
Suriya üzrə danışıqlar yenidən aktuallaşıb. Bu kontekstdə dünyanın diqqəti Avstriyanın paytaxtı Vyanada və Rusiyanın Soçi şəhərində olub. Vyanada danışıqların 9-cu raundu çərçivəsində ölkədə atəşkəsin əldə olunması məsələsi müzakirə predmetinə çevrilib. “Reuters”in xəbərinə görə, BMT-nin himayəsi altında keçirilən danışıqların məqsədi Soçidəki görüşdə hökumət və müxalifət arasında müzakirə mövzusunu müəyyənləşdirmək olub. Lakin Suriya danışıqlarının 9-cu raundu nəticəsiz başa çatıb.
Soçidə işə başlayan Suriya Milli Dialoq Konqresində isə 1511 nümayəndə iştirak edib. Nümayəndələr Suriya, Cenevrə, Qahirə, Moskva və Ankaranın siyasi və sosial təbəqələrini, müxtəlif konfessiyalarını təmsil ediblər. Rusiya isə Konqresə BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkələrin, eləcə də İordaniya, İraq, Livan və Qazaxıstanın nümayəndələrini də dəvət edib. Tədbirin məqsədi BMT-nin himayəsi altında işləyəcək Konstitusiya Komissiyasının yaradılması olub.
Siyasi şərhçilərin qənaətincə, hazırkı vəziyyətdə ciddi kompromisin əldə edilməsi gözlənilməsə də, ölkədə atəşkəsin əldə olunmasına dair müəyyən irəliləyişə nail olmaq və proqres əldə etmək mümkündür.
- Oxunub: 21720 |
- Tarix: 03-02-2018 |
-
Çap et |