A+   Yenilə  A-
TƏKCƏ ŞEİRLƏRİM OXUNARSA, BƏSİMDİR...

Şöhrət adamı deyiləm,
Şöhrət səs-küyündən bezar qalmışam.
Zorla heç bir mükafat-filan da almamışam,
Mən də belə, bu cürə adammışam.
İstəmirəm nə qışqırıq, nə səda,
İstəmirəm bircə qırıq şöhrət payım olsa da.
İstəmirəm! Qalansın şan-şövkət qalaqlarına.
Təkcə şeirlərim oxunarsa, bu, mənim səsimdir,
Pisə pis, yaxşıya yaxşı toxunarsa,
Daha heç nə istəmirəm, vallah, bəsimdir...
Şöhrət adamı olmaqdan könüllü şəkildə imtina edən, bütün yaşamı və yazarlığı boyunca “Təkcə şeirlərim oxunarsa, bu, mənim səsimdir. Pisə pis, yaxşıya yaxşı toxunarsa, Daha heç nə istəmirəm, vallah, bəsimdir...” deyərək arzusunda olduğu dünyasını qurmaqla uğraşan və elə bu dünya ilə də könüllərdə taxt quran Nurəngiz Gün, sən demə, adının mənası kimi elə göy üzündəki Günəşin qızı kimi imiş - azad və sərbəst, məğrur, vüqarlı...
Buna görə də bütün yaradıcılığı boyu ruhunun azadlığını qoruyub, sərrast düşüncələrini səmimi şəkildə ifadə edə bilib, yalana, riyakarlığa, saxtakarlıq və yaltaqlığa meydan verməyib, süni pafosdan uzaq olub, yalnız əlahəzrət həqiqəti, gerçəkləri yazıb. Cəmiyyətdə baş verən naqisliklər, çatışmazlıqlar, mənəvi aşınmalar, Qarabağ dərdi, unutqanlıq, üzüdönüklük, milli problemlərə biganəlik, hər hansı bir sahədə ana dilimizə qarşı göstərilən etinasızlıq heç vaxt nəzərindən qaçmayıb... Belə məqamlarda təbiətin yaratdığı saf, tərtəmiz varlıqlara üzünü tutaraq sözünü deyib, ismarıclarını yollayıb... “Yalqız qumrum! Susqun yavrum! Arı pətəyim-İşıldaquşum!” epietlərilə oxşadığı Qumru quşundan bu pislikləri yaradanların - “xeyrə şər qatan” özbəöz soydaşlarının “pisləri əzizləyib, yaxşıları” dışlayanların yerinə, hətta üzr də diləyib:
Açılıb uzanan hər sap düzümü ömür deyilmiş,
ömrün hər dözümü ömür deyilmiş!
Bağışla!
Aldandıq, aldatdıq, nələrdən döndük,
nələrdə yanıban, nələrdə söndük.
Bilməzdim bu qədər üzü dönükdük!
Bağışla!
Pisi əzizləyib, yaxşını atdıq,
Olub ki, bəzən də xeyrə şər qatdıq,
Beləcə sivişib ömür uçdu ki!
Ömür quşdu ki!
Sevdalı yolları unutmuşuq ki!
Bir kövrək çiçəyi qurutmuşuq ki!
Bağışla!
Bağışla!
Nurəngiz Gün çağımızın modern şairi kimi ədəbiyyat tarixində öz silinməz izini qoyub. Modernliyin özəlliyi isə sanki ən başdan öz həqiqətini yaratmaqdadır. O da öz həqiqətini yaratmış Nazim Hikmətin, ədəbi cameədə dev şair sayılan qüdrətli bir sənətkarın yolu ilə gedərək ona olan heyranlığının diktəsi ilə modern şeirlər yazırdı. Yepyeni mövzu, motiv, obraz və düşüncələrinin yansıdığı modern şeirləri ilə həm də inamla, cəsarətlə öz həqiqətlərini yaradırdı... Modern şair də az qala özünün yazdığı şeirlərə belə heyrətlə baxar. Bizlər, Nurəngiz Günün oxucuları da onun modern üslublu şeirlərinə beləcə heyrətlə baxır və sevərək oxuyurduq...
