Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanda sənaye parklarının yaradılması geniş vüsət alıb

Azərbaycanda sənaye parklarının yaradılması geniş vüsət alıb

15.09.2018 [10:08]

İndiyədək iri şəhərlərdə və regionlarda təşkil edilən sənaye parklarına rezidentlər tərəfindən 2,7 milyard ABŞ dollarına yaxın sərmayə yatırılıb
Azərbaycanda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi ölkənin müasirləşdirilməsi strategiyasına uyğun olaraq innovativ əsaslı sənaye quruculuğu da diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə davamlı şəkildə həyata keçirilən siyasi və maddi dəstək tədbirlərinin nəticəsi kimi hazırda sənaye sektoru milli iqtisadiyyatımızın aparıcı sahələrindən birinə çevrilib. Həyata keçirilən uğurlu sənayeləşmə siyasətinə uyğun olaraq ölkədə yüzlərlə müasir sənaye müəssisəsi istifadəyə verilib. Bu istehsalatların ahəngdar fəaliyyəti nəticəsində daxili istehlakın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, eyni zamanda respublikamızin yeni ixrac imkanları yaranıb. Qısa müstəqillik tarixində Azərbaycanın dünya kosmos ailəsinin üzvünə çevrilməsi, xarici bazarlara ənənəvi mallarla yanaşı, yüksək rəqabət qabiliyyətinə malik hərbi təyinatlı məhsullar çıxartması son dərəcə qürurverici haldır. Bütövlükdə, son illərdə ölkədə metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və Azərbaycan üçün ənənəvi olan digər sənaye sahələri genişlənib, həmçinin yeni sənaye sahələri də formalaşıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılış mərasimindəki çıxışında respublikamızda sənayeləşmə siyasətinin uğurla həyata keçirildiyinə xüsusi diqqət çəkib. “Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir. Azərbaycanda sənayeləşmə siyasəti çox uğurla gedir. Bu ilin altı ayında qeyri-neft sənayemiz 8,8 faiz artmışdır. Bu, görülən işlərin nəticəsidir”, - deyə dövlət başçısı vurğulayıb.
İri şəhərlərdə və regionlarda sənaye parklarının yaradılması ilə sənaye quruculuğunda keyfiyyətcə yeni mərhələ başlayıb
Son illərdə ölkənin iri şəhərlərində və regionlarda sənaye parklarının və sənaye məhəllələrinin yaradılması geniş vüsət alıb ki, bununla da sənaye quruculuğunda keyfiyyətcə yeni mərhələ başlayıb. Sənaye parklarının və sənaye məhəllələrinin yaradılması respublikada innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin və bütövlükdə qeyri-neft sektorunun davamlı inkişafını şərtləndirir, həmçinin əhalinin istehsal sahəsində məşğulluğunun artmasına öz müsbət təsirini göstərir. Perspektivdə respublika miqyasında dörd sənaye mərkəzinin (Bakı, Sumqayıt, Mingəçevir və Gəncə) yaradılması hədəflənib. Beləliklə, ölkənin regionları da iqtisadi güc amilinə çevrilir. İqtisadiyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Vüsalə Quliyevanın “Yeni Azərbaycan”a verdiyi məlumata əsasən artıq Azərbaycanda kimya, təkrar emal, gəmiqayırma, yüksək texnologiyalar, yüngül sənaye, əczaçılıq sahələrində ixtisaslaşmış sənaye və texnologiyalar parkları fəaliyyət göstərir. Bu sənaye parklarının 50-yə yaxın rezidenti var. Sənaye parklarına 3,6 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulub. İndiyədək rezidentlər tərəfindən sənaye parklarına 2,7 milyard ABŞ dollarına yaxın sərmayə yatırılıb. “Növbəti mərhələdə 1 milyard dollaradək investisiya qoyuluşu və 7500-dək yeni iş yerinin açılması nəzərdə tutulur. Sənaye parklarında fəaliyyət göstərən müəssisələrdə tanker və gəmilər, elektron təhsil avadanlıqları, metal konstruksiyalar, maşınqayırma avadanlıqları, polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar, polipropilen, pestisidlər, müxtəlif növ sürtkü yağları, xortumlar və fitinqlər, kabellər, polimer məmulatlar, texniki qazlar, alüminium və plastik profillər, pambıq iplikləri və s. istehsal edilir. Hazırda sənaye parklarında tikintisi davam edən daha 7 sənaye müəssisəsinin 2018-ci ilin sonunadək, digərlərinin isə növbəti illərdə istismara verilməsi nəzərdə tutulur”, - deyə Vüsalə Quliyeva bildirib.
