Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ulu öndər Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir

Ulu öndər Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir

09.05.2018 [10:35]

İctimai bir qrupun millət hesab edilməsinin əsas şərti onun kimliyinin təməlini təşkil edən milli-mənəvi dəyərlər sisteminə malik olmasıdır. Milli-mənəvi dəyərlər həm də milli ruhun, milli şüurun simvolu olaraq tarixi yaddaşın fundamental prinsiplər əsasında formalaşması deməkdir. Xalqımız keçmişin bütün buxovlarından azad olduqdan sonra əlindən zorla alınmış milli-mənəvi dəyərlərin, milli özünüdərkin formalaşmasına yeni zəmin yarandı. Müasir tariximizin səhifələrində yer almış milli oyanış dövründə millətin həmin dəyərlər uğrunda canından belə keçməyə hazır olması xalqımızın milli dəyərlərə sadiqliyinin nümunəsidir.
Hər bir xalqın mənəvi-əxlaqi dəyərlərini qoruyaraq gələcək nəsillərə ötürməsi fenomen şəxsiyyətlərin üzərinə düşür. Yalnız böyük şəxsiyyətlər yetişdirən xalqlar minilliklər boyu möhkəm mənəvi təməl üzərində inamla irəliləyirlər. Azərbaycanda bu ağır və taleyüklü missiyanı Ulu öndərimiz Heydər Əliyev öz üzərinə götürmüşdür.
1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi baryerlərə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə başlamış, ictimai şüurdakı qorxunu, ehtiyatlılığı aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacarmışdır. Ulu öndər xalqda milli heysiyyəti gücləndirmək, onu öz şanlı keçmişinə, soy-kökünə qaytarmaq, habelə zəngin bədii irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün bir sıra aşkar-gizli tədbirlər həyata keçirmişdir.
Bu dövrdə iqtisadi sahədən tutmuş mədəni sahəyə qədər ölkədəki bütün sahələrdə yerli kadrlar yetişdirilmişdi və xalqımızın öz milli kimliyinə sahib çıxması üçün əlverişli mühit yaradılmışdı. Ulu öndər mərkəzdən gələn təhlükəyə baxmayaraq, hər vəchlə millətin təəssübünü çəkən ziyalılarımızı qorumuş, onları kommunist rejimin caynağından xilas etmişdir. Başda Bəxtiyar Vahabzadə olmaqla bir çox ziyalımızın o dövrlə əlaqəli xatirələri bu fəaliyyətlərin şahididir. Milli bayramlarımızın təntənəli şəkildə qeyd olunması, dilimizin dövlət dili statusunda qorunması üçün görülən işlər də Ulu öndərin xalqın gələcəyinə hesablanmış uzaqgörən siyasətinin bir parçası idi.
Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın başçısı kimi fəaliyyətə başlayanda da eyni mövqeni Öz siyasətinin əsas xətti kimi götürmüş, milli-mənəvi dəyərlərin inkişafı üçün əzmlə çalışmışdır. Ulu öndər Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə (1993-2003-cü illər) xalqımızın milli-mənəvi dəyərlərinin, onun adət-ənənələrinin dirçəldilməsi, xüsusən, İslam mədəniyyəti nümunələri olan məscidlərin, tarixi memarlıq abidələrinin, ziyarətgahların bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi onun xalqa mənəvi bağlılığını və İslami dəyərlərə sədaqətini göstərən parlaq dəlillərdır. Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra respublikamızda dini bayramların, o cümlədən Qurban bayramının qeyd olunmasını rəsmiləşdirən Ulu öndər demişdir: “Müsəlmanların böyük bir təntənə ilə, həmrəylik və qardaşlıq rəmzi ilə qeyd etdikləri Qurban bayramı insanlar üçün yüksək bəşəri-mənəvi dəyərlərdən faydalanmaq imkanları yaradır. İslamın insanpərvərlik, mehribanlıq və mərhəmət prinsiplərinə həmişə sadiq qalmış Azərbaycan xalqı tarixin çətin dövrlərində belə, Qurban bayramını özünün ən əziz günlərindən biri kimi qeyd etmişdir. Dövlət müstəqilliyimizin bərpasından sonra bu günün rəsmi şəkildə bayram edilməsi xalqımızın öz milli və dini ənənələrinə sədaqətinin parlaq ifadəsidir”. Heydər Əliyev mürəkkəb struktura malik olan milli-mənəvi dəyərlər sisteminin üç tərkib hissəsini xüsusi ilə qeyd edirdi: dil, din və adət-ənənə.
“Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” - deyən dahi şəxsiyyət azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi dəyərləri təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın, dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirmişdir.
Ümummilli lider nəinki konsepsiyanı yaratmışdı, həm də çox böyük müdrikliklə, səbir və təmkinlə həyata keçirmişdir. “... Fəxr edirəm ki, mən azərbaycanlıyam!” - deyən böyük siyasətçi bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durmuşdur.
Heydər Əliyev həmişə həm müdrik el ağsaqqalı, həm də təcrübəli dövlət başçısı kimi, cəmiyyətimizin mənəvi əsaslarını təşkil edən ümdə prinsiplər və onların qorunub inkişaf etdirilməsi istiqamətləri barədə çox dəyərli fikirlərini xalqla bölüşmüşdür. Belə bir ünsiyyətin fərqləndirici əlaməti onun rəsmiyyətdən uzaqlığı, cəmiyyətin sadə üzvləri ilə daim təmasda olması, həmişə xalqa bağlılığı ilə şərtlənirdi. Fenomen şəxsiyyət təlqin edirdi ki, sərvət toplamaq, son dəblə geyinmək, bütövlükdə müəyyən maddi sərvətlərə malik olmaq mümkündür. Lakin hər bir insan və hər bir millət, hər şeydən əvvəl, öz xalqının mənəvi sərvətlərinə sahib çıxmalı, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və milli-mənəvi dəyərlərini qorumalıdır. Gələcək nəsillərə, bəlkə də, maddi sərvətlər və iqtisadi mirasdan daha çox mənəvi irs, milli mentalitet ərməğan edilməlidir.
Bu gün Azərbaycan dini dözümlülük və tolerantlıq baxımından bütün dünyaya nümunə göstərilir. Ötən əsrin 70-ci illərində - dinsiz və allahsız sovet cəmiyyətində Heydər Əliyev İslam dininə aid ibadətgahların bərpasına nail olmuşdu. Ulu öndərin bu istiqamətdə reallaşdırdığı tədbirlər qeyd edilən faktlarla bitmir. Onun ən böyük uzaqgörənliklərindən biri də 70-ci illərdə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin fəaliyyətinin güclənməsinə göstərdiyi yardım sayıla bilər. Şərq ölkələrində, xüsusən müsəlman aləmində Heydər Əliyevin həmin addımı çox böyük bir İslam təəssübkeşliyi kimi qiymətləndirilirdi.
Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti seçilməsi ilə ölkəmizdə milli-mənəvi dəyərlərə, dinə münasibət kökündən dəyişmişdi. Qısa müddətdə məscidlər təmir və bərpa olunmuşdu. Bibiheybət məscidi yenidən ucaldılmışdı.
Ümummilli liderimiz dəfələrlə öz çıxışlarında İslam dininin missiyası ilə bağlı müsbət fikirlərini xalqla bölüşərək demişdir: “İslam dini yaranandan indiyə qədər kürreyi-ərzin insanlarının çox hissəsini düz yola, ədalətə, saflığa, paklığa, yüksək mənəviyyata yönəltmiş və onların belə yaşamasını təmin etmiş müqəddəs bir dindir. İslam dini bəşər tarixində misilsiz xidmətlər göstərmiş, insanların, müsəlmanların yüksək mənəvi-əxlaqi dəyərlərə nail olmasını təmin etmiş və bu dinə itaət edən insanları dünyanın bütün əzab-əziyyətlərindən, keşməkeşlərindən ötürüb onların yaşayışını təmin etmiş, onları yaşatmışdır. Biz fəxr edə bilərik ki, İslam dini kimi yüksək mənəvi-əxlaqi dəyərlərə mənsub olan dinimiz var, müsəlmanları yaşamaq, yaratmaq, mübarizə aparmaq, öz həyatını qurmaq, azadlığını təmin etmək, torpağını qorumaq yolları ilə məhz islam dini aparıbdır, onun qanunları, tövsiyələri, Qurani-Şərifin ayələri, surələri, kəlamları aparıbdır”.
