Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ölkə boyu yol-nəqliyyat infrastrukturunun yenidən qurulması 2018-ci ildə də intensiv şəkildə davam etdirilir

Ölkə boyu yol-nəqliyyat infrastrukturunun yenidən qurulması 2018-ci ildə də intensiv şəkildə davam etdirilir

13.04.2018 [09:49]

Respublikamızda kənd yollarının inşası və yenidən qurulması geniş vüsət alıb
Bu gün öz inkişafına görə regionun lider dövləti olan Azərbaycanda bütün sahələr inkişaf edib. Bu inkişafdan nəinki şəhər və rayonlara, həm də ucqar kəndlərə belə pay düşüb. Təbii ki, bunun da kökündə dayanan başlıca məqam son 15 il ərzində reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarıdır. Məlum olduğu kimi, ilk Dövlət Proqramının icrasına bütün ölkə boyu zəruri infrastruktur obyektlərinin yaradılması ilə start verilib və sonrakı illərdə də bu strateji kurs daim diqqət mərkəzində saxlanılıb. Həyata keçirilən layihələr sayəsində Azərbaycanın infrastruktur təminatı dünyanın qabaqcıl ölkələrindəki səviyyəyə yüksəlib.
Əksər ekspertlərin də vurğuladıqları kimi, son 15 ildə paytaxt Bakıda və bölgələrdə rahat yolların çəkilməsi ölkənin infrastruktur təminatının möhkəmlənməsinə yaxşı nümunədir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin bir çoxu yüksək səviyyədə tamamlanıb. Belə ki, 2004-cü ildən bəri respublikamızda 12 min 300 kilometr yol çəkilib, 443 körpü tikilib. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə yol-nəqliyyat infrastrukturunun müasir standartlar səviyyəsində yenidən qurulması, qədim İpək Yolunun bərpası ilə əlaqədar yeni layihələrin reallaşdırılması, həmçinin Azərbaycanın liderliyi ilə inşası uğurla başa çatdırılan və ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu respublikamızın tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Hazırda Azərbaycan özünün güclü və müasir yol-nəqliyyat infrastrukturu sayəsində regionda və qitələr arasında çox mühüm nəqliyyat-logistika məkanına çevrilib.
Bütövlükdə yol infrastrukturunun yenilənməsi Azərbaycanın ümumi inkişafına böyük təkan verib. Və ölkə boyu yol-nəqliyyat infrastrukturunun yenidən qurulması 2018-ci ildə də intensiv şəkildə davam etdirilir.
Məsələn, verilən məlumata görə, nəqliyyat vasitələrinin maneəsiz və rahat hərəkətini təmin etmək məqsədilə Tərtər rayonunda 21,5 kilometr uzunluğunda yeni avtomobil yolu inşa olunur. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən açıqlama verilib.
Tərtər rayonunun 7 minə yaxın əhalisinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu texnoloji ardıcıllığa uyğun olaraq 2 hərəkət zolağı enində IV texniki dərəcəyə uyğun inşa edilir.
Tikinti layihəsinə uyğun olaraq, yolun torpaq yatağının bərpası üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılır, əvəzinə çınqıl qruntu tökülərək kipləşdirilir. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün 0,8-1 metr hündürlükdə yararlı qrunt tökülərək yayılır, yolun genişləndirilməsi işləri aparılır. Bundan başqa, torpaq yatağı hazır olan hissələrdə yeni yol əsası inşa edilir. Yol əsasının alt layının tikintisi optimal qırmadaş, üst layının tikintisi isə qum-çınqıl qarışığı ilə aparılır. Bu işlərə paralel olaraq çiyinlərin optimal-çınqıl materialı ilə bərkidilməsi işləri də görülür.
Layihədə avtomobil yolunun altından suların ötürülməsini təmin etmək məqsədilə mövcud boruların yeniləri ilə əvəz olunması və zəruri yerlərdə yenilərinin inşa edilməsi nəzərdə tutulub. Bu məqsədlə 32 yerdə 384 poqonmetr uzunluğunda müxtəlif diametrli dəmir və dəmir-beton boruların tikintisi işləri aparılır. Növbəti mərhələdə yolun asfaltlanması işləri aparılacaq ki, bunun üçün 130 min kvadratmetr sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək.
Layihə əsasında yolboyu 8 ədəd avtobus dayanacağının, 142 ədəd yol nişanının, 22 ədəd kilometr göstəricisinin və 840 ədəd siqnal dirəyinin quraşdırılması nəzərdə tutulub. Bundan başqa, hərəkətin normal təşkili üçün 54,5 kilometr uzunluğunda üfüqi nişanlanma xətlərinin çəkilişi də planlaşdırılır.
