Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biri olan Azərbaycan dili xalqımızın mənəvi sərvətidir

Dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biri olan Azərbaycan dili xalqımızın mənəvi sərvətidir

01.08.2018 [09:44]

Ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan əlifbası və Azərbaycan dili günüdür
Müasir dövrdə qloballaşma şəraitində xalqların öz mövcudluğunu sürdürməsini və tarix səhnəsində özünəməxsus yer tutmasını təmin edən strateji əhəmiyyətli fundamental amillərdən biri ana dilinin qorunub saxlanmasıdır. Başqa sözlə, xalqların inkişaf yolu və tarixinə nəzər saldıqda bəlli olur ki, bir millətin mövcudluğu və tərəqqisi üçün vacib şərtlərdən biri onun dilinin qorunmasıdır. Hər bir millətin təşəkkülündə, milli birliyin formalaşmasında zəruri amillərdən biri olan dil həm də özündə xalqların keçdiyi tarixi yolu, onların mədəni sərvətlərini, səviyyələrini ehtiva edir. Bu mənada qeyd edə bilərik ki, zaman-zaman ciddi sınaqlarla qarşı-qarşıya qalan Azərbaycan dili xalqımızın milli sərvətidir. Ümumiyyətlə, Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsinin əsasları və mahiyyətini daha yaxşı anlamaq üçün tarixi reallıqlar kontekstində bir sıra məqamlara toxunmaq məqsədəmüvafiqdir.
Qeyd etdiyimiz kimi, tarixin müxtəlif dövrlərində ciddi sınaqlarla qarşı-qarşıya qalan Azərbaycan dilinin inkişafına ilk növbədə xüsusilə 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu qısa müddətdə böyük diqqət göstərilib. Daha sonra Azərbaycanın SSRİ-nin tərkibində olduğu illərdə isə dilimizə qarşı hücumların yeni dalğası başlandı. Həmin vaxt “sovet xalqı” formalaşdırmaq adı altında müxtəlif xalqların dilini, mədəniyyətini, milli kimliyini yox etməyə yönələn siyasət Azərbaycanda da özünü göstərirdi. Belə ki, ölkədə rəsmi dövlət dili rus dili idi, rəsmi tədbirlərdə bir qayda olaraq rus dilində çıxışlar üstünlük təşkil edirdi. Analoji vəziyyət özünü radio, televiziya və yazılı mətbuatda da göstərirdi. Ölkədə elə bir psixoloji mühit yaradılmışdı ki, hətta bəzən sıravi insanlar arasında da Azərbaycan dilində danışmaq, rus dilini bilməmək qəbahət hesab olunurdu.
Ulu öndər Heydər Əliyev tərəfindən ana dilimizin qorunması istiqamətində tarixi əhəmiyyət kəsb edən qərarlar qəbul edilib
Məhz belə bir şəraitdə Azərbaycan dilini sevən, ona hörmətlə yanaşan Ümummilli liderimiz Heydər Əliyev ana dilimizə münasibəti ilə hər kəsə örnək oldu, milli dilimizin qorunması və təbliği istiqamətində müstəsna tədbirlər gördü. Ümummilli lider Heydər Əliyev qeyd edib ki, millətin milliliyini saxlayan onun dilidir: “Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, bu həm də azərbaycançılıq məsələsidir”.
İlk növbədə onu qeyd edək ki, Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra məhz Azərbaycan dili siyasi elitanın dilinə çevrilməyə başladı. Bu, Azərbaycan dilinin inkişaf tarixində ən parlaq səhifələrdən biri kimi yadda qalıb. Ən mühüm məqamlardan biri isə budur ki, Ulu öndər 1978-ci ildə tarixi bir uğura imza atdı. Belə ki, həmin ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dili rəsmi dil statusu əldə etdi. Beləliklə, Azərbaycan yerli dilin rəsmi dil statusuna malik olduğu azsaylı sovet respublikalarından biri idi.
Bundan başqa, müstəqillik illərində də Ulu öndər Heydər Əliyev tərəfindən milli dilimizin qorunması istiqamətində tarixi əhəmiyyət kəsb edən qərarlar qəbul edildi. Bu məqamda qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan əlifbası və Azərbaycan dili günüdür. Bundan öncə isə 2001-ci ilin iyununda Ulu öndər Heydər Əliyev tərəfindən “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalanmışdı. Vurğulamaq gərəkdir ki, Azərbaycan dilinin tarixində bu səviyyədə sənəd qəbul olunmayıb. Çünki sənəddə çox ciddi, fundamental və strateji münasibət ortaya qoyulub. Burada dilin tarixindən başlamış, müasir dövrümüzə qədər olan məsələlər geniş şəkildə öz əksini tapıb. Dövlətin dil siyasətini bütün miqyası ilə olduqca dolğun şəkildə əks etdirən Fərman həm də elmi-metodoloji məzmunu ilə diqqəti cəlb edir. Sənəddə Azərbaycan dilinin mənşəyi məsələsinə ayrıca və geniş yer ayrılıb.
