobal təsirlərin artdığı indiki şəraitdə əhalinin məşğulluğunun təmin edilməsi daha ciddi önəm daşıyır. Prezident İlham Əliyev ölkəmizdə mövcud olan müsbət demoqrafik vəziyyət fonunda yeni iş yerlərinin yaradılmasının davamlı prosesə çevrilməsini bir vəzifə kimi qarşıya qoyub. Dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq cari ilin əvvəlindən bəri ölkəmizdə təxminən 90 min iş yeri yaradılıb ki, onların da 78 mini daimidir. Ölkədə yeni iş yerlərinin yaradılması istiqamətində əlavə tədbirlər görülür.
Yeni iş yerlərinin yaradılması baxımından kənd yolları layihələrinin icrası da mühüm əhəmiyyət daşıyır. Kənd yolları layihələri bir qayda olaraq bölgələrdə icra edilir. Bu isə o deməkdir ki, yeni kənd yollarının salınması layihələrinin icrasına, ilk növbədə, regionlarda yaşayan insanlar cəlb olunurlar. Nazirlər Kabinetinin yuxarıda bəhs olunan iclasındakı nitqində yeni iş yerlərinin yaradılması baxımından kənd yolları layihələrinin önəmini vurğulayan Prezident İlham Əliyev deyib: “Həm infrastruktur yaradılır, həm də iş yerləri. Bu layihələrdə on minlərlə insan işlə təmin edilir. Bu proses gələn il də davam etdiriləcək”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 781 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Kuklaxana

03 May 11:00

İqtisadiyyat

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31