
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının və rayon Gənclər İdman İdarəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirdə YAP Ağstafa rayon təşkilatı Gənclər Birliyinin sədri Elvin İmaməliyev, “Ağstafa” qəzetinin baş redaktoru İbrahim Əliyev, rayon təhsil şöbəsinin baş məsləhətçisi Əli Cəfəroğlu və başqaları çıxış edərək 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə baş verən qanlı hadisələrdən söz açıblar.
Bildirilib ki, qanlı 20 Yanvar faciəsindən 28 il ötsə də, həmin gün şəhid olan oğul və qızlarımızın xatirəsi istər respublikamızda, istərsə də xaricdə yaşayan soydaşlarımız tərəfindən hər il hörmət və ehtiramla anılır. Çıxışlarda 20 Yanvar faciəsinin Azərbaycan xalqının milli azadlıq mübarizəsi tarixində mühüm yerinin və rolunun olduğu vurğulanıb. Qeyd olunub ki, Sovet imperiyası rəhbərliyinin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeritdiyi ordu amansız cinayətlər və kütləvi qırğınlar törətdi. O qanlı gecədə milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 140 nəfərə yaxın mülki şəxs qətlə yetirildi, 700-dən çox günahsız insan yaralandı, yüzlərlə şəxs itkin düşdü, yaxud qanunsuz həbs edildi. Sovet rəhbərliyinin xalqın iradəsini, milli azadlıq hərəkatını boğmaq niyyəti baş tutmadı. Bu yolda ilk şəhidlərini verən xalqımız milli azadlıq mübarizəsini davam etdirərək müstəqilliyə qovuşdu.
Qeyd olunub ki, bu qanlı hadisəyə ilk və ən kəskin münasibəti məhz xalqımızın Ümummilli lideri, həmin dövrdə Moskvada yaşayan Heydər Əliyev bildirdi. Ulu öndər Heydər Əliyev Özünün və ailə üzvlərinin həyatının təhlükə altında olmasına baxmayaraq, kəskin bəyanatla çıxış edərək Sovet İttifaqı rəhbərliyini Bakıda qanlı qırğın törətməkdə ittiham etdi. Faciəyə ilk siyasi qiymət də məhz Ümummilli lider Heydər Əliyev tərəfindən verildi. Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra - 1994-cü ilin martında 20 Yanvar faciəsinə ilk dəfə olaraq siyasi-hüquqi qiymət verildi.
Sonda 20 Yanvar faciəsinə həsr olunan film nümayiş etdirilib.
- Oxunub: 8460 |
- Tarix: 19-01-2018 |
-
Çap et |