Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İstanbulda V Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu keçirilib

İstanbulda V Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu keçirilib

18.02.2017 [10:06]

Fevralın 17-də İstanbulda Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Gürcüstanın Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə V Azərbaycan-Türkiyə-Gürcüstan biznes-forumu keçirilib.
Tədbirdə Azərbaycan rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, maliyyə, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən 50-dək iş adamı ilə təmsil olunub. Ümumilikdə isə biznes-forumda hər üç ölkədən 250-dən çox iş adamı iştirak edib.
Əvvəlcə Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadiyyatına dair videoçarxlar nümayiş olunub.
Sonra çıxış edən Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun idarə heyətinin üzvü Rona Yırcalı V Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumunun ölkəsində keçirilməsindən məmnunluğunu bildirib. Qarşılıqlı əlaqələrin ölkələrimiz üçün əhəmiyyətini vurğulayan Rona Yırcalı əməkdaşlığın hər üç ölkəyə böyük fayda gətirdiyini, regionda birgə həyata keçirilən iri infrastruktur layihələrinin bunun əyani göstəricisi olduğunu qeyd edib. Rona Yırcalı Türkiyənin xarici investorlar üçün açıq olduğunu, bugünkü biznes-forumun, keçirilən görüşlərin qarşılıqlı əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin inkişafına və genişləndirilməsinə böyük önəm verir və artıq 5-ci dəfədir ki, keçirilən üçtərəfli formatda biznes-forum da məhz Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü əsasında reallaşdırılır. Ölkələrimiz arasındakı regional əməkdaşlığın beynəlxalq aləmdə örnək olduğunu diqqətə çatdıran nazir Şahin Mustafayev dünyanın bir sıra ölkələrindəki siyasi-iqtisadi qeyri-sabitlik fonunda Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumunun 5-ci dəfə keçirilməsinin ölkələrimiz arasındakı birliyi və dostluğu nümayiş etdirməklə, gələcək əməkdaşlığımızda əhəmiyyətli olacağını bildirib.
Dövlət başçılarının siyasi iradəsi, strateji tərəfdaşlıq, tarixən formalaşan dostluq, qonşuluq münasibətləri, iqtisadi sahədə yaradılmış müvafiq qanunvericilik bazası, hər üç ölkədə əlverişli investisiya mühitinin, zəngin təbii ehtiyatların, ixtisaslı kadr potensialının mövcudluğu, ölkələrimiz arasında geniş ticarət və investisiya əməkdaşlığı, əlverişli coğrafi mövqe və böyük tranzit imkanları, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars, “Azərbaycan-Türkiyə-Gürcüstan Enerji Körpüsü” kimi strateji layihələr, işgüzar dairələr arasındakı yüksək səviyyəli əlaqələr, AZPROMO, ASK, TİKA, DEİK, KOSGEB, “İnvest in Georgia” və s. qurumların məhsuldar fəaliyyəti Azərbaycan-Türkiyə-Gürcüstan uğurlu regional əməkdaşlığını şərtləndirən başlıca amillərdir. Nazir Şahin Mustafayev qeyd edib ki, bütün bunlar sülhə, firavanlığa, regionda yaşayan xalqların rifahına xidmət edir. Regionda sabitliyi pozan, işğalçılıq siyasəti aparan və qonşu ölkələrə ərazi iddiaları irəli sürən Ermənistan bu cür əhəmiyyətli layihələrdən kənarda qalıb.
Nazir Şahin Mustafayev qeyd edib ki, ölkələrimiz regional sabitliyə, təhlükəsizliyə böyük önəm verir və terrorun bütün formalarını pisləyir. Ötən il Türkiyədə baş vermiş çevriliş cəhdindən, bütün Azərbaycan xalqı narahat oldu. Bu əslində nəinki Türkiyədə, hətta regionda sabitliyi pozacaq bir cinayət hadisəsi idi. Türkiyə xalqının və dövlətinin nümayiş etdirdiyi birlik nəticəsində bu cinayətin qarşısı vaxtında alındı. Azərbaycan dövləti bu hadisəni ilk gündən birmənalı şəkildə ən yüksək səviyyədə qətiyyətlə pisləmiş və Türkiyə xalqının və dövlətinin yanında olduğunu bildirmiş, bu cəhdləri qəbuledilməz hesab etmişdir. Beynəlxalq terrorizmin bütün cəhdlərinə baxmayaraq, Türkiyə dövləti və xalqı bu vəziyyətdən şərəflə çıxdı. Türkiyə yaşayır, inkişaf edir və bu, bizi sevindirir.
Qardaş Türkiyə ilə iqtisadi əlaqələrə gəlincə, nazir Şahin Mustafayev diqqətə çatdırıb ki, hazırda Azərbaycanda Türkiyə sərmayələri əsasında 3 minə yaxın, Türkiyədə isə Azərbaycan investisiyalı 2 minə yaxın şirkət fəaliyyət göstərir. Türkiyənin Azərbaycana investisiyaları 11 milyard ABŞ dolları, Azərbaycan şirkətlərinin Türkiyəyə investisiyaları isə 9 milyard ABŞ dollarıdır. Təkcə, SOCAR-ın Türkiyəyə investisiyalarının həcmi 2020-ci ilədək 17 milyard dollara çatacaq. Türkiyə Azərbaycanın xarici ticarət dövriyyəsində 1-ci yeri tutur.
Azərbaycanın Gürcüstanla iqtisadi əlaqələrindən danışan nazir Şahin Mustafayev deyib ki, Gürcüstanda Azərbaycan sərmayələri əsasında 200-dən çox şirkət, Azərbaycanda isə 270-dən artıq gürcü şirkəti fəaliyyət göstərir. Gürcüstan Azərbaycanın ən çox investisiya yatırdığı 2-ci ölkədir. İndiyədək Azərbaycan Gürcüstana 3,4 milyard ABŞ dolları investisiya yatırılıb. 2012-2016-cı illərdə ölkəmiz Gürcüstana ən çox investisiya yatıran ölkə olub. Gürcüstan isə Azərbaycanın qeyri-neft sektoruna 76 milyon ABŞ dolları investisiya yatırıb.
