
Dəfələrlə sınaqdan uğurla çıxan Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı əbədiyyətə qədər davam edəcək
Azərbaycan xalqı öz tarixinin şanlı bir səhifəsinin - 1918-ci ilin 15 sentyabrında Bakının erməni-bolşevik işğalından azad edilməsinin 100 illiyini qeyd etməyə hazırlaşır. Bu məqsədlə paytaxtımızda möhtəşəm parad keçiriləcək.
100 il bundan əvvəl - Azərbaycan Xalq Cümhuriyyəti yaranan vaxtda Bakı, necə deyərlər, yad əllərdə idi. Şəhərə bütünlüklə erməni-bolşevik qruplaşması nəzarət edirdi. Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq Komissarları Sovetinin qarşıya qoyduğu əsas məqsədlərdən biri yaxın perspektivdə Bakının milli tərkibini ermənilərin xeyrinə dəyişmək, daha sonra isə Azərbaycandan ayırıb ona muxtariyyət statusu qazandırmaq idi. Vəziyyəti gərginləşdirən digər xarici amillər də var idi. Təhlükə yaradan əsas məqamlardan biri ondan ibarət idi ki, Bakı nefti müxtəlif imperialist güc mərkəzlərinin diqqətini özünə çəkirdi. Tarixi Azərbaycan şəhəri olan Bakıda müxtəlif dövlətlərin maraqları kəsişirdi...
Azərbaycan ərazilərinin erməni-bolşevik işğalından azad edilməsinə Gəncədən başlanıldı
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın zəngin dövlətçilik tarixində mühüm bir halqanı təşkil edir. Bununla xalqımız milli şüurunda zəngin dövlətçilik ənənələrinə sadiq qaldığını bir daha nümayiş etdirdi.
Lakin AXC çox mürəkkəb bir dövrdə elan olunmuşdu. Mövcud ictimai-siyasi vəziyyət, xarici təhdidlər və tarix boyu xəyanətkar mövqe tutan erməni daşnaklarının vəziyyətdən sui-istifadə etmək cəhdləri AXC üçün ciddi təhdidlər yaradırdı.
AXC-nin qurucuları Bakının bütünlüklə daşnak-bolşevik nəzarəti altında olması səbəbindən respublikanın ikinci böyük şəhəri Gəncədə fəaliyyət göstərməyi qərara almışdılar. Həmin dövrdə Gəncədə də vəziyyət ağır idi. Daşnak-erməni qruplaşması Bakı kimi Gəncəni də tamamilə öz nəzarətləri altına keçirmək istəyirdi.
Belə çətin dönəmdə Qafqaz İslam Ordusunun göstərdiyi fədakarlıqlar olmasaydı, AXC Gəncədə öz fəaliyyətini təşkil edə bilməzdi. Qafqaz İslam Ordusu beş minlik əlahiddə Azərbaycan hərbi korpusu, beşinci, doqquzuncu və on beşinci Çanaqqala alayları bazasında yaradılmışdı və onun komandanı Nuru paşa təyin edilmişdi. Türk qoşun hissələrinin Gəncəyə gəlməsi daşnak-bolşevik qruplaşmasının böyük hiddətinə səbəb olmuşdu. Onlar iki istiqamətdən - Şamaxı yolu və dəmir yolu xətti ilə Bakıdan Qərbə doğru irəliləməkdə idilər. S.Şaumyanın rəhbərlik etdiyi qüvvələrin məqsədi Gəncədə AXC-nin fəaliyyətinə imkan verməmək, milli hökuməti elə beşikdəcə boğmaq idi. Buna görə də yerli əhali tərəfindən dəstəklənən Qafqaz İslam Ordusu qəti hərəkətə keçərək Şərqə doğru istiqamət götürdü. İyunun 10-da Gəncədə ermənilərin tərksilah edilməsinə başlanıldı. Ermənilərin tamamilə tərksilah edilməsi üç gün ərzində başa çatdırıldı. Bununla da Gəncədə AXC hökuməti və Qafqaz İslam Ordusu üçün gözlənilən təhlükənin qarşısı alındı.
Qafqaz İslam Ordusu və yerli könüllülər Bakını bütünlüklə daşnak-bolşevik birləşmələrindən təmizləməyə nail oldular
Gəncədə fəaliyyətə başlayan AXC hökumətinin qarşıya qoyduğu əsas vəzifələrdən biri Bakının xarici qüvvələrin əsarətindən xilas edilməsi idi. Milli hökumət Qafqaz İslam Ordusunun dəstəyi ilə əməli fəaliyyətə başladı. Qeyd edək ki, Qafqaz İslam Ordusunun Gəncədəki uğurlu əməliyyatları, AXC-nin fəaliyyəti Şaumyan başda olmaqla Bakı xalq komissarları sovetinin rəhbərliyini ciddi narahat edirdi. Bakı xalq komissarları soveti tərəfindən AXC-nin və Qafqaz İslam Ordusunun fəaliyyətinə son qoymaq üçün xüsusi plan hazırlanmışdı. Elə bu məqsədlə də 1918-ci il iyunun 4-də 20 minlik Bakı soveti qüvvələri hərbi və dəniz işləri üzrə komissar Korqanovun əmri ilə Hacıqabuldan qərb istiqamətində hücuma başladı. Qısa müddətdə Hacıqabul, Ucar, Kürdəmir və ətraf ərazilər işğal edildi. Qafqaz İslam Ordusu düşmən qüvvələrini Qaraməryəm ətrafında qarşıladı. Tərəflər Qaraməryəm uğrunda bir neçə dəfə şiddətli döyüşlərə atıldılar. Milli qüvvələr bu döyüşlərdə uğur qazana bilməsələr də, ruhdan düşmədilər.
