Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Respublika Veteranlar Təşkilatının VII plenumu keçirilib

Respublika Veteranlar Təşkilatının VII plenumu keçirilib

06.12.2017 [10:22]

Dekabrın 5-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının VII plenumu keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, təşkilatın üzvləri, müharibə, əmək, Silahlı Qüvvələr və Qarabağ müharibəsi veteranları iştirak ediblər.
Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov plenumu açaraq gündəlik barədə məlumat verib. Bildirib ki, tədbirdə təşkilatın bu il ərzindəki fəaliyyəti, 2018-ci il üçün tədbirlər planı və cari məsələlər müzakirə olunacaq.
Gündəlik təsdiq olunduqdan sonra Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov təşkilatın cari ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi ilə çıxış edib. Ulu öndər Heydər Əliyevin veteranlara daim diqqət və qayğı göstərdiyini vurğulayan məruzəçi bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Diqqətə çatdırıb ki, veteranların sosial müdafiəsinin gücləndirilməsi qurumun fəaliyyətinin əsas istiqamətlərindən biridir. Məqsəd vətənpərvər insanların yüksək statusunun daim nümayiş etdirilməsi, onların sosial müdafiəsinin, cəmiyyətdəki mövqeyinin gücləndirilməsi, eləcə də vətənpərvərlik hisslərinin təşviq olunmasıdır. Respublika Veteranlar Təşkilatı bu qayğı və diqqəti yüksək qiymətləndirir, fəaliyyətini daha səmərəli qurmağa çalışır. Hesabat dövründə təşkilatın nüfuzunun yüksəldilməsi, veteran təşkilatlarının ictimai həyatda fəallığının artırılması istiqamətində mühüm addımlar atılıb. Veteranların sosial problemlərinin həlli onların fəallığının yüksəlməsinə, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində daha yaxından iştirakına müsbət təsir göstərib.
Respublika Veteranlar Təşkilatının keçirdiyi tədbirlər barədə ətraflı məlumat verən C.Xəlilov bildirib ki, qurum gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, onların Azərbaycan dövlətinə və xalqına sədaqət ruhunda yetişmələri üçün yerli və beynəlxalq səviyyəli mədəni-kütləvi, ictimai-siyasi tədbirlər keçirib. Hesabat dövründə təşkilatın Rəyasət Heyətinin iclaslarında bir sıra aktual problemlər, o cümlədən veteranların sosial müdafiəsi məsələsi müzakirə edilib, onlara əməli kömək göstərilib. Bu il Respublika Veteranlar Təşkilatına ayrılan vəsaitin xeyli hissəsinin müalicəyə ehtiyacı olan İkinci Dünya müharibəsi veteranlarına çatdırılması təmin edilib. Ötən müddətdə təşkilata daxil olmuş 150-dən çox müraciətlə əlaqədar müvafiq qurumlara məktublar göndərilib, problemlər əsasən həll olunub.
Azərbaycan dövləti tərəfindən veteranlara göstərilən diqqət və qayğıdan danışan C.Xəlilov deyib ki, hər il alman faşizmi üzərində Qələbənin ildönümü ərəfəsində Prezident İlham Əliyev müharibə veteranları ilə görüşərək onların problemləri ilə maraqlanır. İkinci Dünya müharibəsi iştirakçılarına verilən birdəfəlik maddi yardımın məbləğinin ildən-ilə artırılması, eləcə də veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində imzalanmış çoxsaylı fərman və sərəncamlar bu sahəyə dövlət qayğısının əyani göstəricisidir. O, bu diqqət və qayğıya görə veteranlar adından dövlətimizin başçısına minnətdarlığını bildirib.
Gələn il görüləcək işlərdən danışan məruzəçi deyib ki, Respublika Veteranlar Təşkilatının fəaliyyətə başlamasının 30 illik yubileyinin qeyd edilməsi ilə bağlı müvafiq tədbirlər planı hazırlanıb.
Sonra məruzə ətrafında çıxışlar olub, təşkilati məsələlərə baxılıb.
