A+   Yenilə  A-
Nizami Cəfərov: Azərbaycan Xalq Cümhuriyyətinin yüz illik yubileyi azərbaycançılıq ideologiyasının təntənəsidir

Prezident İlham Əliyevin Sərəncamına əsasən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi cəmiyyətin bütün təbəqələri, xüsusən elmi ictimaiyyət arasında geniş əks-səda doğurub və böyük rəğbətlə qarşılanıb. Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun AZƏRTAC-a təqdim etdiyi analitik məqaləsində Prezidentin Sərəncamının tarixi əhəmiyyətindən bəhs olunur, Azərbaycan Xalq Cümhuriyyətinin yüz illik yubileyi fonunda azərbaycançılıq ideologiyasının formalaşması və inkişafı mərhələləri araşdırılır.
Azərbaycan Respublikası öz müstəqilliyinin iyirmi beş illiyindən sonra varisi olduğu Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyini qeyd etməyə başlayıb, Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub.
Azərbaycançılıq ideologiyasının etnoqrafik kökləri Azərbaycan xalqının tarixinin təşəkkül dövrlərinə gedib çıxsa da, bu ideologiya XIX əsrin sonu, XX əsrin əvvəllərində formalaşıb, Azərbaycan Xalq Cümhuriyyəti illərində (1918-1920) isə ilk dəfə rəsmi şəkildə etiraf olunaraq, xalq kütlələri arasında yayılmağa başlayıb.
Məlum olduğu kimi, azərbaycançılıq ideologiyasının həm ictimai-siyasi baxımdan formalaşıb modelləşməsində, həm yeni yaranmış dövlətin məfkurəsi olaraq siyasi praktikaya tətbiqində, həm də kütləviləşməsində M.Ə.Rəsulzadənin xidmətləri kifayət qədər böyükdür. Lakin bu ideologiyanın təbii-etnoqrafik enerjisi o qədər güclü, xalqın sosial-siyasi, mədəni özünüifadə inersiyasının təzahürü baxımından o qədər vüsətli idi ki, birincisi, onu bir və ya bir neçə şəxsin istedadı (və intellekti) miqyasına sığışdırmaq imkan xaricindədir; ikincisi, XIX əsrin sonu, XX əsrin əvvəllərində onlarla elə görkəmli Azərbaycan ziyalıları yetişmişlər ki, azərbaycançılıq ideologiyasının formalaşmasını onların məfkurə mübarizələrindən kənarda təsəvvür etmək ümumən mümkün deyil və nəhayət, üçüncüsü, belə bir mühüm faktı da nəzərdən qaçırmaq olmaz ki, milli ideologiya axtarışı ehtiyacı XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ictimai varlığının təbiətində, ruhunda idi.
Azərbaycançılıq ideologiyası XIX əsrin sonu, XX əsrin əvvəllərində formalaşdıqdan, yaxud təşəkkül tapdıqdan sonra bir əsrdən artıq mürəkkəb, ziddiyyətli, habelə mənsub olduğu xalqın iradəsini ifadə etdiyindən ardıcıl, davamlı bir təkamül yolu keçib. Bu təkamül yolunun, fikrimizcə, aşağıdakı mərhələləri var:
1) XX əsrin 20-ci, 30-cu illəri;
2) XX əsrin 30-cu illərinin sonlarından 80-ci illərinin ortalarına qədər;
3) XX əsrin 80-ci illərinin ortalarından XXI əsrin ilk illərinə qədər;
4) XXI əsrin ilk illərindən etibarən
Azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsi XXI əsrin ilk illərindən başlayır və bizim günlərdə həm inamla, böyük enerji ilə, həm də miqyasını genişləndirərək (və təkmilləşərək) davam edir.
Müşahidələr (və araşdırmalar) göstərir ki, müasir mərhələdə - İlham Əliyev mərhələsində azərbaycançılıq ideologiyasının təkamülünü bir sıra mühüm əlamətlər şərtləndirir ki, onlardan birincisi həmin ideologiyanın tarixinə (bu tarixin bütün yönlərilə obyektiv öyrənilib mənimsənilməsinə) elmi, ictimai-siyasi və mədəni marağın indiyə qədər görünməmiş bir şəkildə artmasıdır.