Onun dağ tanımadan, dərə bilmədən əsən rüzgarlara, sevincləri saya gəlməz ilk bahara bənzəyən Vətən eşqi təkcə Quzey Azərbaycanla məhdudlaşmırdı, ürəyinin şah damarından süzülüb gələn şeirlərində bu sevgi düz Təbrizədək yol gedir və türkün ilk beşiyində, uluyurdda bütünləşirdi... “Mənim eşqim” şeirində bu bütünləşmənin əks-sədası eşidilir:
Mənim eşqim azad quşlar
nə bənd bilər, nə də çəpər.
Mənim eşqim qaranquşlar -
ruhuma müjdələr səpər.
Mənim eşqim al səhərlər -
çiçəklər huşun itirər.
Mənim eşqim ağ kəhərlər -
Təbrizə təbrik yetirər.
Mənim eşqim atəş, ocaq -
Novruzgülüm qızınacaq!
Mənim eşqim qucaq-qucaq -
Anam torpağa qonacaq...
Çağdaş Azərbaycan poeziyasının üfüqlərində Gün kimi doğan və “Əgər məndən humanizmi əsirgəməmisənsə, buna görə Sənə şükür edirəm, Allahım! Buna görə özümdə nikbinliyi öldürməməyə, yaşamağa dəyər...” - deyən şairəyə bu pozitivliyinə görə də tanıyanların sevgisi intəhasız idi... Və bu sevgiylə yaşayıb ölməyə dəyər, demək istəyirəm sözardı olaraq...
- Məngülüm! Aç qapını, mən gəlim.
Döşümdə ağrı gətirmişəm, başımda təzyiq...
Buynuzlarım ki, yoxdur?
Olsaydı, ot yox, At gətirərdim, həyat gətirərdim,
At ucalıqdır, həyat - qanadlı bir nağıl!..
At gətirərdim, həyat gətirərdim.
Atı ucalıq, həyatı qanadlı bir nağıl sayan xanım şairin at, həyat gətirmək arzuları gerçəkləşməyincə, ürəyində ağrı yuva saldı və təbii, o, “bəmbəyaz gül” bu ağrıların ağırlığından, öləsiyə etkisindən saralıb-soldu... Halbuki vaxt vardı, bomboz boşluqları, bütün yaramazlıqları, onun üçün darıxdırıcı olan içi boş adamları qamçılamaq keçirdi könlündən:
Bomboş bir səssizlik, bomboş...
Boşluqda nə sevgi, nə nifrət, nə səadət,
nə hiss, nə səs!
Atlıydım. Bəs hanı? Qamçım vardı, bəs hanı?
Atım sizə qalsın. Qaytarın qamçımı!
Qamçılamaq istəyirəm bu boşluğu!
Bir müsahibəsində gəncliyini xatırlayan Nurəngiz xanım deyir ki, “mən o vaxt heç nəyin axtarışında olmamışam axı...” Təkcə o vaxtmı? Əsla! O, bütün yaşamı boyunca heç nəyi axtarmayıb, heç nəyin ardınca düşməyib, gözləyib ki, günlərin birində xoşbəxtlik özü gəlib tapacaq onu... Axı bilirdi, yaxşıca dərk edirdi ki, hər cür xoşbəxtliyə layiq idi...
Amma qüruru, vüqarı həmişə, hər yerdə onunla olub və yersiz addımlar atmağa qoymayıb dodağına gülüş, gözlərinə kədər qonmuş bu vüqarlı xanımı... Səssizcə öz yolunu tutub və adını iftixarla daşıdığı üzü Günə-Günəşə doğru addım-addım yol gedib, ta ki, özü də “yol olanadək”...
Saçlarımda rüzgarım, ruhumda ana laylası,
Başımda məğlub eşqim...
Yol gedirəm, sinəm qaralanadək.
Önümdə silsilə dağlar,
sərt qayalar, soyuq dəniz,
Qərib canla, bu tək cana, qürubçağı
Yol gedirəm, öləziyib saralanadək.
Arxamda sarp enişlər, çiynimdə Günəş tayası,
Ağuşumda Jaləm və titrəyişim,
Yol gedirəm, yol olanadək.
Bəli, məhz yol olanadək... Onun özü də bu gün kimlərəsə, əlinə qələm alıb ədəbi aləmə qədəm basan gənclərə yol göstərən, öz nümunəsində isə bir yoldur.