Qurumun rayon təşkilatlarının sədrləri və digərləri çıxış edərək hesabat dövründə görülən işlərdən danışıblar.
Plenumda çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev Respublika Veteranlar Təşkilatının ölkəmizin ictimai-siyasi həyatında fəallığı ilə seçilən qurumlardan biri olduğunu bildirib. Qeyd edib ki, təşkilat öz sıralarında fəal vətəndaşlıq mövqeyi ilə seçilən vətənpərvər veteranları birləşdirir, onların sosial müdafiəsinin təmin olunması istiqamətində fəal iş aparır. Təşkilatın mühüm missiyalarından biri də qarşıda duran vəzifələrin icrası üçün dövlət orqanları ilə sıx əməkdaşlığın qurulması, eyni zamanda, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin dəstəklənməsidir. Bu gün Prezident İlham Əliyevin siyasi kursunun dəstəklənməsində, onun əsl mahiyyətinin gənclərə izah edilməsində, cəmiyyətin bütün üzvlərinə çatdırılmasında, eləcə də praktiki şəkildə həyata keçirilməsində Respublika Veteranlar Təşkilatı, o cümlədən veteranlar fəal rol oynayırlar.
Diqqətə çatdırılıb ki, otuz il əvvəl yaranan Respublika Veteranlar Təşkilatı müstəqillik illərindən etibarən ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etməyə başlayıb. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra veteranların statusunun bərpasına, onların nüfuzunun artırılmasına xüsusi diqqət yetirilib. Məhz Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 9 May - Qələbə Günü dövlət bayramı kimi yenidən qeyd olunmağa başlayıb. Hər il veteranlarla müntəzəm görüşlər təşkil olunur, onların sosial problemlərinin həllinə diqqətlə yanaşılır. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev veteranlarımıza diqqət və qayğı siyasətini ən yüksək səviyyədə həyata keçirir. Təqdirəlayiq haldır ki, veteranlarımız da bu diqqət və qayğını yüksək qiymətləndirirlər.
Hazırda Azərbaycanın müharibə şəraitində yaşadığını vurğulayan Ə.Mehdiyev deyib: “Prezident İlham Əliyev Ali Baş Komandan kimi tez-tez cəbhə bölgələrinə səfərlər edir, şəxsi heyətlə görüşlər keçirir, hərbçilərimizin vəziyyəti ilə maraqlanır, tapşırıq və tövsiyələrini verir. Bu gün Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması istiqamətində mühüm işlər görülür, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilir. Məhz bu baxımdan gənclərimizin hərbi vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyəsi işində veteranlarımızın üzərinə böyük məsuliyyət düşür. Veteranlar bu işdə fəal iştirak edirlər. Onlar üzərlərinə düşən məsuliyyəti dərk edərək bu istiqamətdə səylərini daha fəal şəkildə davam etdirməlidirlər”.
Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq aləmdə uğurlu xarici siyasət yürütdüyünü vurğulayan Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, bu istiqamətdə dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların da üzərinə böyük vəzifələr düşür. Respublika Veteranlar Təşkilatının əsas fəaliyyət istiqamətlərindən biri də beynəlxalq arenada Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasından ibarətdir. Təşkilat istər MDB çərçivəsində fəaliyyət göstərən veteran birliklərinin, istərsə də dünya veteranlar təşkilatının üzvü kimi bu sahədə fəallığı ilə seçilir.
Respublika Veteranlar Təşkilatı dövlətin və Prezident İlham Əliyevin qayğısına adekvat olaraq öz fəaliyyəti ilə buna cavab verməyə çalışır. Ə.Mehdiyev əmin olduğunu bildirib ki, bu sağlam münasibət gələcəkdə də qorunacaq. Respublika Veteranlar Təşkilatı dövlətin, Azərbaycan ictimaiyyətinin hər bir çağırışına daha fəal cavab verəcək və qarşıda duran məsələlərin həll olunması üçün öz potensialından səmərəli istifadə edəcək.