Bu gün ölkədəki iqtisadi, ictimai-siyasi və intellektual-mədəni şərait imkan verir ki, azərbaycançılıq ideologiyasının keçdiyi tarixi yol hərtərəfli, dərindən və geniş müzakirələr əsasında necə varsa, o cür araşdırılıb öyrənilsin, xüsusilə gənc nəslin Azərbaycan xalqını, Azərbaycan dövlətini müstəqilliyə gətirib çıxaran milli ideologiya, onun hansı müzakirələrdə, mübahisələrdə və münaqişələrdə formalaşdığı, eləcə də Əli bəy Hüseynzadə, Məhəmməd ağa Şahtaxtinski, Əhməd bəy Ağayev, Nəriman Nərimanov, Məhəmməd Əmin Rəsulzadə, Səmədağa Ağamalıoğlu, Səməd Vurğun, Mirzə İbrahimov, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Anar, Elçin kimi müxtəlif miqyaslı və mövqeli milli ideoloqların təfəkkür tərcümeyi-halları haqqında kifayət qədər aydın (və mükəmməl) təsəvvürləri olsun. Halbuki bu imkan əvvəlki mərhələlərdə ya yox idi, ya da müxtəlif səbəblər üzündən bu və ya digər dərəcədə məhdud olmuşdu.
Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 21 yanvar tarixli Sərəncamı ilə “türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayan, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər zəminində bərqərar olmasının vacibliyini irəli sürən və müstəqil milli dövlətçiliyin nəzəri əsaslarının hazırlanmasında yaxından iştirak edən görkəmli ictimai xadim” Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi müasir Azərbaycan dövlətçiliyinin (və Prezident İlham Əliyevin), ilk növbədə, milli ideologiyanın tarixinə münasibətinin göstəricisidir. Bu sözləri cənab Prezidentin bir sıra digər sərəncamları (xüsusilə, azərbaycançılıq ideologiyasının banilərindən biri olan, uzun illər adının çəkilməsi belə qadağan edilmiş Məhəmməd Əmin Rəsulzadənin yubileyinin keçirilməsi haqqındakı sərəncamı) barəsində də demək olar. Onların hər biri, bir tərəfdən, milli ideologiya klassiklərini geniş ictimai miqyasda tanıtmağa; ikinci tərəfdən, milli ictimai şüuru zənginləşdirməyə, onun polifoniyasını təmin etməyə; üçüncü tərəfdən isə, milli ideologiyanın köklərini, mənbələrini (və ümumən tarixini!) onun müasir təzahür texnologiyaları ilə üzvü vəhdətdə - bir bütöv halında təsəvvür eləməyə münbit (və rəsmi!) şərait yaradır.
Məlum olduğu kimi, istər təşəkkül dövründə, istərsə də müxtəlif təkamül mərhələlərində, xüsusilə XX əsrin 20-ci illərinin əvvəllərindən 70-ci illərinin əvvəllərinə, yəni Heydər Əliyev dövrünə qədər azərbaycançılıq ideologiyası həm ölkə daxilində, həm də ölkə xaricində (mühacirətdə) biri digərindən, demək olar ki, təcrid olunmuş halda fəaliyyət göstərib. Ölkə daxilində bu ideologiya get-gedə məhdudlaşdırılmış, hətta tamamilə unutdurulması üçün hər cür cəhdlər edilmiş, az-çox təzahürləri isə müxtəlif mənəvi-ideoloji istiqamətlərə (məsələn, liberal vətənpərvərlik) yönəldilməklə amorflaşdırılmış və ya “simasızlaşdırılmışdır”. Xaricdə (mühacirətdə) isə sosial bazası olmayan romantik xəyallara çevrilmişdir. Bütün hallarda Azərbaycan xalqının milli ideallarının qarşısını həm adminstrativ (aqressiv!), həm diplomatik (aldatma!), həm də ekspressiv (şirnikləndirmə!) yolları ilə məhz sovet-sosialist ideologiyası kəsmiş, lakin milli idealları məhv etmək mümkün olmadığı kimi, milli ideologiyanı da sona qədər unutdurmaq, yaddaşlardan tamamilə silmək mümkün olmamışdır.
Azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsinin ikinci mühüm əlaməti Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevə, Onun milli dövlət quruculuğu fəlsəfəsinə ölkə, eləcə də dünya miqyasında layiq olduğu bir ehtiramla, intellektual-analitik həssaslıqla yanaşılmasıdır. Bu, ona görə zəruridir ki, Heydər Əliyev azərbaycançılıq ideologiyasının bir-birindən əsaslı şəkildə fərqli olan təkamül mərhələlərinin lideri (müəllifi!) olmaqla yanaşı, bu gün davam edən mərhələsinin perspektivlərini də müəyyənləşdirib.
Heydər Əliyevin tarixi xidmətlərinin həm ölkə, həm də dünya miqyasında yüksək qiymətləndirilməsi, geniş təhlil (və təbliğ) olunması azərbaycançılıq ideologiyasının, Azərbaycan xalqının milli ideallarının təntənəsi deməkdir. Heç də təsadüfi deyil ki, bugünkü siyasi leksikonda “heydərəliyevçilik” anlayışı “azərbaycançılıq” anlayışının yeni tarixi şəraitdəki məzmununu (və mahiyyətini!) ifadə edir. İstər sovet dövründəki məlum (və mürəkkəb!) şərtlər daxilində, istərsə də müstəqillik dövrünün ondan heç də az mürəkkəb (və ziddiyyətli!) olmayan illərində Ümummilli lider Azərbaycanı Azərbaycan və Azərbaycan xalqını Azərbaycan xalqı edəcək bütün milli mənəvi enerji mənbələrinin tam gücü ilə işləməsi üçün hər cür tədbirləri görməklə azərbaycançılıq ideologiyasını legitimləşdirə, reallaşdıra, beləliklə də, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin cəsarətlə (və qürurla!) “bizim siyasətimiz - bizim işimizdir” deməsinə əsas verə bildi.
Üçüncü mühüm əlamət, heç şübhəsiz, azərbaycançılıq ideologiyasının tərkib hissələri olan türkçülük, müsəlmançılıq və müasirliyin üzvi vəhdətdə, heç birinə digərindən daha böyük üstünlük vermədən, bir bütöv halında qəbul edilərək xalqın milli mənafeləri naminə həyata keçirilməsidir. Bu məsələ ona görə çox əhəmiyyətlidir ki, Azərbaycan xalqı müxtəlif tarixi dövrlərdə (azərbaycançılıq ideologiyasının təşəkkül tapıb formalaşdığı XIX əsrin sonu, XX əsrin əvvəllərindən başlayaraq) gah türkçülüyə, gah müsəlmançılığa, gah da müasirliyə əlahiddə üstünlük verilməsindən irəli gələn ictimai-siyasi problemlərlə üz-üzə dayanmağa məcbur olub. Bunun da mənfi nəticələrini, xüsusilə milli inteqrasiyasının, mütəşəkkilliyin süni olaraq pozulmasını, yaxud zəifləməsini tarix, yəqin ki, həmişəlik öz yaddaşına yazıb.
İlham Əliyevin siyasi-ideoloji fəaliyyətində türkçülük Azərbaycan xalqının öz mənşəyi etibarilə türk etnosundan yaranması həqiqətinin milli ictimai dərkindən başlayıb müasir türk dünyasının üzvi tərkib hissəsi olması, beynəlxalq aləmdə türk dünyasının ortaq maraqlarının cəsarətlə müdafiəsinə qədər gedir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti türk dünyasının öndə gedən liderlərindən biri kimi böyük nüfuz sahibidir.
İslam (müsəlman) dünyasına mənsubluq da bugünkü Azərbaycanın həm mənəvi-mədəni, həm də ictimai-siyasi xarakterində bütün parlaqlığı ilə təzahür edir. İlham Əliyevin müsəlman xalqlarına qarşı müəyyən beynəlxalq dairələrdə aparılan mürtəce, antihumanist kampaniyalara dəfələrlə ən yüksək tribunalardan Öz etirazını bildirməsi, Azərbaycanın bir nümunəvi müsəlman ölkəsi olaraq inkişafı buna sübutdur.
Eyni zamanda, bugünkü Azərbaycan xalqı dünyaya açıq, müasir dünyanın iqtisadi, sosial-siyasi və mədəni texnologiyalarını inamla mənimsəyən, onun (müasir dünyanın) qlobal idarəçiliyində get-gedə güclənən imkanları səviyyəsində iştirak edən xalqdır.