Prezident İlham Əliyev dilimizin qorunmasına və inkişafına böyük həssaslıqla yanaşır
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşır. Azərbaycan dilinin qorunmasına, dilimizə daim qayğı göstərilməsinə və onun yad təsirlərdən qorunmasına önəm verən dövlətimizin başçısı qeyd edib: “Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli siyasətin mühüm strateji istiqamətlərindən biri kimi Azərbaycan dilinin mühafizəsi və təbliği yönündə reallaşdırılan fundamental tədbirlər həm də milli ideologiyanın - azərbaycançılığın daha da möhkəmlənməsini və kütləvilik səviyyəsinin daha da artmasını şərtləndirib. Ümumiyyətlə, Azərbaycançılıq ideologiyası çərçivəsində diqqət yetirilən mühüm strateji istiqamətlərdən biri də ana dilimizin qorunmasıdır. Azərbaycan dövləti bu istiqamətdə mühüm addımlar ataraq sistematik tədbirlər görür. Azərbaycançılıq ideologiyasına mənəvi sərvət kimi yanaşan Ümummilli lider Heydər Əliyev deyirdi: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq... azərbaycanlılar harada yaşamalarından asılı olmayaraq daim öz milli, mənəvi dəyərlərinə, milli köklərinə sadiq olmalıdırlar. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövləti müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan bütün azərbaycanlılar üçün əsas ideya olub. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.
Bunlarla yanaşı, Prezident İlham Əliyevin imzaladığı Fərman və sərəncamlar milli dilimizin mühafizəsi və inkişafı yönündə mühüm əsas olmaqla yanaşı, eyni zamanda, milli identikliyi də gücləndirən əhəmiyyətli amildir. “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli Sərəncamı da bu istiqamətdə xüsusi əhəmiyyət kəsb edir. Qeyd edək ki, bu Sərəncam əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olundu. Dövlət başçısının sonrakı sərəncamları əsasında isə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi.
Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafı diqqət mərkəzindədir
Sadalananlarla yanaşı, bir nüansa da xüsusi nəzər salmaq lazımdır. Belə ki, sovet dövründə Azərbaycan dilçilərinin dünya elmində cərəyan edən proseslərdən təcrid olunması ilə əlaqədar ölkəmizdə dilçilik sahəsində müəyyən boşluqlar yaranmışdı və bunları aradan qaldırmaq üçün dövlət başçısı tərəfindən 2012-ci il mayın 23-də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncamın imzalanması müstəsna əhəmiyyət kəsb edir. Sərəncamda Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biri kimi səciyyələndirilib. Diqqətə çatdırılıb ki, bu dildə dünya ədəbiyyatı xəzinəsinə daxil olan misilsiz əsərlər yaradılmışdır. Hər bir azərbaycanlının tarixin ayrı-ayrı dövrlərində dilimizin dövlət dili kimi fəaliyyət göstərməsindən böyük qürur hissi keçirdiyinin vurğulandığı Sərəncamda ölkəmizin zaman-zaman müxtəlif imperiyalar tərkibində yaşamağa məcbur olmasına baxmayaraq, ana dilimizin hətta bu ağır vaxtlarda belə milli məfkurənin, milli şüurun və milli-mədəni dəyərlərin layiqincə yaşamasını və inkişafını təmin etdiyi bildirilib. Bu gün onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur. Ana dilimizin öz ifadə imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik strukturunun sabitliyi ilə səciyyələndiyinin vurğulandığı Sərəncamda müasir Azərbaycan ədəbi dilinin siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik, yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dil olduğu diqqətə çatdırılıb. Bildirilib ki, o, özünün indiki yüksək səviyyəsinə görkəmli şair və yazıçıların, maarifpərvər ziyalıların zəhməti sayəsində çatmışdır. Bu prosesdə Azərbaycan dilçilik elminin böyük xidməti vardır.