Yeni yolun inşası ilə yolboyu yaşayan əhalinin rayon mərkəzinə və qonşu rayonlara rahat gediş-gəlişi təmin olunacaq.
Eyni zamanda, Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu 22 kilometr olan Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürətlə davam etdirilir.
Agentliyin mətbuat xidmətindən bildirilib ki, sözügedən avtomobil yolu 3-cü texniki dərəcəyə uyğun olaraq inşa olunur. Yolun hərəkət hissəsinin eni 8 metr və çiyinlərin eni 2 metr olmaqla torpaq yatağının eni 12 metr təşkil edəcək.
Hazırda yolboyu torpaq işləri görülür, çınqıl materialı tökülərək yeni yol yatağının inşası aparılaraq yekunlaşdırılıb. Torpaq işləri tam olaraq bitəndən sonra isə yolun asfaltlanması işlərinə başlanılacaq. Bu işlərin də yolun hərəkət hissəsi 7 metr nəzərə alınmaqla 170 min kvadratmetrdən çox ərazidə aparılması nəzərdə tutulub.
Yol çətin relyefə malik olan dağlıq ərazidən keçdiyi üçün burada müxtəlif təyinatlı mühəndis qurğuların inşası işləri də aparılır. Bu, suların ötürülməsi üçün küvetlərin, müxtəlif diametrli və uzunluğu 400 poqonmetr olan 15 ədəd suötürücü dəmir-beton boruların, 2 kilometr uzunluğunda monolit dəmir-beton konstruksiyalı istinad divarlarının və dəmir-beton təhlükəsizlik çəpərlərinin tikintisidir. Artıq bu çərçivədə xeyli iş görülüb.
Layihə üzrə yolboyu uzunluqları 7, 18 və 53 metr olan 2 ədəd 1 aşırımlı, 1 ədəd isə 3 aşırımlı avtomobil körpülərinin tikintisi işləri də yekunlaşmaq üzrədir. Bundan başqa, sunizamlayıcı və sahil bərkidici dəmir-beton istinad divarlarının inşası işləri də görülür.
Tikinti işləri çərçivəsində, sonuncu mərhələdə yolboyu zəruri olan yerlərdə avtobus dayanacaqlarının inşası, 254 ədəd müxtəlif yol nişanları və göstərici lövhələrin quraşdırılması, həmçinin 56 kilometr uzunluğunda üfüqi nişanlanma xətlərinin çəkilişi işləri də nəzərdə tutulub.
Sözügedən avtomobil yolunun tikintisi İsmayıllı rayonunun Lahıc qəsəbəsini Şamaxı rayonunun Dəmirçi kəndi ilə birləşdirməklə, yolboyu yaşayan vətəndaşların rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasını xeyli asanlaşdıracaq. Həmçinin yolun tikintisi turistlərin hər iki rayonun turizm bölgələrinə daha qısa və rahat yolla gediş-gəlişini təmin etmiş olacaq ki, bu da öz növbəsində turizmin inkişafına, həmçinin yeni turizm marşrutlarının yaranmasına səbəb olacaq.
Dəmirçi-Lahıc avtomobil yolunun bu ilin yay aylarında istifadəyə verilməsi nəzərdə tutulub.
Ağdaş rayonunda isə 12 minə yaxın əhalinin yol istifadəsi asanlaşdırılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, agentlik tərəfindən yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Hazırda respublikamızda kənd yollarının inşası və yenidən qurulması geniş vüsət alıb. Təbii ki, əsas məqsəd hər bir vətəndaşın sosial rifah halına müsbət təsir göstərən sənaye, turizm və kənd təsərrüfatının inkişafıdır.
Bu layihələr çərçivəsində Ağdaş rayonunda bu il reallaşdırılan 2 avtomobil yolundan daha biri Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yoludur. Yolun uzunluğu 33 kilometrdir və 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur.
Avtomobil yolu uzun illər istismar olunduğundan və təmir olunmadığından torpaq yatağı deformasiyaya uğrayıb, yol geyimində çökmələr əmələ gəlib, istismar üçün yararsız vəziyyətə düşüb. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklərə səbəb olub. Yolboyu yenidənqurma işlərinə qısa müddətdir ki, başlanılmasına baxmayaraq, artıq sadalanan problemlər aradan qaldırılıb.
