Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanda məhbuslarla bağlı dövlət tərəfindən humanist addımlar atılıb

Azərbaycanda məhbuslarla bağlı dövlət tərəfindən humanist addımlar atılıb

18.02.2017 [10:24]

Siyavuş Novruzov: Cənab Prezidentin imzaladığı bu Sərəncam da müəyyən cəzaların yüngülləşdirilməsi, yüngül cinayət törətmiş şəxslərə qarşı humanist addımlar atılması, bəzi cəzaların başqa fəaliyyət növü ilə əvəz olunması və sairə kimi məsələləri əhatə edir
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun “Publika.az”a müsahibəsi:
- Ötən həftə Prezident İlham Əliyev “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam imzalayıb. Bu Sərəncamın əhəmiyyəti nədən ibarətdir?
- Mən bu Sərəncamın əhəmiyyətini çox yüksək qiymətləndirirəm. Ümumiyyətlə, onu qeyd edim ki, Ulu öndər Heydər Əliyev siyasətinin əsasını humanizm təşkil edir. O, ikinci dəfə hakimiyyətə qayıdandan sonra Azərbaycanda ölüm hökmü ləğv edilib. Həm Ümummilli liderin, həm də Prezident İlham Əliyevin dövründə Azərbaycanda 70-dən çox əfv Sərəncamı, 14 Amnistiya aktı imzalanıb. Amnistiya aktının 4-ü isə Heydər Əliyev Fondunun təklifi ilə həyata keçirilib. Yəni Azərbaycanda məhbuslarla bağlı da dövlət tərəfindən humanist addımlar atılıb. Cənab Prezidentin imzaladığı bu Sərəncam da müəyyən cəzaların yüngülləşdirilməsi, yüngül cinayət törətmiş şəxslərə qarşı humanist addımlar atılması, bəzi cəzaların başqa fəaliyyət növü ilə əvəz olunması və sairə kimi məsələləri əhatə edir. Bu cür humanist addımlar Avropanın bir çox ölkələrində, ABŞ-ın bir sıra ştatlarında hələ də mövcud deyil. Ancaq Azərbaycan bu sistemi tətbiq etməklə insanları həyatdan təcrid etməyi deyil, əksinə, ehtiyatsızlıq, avtomobil qəzaları və digər bu kimi yüngül cinayətlər törətmiş məhbusları cəmiyyətə qaytarmağı üstün tutur. Bu cür insanlar islah olunaraq, yenidən cəmiyyətə qayıda bilərlər. Çünki çox zaman həbsxanaya düşən insanlar azadlığa çıxdıqdan sonra yenidən həbsxanaya qayıtmaq istəyirdilər. Həbsxanaya düşən şəxslərdən eləsi var idi ki, 10-12 il cəza çəkəndən sonra azadlığa çıxır, ancaq azadlıqda işləmək istəmir. Bütün bunları da nəzərə alaraq, keçmişdə olduğu kimi, indi də Penitensiar Xidmətin nəzdində müxtəlif peşə fəaliyyətləri həyata keçirilir. Həmin fəaliyyət çərçivəsində məhbuslar mütəmadi olaraq peşə işlərinə cəlb olunurlar. Bütün bunlar keçmişdə də var idi. Hətta elə məhbuslar var idi ki, onlar normal peşə fəaliyyəti ilə məşğul olaraq pul qazanırdılar, ailələrinə göndərirdilər. Artıq Azərbaycanda da bu sistemin yaradılmasına start verilib. Bu cür addımlar atılandan sonra onun müsbət töhfəsi olacaq. Hesab edirəm ki, ölkə başçısının bu Sərəncamı çox humanist qərardır və kifayət qədər insana şamil olunacaq.
- Bu həftə isə dövlət başçısı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Fərman imzalayıb. Buna münasibətiniz necədir?