Türkçülük, müsəlmançılıq və müasirlik triadası bu gün Azərbaycanda klassik formulunda (və tipologiyasında) tətbiq edilməklə qalmayıb, mərhələnin (və dövrün) tələblərinə uyğun olaraq yaradıcılıqla yaşanır ki, bu da Azərbaycan dövlətinin yürütdüyü tarazlaşdırılmış, humanist və uzaqgörən (mövcud problemlərin tezliklə həllinə yönəlmiş perspektivli) siyasətin nəticəsidir.
Müxtəlif mədəniyyətlərə, dünyagörüşlərinə təmkinli dialoq əsasında hörmətlə yanaşılması, qloballaşan dünyanın çağırışlarına həssas, anlamlı münasibət, multikulturalizm azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsinin, fikrimizcə, mühüm əlamətlərindən dördüncüsü hesab oluna bilər. Nə üçün? Ona görə ki, hər hansı ideologiya, nə qədər mütərəqqi olsa da, özünü təcrid edirsə, həm tarixi (passiv), həm müasir (aktiv), həm də gələcək (perspektiv) çox müxtəlif (biri digərini inkar, yaxud təsdiq edən, yaxud da bir-birinə loyal və ya liberal münasibətlərdə olan) ideologiyalarla hesablaşmazsa, prinsip etibarilə, yaşaya bilməz.
Azərbaycan xalqı (və dövlətçiliyi) tərəfindən azərbaycançılıq ideologiyasının tətbiqi, müdafiəsi və inkişaf etdirilib təkmilləşdirilməsi dünya miqyasında çox müxtəlif (və qaynar!) ideoloji proseslər kontekstində baş verdiyi hamıya məlumdur. Bu proseslər azərbaycançılığı birmənalı inkar edə bilmədiyi kimi, birmənalı təsdiq də edə bilməz. Lakin Azərbaycan xalqının milli ideologiyasının nəinki danılmaz, hətta mübahisəsiz bir üstünlüyü var ki, onun mahiyyətində (fəlsəfəsində və ya metafizikasında) üç tamamilə humanist (və insan cəmiyyətinin təhtəlşüur, yaxud təbii bir şəkildə, “müdaxiləsiz” yaratdığı!) dəyər komponenti ifadə olunur:
1) etnik mənsubiyyət;
2) dini mənsubiyyət;
3) dünyəvi mənsubiyyət.
Bu ideologiyada öz əksini tapmış fəlsəfə və ya metafizikada, eləcə də onun mənsub olduğu (və onu yaradan) xalqın təfəkküründə nə etnik məhdudluq, nə dini dözümsüzlük, nə də antihumanizm yoxdur; yalnız o var ki, Azərbaycan xalqı da, dünyanın bütün digər xalqları kimi, müəyyən bir etnik mənşəyə, müəyyən bir dini dünyagörüşə mənsubdur və bütün digər xalqlar kimi, müasir dünyanın üzvi tərkib hissəsidir.
Beşinci əlamət Azərbaycan xalqının dünya miqyasında milli-mənəvi, mədəni bütövlüyünün möhkəmlənməsi üçün ardıcıl mübarizə aparılmasıdır ki, bunun müsbət nəticələrini görməmək mümkün deyil.
Tarixi taleləri elə gətirmişdir ki, azərbaycanlıların və ya Azərbaycan türklərinin bu gün yalnız beşdən biri müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Təxmini hesablamalara görə, dünya azərbaycanlılarının beşdən dördü öz tarixi Vətənində yüz (hətta min!) illərlə necə məskun olmuşdursa, bu gün də məskundur. Ona görə də əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bir siyasətin - Dünya azərbaycanlılarının həmrəyliyinin miqyasının genişləndirilməsi siyasətinin müasir mərhələdə Azərbaycan dövlətçiliyi tərəfindən uğurla davam etdirilməsi heç bir alternativ qəbul etməyən bir zərurət olub azərbaycançılıq ideologiyasını zənginləşdirən, ona güclü enerji verən, onun məzmununu (hətta fəlsəfəsini) bütövləşdirən konseptual hadisədir. Hər şeydən əvvəl ona görə ki, dünyanın harasında məskunlaşmasından asılı olmayaraq, kiçik istisnaları nəzərə almasaq, azərbaycanlılar eyni etnik mənşəyə, eyni dinə mənsub olub eyni mental xüsusiyyətlərin, eyni adət-ənənələrin daşıyıcısıdırlar. Onların eyni bir dilləri - Azərbaycan dili, yaxud Azərbaycan türkcəsi mövcuddur.