İqtisadiyyat Nazirliyinin rəsmisi vurğulayıb ki, sənaye parkları və məhəllələrinin rezidentləri üçün dövlət tərəfindən əlverişli investisiya mühiti və zəruri infrastruktur yaradılıb. Bütün bunların perspektiv layihələrə investisiya qoyuluşu üzrə sahibkarların xərclərini kifayət qədər azaltdığını nəzərə çatdıran Vüsalə Quliyeva deyib: “Dövlət tərəfindən sənaye parklarının rezidentləri üçün bir sıra güzəştlər tətbiq edilir. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındığı gündən etibarən 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eləcə də parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən, həmçinin gömrük rüsumundan azaddırlar. Sənaye parklarında rezidentlərin qeydiyyatı “bir pəncərə” sistemi ilə həyata keçirilir”.
Balaxanı Sənaye Parkına 5 rezident tərəfindən 23 milyon manat investisiya yatırılıb
Yuxarıda vurğuladığımız kimi, artıq bölgələr də daxil olmaqla respublika üzrə bir neçə sənaye parkı fəaliyyət göstərir ki, onlardan biri də Balaxanı Sənaye Parkıdır. Sənaye parkı Prezident İlham Əliyevin 28 dekabr 2011-ci il tarixli müvafiq Sərəncamına əsasən yaradılıb. “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti Balaxanı Sənaye Parkının idarəedici təşkilatıdır.
V.Quliyeva bildirib ki, Balaxanı Sənaye Parkı 2017-ci ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Sənaye Parkı 7 hektar ərazidə yerləşir. Balaxanı Sənaye Parkının yaradılması ölkəmizdə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun, o cümlədən “yaşıl iqtisadiyyat”ın inkişafı, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədinə xidmət edir. “Sənaye parkının Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonuna, tullantıların çeşidlənməsi və yandırılması zavodlarına, o cümlədən əsas nəqliyyat qovşağına yaxın olması logistika, xammal və enerji təchizatına, eləcə də istehsal olunmuş məhsulun asanlıqla satış bazarına çıxarılmasına əlverişli imkan yaradır. Burada qeydiyyata alınan 5 rezident tərəfindən 23 milyon manat investisiya yatırılıb. Sənaye Parkında ilkin mərhələdə ümumilikdə 400-ə yaxın daimi iş yeri yaradılıb”, - deyə V.Quliyeva bildirib.
Balaxanı Sənaye Parkı “yaşıl iqtisadiyyat” quruculuğuna yaxşı nümunədir
Balaxanı Sənaye Parkında tullantılardan müxtəlif növ məhsullar hazırlanır. Mütəxəssislər çox haqlı olaraq bildirirlər ki, Balaxanı Sənaye Parkı “yaşıl iqtisadiyyat” quruculuğuna yaxşı nümunədir.