- Cənab Prezidentin məcburi köçkünlərlə bağlı bu Fərmanı tamamilə doğru və zamanında atılmış addımdır. Artıq Azərbaycanda məcburi köçkünlər üçün xeyli müasir binalar inşa edilib, bütün kommunal xətləri çəkilib və insanlara verilib. Həmin binalara sayğaclar da quraşdırılıb. Ona görə də həmin binalarda yaşayan məcburi köçkünlər istifadə etdikləri kommunal xidmətlərin xərclərini özləri ödəyirlər. Ancaq məcburi köçkünlərin yaşadıqları elə yerlər var ki, orada sayğac quraşdırmaq mümkün deyil. Çünki müxtəlif yataqxanalarda, köhnə sanatoriyalarda və digər binalarda yaşayan məcburi köçkünlər var. Həmin binalara sayğac quraşdırmaq texniki baxımdan da mümkünsüzdür. Ona görə də cənab Prezident çox vaxtında və düzgün olaraq Fərmana dəyişiklik edib. Bu, bir daha cənab Prezidentin Azərbaycan xalqına və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
- Bu il hansı ciddi struktur islahatları gözlənilir?
- Mən deyim ki, islahatlar ötən il Azərbaycanda keçirilən referendumla Konstitusiyaya edilən bir sıra dəyişikliklərlə başladı. Həmin islahatlar dövlət strukturlarının təkmilləşdirilməsi, iqtisadiyyatın inkişafı, sosial problemlərin həll edilməsi və digər məsələlər ilə bağlı idi.
İnsan hüquqlarının qorunması ilə bağlı da Konstitusiyaya yeni əlavələr olundu. Struktur islahatları ilə bağlı da hər zaman müəyyən fikirlər səslənir. Cənab Prezident də bu məsələ ilə bağlı öz fikirlərini bildirir. Görürsünüz ki, Azərbaycanda yeni-yeni strukturlar yaradılır, bəzi qurumlar isə ləğv edilir, ona ehtiyac qalmır. Çünki iqtisadi inkişaf getdikcə ortaya yeni hədəflər çıxır və yeni addımların atılmasını zəruri edir. Son illər Azərbaycanda müxtəlif komissiyalar, o cümlədən Ərzaq Təhlükəsizliyi Komissiyası yaradılır. Bu qurumlar maliyyə, bank sistemi, korrupsiya ilə mübarizə və digər sahələri əhatə edir. Təbii ki, Azərbaycanda bu cür islahatlar artıq başlayıb. Azərbaycanın müstəqillik yaşı cəmi 25 ildir. Bu illər ərzində Azərbaycan dövləti öz müstəqilliyini daha da möhkəmləndirib və inkişaf edib. Artıq oturuşmuş Azərbaycan dövləti yaranıb. İndi isə yeni struktur islahatları həyata keçirilir.
Bəzən görürsən ki, bir çoxları bu islahatlarla bağlı öz düşüncələrini ortaya qoymağa çalışır. Ancaq struktur islahatları cənab Prezidentin həyata keçirdiyi addımlardır. Cənab Prezident kifayət qədər böyük dünya təcrübəsinə malik olan insandır. Ona görə də nəyi nə zaman təyin, azad və ya ləğv etmək Onun səlahiyyətlərinə aiddir. Hər kəs görür ki, cənab Prezident bütün bu addımları zamanı çatanda atır.
- Son vaxtlar cəbhə xəttində ermənilər ard-arda silahlı təxribatlara cəhd etdilər. Yaranan bu gərginlik aprel döyüşləri kimi növbəti hərbi əməliyyatlara səbəb ola bilərmi?
- Erməni hərbçilərinin cəbhədə gərginlik yaratması Ermənistanın daxili vəziyyəti ilə bağlıdır. Çünki hazırda Ermənistanda daxili sosial-iqtisadi vəziyyət çox gərgindir. Ermənistanın cinayətkar rəhbərliyi ölkəni idarə etmək gücündə deyil. Orada olan sosial-iqtisadi tənəzzül, insanların səfalət içərisində yaşaması, iş yerlərinin bağlanması və digər bu kimi amillər Ermənistan əhalisini ayağa qaldırıb. Ermənistan Statistika Komitəsinin məlumatına görə, hər il 100 mindən çox adam acından ölməmək üçün ölkəni tərk edir, xaricdə sığınacaq alır.
