Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Naxçıvan şəhərində məntəqə seçki komissiyalarının sədrləri və katibləri üçün seminar-müşavirə keçirilib

Naxçıvan şəhərində məntəqə seçki komissiyalarının sədrləri və katibləri üçün seminar-müşavirə keçirilib

21.02.2018 [10:18]

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilmiş seminar-müşavirənin davamı olaraq, fevralın 20-də 4 saylı Naxçıvan şəhər seçki dairəsində məntəqə seçki komissiyalarının sədrləri və katibləri üçün seminar-müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov “Azərbaycan Respublikası Prezidentinin seçkilərinin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti” mövzusunda çıxış edib. Rəhman Məmmədov deyib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən növbəti prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub. Prezident seçkilərinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasında, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında hazırlıq işlərinə başlanılıb.
“Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının, dairə seçki komissiyalarının müasir inzibati binalarla təmin edilməsi, seçki məntəqələrinin fəaliyyəti üçün zəruri şəraitin yaradılması muxtar respublikada seçkilərin yüksək səviyyədə keçirilməsinə geniş imkanlar açır”, - deyən Rəhman Məmmədov qeyd edib ki, bu gün keçirilən seminar-müşavirə də qarşıdan gələn prezident seçkilərinin ən yüksək səviyyədə keçirilməsi üçün üzərimizə düşən vəzifələrin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. Seçki Məcəlləsinin tələbinə görə, Mərkəzi Seçki Komissiyası və aşağı seçki komissiyaları vətəndaşların səsvermə hüququnu təmin etmək, seçki subyektlərinin fəaliyyətini qanunun tələbinə uyğun idarə etmək, tədbirlərin qanunauyğun surətdə keçirilməsi üçün müxtəlif dövlət qurumları ilə əməkdaşlıq edir. Ona görə də burada aparılan müzakirələrin nəticəsi atılacaq sonrakı addımlar üçün əsas olmalıdır.
Diqqətə çatdırılıb ki, seçkilərdə şəffaflığın təmini ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının üzərinə ciddi vəzifələr düşür. Nəzərə alınmalıdır ki, muxtar respublikada seçkilərin hazırlanması və keçirilməsi zamanı yerli icra orqanları və seçki komissiyalarının qarşılıqlı fəaliyyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.1.5-ci maddəsinə əsasən tənzimlənir.
Rəhman Məmmədov vurğulayıb ki, vətəndaşların seçkidə iştirak hüquqlarının həyata keçirilməsinə mane olma, vətəndaşı namizədin lehinə imza atmağa məcbur etmə və ya onun səs verməsinə mane olma, seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə, seçki sənədlərinin saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi, səslərin düzgün hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya səsvermənin gizliliyinin pozulması, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülleteninin salınması, seçkinin nəticələrinə təsir məqsədi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
“Prezident seçkilərində seçki məntəqələri əməkdaşlarından tələb olunan əsas məsələ səsvermə prosesində qanunvericiliyə ciddi əməl olunmasını, seçkilərin azad, sərbəst, şəffaf, demokratik prinsiplər əsasında keçirilməsini təmin etməkdir”, - deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov əvvəlki seçkilərin təcrübəsindən bəhrələnərək qarşıdan gələn prezident seçkilərinin də ən yüksək səviyyədə təşkil ediləcəyinə əminliyini bildirib.
Sonra Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Sərdar Salahovun “Məntəqə seçki komissiyalarının müvafiq inzibati binalarla, həmçinin tələb olunan inventar və avadanlıqlarla təmin olunması”, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Mehman Allahverdiyevin “Seçki hüququnun konstitusion əsasları, Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçki hüququnun realizə mexanizmləri”, Naxçıvan şəhər prokurorunun müavini Qalib İsmayılovun “Seçki hüquqlarının qorunmasında prokurorluq orqanlarının rolu və vəzifələri”, Naxçıvan Şəhər Polis İdarəsinin rəis əvəzi Kamil Məmmədəliyevin “Azərbaycan Respublikası Prezidentinin seçkilərində Daxili İşlər Nazirliyi orqanlarının rolu və fəaliyyət istiqamətləri”, 4 saylı Naxçıvan Şəhər Dairə Seçki Komissiyasının sədri Cahangir Seyidovun “Seçki günü məntəqə seçki komissiyalarında səsvermənin təşkili və səsvermə prosesi başa çatdıqdan sonra məntəqə seçki komissiyalarının üzərinə düşən əsas vəzifələr” mövzularında məruzələri dinlənilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Paylaş:
Baxılıb: 268 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31