
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyunun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gədəbəy şəhərində bölgə vətəndaşlarını qəbul edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəbuldan əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Paşayev Ümummilli liderin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Heydər Əliyev Mərkəzində keçirilən qəbulda komitə sədri Mübariz Qurbanlı Şəmkir, Ağstafa, Gədəbəy, Qazax və Tovuz rayonlarının sakinlərinin müraciətlərinə baxıb.
Vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərin dini təyinatlı kitablarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.
Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib.
- Oxunub: 3630 |
- Tarix: 22-06-2018 |
-
Çap et |