Dağlıq Qarabağda məskunlaşan separatçı və quldur erməni rejimi isə Azərbaycanın işğal altında olan ərazilərində narkotik bitkilər əkib-becərməklə, terrorçulara qanunsuz silah-sursat satışı ilə özləri üçün pul toplayır. Bütün bunlar isə Ermənistan əhalisinə yaxşı bəllidir. Ona görə də Ermənistan müxalifəti birləşərək, hakimiyyətə qarşı mübarizəyə başlayıb. İndi Ermənistan hakimiyyəti də ölkə əhalisinin diqqətini başqa yerə yönəltmək üçün cəbhədə yeni təxribatlara əl atır, gərginlik yaratmağa çalışır.
Ermənistan müstəqil dövlət deyil və müstəqil siyasət yürüdə bilmir. Ermənistanın yürütdüyü bütün siyasət böyük dövlətlərlə razılıq əsasında həyata keçirilir. Ermənistanın vassal dövlət olması da əhalini ciddi şəkildə narahat edir. Ermənistan rəhbərliyi də bu gərginliyi cəbhə bölgəsinə yönəltmək istəyir. Bunun nəticəsidir ki, ermənilər cəbhə xəttində müxtəlif təxribatlara əl atırlar, uğursuz hücumlar təşkil edirlər. Bu hücumlara Azərbaycan Milli Ordusunun qəhrəman əsgər və zabitləri çox layiqli cavab verirlər, düşmənin bütün məkrli niyyətlərini darmadağın edirlər. Bu gün nəticə göz qabağındadır. Ermənistan ordusu verdiyi itkilərin böyük hissəsini gizlədir. Yəni Ermənistanda olan valideynlərə xəbər vermədən öldürülən erməni hərbçilərini Qarabağda dəfn edirlər. Sonra isə həmin erməniləri “itkin düşmüş” və ya “xidmətdə olan” şəxslər kimi qeyd edirlər. Hələ ötən ilin aprel döyüşlərində də Ermənistan tərəfi öldürülən yüzlərlə hərbçisini Qarabağda basdıraraq, gizlədib. Onların bir hissəsini isə “itkin düşmüş”, bir hissəsini “xidmətdə olan”, bir hissəsini isə guya “Azərbaycana əsir düşmüş” kimi təqdim edib. Ermənistan tərəfi cəbhədə verdiyi itkiləri ölkə əhalisinə indi də eyni cür çatdırır. Ona görə də Ermənistanda əksər valideynlər öz övladlarını hərbi xidmət üçün Dağlıq Qarabağa buraxmaq istəmirlər. Erməni əhalisi artıq anlayır ki, Qarabağa gedən ermənilərin sonu ölümdür.
- Rusiya Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovskinin Azərbaycan və Qarabağla bağlı son bəyanatına münasibətiniz necədir?
- Bilirsiz, Vladimir Jirinovski bir gün Azərbaycanın əleyhinə, bir gün də xeyrinə danışır, bir gün Ermənistanı, bir gün də Gürcüstanı söyür. Ona görə də bu cür adamların cəfəng fikirlərinə əhəmiyyət vermək lazım deyil. Bu cür fikirlər səsləndirməklə gündəmdə qalmağa çalışır.
Azərbaycan 25 ildən çoxdur ki, müstəqil dövlətdir. Azərbaycanın ərazi bütövlüyü işğal altında olan Dağlıq Qarabağ və ətraf 7 rayon da daxil olmaqla bütün BMT-yə üzv olan dövlətlər tərəfindən tanınır. Ona görə də Jirinovskinin guya Azərbaycanda Bakı quberniyası yaradılması barədə fikirləri absurddur. Bu gün Rusiyanın kifayət qədər böyük ərazisi var. Öz ərazisinə yiyəlik etsə, bəs edər. Rusiya dünyada ən böyük əraziyə malik dövlətdir. Yaxşı olar ki, onun kimi siyasətçilər başqa dövlətlərin daxili işlərinə qarışmaq əvəzinə, gedib öz daxili işləri ilə məşğul olsunlar. Mən Vladimir Jirinovskinin bu fikirlərini Rusiyanın Azərbaycana təzyiqi kimi qiymətləndirmirəm. Çünki Jirinovski ondan öncə də Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə müdafiə edib, dəfələrlə Ermənistan əleyhinə çıxışlar edib.
- Son vaxtlar Milli Məclisin deputatı Araz Əlizadə və onun qardaşı Zərdüşt Əlizadə tərəfindən türklər və Nuru Paşa haqqında aşağılayıcı fikirlər səsləndirilir. Bu cür fikirlərə sizin münasibətiniz necədir?