Dini ibadətgahlarımızın və abidələrimizin bərpası və yenidən inşası da Ulu öndərin müstəqil Azərbaycanın Prezidenti olduğu dövrə təsadüf edir. Məhz bu dövrdə yüzlərcə ibadətgah inşa və yaxud bərpa edilmiş, dini dəyərlərimiz yenidən canlanmışdır. Xalqımızın əsrlərcə ziyarət yeri olan, lakin sovet rejimi tərəfindən dağıdılan Bibiheybət məscidi və ziyarətgahının Heydər Əliyevin əmri ilə dövlət hesabına yenidən inşa edilməsi Onun bu sahədəki xidmətlərinin bir göstəricisidir. Belə misalların sayı olduqca çoxdur. Dövlət qurucusu İslamı bizim milli-mənəvi kimliyimizin ayrılmaz hissəsi kimi qəbul edirdi. “Dinimiz xalqımızın milli-mənəvi sərvətidir” sözləri Onun dinə baxışını çox gözəl şəkildə xülasə edir. Ulu öndər dinimizin ilahi əxlaqi dəyərlər sistemi olaraq mənimsənilməsinin, xüsusilə gənclərin formalaşmasında müsbət bir funksiya icra edəcəyini düşünürdü.
Bu baxımdan Heydər Əliyevin nəzərdə tutduğu dünyəvilik modeli din və dövlət işlərinin bir-birindən ayrıldığı, lakin dövləti təşkil edən xalqın təməl dəyərlərindən biri kimi dini dəyərlərin hörmətlə qarşılandığı və qorunduğu modeldir. Məhz bu anlayış sayəsində dövlətin birbaşa vəzifəsi olmasa da, bir çox dini məbəd və abidələr dövlət tərəfindən bərpa olunur, Azərbaycanda fəaliyyət göstərən müxtəlif dinlərə məxsus icmalara dövlət tərəfindən mütəmadi maddi yardımlar verilir.
Ulu öndər 2001-ci ilin avqust bəyanatında milli mentalitetlə əlaqədar demişdir: “Hər xalqın öz mentaliteti var. Bizim Azərbaycan xalqının mentaliteti onun böyük sərvətidir. Heç vaxt iki xalq bir-birinə bənzəməz. Heç vaxt iki xalq bir-birinə bənzər dəyərlərə malik ola bilməz. Yenə də deyirəm, hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik”.
Ölkəmiz müsəlman dünyasının ayrılmaz hissəsi olaraq İslam mədəniyyətinin inkişafına tarixən öz töhfələrini vermişdir. Eyni zamanda, İslam dini xalqımızın həm dini əqidəsi, həm də milli-mənəvi dəyərlərin tərkib hissəsi kimi insanların həyatında mühüm rol oynamışdır.
Xalqımızın mənəvi inkişafında, gənclərimizin əxlaqının formalaşmasında azərbaycanlıların ailə institutunun möhkəm təmələ söykənməsində İslamın rolu əvəzsizdir. İslam bütün müsəlman dünyası tərəfindən qəbul edilə biləcək vahid ilahiyyat konsepsiyası yaratmışdır. İslamın həyat qabiliyyəti dini sistem çərçivəsində müxtəlif nöqteyi-nəzərlərin yanaşı mövcudluğuna imkan verməsi ilə təmin olunur. Ulu öndər milli-mənəvi dəyərlərin xalqın, vətəndaşların milli birliyinə xidmət etdiyini həmişə vurğulamış, dini bayramların milli həmrəyliyin təmin edilməsində mühüm rol oynadığını qeyd etmişdir.
Heydər Əliyev xalqın saf inanclarını, sağlam dəyərlərini bütün siyasi proseslərin fövqündə saxlayaraq qorumağı bacarmış lider kimi əbədiyaşarlıq zirvəsinə ucalmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında Onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq Onun siyasəti yaşayır, Onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır”.
Bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə çevrilməsinə, xalqımızın daha firavan həyatına qovuşmasına mütləq əminlik yaradır.
Amil CAVADOV,
YAP Gənclər Birliyinin Şura üzvü

Paylaş:
Baxılıb: 257 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30