Bununla belə, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. Biznes forum çərçivəsində müzakirə edilən məsələlər və aparılan danışıqlar üç dost ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına, iş adamları arasında işgüzar əlaqələrin genişlənməsinə şərait yaradacaq. Nazir Şahin Mustafayev ölkələrimizin nəqliyyat, investisiya, sənaye, İKT, turizm və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala malik olduğunu da diqqətə çatdırıb. Bildirilib ki, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi kimi birgə strateji layihələrin vaxtında tamamlanması ölkələrimizin iqtisadi inteqrasiyasını sürətləndirəcək, yeni iş yerlərinin açılmasına, iştirakçı ölkələrin rifah halına müsbət təsir edəcək. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi 2017-ci ildə tamamlanacaq. TANAP və digər layihələrin icrası vaxtında başa çatdırılacaq. Azərbaycana investisiya qoyuluşu üçün əlverişli imkanların yaradıldığını vurğulayan Şahin Mustafayev Türkiyə və Gürcüstan iş adamlarını iqtisadiyyatın digər sahələri ilə yanaşı, ölkəmizdə yaradılan sənaye parklarına və aqroparklara investisiya yatırmağa dəvət edib. Bundan başqa, tranzit yükdaşımaları, Azərbaycan peyklərindən istifadə, turizm sahələrində, eləcə də ticarət əlaqələrinin genişləndirilməsi üçün geniş potensial mövcuddur.
Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlü və iqtisadiyyat nazirinin müavini Fatih Mətin Türkiyənin iqtisadi uğurları, həyata keçirilən layihələr, ticarət dövriyyəsinin artırılması sahəsində görülən tədbirlər, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı istiqamətində tətbiq olunan elmi yeniliklər, müasir texnologiyaların tətbiqi barədə danışıblar.
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Gakharia son illər Azərbaycan və Türkiyə tərəfindən Gürcüstan iqtisadiyyatına irihəcmli investisiyaların yatırıldığını, hər üç ölkənin iştirakı ilə reallaşdırılan layihələrin regionun inkişafında və ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətini qeyd edib, əlaqələrin bundan sonra da inkişaf edəcəyinə və biznes forumun iş adamları arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətli olacağına əminliyini bildirib.
Biznes-forum çərçivəsində Türkiyə, Azərbaycan və Gürcüstanın regional əməkdaşlığı çərçivəsində layihələrin maliyyələşdirilməsi modellərinə, logistika və daşınma məsələlərinə dair sessiyalar keçirilib. Sessiyalarda Azərbaycan, Türkiyə və Gürcüstan arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti, perspektiv layihələr, əməkdaşlığın genişləndirilməsi kimi məsələlər müzakirə edilib, qarşılıqlı sərmayə qoyuluşu, tranzit daşımalar, sənayenin ayrı-ayrı sahələrində əməkdaşlıq imkanlarına dair məlumat mübadiləsi aparılıb. Qeyd olunub ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında davamlı keçirilən biznes-forumlar iqtisadiyyatın bütün sahələri üzrə iş adamları arasında yeni əlaqələrin və əməkdaşlığın qurulması üçün geniş imkanlar yaradır.
Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.
Biznes-forumda Azərbaycanın sosial-iqtisadi inkişafını əks etdirən nəşrlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
* * *
Biznes-forum çərçivəsində Azərbaycan nümayəndə heyəti ikitərəfli və üçtərəfli görüşlər keçirib. Üçtərəfli formatda keçirilən görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadi əməkdaşlığının inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran digər iqtisadi məsələlər müzakirə edilib.
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Türkiyənin elm, sənaye və texnologiyalar naziri Faruk Özlü arasında keçirilmiş ikitərəfli görüşdə ölkələrimiz arasındakı iqtisadi əlaqələrin daha da genişləndirilməsi perspektivləri müzakirə edilib. Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə keçirilən üçtərəfli formatda biznes-forumların və görüşlərin strateji əməkdaşlığın, mehriban qonşuluq və qardaşlığın göstəricisi olduğu vurğulanıb. Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi, Azərbaycanda yaradılmaqda olan sənaye parklarına və aqroparklara türkiyəli investorların cəlb edilməsi, iki ölkə arasında və regional miqyasda ikitərəfli və tranzit yükdaşımalarının, ticarət əlaqələrinin genişləndirilməsi və s. məsələlər müzakirə edilib.
Nazir Şahin Mustafayevin Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Gakharia ilə görüşündə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri, nəqliyyat, energetika, turizm, İKT, kənd təsərrüfatı, investisiya sahələrində əməkdaşlıq, Azərbaycanda yaradılan sənaye parklarında Gürcüstan şirkətlərinin iştirakı və digər məsələlərə dair müzakirələr aparılıb.

Paylaş:
Baxılıb: 867 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Kuklaxana

03 May 11:00

İqtisadiyyat

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31