“Xalqımızın böyük oğlu Heydər Əliyev respublikamıza rəhbərlik etməyə başladığı ilk vaxtlardan Azərbaycan ədəbi dilinə ayrıca diqqət yetirmiş, ana dilimizin Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi xüsusi maddədə göstərilməsinə nail olmuşdu. Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dövlət quruculuğu strategiyasının tərkib hissəsi olan dil siyasətinin nəticəsidir ki, 1970-ci illərdə Azərbaycan dilinin tarixi intensiv şəkildə öyrənilmiş, müasir Azərbaycan dilinin problemləri ilə bağlı çoxsaylı elmi-nəzəri əsərlər yaradılmışdır. Ali məktəblər üçün yazılmış dörd cildlik “Müasir Azərbaycan dili” dərsliyi 1974-cü ildə məhz Ulu öndərin təşəbbüsü ilə milli dilçilik elminin inkişafına töhfə kimi qiymətləndirilərək respublikanın Dövlət mükafatına layiq görülmüşdür. Azərbaycan dilinə və ümumiyyətlə, Azərbaycan dilçilərinin əməyinə verilən qiymət və onlara göstərilən qayğı Azərbaycanın keçmiş sovet məkanında, eyni zamanda, beynəlxalq elm aləmində türkologiyanın mərkəzlərindən biri kimi tanınmasına gətirib çıxarmışdır. SSRİ Elmlər Akademiyasının bu istiqamətdə yeganə “Türkologiya” jurnalı məhz Bakıda nəşr edilirdi”, - deyə Sərəncamda vurğulanıb. Azərbaycan Respublikası öz müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dilinin xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət kəsb etməyə başladığının nəzərə çatdırıldığı Sərəncamda bildirilib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2 yanvar 2003-cü il tarixli fərmanları ilə ədəbi dilimizin fəaliyyət meydanı daha da genişləndirilmiş, onun müxtəlif üslublarının potensialı bir daha üzə çıxarılmış, bütünlükdə dil mədəniyyətimiz qarşısında yeni üfüqlər açılmışdır. Sərəncamda həmçinin mühüm vəzifələr qarşıya qoyulub: “Dilçilik elmimiz təkcə Azərbaycan dili ilə bağlı deyil, həmçinin onun digər türk dilləri ilə münasibətlərini öyrənmək istiqamətində ciddi addımlar atmalı, müasir dillərin nəzəri cəhətdən araşdırılmasına, eyni zamanda, qədim dünya dilləri və mədəniyyətlərinin tədqiqinə yönələn yeni layihələr işləyib hazırlamalıdır”.
Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı tədbirlərin reallaşdırılması müstəsna əhəmiyyətə malikdir
Qeyd edək ki, Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı tədbirlərin reallaşdırılması da diqqət mərkəzindədir. Yeri gəlmişkən, Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı da Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Sözügedən Sərəncamda qeyd edilib ki, Azərbaycan dili xalqımızın mənəvi sərvəti və dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biridir. Ölkədə dil siyasətinin formalaşdırılması, ana dilinin dövlət dili olaraq tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilməklə, həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolunun və nüfuzunun yüksəlməsi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Diqqətə çatdırılıb ki, müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti, Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanları, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”, eləcə də “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu və dil siyasəti sahəsində digər normativ hüquqi aktlar, həmçinin tədbirlər Azərbaycanda dilçilik sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən etmişdir. “Bu gün Azərbaycan dilinin istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılmışdır. Eyni zamanda, elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Azərbaycan Respublikasında hər il yüzlərlə əcnəbi təhsil alır. Ölkəmizi əcnəbi tələbələrə daha yaxından tanıtmaq, onların Azərbaycan cəmiyyətinə inteqrasiyasını asanlaşdırmaq və ölkəmizlə mənəvi bağlarını daha da möhkəmlətmək üçün əcnəbilərin, o cümlədən ölkəmizdə təhsil alan xarici ölkə vətəndaşlarının Azərbaycan dilini öyrənməsinə imkan yaradılması əhəmiyyətli məsələlərdən biridir”, - deyə Sərəncamda vurğulanıb.
Beləliklə, Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu milli siyasətin fonunda milli dilimizin - Azərbaycan dilinin mühafizəsi və inkişafı yönündə həyata keçirilən səmərəli tədbirlərin Prezident İlham Əliyev tərəfindən dövrün aktual çağırışlarına və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi Azərbaycan dilinin milli həmrəylik, bütövlük və identikliyi təmin edən əsas faktorlardan biri kimi çıxış etməsini şərtləndirib.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 684 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Milli Məclisdə...

24 Aprel 10:19

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30