Həmişə bu fikirdə olmuşam ki, insanların adında onun xarakteri və əməlləri ilə bağlı hansısa gizlinlər yatır. Adında Nur, işıq, ədəbi təxəllüsündə isə Gün-Günəş daşıyan bu gözəl-göyçək xanımın da ömür səhifələrini vərəqlədikdə, fikrimin tamamilə gerçək olduğuna bir daha əmin oldum... Nurəngiz Gün səhər erkəndən, hamıdan tez oyanmağı, Günəşi qarşılamağı hər şeydən çox sevib. Gün çıxmayanda, hava tutqun olanda canı sıxılıb, darıxıb. Qəribədir, Günəşə qara sevdası, onun ilkinliyinə olan inamı şeirlərinə o qədər dərindən sirayət edib ki, oxucu şairin xarakter cəhətinə çevrilmiş bu adətini təsdiqləməyə bilmir:
Bu torpağın öncə Günəşi doğulub,
Bu torpaq sarı tellərdən yoğrulub.
Bu torpağın ulu nənəsi Gün xanım olub.
Gün xanım, Günəş xanım!
Andım, Tanrım, imanım!
Əlbəttə, yalnız Günəşi dəlicəsinə sevən, onun işığına tapınan türksoylu bir yazar xanım özünə “Nur ağacıyam” deyər, adındakı “Nur” sözünün mənasını əməlləri ilə doğruldar, göyü Tanrı bilər, yeri, göyü, ana təbiəti, onun nemətlərini də elə bu qədər sevər və onun bəzəyi olan quşları ovlayan ovçulara nifrət edər. Çiçəklərin dərilməsinə üzülər, 8 Mart - Qadınlar Gününü çiçəklərin ölüm günü kimi mənalandırar, həmin gün telefonun dəstəyini belə qaldırmaz ki, birdən kimsə onun bayramını təbrik etmək üçün çiçək dərmək fikrinə düşər...
Nəsrlə yazdığı ilk qələm təcrübəsinə “Tanrı” adı verən Nurəngiz Günün sonrakı əsərlərinin toplandığı kitablarının adları da, şeirlərinin ehtiva etdiyi mənaların da üzü məhz dərgaha - Günəş Tanrısına yönəlikdir, “Xocalı simfoniyası”ndan başqa... Əslində, “Xocalı simfoniyası” da Tanrıya üz tutaraq, əl açaraq yazılıb, amma tam fərqli şərtlər altında... Çünki onu işğal olunmuş torpaqlarımızın, yaralanmış, parçalanıb dilim-dilim olmuş Uluyurdun ağrısı ilə yazıb. Onun ürəkdən gələn vətənsevərliyi, canıyananlığı, insan ağrısına həssaslığı, günahsız soydaşlarımızın ağrı-acısını öz acısı kimi yaşaması, dərdlərini öz dərdi bilməsi, qəddarlığa, zalımlığa, vəhşiliyə üsyankarlığı, insanların həyatı ilə oynayan siyasət dəllallarına nifrəti bu poemada da açıq-aydın hiss olunur, humanistliyi insanı düşündürür...
“Hər sətri yazanda bir Allah bilir ki, ürəyimdən nələr süzülürdü... Mən hamını, ən çox da Vətənimi xoşbəxt görmək istəyirəm”, - sözlərindəki gerçəklər, səmimiyyət və yanğı “Xocalı simfoniyası” əsərindən oxucunun ruhuna dolur. Düşünürəm ki, “Xocalı simfoniyası” bütün dünyada mövcud olan zülmlərə qarşı yumruq kimi birləşərək bir cəbhədə mübarizə aparan şüurlu bir əsərdir. Axı bəşərin özəyi ilə yoğrulmuş bəzi şeirlər zaman-zaman inqilab himninə çevrilmişdir.
Sanki itirilmiş torpaqlarımızın ağrısını, harayını eşitməyə daha tabı qalmamışdı, işğal altında olan Qarabağ haqqında ürəkaçan qələbə xəbərinin gecikməsinə dözümü çatmırdı... Vətən eşqi dərindən-dərin duyulan şeirləri, “Xocalı simfoniyası” poeması bu sözləri deməyə haqq verir.
Dünyamıza səmimiyyət, ümid, kədər və məhəbbət, özgürlük duyğuları ələyən, zamanın qürbətində itkin düşən sevgiləri xatırladan Nurəngiz Günün bütün şeirlərindən, kitablarından öz bənzərsiz obrazı boylanır. Qədirbilən oxucuları bu orijinal şeirlərin diktəsilə onun bənzərsiz müəllifini daha yaxından tanıyır və sevirdilər...