Düşmən qüvvələri ilk dəfə məğlubiyyətin acısını Göyçayda iyunun 27-də yaşadılar. Qafqaz İslam Ordusu düşmən qüvvələrinə sarsıdıcı zərbələr vurdu. Göyçayda aparılan uğurlu əməliyyatlardan sonra Qafqaz İslam Ordusu müdafiə taktikasını hücumla əvəzlədi və düşmən tərəf zəbt etdiyi ərazilərdən geriyə sıxışdırıldı. Ağsu, Kürdəmir düşməndən təmizləndi. İyulun 20-də Şamaxı Qafqaz İslam Ordusunun nəzarətinə keçdi.
Bakıya doğru hərəkət edən türk-Azərbaycan əsgərləri iyulun 29-da və 30-da artıq Bibiheybət və Xırdalan istiqamətinə gəlib çatmışdılar. Milli qüvvələrdə böyük ruh yüksəkliyi var idi. Qafqaz İslam Ordusu qarşı tərəfə döyüşsüz təslim olmaqla bağlı müraciət etdi. Bakı sovetinin rəhbərliyinə bildirildi ki, şəhər döyüşsüz təslim ediləcəyi təqdirdə ermənilərin oradan istədikləri yerə çıxıb getmələrinə şərait yaradılacaq. Daşnak-bolşevik qüvvələri belə bir humanist təklifə müsbət cavab vermədilər. Onlar bütün silahlı qüvvələrin döyüşlərə göndərilməsi ilə bağlı qərar qəbul etdilər. Qafqaz İslam Ordusu hissələri Bakı uğrunda döyüşlərdə düşmənin müqavimətini qırdı. S.Şaumyan hakimiyyətdən əl çəkdiyini elan etdi. Avqustun 1-də yeni hökumət - “Sentrokaspi” diktaturasının yaradıldığı elan edildi. Bu hökumətin eser, menşevik və ermənilər tərəfindən təşkil edildiyi bildirilsə də, əsas hakimiyyət daşnaksutyun partiyasının əlində idi.
Sentyabrın 14-də axşam saat 20:30-da Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Bakı şəhərinə hücumu başa çatdırmaq üçün 100 saylı əmri imzaladı. Bakı üzərinə hücumu uğurla başa çatdırmaq üçün Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin sayı 14 minə çatdırıldı.
Bakı uğrunda həlledici döyüşlər sentyabrın 15-də səhər saatlarında başladı. Qafqaz İslam Ordusu bir neçə saat davam edən döyüşlərdən sonra düşməni təslim olmağa məcbur etdi. “Sentrokaspi” rəhbərliyi məğlubiyyətini etiraf edərək ağ bayraq qaldırdı.
Bakının daşnak-erməni birləşmələrindən azad edilməsi tariximizin şanlı səhifələrindən birini təşkil edir. Avqustun əvvəllərindən sentyabrın 15-dək Bakı uğrunda gedən döyüşlərdə 5-ci Qafqaz diviziyası 1.130-dək şəhid verib. Ümumiyyətlə, Qafqaz İslam Ordusu 1918-ci il iyunun ortalarından sentyabrın 15-dək Azərbaycanın azadlığı uğrunda döyüşlərdə 4 mindən çox əsgər və zabit itirib. Bu döyüşlərdə Azərbaycan könüllü dəstələrinin də itkiləri kifayət qədər çox idi.
Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın ölkələrdir
Zaman-zaman ağır sınaqlardan keçən Türkiyə-Azərbaycan dostluğu əbədiyyətə qədər yaşayacaq. Dünyada iki qardaş xalqın və ölkənin dostluğuna xələl gətirə biləcək güc, qüvvə yoxdur. Azərbaycanla Türkiyənin dostluq, qardaşlıq münasibətlərinin mahiyyəti hələ XX əsrin əvvəllərində Türkiyənin Ulu öndəri Mustafa Kamal Paşa Atatürkün ifadə etdiyi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, XX əsrin sonlarında isə bütün Türk dünyasının daha bir görkəmli şəxsiyyəti, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dilə gətirdiyi “Bir millət, iki dövlət” kəlamında ifadə olunub. Azərbaycanın dövlət başçısı İlham Əliyev isə bildirib ki, bu gün Türkiyə və Azərbaycan - iki qardaş ölkə bərabər addımlayır. Biz bütün tədbirlərdə bərabər iştirak edirik, aramızda ən yüksək fikir birliyi var.
Türkiyə Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətdir. Qardaş Türkiyə Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə cavab olaraq Ermənistanla bütün siyasi-iqtisadi əlaqələri dayandırıb, eyni zamanda, 1993-cü ildən etibarən bu ölkə ilə sərhədlərini bağlayıb. Öz növbəsində Azərbaycan da ermənilərin Türkiyəyə qarşı irəli sürdükləri ərazi və “soyqırımı” iddialarına layiqli cavab verilməsində daim qardaş ölkənin yanındadır.
Bu gün strateji müttəfiqlər olan Türkiyə və Azərbaycan beynəlxalq münasibətlər müstəvisində daim bir-birini dəstəkləyir, eyni siyasi platformadan çıxış edir, birgə səylərlə ermənilərin təxribatlarının qarşısını almağa çalışırlar. İki ölkə arasında müxtəlif istiqamətləri əhatə edən münasibətlər kifayət qədər yüksək səviyyədədir.
Mübariz ABDULLAYEV
- Oxunub: 4140 |
- Tarix: 12-09-2018 |
-
Çap et |