Parkın rezidenti - “Ekokat” MMC işlənmiş mühərrik yağlarının emalı üzrə fəaliyyət göstərir. İnvestisiya qoyuluşu 1 milyon manat təşkil edən müəssisənin illik istehsal gücü 3000 tondur. Rezidentə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 200 min manat məbləğində güzəştli kredit vəsaiti verilib. Müəssisədə Türkiyə və Çin istehsalı olan emal avadanlıqları quraşdırılıb. Burada işlənmiş mühərrik yağlarının texnoloji və kimyəvi proseslərdən keçirməklə təkrar emalından 88% həcmdə yenidən istifadəyə yararlı mühərrik yağları istehsal etmək mümkündür. Bu yağlar iritutumlu nəqliyyat vasitələrinin və kənd təsərrüfatı texnikasının mühərriklərində istifadə üçün bütün standartlara cavab verir. İstehsal prosesi zamanı baza yağları ilə yanaşı, dizel yanacağı da əldə olunacaq ki, bu da istehsalın yanacağa olan tələbatının ödənilməsinə yönəldiləcək. Qalan neft qalıqları isə asfalt, ruberoid və s. istehsalında bitum əvəzedicisi kimi istifadə olunur.
Balaxanı Sənaye Parkında “Az.Ekol.” MMC plastik (PET) butulkaların təkrar emalından plastik qırıntıların istehsalı üzrə fəaliyyət göstərir. Layihənin ümumi investisiya məbləği 1,5 milyon manat təşkil edir. İllik istehsal gücü 2400 tondur. İstehsal sahəsində 30-dan çox daimi iş yeri açılıb. İstehsal prosesi zamanı plastik butulkalardan alınan yüksək keyfiyyətli plastik qırıntıları xarici ölkələrə ixrac olunur. Gələcəkdə qırıntılardan son məhsul olan plastik ipliyin istehsal olunması planlaşdırılır.
Fərdi sahibkar Etibar Eminov Balaxanı Sənaye Parkında tullantı kağızlardan istifadə etməklə çap-poliqrafiya məhsulları istehsal edir. Layihənin ümumi investisiya məbləği 1 milyon manat təşkil edir. İllik istehsal gücü 348 tondur. “METAK” MMC tullantı-plastik məmulatların təkrar emalı nəticəsində müxtəlif plastik qablaşdırma məhsullarının istehsalı ilə məşğul olur. Ümumi investisiya dəyəri 17 mln. manat olan layihəyə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan 1,2 milyon manat güzəştli kredit vəsaiti ayrılıb. Müəssisədə Avropa, Türkiyə və Çindən alınmış istehsal xətləri quraşdırılıb. Zavodun illik istehsal gücü 12 min tondur. İstehsal sahəsində 140-dan çox daimi iş yeri açılıb.
Balaxanı Sənaye Parkının digər bir rezidenti - “FORİELLA” MMC süngər tullantılarının təkrar emalı və mebel istehsalı üzrə fəaliyyət göstərir. Ümumi investisiya məbləği 3,5 milyon manat olan müəssisənin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan 2 milyon manat güzəştli kredit ayrılıb. Müəssisədə Almaniya və İtaliyadan alınmış avadanlıqlar quraşdırılıb. Müəssisənin illik istehsal gücü 100 min ədəd stul, 10 min masa təşkil edir. Müəssisədə 150 nəfər daimi işlə təmin olunub.
V.Quliyeva bildirib ki, sahibkarların marağı nəzərə alınaraq Balaxanı Sənaye Parkının fəaliyyət sahələri getdikcə genişləndirilir. Artıq Balaxanı Sənaye Parkında polietilen və polipropilen tullantılarının təkrar emalı, yapışqan lent (skoç), biodizel üçün xammal, kömür (aktiv kömür), gübrə və yem, plastik tor, meyvə-tərəvəz üçün qablaşdırma məmulatları istehsalı, polietilen tullantıların təkrar emalından qablaşdırma və etiket istehsalı, dəzgah və texnikaların regenerasiyası xidməti, tullantı taxta yonqarların emalından maqnezium oksid panellərin istehsalı sahələri üzrə fəaliyyət göstərəcək daha 10 rezident sənaye parkında qeydiyyata alınıb.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 747 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31