- Türklərə ən böyük qiyməti Ulu öndər Heydər Əliyev verib və deyib ki, biz bir millət, iki dövlətik. Yəni azərbaycanlılar və türklər bir millətdir. Türkləri kim aşağılayırsa, həm də azərbaycanlıları aşağılayır.
Digər tərəfdən isə, həmin şəxslər bu gün paytaxt Bakı şəhərində yaşayırlarsa, buna görə Nuru Paşaya təşəkkür etməlidirlər. Çoxumuz Nuru Paşaya ona görə borcluyuq ki, vaxtilə o gəlib Bakını erməni quldurlarından təmizlədi. Misal üçün, Ulu öndər Heydər Əliyev Naxçıvanda Musa Kazım Qarabəkir Paşanın abidəsini ucaldıb, adına məscid inşa etdirib, həmin yerlərin açılışına da Kazım Qarabəkir Paşanın ailə üzvləri dəvət edilib. Yəqin ki, Bakıda da Nuru Paşanın adına abidə qoyulacaq və bununla bağlı dövlət tərəfindən müvafiq addımlar atılacaq. Elə məsələlər var ki, o, heç zaman unudulmur və tarixə əbədi olaraq həkk olur. Həmin məsələlərdən biri də Nuru Paşa ilə bağlıdır. Nuru Paşa çox uzaq tarixdə də yaşamayıb. Azərbaycan Xalq Cümhuriyyətinin bərqərar olmasında Nuru Paşanın xüsusi rolu var. Ona görə də bu gün Nuru Paşa haqqında mənfi fikirlər söyləmək yersizdir.
- Gələn il Azərbaycanda prezident seçkiləri ilidir. Belə bir ərəfədə “Müsavat”-AXCP birliyinin seçkilərə vahid namizədlə gedəcəkləri təqdirdə, şanslarını necə qiymətləndirirsiz?
- Guya birləşəndə nə edəcəklər? Məgər ötən seçkilərdə “Milli şura”da bir yerdə deyildilər? Ümumi 40-45 min imzanı toplayıb təqdim edə bilməmişdilər. İndi guya birləşsələr, nə edəcəklər? Bu insanlar Azərbaycan cəmiyyətində yaxşı tanınırlar. Gördünüz də, yaxın keçmişdə “Milli şura”nın üzvü olan Şahin Mirzəyev adlı xain Ermənistandan sığınacaq aldı və bəh-bəhlə Ermənistan vətəndaşlığını qəbul etdi. İndi ermənilər bundan Azərbaycan əleyhinə ömrü boyu sui-istifadə etməyə çalışacaqlar. İndi xeyli sayda erməni jurnalisti və politoloqu Serj Sarkisyan rejimindən xilas olmaq üçün gəlib Azərbaycana sığınıb. İndi ermənilər də həmin “Milli şura” üzvü olmuş Şahin Mirzəyevdən Azərbaycana qarşı istifadə etməyə çalışacaqlar. Mənim yaxşı yadımdadır, Şahin Mirzəyev ötən seçkilərdə “Milli şura”nın ən aparıcı adamlarından biri idi, onların təbliğatını aparırdı, “Tolışi Sədo” qəzetinin bütün səhifələrini “Milli şura”nın reklamına sərf etmişdi. Ancaq indi “Milli şura” susur, danışmır. Çünki danışa bilmir, deməyə sözü yoxdur, “Milli şura”nın keçirdiyi aksiyalarda Şahin Mirzəyevin əlində bayraqla çəkilən fotoları var, hamısı ortadadır.
- Son vaxtlar səhhətinizdə problemlərin olması ilə bağlı sosial şəbəkələrdə müxtəlif məlumatlar yayılır.
- Əslində, mən bu cür yazılara əhəmiyyət verən adam deyiləm. Gördüyünüz kimi, hazırda iş başındayam, səhhətimdə heç bir problem yoxdur. Səhhətim normaldır. Əgər kimsə mənim səhhətimə görə narahatlıq keçiribsə, onlara təşəkkür edirəm. Mən idmanla məşğul olan adamam. İstədiyim vaxt istədiyim qədər çəki ata bilirəm. Bəzi adamlar arıqlamaq üçün pul xərcləyir, mən isə pəhriz saxlayıram, idmanla məşğul oluram. İstədiyim qədər arıqlaya bilirəm. Hətta istəsəm, kökələ də bilərəm!

Paylaş:
Baxılıb: 351 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Kuklaxana

03 May 11:00

İqtisadiyyat

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31