Yolun 7 kilometrlik hissəsinə 2 qat olmaqla, yəni laylararası əlaqələndirici bitum səpilməklə, yol örtüyünün alt layının iridənəli, üst layının isə xırdadənəli asfalt-beton qarışığı ilə tikintisi işləri aparılıb. Yolun 12 kilometrlik hissəsində isə yol yatağının və yol əsasının tikintisi yekunlaşdırılaraq asfaltlanması üçün hazırlıq işləri görülür.
Layihəyə uyğun olaraq, yolun qalan hissəsində mövcud örtüyün sökülməsi, yolun deformasiyaya uğramış hissələrinin qazılaraq kənara daşınması, əvəzinə karxana çınqılı tökülərək kipləşdirilməsi və yeni yol yatağının inşası, daha sonra yol əsasının alt layının karxana çınqılı, üst layının isə optimal qum-çınqıl qarışığı ilə tikintisi, həmçinin yol çiyinlərinin bərkidilməsi işləri aparılır.
Bundan başqa, avtomobil yolunun müxtəlif hissələrində yerləşən suötürücü borular uzun illər istismar olunduğundan sukeçiricilik qabiliyyəti aşağı düşüb, borularda və boru başlıqlarında sınma və çatlama halları yaranıb, istismar üçün yararsız vəziyyətə düşüb. Bu üzdən yolboyu istismara yararsız vəziyyətdə olan boruların sökülməsi, əvəzinə və zəruri olan yerlərə 670 poqonmetr uzunluğunda müxtəlif diametrli yeni dəmir-beton boruların quraşdırılması işləri aparılıb, başlıqları dəmir-betonla inşa edilib.
Aparılan yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə vətəndaşların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə 1,4 kilometr uzunluğunda yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür. Həmçinin yolboyu istismara yararsız körpü məhəccərləri kəsilərək əvəzinə yeniləri quraşdırılır.
Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yolboyu 220 ədəd yol nişanı və məlumatverici lövhə, 450 ədəd isə siqnal dirəkləri quraşdırılacaq, 97 kilometr uzunluğunda yol-cizgi və yolgöstərici xətlər çəkiləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında mövcud tikinti norma və qaydalarına uyğun şəkildə yüksək keyfiyyətlə aparılan yenidənqurma işləri nəticəsində 10 yaşayış məntəqəsinin 12 minə yaxın əhalisi Ağdaş rayon mərkəzinə, oradan da M4 Bakı-Şamaxı-Yevlax avtomobil yoluna rahat çıxış əldə edəcək, yük və sərnişindaşıması asanlaşacaq, yetişdirilən məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradılmaqla kənd təsərrüfatı inkişaf edəcək.
Hazırda respublikanın yol infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən layihələrdən biri də Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yoludur. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.
Məlumatda deyilir ki, Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun uzunluğu 24,5 kilometr, torpaq və çınqıl örtüklü olmaqla yolun eni isə 4-5 metrdir.
Sözügedən avtomobil yolu IV texniki dərəcəli və 2 hərəkət zolaqlı olmaqla yenidən qurulur. Yolun hərəkət hissəsi 6 metr olacaq, odur ki, hazırda aparılan torpaq işləri bitəndən sonra 150 min kvadratmetrə yaxın sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtük döşənəcək.
Tikinti layihəsinə uyğun olaraq, hazırda yol boyu 10 metr enində yeni yol yatağı inşa olunur, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılır, yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün tələb olunan qalınlıqda yararlı qrunt tökülərək yayılır və kipləşdirilir.
Bundan başqa, yolun normativ eninin alınması üçün müəyyən hissələrdə qaya tipli süxurların mexanizmlə kəsilməsi və yolun genişləndirilməsi işləri aparılır. Bunun ardınca isə yol əsasının alt layının tikintisi optimal qırmadaş, üst layının tikintisi isə qum-çınqıl qarışığı ilə aparılacaq, çiyinlərin bərkidilməsi işləri görüləcək.
Avtomobil yolu üzərində hər birinin uzunluğu 12 metr olan 2 yeni avtomobil körpüsünün inşası və zəruri nöqtələrdə 40 ədəd yeni suötürücü dəmir-beton boruların tikintisi nəzərdə tutulub.
Tikinti norma və qaydalarına uyğun olaraq, texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə aparılan tikinti işlərinin sonuncu mərhələsində yol nişanları və məlumatverici lövhələrin, siqnal dirəklərinin quraşdırılması, yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.
Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişindaşınması asanlaşacaq, yol boyu 9 yaşayış məntəqəsində yaşayan 3 mindən artıq vətəndaşın həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatı inkişaf edəcək.
Bununla yanaşı, yeni tikilən avtomobil yolu bölgədə turizmin inkişafına da geniş imkanlar yaradacaq.