Diqqətə çatdırılıb ki, bu gün Respublika Veteranlar Təşkilatı Azərbaycanda veteranlar hərəkatına öncüllük edir və yüksək fəallığı ilə seçilir. Bu qurumun ətrafında ağsaqqal, zəngin təcrübəyə malik vətənpərvər insanlar toplaşıblar. Buna görə də Respublika Veteranlar Təşkilatı ölkəmizdə veteran hərəkatının qüvvələrinin səfərbər olunmasına, bu potensialın vahid amala yönəldilməsinə çalışmalıdır.
Təşkilatın hesabat dövründəki fəaliyyətinin uğurlu olduğunu qeyd edən Ə.Mehdiyev bu qurumdakı sağlam, işgüzar mühiti qoruyub saxlamağın vacibliyini vurğulayıb. Prezident Administrasiyasının rəsmisi veteranlarımızın Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, dövlətimizin başçısının həyata keçirdiyi siyasəti fəal müdafiə etmələrini yüksək qiymətləndirib, təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonra Respublika Veteranlar Təşkilatının Nəzarət-Təftiş Komissiyasının sədri Cahangir Nəsirov, Əməkdar İncəsənət Xadimi, Prezident təqaüdçüsü, polkovnik Abdulla Qurbani, Böyük Vətən müharibəsi veteranı Fatma Səttarova və başqaları çıxış edərək yeniyetmə və gənclərimizin milli və hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində, veteran hərəkatının inkişafında, cəmiyyətimizin həyatında mühüm rol oynayan Respublika Veteranlar Təşkilatının uğurlu fəaliyyətini qeyd edib, qarşıda duran vəzifələrdən danışıblar. Çıxışlarda ötən ilin aprelində düşmən üzərində mühüm qələbə qazanan Azərbaycan əsgərinin döyüş ruhunun yüksəldilməsində veteranların misilsiz rolu xüsusi vurğulanıb. Bildirilib ki, bütün bunlar ölkə rəhbərliyinin respublikamızda veteran hərəkatına və Azərbaycan veteranlarına göstərdiyi diqqət və qayğının nəticəsidir. Plenum iştirakçıları Respublika Veteranlar Təşkilatının hər zaman dövlətin yanında olduğunu, Azərbaycan Prezidentinin ətrafında sıx birləşərək Onu dəstəklədiklərini bildiriblər.
Gündəlikdəki ikinci məsələ barədə məlumat verən C.Xəlilov deyib ki, Respublika Veteranlar Təşkilatı Rəyasət Heyətinin sentyabrın 12-də keçirilən iclasının qərarı ilə təşkilatın sədri vəzifəsinin icrası istefada olan general-polkovnik Tofiq Ağahüseynova həvalə edilib. O, çox qısa müddətdə təşkilatın nüfuzunun daha da yüksəldilməsi istiqamətində mühüm işlər görüb. Bu, əminlik yaradır ki, böyük təcrübəyə malik Tofiq Ağahüseynov təşkilatın sədri vəzifəsinin öhdəsindən layiqincə gələcək.
Sonra Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin qərarı plenumun səsverməsinə çıxarılıb və general-polkovnik Tofiq Ağahüseynov təşkilatın sədri vəzifəsinə təsdiqlənib.
Daha sonra Respublika Veteranlar Təşkilatı Rəyasət Heyətinin yeni tərkibi səsə qoyularaq təsdiq edilib.
VII plenumda müzakirəyə çıxarılan məsələlər, o cümlədən Respublika Veteranlar Təşkilatının 2018-ci il üçün tədbirlər planının təsdiq edilməsi barədə qərar qəbul olunub.
Plenumda hesabat məruzəsi və Respublika Veteranlar Təşkilatının cari ildəki fəaliyyəti qənaətbəxş hesab edilib. Təşkilatın ölkəmizin ictimai-siyasi həyatında rolu yüksək qiymətləndirilib.
Sonda bir qrup şəxsə Respublika Veteranlar Təşkilatının medalları təqdim olunub.

Paylaş:
Baxılıb: 347 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30