O, bənzərsiz idi, başqalarından seçilən bir fərqliliyə sahibdi, bulaq suyu qədər saf və şəffafdı, azad düşüncələrini dilə gətirməkdən çəkinməz, qorxmazdı, rola girməyi, maskalanmağı isə bütün yaşamı boyunca heç vəchlə bacarmamışdı. Gözü tutan, ruh birliyi duyduğu kəslərlə son dərəcə səmimi söhbət etməyi, ünsiyyət qurmağı sevərdi. Və o, insan sevgisindən, adiliklərdən yüksəkdəydi. Bu yüksəkliyə yerdəki təmtəraqlardan, yalan və saxtakarlıqlardan, bütün natarazlıqlardan qaçaraq yetmişdi. Bu qaçışın səbəblərini 1980-ci ildə qələmə aldığı “Qaçıram” şeirində asanlıqla tapmaq mümkündür:
Boş haylardan, haraylardan,
təmtəraqlı otaqlardan -
saraylardan qaçıram!
Yersiz gülüşlərdən, saxta, yaltaq öpüşlərdən,
qazanc güdən,
söz üyüdən görüşlərdən qaçıram!
Əli baltalı qollardan,
dolam-dolaşıq yollardan,
boş küylərdən, kələklərdən qaçıram!
Qarmalayıb səadətimi özgəsinə sovqat verən,
sürükləyən “küləklərdən” qaçıram!
1981-ci ilin yazında “Ulduz” jurnalının dördüncü sayında şairin “Tanrı” adlı povesti çap olunur. Əsər dərin rəğbət və maraqla qarşılanaraq böyük əks-səda doğurur. Təbii, oxucunu səhifədən-səhifəyə adladıqca səssizcə arxasınca aparan təkcə əsərin kəskin və dramatik süjeti, ona həm qeyri-adi, həm də adi görünən mövzusu deyildi. Eyni zamanda, bənzərsiz təhkiyə tərzini sərgiləyən epizm, təkrarsız dərin səmimiyyət, oxucu ilə üzbəüz oturub söhbətləşmək-dərdləşmək, ona ürəyinin, ruhunun bütün gizlinlərini açmaq tendensiyası, üslub yeniliyi povestə və müəllifinə gerçək bir oxucu sevgisinin boy verməsini şərtləndirirdi. “Tanrı” povesti 1980-ci illərədək şair kimi tanınıb sevilən Nurəngiz Günün nasir kimi də böyük istedad sahibi olmasının bariz təsdiqi idi. O da diqqətçəkəndir ki, şair Nurəngiz Günün şeirlərində qaldırılan məsələlər, mövzu və motivlər nəsrini təkrarlamadı. Əksinə, poeziyasında sərgilədiyi “həyata baxış və ifadə tərzinin yeniliyi ilə “Tanrı” povestinin doğurduğu ilk təəssüratı daha da dərinləşdirdi...”
Maraqlıdır ki, “lirik-emosional ovqatı ilə bərabər, yadda qalan obrazları və epik-dramatik süjeti ilə əsl nəsr nümunəsi” olan “Tanrı bəşər övladıdır” povestinin nəşrindən sonra Nurəngiz Günün “ürəyi dolu, yaradıcı təfəkkürlü mədəniyyətşünas, millətşünas, əsl bədii sözə qiymət verməyi bacaran söz adamı” olduğunu görən və duyan şair S.Rüstəmxanlının fikirlərinin təsdiqini Xalq yazıçısı, böyük ictimai xadim Mirzə İbrahimovun “Qınaya yanan ürək” adlı məqaləsində (“Ədəbiyyat və İncəsənət” qəzeti, 15 may 1987-ci il) də görürük: “Bir əsərdə ki, yazıçının ürək döyüntüləri eşidilir, dəruni arzularının, həsrətlərinin acısı, şirini duyulur, oxucu o əsərə biganə qala bilməz. Bu keyfiyyət xüsusən elə əsərlərdə daha təsirlidir ki, onların süjeti zahiri konfliktlərdən çox daxili, psixoloji motivlər və təzadlar üstündə qurulur. Nurəngiz xanım öz qəhrəmanını sevə-sevə təsvir edir (əslində, öz obrazını yaradır). Vaqondakı kədərli, fikirli, dalğın, həyəcanlı vəziyyətini, daxili aləmini elə canlandırır ki, biz bu başdanca onun mənən, ruhən təmiz, mehriban, insanları sevən, qayğıkeş bir qadın olduğuna inanırıq, onu sevirik və öz hisslərimizdə heç də aldanmırıq; həm zahirən, həm də daxilən gözəl olan bu qadının sevincinə, kədərinə şərik olur, onun gözəlliyinin, məlahətinin ətrini duyuruq...”