Hazırda həmçinin Yevlax rayonunda Qoyunbinəsi-Hacımahmudlu-Nuralılar-Qaramanlı-Nəmərli marşrutu üzrə yaşayış məntəqələrini birləşdirən yeni avtomobil yolu inşa edilir. 9,7 kilometr uzunluğa malik Qoyunbinəsi-Hacımahmudlu-Nuralılar-Qaramanlı-Nəmərli avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa olunur.
Yolun ensiz olması yol yatağının genişləndirilməsinə zərurət yaradıb. Bu məqsədlə əraziyə xüsusi qrunt gətirilərək yol genişləndirilir. Bu işlər yolun 10 min kvadratmetrdən çox hissəsində aparılır. Bundan başqa, 5 min kubmetrdən çox həcmdə yolun deformasiyaya uğramış hissələrinin qazılaraq çıxarılması, əvəzinə yararlı material tökülərək kipləşdirilməsi və yeni yol yatağının inşası işləri görülür.
Yol yatağı hazır olan hissələrdə qum-çınqıl qarışığından ibarət əsasın alt layının tikintisi işləri də aparılır. Bunun ardınca isə optimal-qırmadaş qarışığından istifadə edilərək lazımi qalınlıqda əsasın üst layının inşası nəzərdə tutulub.
Ümumilikdə, sözügedən torpaq işləri 100 min kvadratmetrdən çox ərazini əhatə edəcək. Həmçinin 40 min kvadratmetrə yaxın sahədə çiyin hissələr lazımi materialla bərkidilir.
Layihə çərçivəsində yeni suötürücü boruların inşası işləri də həyata keçirilir. Belə ki, borular istismara yararsız olduğundan yenisi ilə əvəz olunmasına ehtiyac var idi. Bu məqsədlə 144 poqonmetr uzunluğunda 12 ədəd metal borunun və müxtəlif diametrli 36 poqonmetr uzunluğunda 3 ədəd dəmir-beton borunun quraşdırılması, boru başlıqlarının dəmir-betonla inşası aparılır.
Torpaq işləri bitəndən sonra texnoloji ardıcıllığa uyğun olaraq iri və xırda dənəli asfalt-beton qarışığından istifadə edilərək örtüyün alt və üst layı 12 santimetr qalınlıqda asfaltlanacaq. Tikinti işlərinin sonuncu mərhələsində 5 nöqtədə avtobus dayanacağı, 34 ədəd yol nişanı və göstəricinin, 460 ədəd isə siqnal dirəyi quraşdırılacaq, 29 kilometr uzunluğunda yolun xətlənməsi işləri görüləcək.
Sözügedən ərazidə yeni və müasir yol infrastrukturu yaradılmaqla avtonəqliyyat vasitələrinin normal hərəkəti təmin olunacaq, 7 yaşayış məntəqəsinin 7 minə yaxın əhalisinin respublika əhəmiyyətli Mingəçevir-Bəhramtəpə avtomobil yolunun 36-cı kilometrinə rahat çıxış əldə etməklə gediş-gəlişi asanlaşacaq.
Yol layihəsinin icrası avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla, həm də kənd təsərrüfatının inkişafına təkan verəcək, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradacaq.
Hacıqabul rayonunda 19 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolu da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulur. Agentliyin mətbuat xidmətindən bildirilib ki, uzunluğu 51,5 kilometr olan yol 4-cü texniki dərəcəyə uyğun inşa olunur.
Layihəyə görə, yolun çiyinlərinin eni hər bir istiqamət üzrə 2 metr, 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni isə 6 metr nəzərdə tutulub.
Layihə çərçivəsində hazırda sözügedən avtomobil yolunda torpaq işləri aparılır, yeni yol yatağı və yol əsası inşası yekunlaşmaq üzrədir. Torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirmə işləri görülür.
Torpaq işlərinə paralel olaraq, hazır olan hissələrə isə 2 qat asfalt-beton örtüyü döşənir. Artıq yolun 30 kilometrə yaxın hissəsində asfaltlanma işləri yekunlaşıb.
Ümumilikdə isə 300 min kvadratmetr ərazinin asfaltlanması işləri aparılacaq. Asfalt döşənən ərazilərdə çiyin hissələrin bərkidilməsi işləri də görülür. Eyni zamanda, suların ötürülməsi üçün 15 yerdə ümumi uzunluğu 300 poqonmetr müxtəlif diametrli dəmir-beton borular da quraşdırılır.