Əlbəttə, qloballaşan müasir dünyada azərbaycanlıların siyasi-inzibati sərhədləri aşaraq bir-birləri ilə sıx ünsiyyətə girmələri, ümummilli maraqlarını humanizm, beynəlxalq insan hüquqları prinsipi çərçivəsində təmin etmələri yalnız milli yox, həm də insani (ümumbəşəri!) bir ehtiyacdır ki, əlahiddə hadisə olmayıb bütün millətə xasdır.
Azərbaycan xalqının (və insanının) dünyanın inkişaf etmiş xalqları (və insanları) ilə müqayisədə ikinci, hətta üçüncü dərəcəli olması kompleksinin sürətlə aradan qaldırılması baxımından görülən işlərə (və onun uğurlu nəticələrinə), fikrimizcə, altıncı əlamət kimi baxmaq olar.
Etiraf etməliyik ki, azərbaycanlılarda uzun on illər (hətta əsrlər!) belə bir kompleks olmuşdur. Ziyalıların öz ana dillərindən (və prinsip etibarilə, mənsub olduqları xalqdan) imtina edib müxtəlif əcnəbi dillərdə danışıb yazmaları, özlərinə əcnəbi soyad formaları qəbul etmələri və s. həmin “gerilik” kompleksinin təzahürləri (və nəticələri) idi ki, milli tarixin son mərhələsinə qədər bu və ya digər dərəcədə davam edirdi. Ancaq bu gün heç bir azərbaycanlı özünü nə bir rusdan, nə bir almandan, nə bir fransızdan, nə də bir ingilisdən aşağı hesab etmir və milli qürur yalnız sözdə deyil, həm də işdə, əməldədir. Ölkədə abadlaşan, “yeni rəmzlər”ini yaradan şəhərlər (xüsusilə Bakı!), kəndlər, çəkilən yollar, yaradılan təhsil müəssisələri, tətbiq edilən müasir idarəçilik texnologiyaları, dünya standartları ilə müqayisə olunan müxtəlif təsisatlar, idmanda, mədəniyyətdə indiyə qədər bu miqyasda görünməmiş beynəlxalq uğurlar Azərbaycan insanını mənən, ruhən yüksəldən, əgər belə demək mümkünsə, onun katarsisini təmin edən elə hadisələrdir ki, yalnız bu günlə məhdudlaşmayıb onun (Azərbaycan insanının) gələcək taleyini, xarakterini müəyyən edir. Bu taleyüklü işlər, əməllər Azərbaycan xalqının tarixində həmişəlik olaraq İlham Əliyevin adı ilə qalacaqdır.
Azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsinin yeddinci əlaməti həm iqtisadi, həm siyasi, həm də mədəni sahələrdə (bu sahələrin təsəvvürə gətirilməsi belə çətin olan çox geniş spektrində) beynəlxalq əlaqələrin, başqa sözlə, Azərbaycan-Dünya dialoqunun zəngin təcrübəsinin qazanılmasıdır. Bu isə ilk növbədə o deməkdir ki, azərbaycançılıq ideologiyası (və Azərbaycan xalqının milli idealları), bir vaxtlar olduğu kimi, məhdud bir miqyasda qalıb, “özümüz deyib, özümüz eşidək” prinsipi ilə mövcud olmur, universallaşır, hüdudlarını genişləndirir, ümumən insan (və dünya) təfəkkürü mövqeyindən görünüb etiraf olunur Tarixi (və cari) rəqibləri açıq mübarizəyə çəkir, onların hansısa gizli “laboratoriyalar”da hazırlanmış məkrli planlarını alt-üst edir.
Beynəlxalq “Dialoq”lara ev sahibliyi edən Azərbaycan indiyə qədər görünməmiş bir miqyasda müxtəlif ideyaların, ideologiyaların həmsöhbət olmasına inamla münsiflik etdikcə, azərbaycançılıq məfkurəsi də zənginləşir, beynəlxalq nüfuzunu gücləndirir, yüksək standartlı paradiqmalara yiyələnir.