O, bir rəssam idi sanki... Sözlə, sözün qüdrəti ilə elə bənzərsiz təbiət lövhələri, canlı tablolar yaradırdı ki, oxuduqda özünü lap onun kimi bu mənzərələrin içində, günəşi, ayı, ulduzları - bütün kəhkəşanı seyr edərkən görür, sən də əsrarəngiz gözəlliklərə heyrətlə baxırsan... “Qürubçağı yetişmişdi. Uzun günün gündüzünü par-par yanıb hamıya meydan oxuyan kəhrəba günəş artıq mürgüləyirdi. İndi o sapsarı şahanə Günəş qıpqırmızı balaca bir nara çevrilmiş, üfüqdən aşağı yuvarlanırdı. Bir azdan Ay doğdu. Ay lap başının üstündəydi. Əlini atsaydı, az qala tutacaqdı bu gümüş qarışımını?! Ayın gümüş telləri ona elə uzun, elə davamlı gəldi ki, az qaldı bu tellərdən yapışıb göylərə qalxsın. Ona elə gəldi ki, ulduzlar duz dənələridir, kimsə onları duz gölündən qaşıyıb ovuclarına alıb göyə səpələmişdir. ...Günəş də yorulmuşdu. Ay da öz yuvasına çəkilirdi, ulduzlar da utanmışdı onlara dikilən bu bir cüt mavi gözlərin vurğunluğundan...” Bu vurğunluğu onun əsərlərindən apaydınca görürsən. Və onu da görürsən ki, o, təkcə ana təbiətə, onun yağışına, qarına, göyünə, yerinə deyil, bütün gözəlliklərinə vurğundur. Ana dilinə, Azərbaycan türkcəsinə, xalqına, elinə, obasına, milli kimliyinə, türklüyünə vurğundur. Ana dilinə vurğunluğu, heç şübhəsiz, diktorluq fəaliyyəti dövründə, universitet tələbələrinə səhnə danışığı və nitq mədəniyyətini öyrədərkən birə-on qat artmışdı. Yalnız dilin incəliklərini, sözlərin alt qatında saxlı qalan mənaları, sinonimlərini yaxşı bilən, ana dilini varlığı qədər sevən bir yazar “Tanrı bəşər övladıdır” povestindəki orijinal poetizmi, yüksək bədii dili, mükəmməl obrazları, qeyri-adi təbiət və kənd lövhələrini, simmetrik tabloları yarada bilərdi. Onun təqdimində özünü eynən şıdırğı yağışın altında islanmış hiss edə, hətta aşsüzəndən su tökülürmüş kimi yağan leysan yağışın “ucundan tutub göyə” də qalxa bilərsən... “Yağış yaman şiddətlənmişdi. Yaxşı tapıblar onun adını - şıdırğı! Düzü şıdırğı yağırdı. Bu yağışı adam içə bilər, bu yağışı adam qucaqlayıb öpə bilər, bu yağışda adam pıçhapıçla ürəyini aça bilər, bu yağışda adam lap lüt soyuna bilər, bu yağışda adam yuyuna bilər, lap o yan-yana qaça bilər...”