Yolun tikintisi yekunlaşandan sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə təhlükəsizlik dirəkləri, yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, xətlənmə işləri aparılacaq.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Azərbaycanda yol infrastrukturunun daha da təkmilləşdirilməsi və müasirləşdirilməsi, yeni körpülərin və yolayrıcılarının tikilməsi, magistral yolların salınması kimi sosial yönlü tədbirlərin icrası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uğurla icra olunur. Kürdəmir rayonunda bu çərçivədə 2 yol infrastrukturu layihəsinin icrası nəzərdə tutulub. Artıq onlardan birinə, Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun inşasına start verilib.
Kürdəmir rayonunda bu il nəzərdə tutulan yol layihələri 15 minə yaxın vətəndaşın yaşadığı 10 yaşayış məntəqəsini əhatə edən 71,2 kilometr uzunluğunda avtomobil yollarıdır. Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun əhatə etdiyi yaşayış məntəqələri 6 mindən artıq əhalinin yaşadığı 7 kənddir. Bu kəndlər arasında nəqliyyat əlaqəsi çox pis vəziyyətdə olub. Çünki torpaq və dağılmış qara örtük əsaslı yolla gediş-gəliş çox çətin olub.
37,2 kilometr uzunluğa malik avtomobil yolunun 29,2 kilometrlik hissəsi deformasiyaya uğramış qara örtük olduğu üçün həmin hissədə yol yatağı qazılaraq çıxarılır, 10 metr enində yeni yol yatağının inşası istiqamətində addımlar atılır. Yol yatağı hazır olan hissələrdə yol əsasının alt layının tikintisi işləri 20 santimetr qalınlıqda qum-çınqıl qarışığı ilə aparılır. Daha sonra yol əsasının üst layının 12 santimetr qalınlıqda optimal-qırmadaş qarışığı ilə aparılması nəzərdə tutulub.
Yolun 8 kilometrlik hissəsi isə torpaq örtüklü olduğu üçün bu ərazidə tikinti norma və qaydalarına uyğun olaraq yeni yolun inşası işləri aparılır. Hazırda ərazidə yolun profilə salınması, bitki qatının təmizlənməsi və xüsusi çınqıl materialı ilə yeni yol yatağının inşası işləri aparılır. Texnoloji ardıcıllıqla aparılan tikinti işlərinin növbəti mərhələsində yol əsasının inşası işlərinə start veriləcək.
Layihə çərçivəsində yolboyu yararsız vəziyyətdə olan suötürücü boruların yeniləri ilə əvəz edilməsi və yenilərinin quraşdırılması işləri də görülür. Bunun üçün 72 poqonmetr müxtəlif diametrli dairəvi dəmir-beton borulardan istifadə olunur. Bundan başqa, yolda yerləşən 2 və 4 aşırımlı 2 avtomobil körpüsünün əsaslı şəkildə bərpası, yararsız körpü məhəccərlərinin dəyişdirilməsi də görüləcək işlərin siyahısındadır.
Torpaq işləri bitəndən sonra yol əsasına əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt layının 7 santimetr qalınlıqda iri dənəli, üst layının isə 5 santimetr qalınlıqda xırda dənəli asfalt-beton örtüyü ilə tikintisi işləri aparılacaq.
Yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə 8 avtobus dayanacağının tikilməsi, 120 yol nişanının, 37 kilometr göstəricisinin və 95 məlumatverici lövhənin, həmçinin 1480 siqnal dirəyinin quraşdırılması, 100 kilometrdən çox ağ və sarı xəttin çəkilməsi işləri aparılacaq.
Qeyd edək ki, Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun yenidən qurulması yolboyu yaşayan vətəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna asan çıxış əldə etməklə, istər rayon mərkəzinə, istərsə də digər rayonlara rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişindaşımasına müsbət təsir etməklə, ərazidə kənd təsərrüfatının inkişafına səbəb olacaq.
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq Astarada üç kəndi birləşdirən Ojəkəran-Tüləgüvan-Təngərüd avtomobil yolunun tikintisinə başlanılıb.
Uzunluğu 11 kilometr olan avtomobil yolu IV texniki dərəcəyə uyğun salınır. Layihəyə uyğun olaraq yol iki hərəkət zolaqlı olmaqla, eni 8 metrdir.
Hazırda yolda torpaq işləri görülür, yol yatağının inşası aparılır. Torpaq işləri yekunlaşdıqdan sonra yol əsasının tikintisi işlərinə başlanılacaq. Yol əsasının inşası qum-çınqıl və optimal qırmadaş qarışığından aparılacaq. Daha sonra yola ikiqat olmaqla, yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 703 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31