Səkkizinci əlamət Azərbaycan xalqının intellektual səviyyəsinin yüksəldilməsi, müasir texnologiyalara yiyələnməsinin sürətlənməsi, perspektivli özünüifadə (və özünütəsdiq) metodlarının, üsullarının və vərdişlərinin xüsusilə gənc nəsil tərəfindən mənimsənilməsidir. Etiraf etmək lazımdır ki, azərbaycançılıq ideologiyasının gənc nəsil tərəfindən bu qədər kütləvi (və intellektual!) səviyyədə mənimsənilməsi heç bir mərhələdə mümkün olmayıb.
Azərbaycanın regionda, ümumən beynəlxalq aləmdə söz sahibi olması, onun mövqeyi ilə hesablaşılması, çoxstandartlılığı, xüsusilə cari konyukturluluğu ilə tanınan dünyanın “haqq-hesab”ından kənarda qalıb təcrid olunmaması, çox güman ki, doqquzuncu əlamətdir. Bu əlamətin özünəməxsusluğu ondan ibarətdir ki, Azərbaycan xalqının milli ideologiyası çevik, elastik, diplomatik resurslara yiyələnmiş, hər hansı “gözlənilməz” ideoloji hücumlara qarşı müqavimət (hətta əks-hücum) “immunitetlər”i qazanmışdır.
Nəhayət, Azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsinin onuncu əlaməti həmin ideologiyanın inkişafı üçün geniş perspektivlər təmin etməsidir ki, bu, milli ideologiyanın (azərbaycançılığın) gələcəyi barədə tamamilə nikbin fikirdə olmağa hər cür imkanlar verir. Xüsusilə o mənada ki, azərbaycançılıq ideologiyası qarşısında bu gün polemika üçün hüdudlar qoyacaq heç bir maneə, yaxud həmin ideologiyanın təkamülünü ya ləngidəcək, ya da süni şəkildə sürətləndirəcək heç bir konyuktur müdaxilə yoxdur.
Azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsi özünəməxsus dinamizmi ilə zənginləşməkdə, milli ictimai şüurun əsaslarını müəyyənləşdirməkdə və Azərbaycan xalqının dünya birliyindəki mövqelərini inamla yüksəltməkdədir. Odur ki, Azərbaycan Xalq Cümhuriyyətinin yüz illik yubileyi Azərbaycan xalqının (və dövlətinin) tarixinin elə bir dövründə keçirilir ki, ən azından üç baxımdan xüsusi (tarixi!) məna- məzmun kəsb edir:
1) Azərbaycan Xalq Cümhuriyyətinin “tərcümeyi-hal”ı, son illərdə demək olar ki, bütün tərəfləri ilə dərindən öyrənilmiş, onun güclü (və “zəif”) cəhətləri konkret sənəd və materiallar əsasında Azərbaycan tarixçiləri tərəfindən obyektiv araşdırılmış, dünya tarixşünaslığında bu barədə kifayət qədər aydın təsəvvür formalaşmışdır;
2) müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətini özünün hüquqi-tarixi varisi elan etdiyindən, eləcə də Cümhuriyyət tarixi hərtərəfli öyrənildiyindən o, milli ictimai təfəkkürün yaddaş potensialının üzvi tərkib hissəsinə çevrilmiş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olmuşdur;
3) ən başlıcası isə odur ki, Azərbaycan xalqı (və dövləti) Xalq Cümhuriyyətinin yubileyini həm iqtisadi, həm siyasi, həm də mədəni inkişaf sahələrində həmin Cümhuriyyətin ideallarına layiq səviyyədə böyük uğurlarla qeyd etməklə milli azadlıq və dövlət müstəqilliyi uğrunda mübarizənin necə bir etibarlı varisi olduğunu, bu mübarizənin hansı mükəmməl nailiyyətlərə gətirib çıxardığını bir daha bütün miqyası ilə göstərir.
İnamla demək olar ki, Azərbaycan Xalq Cümhuriyyətinin yüz illik yubileyi müstəqil Azərbaycanı yaradıb inkişaf etdirmiş qüdrətli bir məfkurənin - azərbaycançılıq ideologiyasının həm ölkə daxilində, həm də onun hüdudlarından çox-çox uzaqlarda təntənəsidir.