Şairin şeirlərinin də bədii dili çox mükəmməl, işlətdiyi sözlər çoxçalarlıdır. Təsadüfi deyil ki, akademik İsa Həbibbəyli Sovet imperiya rejimini qətiyyətlə tənqid edib qamçılayan Nurəngiz xanımın kəskin xarakterli əsərlərini deyil, həzin, lirik şeirlərini boynubükük olsa da, daim ürkək-ürkək günəşə tərəf boylanan bənövşəyə bənzədir. “Nurəngiz Günün Azərbaycanın dövlət müstəqilliyi illərindən əvvəl yazdığı şeirlərdə zərif ana səsi içərisində böyük vətəndaşlıq duyğularının ifadə olunduğunu və milli düşüncələrin yüksək poetik şəkildə əks etdirildiyini görməmək mümkün deyildir. O hələ 80-ci illərin ortalarında keçmiş Sovetlər İttifaqı zamanı həmin imperiya rejimini “qəfəs respublikası” kimi dəyərləndirmişdir və bunu zərif, kövrək, həssas ana səsi ilə demişdir. Bu mənada Nurəngiz Günün müstəqillik düşüncəsi, Azərbaycanda dövlət müstəqilliyi əldə olunandan sonra sanki əsərlərində bənövşə kimi boy atır, çiçək açır. Təsadüfi deyil ki, Nurəngiz Günün şeirlərində bənövşə rəngli misralar, poetik düşüncələr üstünlük təşkil edir. Məlum olduğu kimi, bənövşə çiçəyi boynu bükük olsa da, həmişə günəşə tərəf boylanır. Mən Nurəngiz Günün yaradıcılığını günəşə boylanan bənövşə çiçəyinə bənzədərdim. Çünki onun şeirlərində kifayət qədər günəş işığı və günəş obrazları vardır. Nurəngiz Günün yaradıcılığındakı günəş işığı altındakı bu bənövşə rəngi Azərbaycanın müstəqilliyinin palitrasını, çoxrəngliliyini, poetik bir qammasını çox dolğun şəkildə ifadə edir”.
“Mənə soyuqdur, günəş...” şeirindəki ruhu bürüyən sızıltılar, azad qanad yoluna, durnaların səfinə atəş açan zalım ovçular üzündən yaranan məşum soyuqluq məqamları da insanı dərindən düşündürür. Bu və mövzuya yaxınlığı olan digər şeirlərindəki sətiraltı mənalar daha sirayətedicidir. Ana təbiətin düşmənləri, cəmiyyətlərin qoluzorluları, dünyaya ağalıq etmək iddiası ilə yaşayan siyasət dəllalları - azadlıq təşnəli insanların saf arzularının amansız ovçuları nə qədər günahsız insanların arzu və niyyətlərinin içinə düşən oxucunun yerdə bəzən yamanca üşüyən və ulu Günəşdən onu yanına aparıb qızındırmasını diləyən şairin doğal istəyinə qoşulmaq keçir könlündən:
Günəş!.. Mənə soyuqdur...
Axı mən qütbə gedən tək gəminin
məzlum mənzərəsinə dözümsüz oluram.
Axı üşüyürəm mən hərdən,
azad qanad yoluna atəş açan
zalım ovçu üzündən.
... Günəşim! Tez-tez röyalarımdasan!
Bir dəfə də xəyalımda
səninlə öpüşəndə,
qucaqlaşıb demişdim:
Məhvəşim! Atəşim! Sahib dur!..
Məşum toxunur hər şey.
Çək məni, apar məni.
Apar, apar!..
Yerdə mənə yaman soyuqdur, Günəş!
Onsuz oxucularına soyuqdur, sevənlərinin ürəyi çox üşüyür yoxluğunda, həm də yaman üşüyür...
“Bir yırğalı nənniylə gedəcəyik dünyadan” şeirində insanın olumlu və ölümlü, gəlimli-gedimli dünyada varoluşunun, həm də ölümə - həyatı əbədi tərk etməyə məhkumluğunun fəlsəfəsini yaradan Nurəngiz Gün haray çəkir, həyəcan təbili çalır və dünyanı bir-birinin düşməni, qənimi olan insanlardan, yamanlıqlardan qorumağa çağırır:
Bu dünyaya gəlişi
bir yırğalı nənni ilə başlanan insan!
Bir yırğalı nənniylə də gedəcəyik dünyadan.
Kiçik nənnimizdə insan gəlişi,
Böyük nənnimizdə insan gedişi...
Bu qoca dünyadan bir ağacı yonub
bu nənnini qayıran da özümüzük,
laylasına əzəl bayatı söyləyib, sonra ağı deyib
bir acı göynəm ilə
toprağın rişəsindən ayıran da özümüzük.
Qoruyaq dünyamızı qıl körpülü ömürlərdən,
qoruyaq, insanlar, qoruyaq!
Əsla yamanlıq deyil, yaxşılıq arayaq.
Kürəmiz ki, sudan boldur,
artıq yaşla dolmasın.
Kürəmizin gedişi kədər,
Böyük nənniləri lazım olmasın.
“Ayrılıq anı çatanda” şeirində yenə də bənzərsiz bir müqayisəni müşahidə edirik. Ona çox əziz olan insanın əlinin sürüşüb əlindən düşməsi, əslində, ölümü sonucunda sinəsindən qopan fəryadı, naləni durnaların çığırtısına bənzətməsi şairin təbiətin quşlardan oluşdurduğu möcüzə qarşısında heyrətidir. Səfindən ovçu gülləsi ilə ayrılan və bu məqamda hayqıraraq son mahnısını oxuyan, çırpınıb yerə düşməyən və buludlardan sallanaraq asılı qalan durnanın göylərin maviliyindən bir damla göz yaşının duzu zərif duyğulu şairənin dodaqlarını elə yandırır ki, dəryalar belə söndürə bilməz bu yanğını, heç bir səs, haray kar eyləməz bu ağrıya... Kim deyə bilər ki, bu yanğın qaçqın və köçkünlərimizin, didərgin soydaşlarımızın, dünyanın aclıq və səfalət içində çabalayan insanlarının ağrısı, ahı deyil?
Bu ağrılardan ağrıyırdı dərdini misralara hopduran və əzablı fikirlərin yükündən yorulub usanan xanım yazar... Belə anlarında üzünü Günəşə doğru tutub ondan imdad diləyir, onu yer üzündən qoparıb yanına aparmasını istəyirdi... Belə də oldu. Günəşin qızı qopduğu məkana qayıtdı... Amma oradan yenə də yer üzünü seyr etməkdən, pisliklərə meydan oxumaqdan, şər güllərini lənətləməkdən, qamçılamaqdan qalmadı... “Nur ağacıyam” şeiri bu fikirlərimin bariz təsdiqidir:
Ölmədim, yox! Yaxşı tanıyınız siz ikiniz də!
İşıq səltənəti, nur ağacıyam!
Boylanıb yuxarı, ərşə baxanda
Göylər qum qovurar gözlərinizdə!
Bax onda, bu cürə, mən də beləcə
Zilləyib gözümü üzüaşağı
Doyunca, qahqah içində,
salam göndərəcəm ikinizə də!!!
Esmira Fuad
Filologiya üzrə elmlər doktoru

 
  • Oxunub:  4110  |  
  • Tarix:  20-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır

26 Mart 17:06
“Luxus-Plus” portalı Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya səfərindən yazıb
26 Mart 15:31
Prezident İlham Əliyev Bakı Metropoliteninin əsaslı şəkildə yenidən qurulan “Bakmil” stansiyasında yaradılan şəraitlə tanış olub
26 Mart 14:11
Azərbaycan ilə ABŞ arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunacaq
26 Mart 13:47
Xanlıqlar dövrünün metafizikası: Akademik Ramiz Mehdiyevin yeni kitabı haqqında ilk təəssüratlar
26 Mart 12:25
Salyanda 30 min nəfərdən çox sakin tibbi müayinədən keçib
26 Mart 12:20
Bayram günlərində Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölmələri xüsusi iş rejimində çalışıb
26 Mart 12:15
Əli Həsənovun əsərləri Buxarestdə rumın dilində nəşr edilib
26 Mart 12:11
Tolerantlıq və multikulturalizmin Azərbaycan modeli əsrlər boyu mövcud olub
25 Mart 14:14
Aprelin əvvəlindən müharibə veteranlarına Prezidentin aylıq təqaüdü təyin olunacaq
25 Mart 11:41
Pekin Xarici Dillər Universitetində Novruz şənliyi
25 Mart 11:24
Vaşinqtonda Novruz şənliyi keçirilib
25 Mart 11:21
Strasburqda “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının təqdimatı olub
25 Mart 11:18
"Avro-2020"-nin talismanı təqdim olunub
25 Mart 11:14
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
25 Mart 11:12
Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Gündəliyinin icrasında fəal rol oynayır
25 Mart 11:10
Amerikalı jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər çatdırılıb
25 Mart 11:07
Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi: Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə böyük nəticələr əldə edir
24 Mart 11:55
Xarici işlər naziri Elmar Məmmədyarov Paraqvaya rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib
24 Mart 11:51
Doqquz rayondan olan 360 məktəbli şimal-qərb bölgəsinə ekskursiya çərçivəsində Qəbələyə gəlib
24 Mart 11:47
Tur-aksiya iştirakçılarının Lənkərana ekskursiyası Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan başlayıb
24 Mart 11:40
Naxçıvan məktəbliləri İçərişəhərlə tanış olublar
24 Mart 11:35
Özbəkistanda keçirilən festivalda azərbaycanlı dizaynerin “Novruz” kolleksiyası nümayiş etdirilib
24 Mart 11:29
Qardaşlaşmış Xırdalan və Cocuq Mərcanlı məktəblərinin Novruz görüşü
24 Mart 11:24
Bakılı məktəblilər Naxçıvan şəhərindəki tarixi, mədəni və təhsil müəssisələri ilə tanış olublar
24 Mart 11:21
Ankarada birinci Türk Dünyası Qurultayı təşkil olunub
24 Mart 11:15
Uruqvayın xarici işlər naziri: Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətindəyik
23 Mart 17:13
Azərbaycan hərbçiləri Pakistanın Milli Gününə həsr olunmuş hərbi paradda iştirak ediblər
23 Mart 16:34
Azərbaycan ilə Uruqvay arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
23 Mart 16:20
İki ayda Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatları 60 milyon dollara çatıb
23 Mart 15:58
Hedva Ser: UNESCO-da “Yeddi gözəl” muğam konserti möhtəşəm oldu
23 Mart 13:49
Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatında Beynəlxalq Novruz Günü qeyd edilib
23 Mart 13:41
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Novruz şənliyi təşkil edilib
23 Mart 10:11
Meksika senatında Novruz bayramı təntənəsi
23 Mart 09:49
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsinə start verilir
23 Mart 09:43
Azərbaycanın müdafiə naziri Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb
23 Mart 09:34
Ann-Sofi Kopən: Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
23 Mart 09:32
Azərbaycan nümayəndələri Dünya Bankının Daşkənddə keçirilən iclasında iştirak ediblər
23 Mart 09:29
Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub
23 Mart 09:23
Nazirlik: Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara da gələn aydan Prezidentin təqaüdü veriləcək
23 Mart 09:17
İstanbulda İƏT-in Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib
23 Mart 09:13
Prezident Arif Alvi: Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
22 Mart 14:06
Azərbaycan və Argentina parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsinə dair fikir mübadiləsi aparıb
22 Mart 13:59
Azərbaycan və Pakistan arasında hərblə bağlı sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
22 Mart 13:53
"The Washington Times" Azərbaycanın iqtisadi-siyasi nailiyyətlərindən yazıb
22 Mart 13:48
Jan Dürinq: Qarabağ, xüsusən də Şuşa Azərbaycan musiqisinin beşiyidir
22 Mart 13:44
“Saat Meydanı” Kompleksi sakinlərin və turistlərin rahatlığına hesablanıb
22 Mart 13:40
BMT-də Beynəlxalq Novruz Günü qeyd olunub
22 Mart 13:34
Türkiyə KİV-ləri Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbrikini geniş işıqlandırıb
22 Mart 13:31
Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
21 Mart 17:46
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21 Mart 17:42
Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq davam edir
21 Mart 17:39
Mənəvi dəyərlərimizə böyük qayğı
21 Mart 17:35
Əli Həsənov: Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21 Mart 15:07
Doğma bulvarda Novruz...
21 Mart 14:09
İstanbulda türk xalqlarının təmsil olunduğu Novruz şənliyi keçirilib
21 Mart 14:07
Suraxanı rayonunda Novruz bayramı geniş qeyd edilir
21 Mart 14:02
Azərbaycan və İran dövlət sərhədində Novruz bayramı münasibətilə tədbir təşkil olunub
21 Mart 13:53
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21 Mart 13:49
21 mart - Beynəlxalq Meşələr və Ağaclar Günüdür
21 Mart 13:43
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında möhtəşəm qələbə qazanıb
21 Mart 13:38
Paytaxtımızda Novruz bayramı böyük təntənə ilə qeyd edilir
21 Mart 13:30
UNESCO-nun baş qərargahında Alim Qasımovun “Yeddi gözəl” muğam konserti olub
21 Mart 13:24
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
21 Mart 10:16
Qırxa yaxın ölkənin iştirak etdiyi sərgidə XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi öz stendi ilə təmsil olunub
21 Mart 10:12
“Avro 2020”: Bu gün Azərbaycan millisi ilk oyununa çıxacaq
21 Mart 10:09
Azərbaycan və Xorvatiya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib
21 Mart 10:03
Elmar Məmmədyarov: Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək
21 Mart 09:58
Azərbaycana yaz gəldi…
20 Mart 17:30
Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə hərbi hospitalda olub
20 Mart 16:09
Gürcüstan Prezidenti Salome Zurabişvili Qardabanidə azərbaycanlıların Novruz şənliklərinə qatılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA