Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Regionlarda baramaçılığın inkişafı məqsədilə zəruri tədbirlər görülür

Regionlarda baramaçılığın inkişafı məqsədilə zəruri tədbirlər görülür

01.03.2017 [10:00]

Cari ildə ölkədə barama istehsalını 120 tona, 2019-cu ildə isə 1300 tona çatdırmaq nəzərdə tutulub
Azərbaycan dünya birjalarında neftin ucuzlaşması fonunda ölkəyə valyuta daxilolmalarının azalmasını xarici bazarlara qeyri-neft sektorunda buraxılan yüksək rəqabət qabiliyyətinə malik məhsullar çıxartmaqla kompensasiya etməyi hədəfləyib. Ötən ildən başlayaraq respublikanın regionlarında aqrar sektorda yeni istehsal və ixrac imkanları yarada biləcək sahələrin inkişafına, o cümlədən də texniki bitkilərin becərilməsinə böyük diqqət göstərilir. Bu məqsədlə dövriyyəyə yeni torpaqlar cəlb edilir, fermerlərə subsidiyalar verilir, qabaqcıl təcrübəyə əsaslanan və intensiv metodlarla işləyən yeni təsərrüfatlar yaradılır. Həyata keçirilən bu və ya digər tədbirlər öz bəhrəsini verir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda vurğulandığı kimi, 2016-cı ildə respublikamızda kənd təsərrüfatında 2,6 faiz artıma nail olunub, o cümlədən də ixracın həcmi əvvəlki illə müqayisədə 73 milyon və ya 20,7 faiz artaraq 426 milyon ABŞ dolları təşkil edib.
Baramaçılığın inkişafı istehsal və ixrac imkanlarının artırılması baxımından çox önəmlidir
Yeni şəraitdə ölkənin istehsal və ixrac imkanlarının artırılması baxımından perspektivli sahələrdən biri də baramaçılıqdır. Regionlarda baramaçılığın inkişafı əhalinin məşğulluğunun təmin olunmasında, ölkədə yüngül sənayenin xammalla təchizatında mühüm rol oynaya bilər. Digər tərəfdən, bu məhsula dünya bazarında böyük tələbat var və onun satışı ilə bağlı hər hansı problem yaşanmır.
Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Azərbaycanda kifayət qədər gəlirli sahə olan baramaçılığın inkişafı üçün hər cür imkan var. Burada ilk növbədə ölkəmizdə tarixən formalaşan ənənələri qeyd etmək lazımdır. Azərbaycanın 30-dan çox inzibati-ərazi vahidində, o cümlədən də Şəki-Zaqatala, Kür-Araz, Yuxarı Qarabağ və Naxçıvanın düzən və dağətəyi zonalarında yerli əhalinin baramaçılıq sahəsində zəngin təcrübəsi var. Yeni şəraitdə bu ənənələri dirçəltməklə ölkənin ayrı-ayrı bölgələrində baramaçılığı güclü şəkildə inkişaf etdirmək mümkündür.
Digər tərəfdən, ötən ilin əvvəlindən başlayaraq respublikamızda baramaçılığın inkişafına dövlət tərəfindən güclü siyasi iradə nümayiş etdirilir və hər cür maddi dəstək verilir. Ötən il regionlarda baramaçılıq sahəsində ənənələrin dirçəldilməsi və istehsalın artırılması məqsədilə davamlı tədbirlər həyata keçirilib. Ölkədə baramaçılığın inkişafı məqsədilə ilkin mərhələdə Çin Xalq Respublikasından gətirilən 800 qutu və İran İslam Respublikasından alınan 750 qutu ipəkqurdu toxumu Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya edilərək respublikanın 23 rayonundan olan fermerlərə pulsuz paylanılıb. Stansiyada əlavə olaraq, daha 200 qutu ipəkqurdu toxumu inkubasiya edilərək kümçülərin istifadəsinə verilib.
Baramaçılığın inkişafının stimullaşdırılmasında yaş baramanın satış qiymətinin fermerlərin mənafelərinə uyğun şəkildə tənzimlənməsi də mühüm rol oynayır. Ötən il yaş baramanın tədarük qiyməti üç dəfə artırılaraq 3 manatdan 8 manata qaldırılıb ki, bu da fermerlərdə baramaçılığa dərin maraq oyadıb.
Baramaçılığın inkişafı sahəsində perspektiv planlar isə daha genişdir. Qarşıya regionlarda barama istehsalını ilbəil artıraraq 2019-cu ildə 1300 tona çatdırılması ilə bağlı hədəf qoyulub. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində 2016-cı ildə baramaçılığın inkişafında əldə olunan uğurlardan məmnunluq ifadə edib və diqqəti qarşıda duran vəzifələrə çəkərək deyib: “Baramaçılıqla bağlı görülən operativ tədbirlər nəticəsində bu sahəyə də böyük təkan verildi. Hazırda 37 rayonda baramaçılıqla məşğuldurlar. Dövlət öz vəsaiti hesabına bütün lazımi məsələləri həll edir, tingləri gətirir və baramaçılıq da inkişaf edir. Keçən il 70 ton yaş barama tədarük olunub. Bu il 120 ton, 2019-cu ildə isə 1300 ton və bəlkə də bundan çox yaş barama tədarük ediləcək. Baramaçılıq 37 rayonda inkişaf etdirilir”.
Zəruri yem bazasının yaradılması regionlarda baramaçılığın inkişafına güclü təkan verəcək
Baramaçılığın inkişafında əsas şərtlərdən biri güclü yem bazasının yaradılmasıdır. Ötən il bu sahədə zəruri tədbirlər həyata keçirilib və perspektivdə baramaçılığın inkişafı nəzərdə tutulan bölgələrdə yeni tut bağları salınıb. Respublikamızda baramaçılığın etibarlı yem bazasının yaradılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi ilə Çin Xalq Respublikasının “Shandong Guangtong Silkworm Eggs Co” LTD şirkəti arasında imzalanmış tender müqaviləsinə əsasən ötən il dekabrın ilk günlərində ölkəmizə 1,5 milyon ədəd tut tingi gətirilib. Respublikaya gətirilmiş tut tingləri Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış bölgü əsasında Lənkəran, Tovuz, Şəki, Bərdə və Ucar rayonlarına yola salınıb. Tinglər sonradan bölgüyə uyğun olaraq bəhs olunan bölgələrdən ətraf 37 rayona paylanılıb və aqrotexniki qaydalara əməl edilməklə sahələrdə əkilib. Tinglər Çin texnologiyası əsasında, cərgələrarası məsafə 2 metr və tinglərarası 50 santimetr olmaqla, əvvəlcədən qazılan, eni və dərinliyi 50-60 santimetr olan çalalara basdırılıb.
Ayrı-ayrı regionlarda baramaçılığın inkişafı ilə bağlı daha genişmiqyaslı tədbirlər həyata keçirilir. Ötən il Zaqatala rayonunda 1,5 ton barama istehsalı proqnozlaşdırılsa da, kümdarlar 6 tondan çox yaş barama tədarük etməyə nail olublar. Rayon icra hakimiyyətinin məlumatında bildirilir ki, kümdarlar 2017-ci ildə bu göstəricini iki dəfədən çox artıraraq 13,5 tona çatdırmaq əzmindədirlər. 2016-cı ilin payız mövsümündə rayon ərazisində 147 min ədəd tut tingi əkilərək yeni bağlar salınıb.
Baramaçılığın inkişafı məqsədilə Şəki rayonunda görülən işlər də təqdirəlayiqdir. Ötən il rayonun kümdarları yaxşı göstəricilər əldə ediblər. Belə ki, müvafiq dövlət qayğısından ruhlanan şəkili kümdarlar “Şəki-İpək” ASC-yə 9 ton 751 kiloqram barama təhvil veriblər.
Şəkili kümdarlar barama istehsalını daha da artırmağı qarşıya məqsəd qoyublar. Bu məqsədlə ötən payız mövsümündə rayonun ərazisində 75 min ədəd tut tingi əkilib. Bunlardan 50 min ədədi “Şəki-İpək” ASC-nin tinglik təsərrüfatında yetişdirilən yerli cinslərdir. Bununla yanaşı, rayonda intensiv tut bağlarının salınması da diqqət mərkəzində saxlanılır. Çin Xalq Respublikasından ölkəmizə gətirilən tut tinglərindən 25 mini bu rayonun ərazisində əkilib.
Sabirabad rayonunun kəndlərində barama yetişdirilməsinə böyük maraq var. 2016-cı ildə rayonun 22 kəndində 40 ailəyə ipəkqurdu paylanıb və kümdarlar 3 ton 75 kiloqram barama tədarük ediblər. Cari ildə rayon üzrə barama istehsalını 8-10 tona çatdırmaq nəzərdə tutulub. Rayonda baramaçılığın inkişafı məqsədilə etibarlı yem bazası yaradılır. İndiyədək 6 kəndin ərazisində Çindən gətirilən 60 min ədəd tut tingi, həmçinin fərdi təsərrüfatlarda və bələdiyyə torpaqlarında 40 min ədəd yerli tut tingi əkilib.
Prezident İlham Əliyevin ölkədə baramaçılığı inkişaf etdirmək məqsədilə verdiyi tapşırığa uyğun olaraq, Goranboy rayonunda da bu sahəyə diqqət artırılıb. Ötən mövsümdən başlayaraq rayonda baramaçılığın yem bazası möhkəmləndirilir. İndiyədək bu məqsədlə 5,5 hektar sahədə 27 min ədəd tut tingi əkilib, 1,5 hektar sahədə tut toxumu səpilib, mövcud çəkilliklər budanıb. Eyni zamanda, Xocalıdan olan məcburi köçkünlərin kompakt yaşadığı Aşağı Ağcakənd qəsəbəsində 500 ədəd tut tingi əkilib.
Tovuz Rayon İcra Hakimiyyətindən verilən məlumatda bildirilir ki, ötən ildən başlayaraq rayonda baramaçılığın inkişaf etdirilməsi istiqamətində müvafiq işlər həyata keçirilir. Ötən mövsümdə rayon üzrə 1560 kiloqram yüksək keyfiyyətli barama istehsal olunub. Barama istehsalının artırılması üçün təsərrüfatlarda lazımi yem bazası yaradılır. 2016-cı ildə rayonun ayrı-ayrı kəndlərinin ərazisində xaricdən gətirilmiş 10 min ədəd çəkil tingi əkilib. Eyni zamanda, təsərrüfatlarda 30 minə yaxın yerli tut tingi yetişdirilir. Cari ildə rayon üzrə 10 tona yaxın barama istehsal etmək nəzərdə tutulub.
Ötən mövsümdə Qazax rayonunda 1502 kq barama istehsal olunub. Rayonun kümdarları cari ildə bu göstəricini 4500 kq-a çatdırmağı planlaşdırıblar. Kümdarlar barama istehsalını artırmaq üçün ötən mövsümdən başlayaraq yeni tut bağları salmağa başlayıblar. İndiyədək 4,5 hektar sahədə baramaçılığın inkişafı üçün 22 min ədəd yeni çəkil tingləri basdırılıb ki, bunun da 20 min ədədi Çin Xalq Respublikasından gətirilmiş tinglərdir.
Gələcəkdə Qax Damazlıq İpəkçilik Stansiyasında yerli cins ipəkqurdu toxumları yetişdiriləcək
Qeyd etdiyimiz kimi, 2016-cı ildə ipəkqurdu toxumları respublikamıza İrandan və Çindən gətirilib. Perspektivdə ipəkqurdu toxumları tələbata uyğun həcmdə respublikanın daxilində yetişdiriləcək. Qax Damazlıq İpəkçilik Stansiyanın direktoru Əkrəm Fətəliyevin bildirdiyinə görə, 2018-ci ildən başlayaraq müəssisənin özündə yerli cinsdən olan barama toxumunun yetişdirilməsinə başlanılacaq və xaricdən toxum gətirilməsinə ehtiyac qalmayacaq. Stansiya baramaçılıqla məşğul olan rayonların ipəkqurduna olan tələbatını tam şəkildə təmin edəcək.
Ümumiyyətlə, respublikamızda baramaçılığın inkişafına kompleks şəkildə yanaşılır və əlaqəli sahələrin inkişafı da diqqət mərkəzində saxlanılır. Ötən il Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şəki Regional Elmi Mərkəzində rəngli barama yetişdirilməsi istiqamətində aparılan tədqiqat işlərinin ilkin mərhələsi uğurla nəticələnib. Belə ki, Mərkəzin İpəkçilik laboratoriyasında respublikamızda ilk dəfə çəhrayı rəngdə barama yetişdirilib.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 772 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İqtisadiyyat

Neft ucuzlaşıb

29 Aprel 10:31

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Ruhun qidası...

27 Aprel 11:35

Sosial

Ədəbiyyat

Siyasət

8-ci qətnamə

27 Aprel 11:10

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30