 
  • Oxunub:  7500  |  
  • Tarix:  01-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir

18 Fevral 21:27
Rusiya-Azərbaycan: Mədəniyyət ustaları dostluq körpüləri salırlar
18 Fevral 21:09
Dünyanın bir sıra ölkələrinin vətəndaşları Xocalıya ədalət istəyiblər
18 Fevral 21:02
Milli Məclisin deputatları BMT-nin parlament dinləmələrində iştirak edəcəklər
18 Fevral 20:35
Ombudsman təsisatında Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüş olub
18 Fevral 20:30
Qətər qəzetləri Azərbaycan həqiqətlərindən yazır
18 Fevral 20:28
Azərbaycanın yanvarda ən çox məhsul idxal etdiyi ölkələr açıqlanıb
18 Fevral 20:25
Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi ölkəyə çevrilir
18 Fevral 19:13
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “IDEX-2019” beynəlxalq müdafiə sərgisində iştirak edir
18 Fevral 19:05
Xocalı soyqırımı qurbanlarının xatirəsi İsraildə yad olunacaq
18 Fevral 19:02
Kürdəmir: ümumi məhsul buraxılışının 39,9 faizi kənd təsərrüfatının payına düşüb
18 Fevral 18:50
Azərbaycan və Avstriya dəmir yolları arasında əməkdaşlıq əlaqələri müzakirə edilib
18 Fevral 18:28
Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın qış sessiyasında iştirak edəcək
18 Fevral 18:00
Nazir: Ölkədəki əlverişli mühit sahibkarlara biznesin istənilən sahəsi ilə məşğul olmağa imkan verir
18 Fevral 17:29
Ombudsman Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18 Fevral 17:28
İsa Həbibbəyli: Ölkəmizdə vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində uğurlu sosial siyasət həyata keçirilir
18 Fevral 17:19
Hikmət Babaoğlu: İşğalçı ölkə Azərbaycanın verdiyi dərsi unuda bilmir
18 Fevral 17:16
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları
18 Fevral 17:01
Azərbaycanla Böyük Britaniyanın enerji sahəsində əməkdaşlığı müzakirə olunub
18 Fevral 17:00
Prezident İlham Əliyev: Bu il Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisənin açılışı nəzərdə tutulur
18 Fevral 16:55
Teodore Doriç: Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsi tolerantlıq barədə nəzəri biliklərimizi artırdı
18 Fevral 16:47
Prezident İlham Əliyev Sumqayıtın dənizkənarı bulvarında şəhərin sakinləri ilə görüşüb
18 Fevral 16:42
“Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin iştirakçıları qanunvericilik prosesi barədə məlumatlandırılıb
18 Fevral 16:37
“Məcburi əməyin və insan alverinin qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib
18 Fevral 16:33
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
18 Fevral 16:29
Qorxmaz Hüseynov: Regional inkişaf proqramları çərçivəsində bölgələrdə 11 min km-dən çox magistral və paylayıcı su, 6 min km kanalizasiya xətləri çəkilib
18 Fevral 16:23
YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
18 Fevral 16:17
Azərbaycan Prezidenti: “SOCAR Polymer” qeyri-neft ixracını 15 faiz artıracaq
18 Fevral 15:55
Prezident İlham Əliyev: “SOCAR Polymer”in tam gücü ilə işə başlaması əlamətdar hadisədir
18 Fevral 15:50
Gömrükçülər Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqi üzrə Türkiyə təcrübəsini öyrənir
18 Fevral 15:47
Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasına həsr olunan seminar
18 Fevral 15:31
ADNSU ilə “Schlumberger” şirkəti arasında əməkdaşlığa dair birgə plan hazırlanacaq
18 Fevral 15:08
Əfqanıstanın Azərbaycandakı səfiri BDU-da olub
18 Fevral 15:05
İlahiyyat İnstitutunda “Xocalıda məhv olmuş 8 ailə” filmi nümayiş etdirilib
18 Fevral 15:04
Sumqayıtda Heydər Əliyev Məktəbinin növbəti məşğələsi keçirilib
18 Fevral 15:01
Miqel Silva Pinto: Azərbaycanda vergi və gömrük sahəsində aparılan islahatlar çox mütərəqqidir
18 Fevral 14:58
“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
18 Fevral 14:41
Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün bir nümunədir
18 Fevral 14:39
Fitch: 2019-cu ildə Azərbaycanda iqtisadi artım 3,5 faiz təşkil edəcək
18 Fevral 14:36
Ukraynanın ictimai radiosunda Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən danışılıb
18 Fevral 14:31
Səfər Mehdiyev: İndiyədək 100-dən çox şirkət “Yaşıl dəhliz” sisteminin iştirakçısı olub
18 Fevral 14:28
Xocavənd rayonunda Qaradağlı faciəsinin ildönümü qeyd edilib
18 Fevral 14:26
Dövlət Komitəsinin sədri Beyləqanda məcburi köçkünləri qəbul edib
18 Fevral 14:24
Özbəkistan nümayəndə heyəti Azərbaycanın şəhərsalma və tikinti sahəsindəki təcrübəsini öyrənir
18 Fevral 14:20
Azərbaycan əhalisinin sayı 9 milyon 981 min 457 nəfərə çatıb
18 Fevral 14:19
Prezident İlham Əliyev Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisini qəbul edib
18 Fevral 14:13
Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək
18 Fevral 14:10
ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Azərbaycana gələcək
18 Fevral 13:16
Türkiyə Böyük Millət Məclisinin deputatları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
18 Fevral 12:51
Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına 43 ölkədən 200-dən çox idmançı qatılacaq
18 Fevral 12:45
Sahil Babayev: Vətəndaşların müraciəti gözlənilmədən 3600 nəfərə pensiya təyin edilib
18 Fevral 12:37
"ABAD" "Uğur-2018" Milli mükafatına layiq görülüb
18 Fevral 12:35
Ziyad Səmədzadə: Dövlət büdcəsi ilbəil artır və bunu qoruyub saxlamaq lazımdır
18 Fevral 12:29
Heydər Əliyev Mərkəzində rus avanqard rəssamlarının nadir əsərlərindən ibarət sərgi açılıb
18 Fevral 11:54
Prezident İlham Əliyev Sumqayıtda “SOCAR Polymer”in yüksəksıxlıqlı polietilen zavodunun açılışında iştirak edib
18 Fevral 11:47
Millət vəkili: Xalqımızın sosial-rifah halının yaxşılaşdırılması Prezidentin həyata keçirdiyi siyasi kursun ana xəttidir
18 Fevral 11:43
Nazir: 2018-ci ildə hər 1000 vergiödəyicisinin dördündə səyyar vergi yoxlaması aparılıb
18 Fevral 11:40
Prezident İlham Əliyev Sumqayıt şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
18 Fevral 11:25
Mikayıl Cabbarov: İri topdan satış müəssisələrində 930 milyon manatlıq dövriyyənin gizlədildiyi aşkarlanıb
18 Fevral 11:24
Nigar Arpadarai: İldən-ilə Formula 1-in təşkilinə görə xərclərimiz azalır, gəlirlərimiz isə artır
18 Fevral 11:19
Kolumbiya radiosunda Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlanıb
18 Fevral 11:11
Nazir: Azərbaycanda Vergi Ombudsmanının yaradılması vergi sistemində şəffaflığı artıracaq
18 Fevral 10:57
“Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin açılış mərasimi keçirilib
18 Fevral 10:36
Azərbaycan və Belarus müdafiə nazirlərinin görüşü olub
18 Fevral 10:33
Səyyar “ASAN xidmət” davam edir
18 Fevral 09:32
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir
18 Fevral 08:56
İstanbulda “Türkiyə-Azərbaycan Ortaq Miras” konserti təşkil edilib
18 Fevral 08:52
Azərbaycanın müdafiə naziri “İDEX – 2019” Beynəlxalq Müdafiə Sərgisində iştirak edir
18 Fevral 08:49
Azərbaycanın müdafiə naziri BƏƏ-nin müdafiə məsələləri üzrə dövlət naziri ilə görüşüb
17 Fevral 11:41
Gəncənin "İmamzadə" dini kompleksində ehsan süfrəsi açılıb
17 Fevral 11:32
Ötən il Azərbaycanda 868,6 ton yaşıl çay yarpağı istehsal olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA