A+   Yenilə  A-
Azərbaycanın bütün bölgələrində yüksək səviyyəli yeni yollar salınır

2018-ci ilin sonunadək respublika miqyasında 2 min kilometr uzunluğunda yeni avtomobil yollarının tikintisi və minimum 600 kəndin müasir yollarla təmin edilməsi nəzərdə tutulub
Azərbaycanda geniş vüsət alan və ölkəmizin müasir simasını səciyyələndirən yüksək səviyyəli infrastruktur quruculuğu prosesini həmçinin bütün respublika üzrə avtomobil yollarının, yolayrıcıların, körpülərin inşasının və yenidən qurulmasının timsalında aydın şəkildə izləmək mümkündür. 2004-cü ildən bəri respublikamızda 15 min kilometr yol çəkilib, 443 körpü tikilib.
Ölkəmizdə yeni yolların çəkilməsi və mövcud yolların yenidən qurulması ilə bağlı işlərin coğrafiyası getdikcə genişlənir. Təkcə 2017-ci ildə ölkə miqyasında şərti “40 yol” adlanan, əslində isə regionlarda daha çox sayda kəndi əhatə edən layihə böyük müvəffəqiyyətlə tamamlanıb. 2018-ci ildə qarşıya qoyulan hədəflər isə daha böyükdür. Belə ki, cari ilin sonunadək respublika miqyasında 2 min kilometr uzunluğunda yeni avtomobil yollarının tikintisi və minimum 600 kəndin müasir standartlar səviyyəsində qurulan yollarla təmin edilməsi nəzərdə tutulub. Regionlarda irimiqyaslı layihələrin uğurla tamamlanması onu deməyə əsas verir ki, 2018-ci ildə də ölkə üzrə yol infrastrukturunun yenilənməsi ilə bağlı qarşıya qoyulan vəzifələrin icrası uğurla təmin ediləcək.
Qax-Qıpçaq-Ağyazı avtomobil yolu 4 min nəfər əhalinin rahat gediş-gəlişini təmin edəcək
Cari il oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionlara səfəri çərçivəsində Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər haqqında dövlətimizin başçısına məlumat verib.
Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən həyata keçirilib. Yol 13 məntəqəni əhatə etməklə burada yaşayan 4 min nəfər əhalinin rahat gediş-gəlişini təmin edəcək, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətində mühüm rol oynayacaq.
Açılış mərasimində bildirildiyi kimi, Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun uzunluğu 44,5 kilometr, hərəkət hissəsinin eni 6-7 metrdir. Yol uzun müddət əsaslı təmir edilmədən istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyularaq deformasiyaya uğramış, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Müvafiq olaraq, III və IV texniki dərəcələrə aid olan ikizolaqlı hərəkət hissəli yolun inşası yüksək keyfiyyətlə, bütün texniki tələblərə və ardıcıllığa uyğun aparılıb. Layihə çərçivəsində zəruri olan yerlərdə suötürücü borular quraşdırılıb, siqnal dirəkləri, yol nişanları və göstərici lövhələr qoyulub, yol-cizgi xətləri çəkilib. İnşaat işləri zamanı Qax şəhərinin girişində yolun dağ yamacı hissəsində çay daşından 2250 metr uzunluğunda istinad divarı tikilib. Həmçinin ümumi uzunluğu 69 metr olan iki körpü təmir edilib.
Avtomobil yolunun inşası 13 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq. Bu yolun müasir səviyyədə yenidən qurulması həm yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq, yetişdirilən məhsulların rahat şəkildə bazarlara daşınmasına imkan yaradacaq, həm də bölgənin turizm potensialının möhkəmləndirilməsi işinə də xidmət göstərəcək. Eyni zamanda, yolboyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə imkan verəcək. Bu yolun ölkə əhəmiyyətli Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolundan ayrılması isə onun sosial və iqtisadi əhəmiyyətini daha da artırır.
Tədbirdə dövlətimizin başçısına Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 124-164 kilometrlik hissəsini əhatə edən Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmir olunması barədə də məlumat verilib. Bu yolda əsaslı təmir işləri Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən yüksək keyfiyyətlə aparılıb. Əsaslı təmir olunan yolun uzunluğu 40 kilometr, eni isə 13 metrdir. Buraya hər iki istiqamət üzrə iki metr enində çiyinlər və genişləndirildikdən sonra eni 9 metrə çatdırılan hərəkət hissəsi daxildir. Tikinti layihəsinə əsasən yolboyu mövcud olan beş avtomobil körpüsünün əsaslı şəkildə təmiri də aparılıb. Suların ötürülməsi üçün yolun altında müxtəlif ölçülü 68 ədəd dəmir-beton borular quraşdırılıb. Bütün işlər texnoloji ardıcıllığa riayət edilərək görülüb.
Əsaslı təmir edilən Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun tərkib hissəsinə aid olan Zaqatala-Balakən-Mazımçay hissəsi 100 mindən çox əhalinin yaşadığı iki rayonun inzibati ərazisindən keçməklə 16 yaşayış məntəqəsini birləşdirir. Təmir işləri yolboyu yaşayan əhali ilə yanaşı, yoldan istifadə edən bütün vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq, Gürcüstan istiqamətində, həmçinin əks istiqamətdə yük və sərnişin daşımasını xeyli asanlaşdırmaqla kənd təsərrüfatının və turizmin inkişafına mühüm töhfə verəcək.
Prezident İlham Əliyevə Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin yenidən qurulması barədə də məlumat verilib. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində inşa olunan respublika əhəmiyyətli Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsini əhatə edən yol başlanğıcını Qorağan-Qax-Zaqatala avtomobil yolunun 14-cü kilometrliyindən - Qax şəhərinin girişindən götürür. Yol Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 125-ci kilometrinədək uzanır. Ümumi uzunluğu 29,8 kilometr olan yol üçüncü texniki dərəcəyə uyğun yenidən qurulub. İki hərəkət zolaqlı yolun ümumi eni 12 metrdir.
Layihə çərçivəsində 52 ədəd suötürücü boru tikilib, beton kanal və drenaj işləri görülüb, rabitə və su xətlərinin yeri dəyişdirilib, 4 yerdə heyvanların keçidi inşa olunub. Tikinti işləri zamanı Qum çayı üzərində uzunluğu 23,2 metr və Süzgənc çay üzərində uzunluğu 46 metr olan dəmir-beton körpülər tikilib. Dərnə, Atagar, Muxax və Lekit çayları üzərində yerləşən mövcud körpülərdə isə əsaslı bərpa və bərkitmə işləri aparılıb.
Qax-Zaqatala avtomobil yolu Böyük Qafqaz sıra dağlarının cənub ətəyi ilə uzanır və ölkənin ən böyük turizm marşrutlarından olan yolun bir hissəsidir. Yol xüsusilə Qax-Zaqatala rayonlarının 37 min nəfərdən çox əhalisi olan 22 yaşayış məntəqəsində nəqliyyat xidmətini yaxşılaşdırmağa imkan verəcək. Eləcə də Qax və Zaqatala rayonları arasında hazırda mövcud olan yol məsafəsi xeyli qısalacaq.
Şəki-Kiş avtomobil yolu yenidənqurmadan sonra sakinlərin istifadəsinə verilib
Şəki-Kiş avtomobil yolu oktyabrın 29-da yenidənqurmadan sonra sakinlərin istifadəsinə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avtomobil yolunun açılışında iştirak ediblər.
Yolun uzunluğu 7,2 kilometrdir. Şəki-Kiş avtomobil yolunun hərəkət hissəsi sıradan çıxmışdı. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində problemlər yaradırdı. On yeddi min nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən Şəki-Kiş avtomobil yolunun yenidən qurulması Azərbaycan Prezidentinin Sərəncamına əsasən həyata keçirilib. Görülən işlər nəticəsində yol iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Layihəyə uyğun olaraq 7 metr enində yol əsası və 2 metr enində çiyinlər də daxil olmaqla yeni salınan yol yatağının eni 12 metrdir. Yolboyunca müxtəlif diametrli suötürücü borular tikilib, zəruri yerlərdə yol nişanları quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər çəkilib, avtobus dayanacaqları tikilib.
Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq, Kiş çayı üzərində körpünün bərpası işləri də aparılıb. Yeni inşa edilən körpünün uzunluğu 88,2 metr, hərəkət hissəsinin eni 8 metrdir. Körpünün hər iki tərəfində eni 1,5 metr olan piyada səkiləri də yaradılıb. Dayaqsız biraşırımlı körpünün çay yatağından hündürlüyü 7 metrdir. Bu isə gələcəkdə sel sularının körpüyə zərər vurmasının qarşısını alacaq. Çayda sel suları nəzərə alınaraq körpünün təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı və profilaktik tədbirlər həyata keçirilib. Layihə çərçivəsində çayda su axınının tənzimlənməsi və yaşayış məntəqələrini sel sularından qorumaq üçün sağ sahildə mövcud qazma-doldurma svay əsaslı monolit beton istinad divarlarının 32 metr hissəsinin hündürlüyü artırılıb, sol sahildə isə 45 metr uzunluğunda yeni su tənzimləyici qurğu inşa olunub.
Xatırladaq ki, 2016-cı ilin iyulunda yağan leysan nəticəsində sel suları həmin körpünü uçurmuş, Kiş kəndinin rayon mərkəzi ilə avtonəqliyyat əlaqəsi kəsilmişdi. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əraziyə cəlb edilən ağır texnika və canlı qüvvə hesabına qısa müddət ərzində Kiş çayı üzərində müvəqqəti yol salınaraq gediş-gəliş bərpa olunmuşdu. Təbii fəlakətin yol infrastrukturuna vurduğu ciddi ziyanın aradan qaldırılması və 7 min nəfər əhalinin yaşadığı Kiş kəndini ətraf yaşayış məntəqələri ilə birləşdirən yeganə körpünün bərpası üçün Prezident İlham Əliyev tərəfindən 2016-cı il avqustun 16-da müvafiq Sərəncam imzalanmışdı.
Avtomobil yolunun inşası iki yaşayış məntəqəsi arasında yük və sərnişin daşınmasının yaxşılaşdırılmasına imkan verəcək, həmçinin yerli və xarici turistlərin Kiş kəndinə və “Marxal” istirahət mərkəzinə gediş-gəlişində mühüm rol oynayacaq.
İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub
Uzunluğu 23 kilometr olan İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Regionlara səfəri çərçivəsində Prezident İlham Əliyevin də qatıldığı açılış mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

Bildirilib ki, ikizolaqlı yolun hərəkət hissəsinin eni 6 metrdir. İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun tikintisi Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən həyata keçirilib. Yol 40 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir. Əvvəllər çınqıl və torpaq örtüklü yolla vətəndaşların gediş-gəlişində müəyyən problemlər yaşanırdı. Yolun yenidən qurulması ilə bu problemlər köklü şəkildə həll olunub. Aparılan işlər zamanı zəruri yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirilib. Layihənin icrası çərçivəsində yol nişanları və göstərici lövhələr quraşdırılıb, yol-cizgi xətləri çəkilib. Yolboyu zəruri yerlərdə 30 suötürücü boru da quraşdırılıb. İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun istifadəyə verilməsi nəticəsində əhalinin gediş-gəlişi xeyli asanlaşacaq, təhlükəsiz və maneəsiz hərəkət təmin olunmaqla, yük və sərnişin daşınması da yaxşılaşacaq.
Dövlətimizin başçısına İmişli-Yalavac-Axıcanlı-Rəsulu-Şahverdili-Bəhrəmtəpə-Qaragüvəndikili yolu barədə də məlumat verilib. Uzunluğu 14 kilometr olan yolun yenidən qurulması ilə 7 yaşayış məntəqəsinin 26 mindən çox əhalisinin rahat və təhlükəsiz hərəkəti təmin edilib. Bu avtomobil yolu uzun illər istismar olunduğundan yolda qabarmalar və çökmələr əmələ gəlmişdi. Bu isə xüsusən payız-qış mövsümündə əhalinin və nəqliyyatın hərəkətinə çətinliklər yaradırdı. Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun bərpa edilib. Yolun eni 10 metrdir. Layihə çərçivəsində yeni dəmir-beton borular quraşdırılıb, körpü məhəccərləri yenilənib, avtobus dayanacaqları inşa edilib. Bununla da yolboyu yaşayan vətəndaşların istər rayon mərkəzinə, istərsə də Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistral avtomobil yoluna rahat çıxışı təmin edilib, yük və sərnişin daşınması asanlaşıb. Diqqətə çatdırılıb ki, bu gün İmişli rayonunda ümumi uzunluğu 213 kilometr olan avtomobil yolları istifadəyə verilib.
Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 112 kilometrlik Qarağacı-Bəhrəmtəpə hissəsinin inşası yekunlaşıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 112 kilometrlik Qarağacı-Bəhrəmtəpə hissəsinin açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib ki, ölkəmizdə yol infrastrukturunun yenilənməsi və müasirləşdirilməsi istiqamətində aparılan işlərin ardıcıl və keyfiyyətlə davam etdirilməsi Azərbaycanın iqtisadi inkişafının göstəricilərindən biridir. Bu işlər, eyni zamanda, davamlı tərəqqinin əsas amillərindəndir. Son illərdə respublika əhəmiyyətli yolların müasir səviyyədə yenilənməsi işinə xüsusi diqqət göstərilir. Mühüm məqamlardan biri də odur ki, bu layihələr qısa müddətdə və yüksək keyfiyyətlə icra olunur. Yenidən qurulan yollardan biri də Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 112 kilometrlik Qarağacı-Bəhrəmtəpə hissəsidir. Bu işlər sübut edir ki, yeni, müasir avtomobil yollarının tikintisi, mövcud yolların isə yenidən qurulması işlərinin həcmi və coğrafiyası ildən-ilə artır.
Məlumat verilib ki, 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol şəbəkəsinin daha da müasirləşdirilməsi istiqamətində bölgələrdə mühüm tədbirlər həyata keçirilir. Bu çərçivədə respublika əhəmiyyətli Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 112 kilometrlik Qarağacı-Bəhrəmtəpə hissəsinin yenidən qurulması yekunlaşıb. Bundan əvvəl yolun Mingəçevir şəhəri-Mingəçevir stansiyası arasında olan 16,5 və 26 kilometrlik Aran-Qarağacı hissələri yüksək səviyyədə qurularaq Prezident İlham Əliyevin iştirakı ilə açılıb və vətəndaşların istifadəsinə verilib. Yolun 42,5-154,5 kilometrlik hissəsində isə işlər sürətlə davam etdirilərək yekunlaşdırılıb. Bu hissədə yol 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun inşa edilib. Yol yatağının eni 12 metr təşkil edir. Yolun Qarağacı-Bəhrəmtəpə hissəsində suların ötürülməsi üçün ümumi uzunluğu 5155 poqonmetr 224 dairəvi suötürücü borunun quraşdırılması və 27 yerdə 629 poqonmetr uzunluğunda düzbucaqlı su keçidinin inşası aparılıb. Bundan başqa, yolun altından keçidi təmin etmək məqsədilə 17 alt keçid inşa olunub. Yolboyu Tərtərçay üzərində uzunluğu 100, Xaçın çayı üzərində uzunluğu 50, Qarqarçay üzərində isə uzunluğu 25 metr olan 3 yeni körpü də inşa edilib.
Dövlətimizin başçısına Hacıqabul-Bəhrəmtəpə-Mincivan yolunun 64 kilometrlik Bəhrəmtəpə-Horadiz hissəsində aparılan yenidənqurma işləri barədə də məlumat verilib. Ölkəmizin cənub-qərb magistral avtomobil yolunun tərkib hissəsinə aid olan Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 64 kilometrlik hissəsinin yenidən qurulması işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. Beyləqan və Füzuli rayonlarından keçən yolda tikinti-quraşdırma işləri iki hissədən ibarət olmaqla həyata keçirilib. Üçüncü texniki dərəcəyə uyğun yenidən qurulan 2 hərəkət zolaqlı yolun eni 12 metrdir. Yol üzərindəki ikiaşırımlı doqquz körpü də əsaslı təmir olunub, onların hərəkət hissələrinin eni genişləndirilib. Layihəyə uyğun olaraq yolboyu 38 müxtəlif diametrli suötürücü borunun təmiri və tikintisi həyata keçirilib, 30 avtobus dayanacağı quraşdırılıb, zəruri yerlərdə siqnal dirəkləri, yol nişanları və məlumatverici lövhələr qoyulub.
Qeyd edək ki, Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 112 kilometrlik hissəsi 2015-ci ildə 2-ci texniki dərəcəyə uyğun yenidən qurulub. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən yol başlanğıcını məhz bu avtomobil yolunun təqribən 177-ci kilometrliyindən götürür. Magistral yolun 64 kilometrlik hissəsinin yenidən qurulması ilə artıq Bakıdan istər Beyləqan və Füzuli rayonlarının yolboyu yerləşən yaşayış məntəqələrinə, istərsə də işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə rahat, maneəsiz və təhlükəsiz şəkildə gediş-gəliş təmin olunub, yük və sərnişin daşınması asanlaşıb.
Yenidən qurulan Piran-Hamarat-Vijaker avtomobil yolu Lerik rayonunda 28 yaşayış məntəqəsini birləşdirir
Cənub bölgəsində müasir standartlar səviyyəsində yenidən qurulan Piran-Hamarat-Vijaker avtomobil yolu Lerik rayonunda 28 yaşayış məntəqəsini birləşdirir. Avtomobil yolu yenidənqurmadan sonra oktyabrın 15-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
Məlumdur ki, son vaxtlarda Prezident İlham Əliyevin diqqəti sayəsində ölkəmizdə kənd yollarının müasirləşdirilməsi, əvvəllər yol olmayan kənd və qəsəbələrə yüksək səviyyədə yolların çəkilməsi geniş vüsət alıb. Bunu Lerik rayonunun Piran-Hamarat-Vijaker avtomobil yolunun yenidən qurulması da aydın nümayiş etdirir. Belə sosial layihələr kənd və qəsəbələrin sakinlərinin həyatına birbaşa təsir edir, onların istehsal etdiyi məhsulların alıcılara tez və rahat şəkildə çatdırılmasına imkan verir. Bununla yanaşı, yeni yolların inşası bölgələrimizin turizm potensialının artırılmasına və turist axınının təmin edilməsinə geniş imkanlar yaradır.
Piran-Hamarat-Vijaker avtomobil yolunun tikintisi üçün Prezident İlham Əliyevin bu il avqustun 18-də imzaladığı Sərəncama əsasən dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11,3 milyon manat ayrılıb. Ümumi uzunluğu 26 kilometr olan yol 4-cü texniki dərəcəyə aiddir. İkizolaqlı yolun hərəkət hissəsinin eni 6 metrdir. Layihənin icrası çərçivəsində suötürücü borular, yol nişanları və göstərici lövhələr quraşdırılıb, yol-cizgi xətləri çəkilib. Bir sözlə, yol müasir səviyyədə, texnoloji ardıcıllığa uyğun və bütün tələblərə cavab verməklə yenidən qurulub.
Açılış mərasimində dövlətimizin başçısına Lerik rayonunun Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisi barədə də məlumat verilib. Otuz min nəfərin yaşadığı və 50 yaşayış məntəqəsini birləşdirən bu avtomobil yolunun tikintisi üçün Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı Sərəncamla Lerik rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat, 2014-cü ildə imzalanan Sərəncamla isə əlavə olaraq 7 milyon manat ayrılıb. 2016-cı ildə imzalanan digər Sərəncama əsasən isə yolun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,6 milyon manat vəsait ayrılıb və yolun tikintisi başa çatdırılıb.
Qeyd edilib ki, ümumi uzunluğu 36 kilometr, eni 6 metr olan yol 4-cü texniki dərəcəyə aiddir və ikizolaqlıdır. Yolun inşası zamanı müxtəlif diametrli suötürücü borular tikilib, iki körpü keçidi inşa olunub.
Avtomobil yollarının yenidən qurulmasında keyfiyyət amili əsas götürülür
Azərbaycanda geniş vüsət alan infrastruktur quruculuğunda, o cümlədən də magistral və kənd yollarının yenidən qurulmasında keyfiyyət amilinə xüsusi diqqət yetirilir və bu sahədə dünya miqyasında təsdiqini tapan qabaqcıl təcrübədən istifadə edilir. Təsadüfi deyil ki, nüfuzlu beynəlxalq reytinq agentlikləri də ölkəmizdə infrastruktur obyektlərinin yüksək keyfiyyətlə inşa olunduğunu etiraf edirlər. Məsələn, Davos İqtisadi Forumunun 2018-ci ildə yaydığı müvafiq hesabatda respublikamızda inşa olunan yolların keyfiyyəti yüksək dəyərləndirilib. Nüfuzlu beynəlxalq forumun hesabatına əsasən, Azərbaycan MDB məkanında yol infrastrukturu üzrə 1-ci, dünya miqyasında isə 36-cı yerdədir.
Bəhs olunan hesabatda göstərilib ki, Azərbaycanın yolları keyfiyyətinə görə MDB-də ən yaxşı yollardır. Beynəlxalq iqtisadi forumun reytinqində qonşu dövlətlərdən Türkiyə 30-cu, İran 71-ci, Gürcüstan 82-ci, Ermənistan 85-ci, Rusiya 114-cü yerə layiq görülüb. Hesbatda bildirilir ki, dünya üzrə ən yaxşı yollar Birləşmiş Ərəb Əmirliklərində, Sinqapur və İsveçrədədir.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  4710  |  
  • Tarix:  01-11-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir

15 İyun 20:58
Qadın parlamentarilər TürkPA Beynəlxalq Katibliyinin mənzil-qərargahında olublar
15 İyun 19:11
Milli Qurtuluş Günü xalqımızın taleyində dönüş günüdür
15 İyun 19:02
Bakı Konqres Mərkəzində məzun gecəsi keçirilib
15 İyun 18:27
Polis Akademiyasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 18:24
Mehriban Əliyeva: Təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir
15 İyun 16:42
Müdafiə naziri: Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir
15 İyun 16:40
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
15 İyun 16:38
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15 İyun 16:30
Milli Qurtuluş Günü münasibətilə Yaponiyanın “Himalaya” radiosunda xüsusi veriliş yayımlanıb
15 İyun 15:50
Hulusi Kılıç: Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan milli qurtuluşa nail oldu
15 İyun 15:37
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib
15 İyun 15:13
Dövlət Təhlükəsizliyi Xidmətində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib
15 İyun 15:06
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
15 İyun 14:35
Kənd Təsərrüfatı Nazirliyi: Bu günədək kümçülər 499,28 ton yaş barama təhvil veriblər
15 İyun 11:25
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb
15 İyun 11:24
Fuad Axundov: Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub
15 İyun 11:17
Daşkənddə keçirilən regional forumda Azərbaycan da iştirak edib
15 İyun 11:15
ABŞ-ın Con Batçelor Şou radio proqramında Azərbaycanın inkişaf modeli barədə danışılıb
15 İyun 11:14
Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı keçirilir
15 İyun 10:22
Mingəçevirdə “Azərbaycanın müasir uğurlarının başlanğıc tarixi - 15 iyun 1993-cü il” mövzusunda konfrans keçirilib
15 İyun 10:21
Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi bütün xalqın, bütün millətin arzusu idi
15 İyun 10:18
Dövlət Rəssamlıq Akademiyasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
15 İyun 10:16
Tərtərdə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
15 İyun 10:14
Fransa məhkəmələrinin qərarları Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinin üstündən xətt çəkdi
15 İyun 10:10
Gədəbəy rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
15 İyun 10:09
Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 10:06
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir
14 İyun 22:19
Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə konsert olub
14 İyun 21:52
Dövlətin və cəmiyyətin Qurtuluşu: Ulu öndər tarixi xilaskar kimi
14 İyun 21:35
Milli Qurtuluş Gününün bəhrələri
14 İyun 21:32
İraq mətbuatı 150 yaşında
14 İyun 21:23
Azərbaycanın təşəbbüsü ilə “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə UNESKO hərbi bələdçisi”nin NATO-da təqdimatı olub
14 İyun 21:19
Bakı Atatürk Liseyində məzun günü münasibətilə tədbir keçirilib
14 İyun 21:10
Heydər Əliyevin tarixi qayıdışı ölkəmizi anarxiya və dağılmaqdan xilas etdi
14 İyun 21:07
VƏTƏN NAMİNƏ QAYIDIŞ
14 İyun 20:42
Ukraynanın “5 kanal” televiziyası Naxçıvan haqqında növbəti reportaj yayımlayıb
14 İyun 20:15
Yeni Azərbaycan Partiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
14 İyun 20:00
Oqtay Əsədov: TÜRKPA çərçivəsindəki proseslərə qadınların cəlb edilməsi günümüzün reallığıdır
14 İyun 19:28
Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır
14 İyun 19:17
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib
14 İyun 18:48
Dünya Xəbər Agentliklərinin Sofiyada keçirilən VI Konqresi işini başa çatdırıb
14 İyun 18:30
TÜRKPA-nın nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14 İyun 18:04
Azərbaycan dayanıqlı inkişafla bağlı Milli Hesabat təqdim edəcək
14 İyun 18:01
Ziya Zakir Acar: Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində xilas və quruculuq erasının başlanğıcıdır
14 İyun 17:59
Azərbaycanın Baş Naziri Novruz Məmmədov Tacikistanda səfərdədir
14 İyun 17:57
Tibol Roş: Zaldakı bütün insanların ayağa qalxaraq Azərbaycanın dövlət himnini dinləməsi möhtəşəm idi
14 İyun 17:55
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində məzunların buraxılışı olub
14 İyun 17:53
Ulu Öndərin dəstəyi olmasaydı, Azərbaycanda obyektiv qiymətləndirmə sistemi formalaşmayacaqdı
14 İyun 17:33
Dövlət Statistika Komitəsində 15 iyun - Milli Qurtuluş Günü geniş qeyd olunub
14 İyun 17:27
“Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru” mövzusunda konfrans keçirilib
14 İyun 17:22
Vergilər nazirinin müavini Ağsuda vətəndaşları qəbul edib
14 İyun 17:08
Dövlət Komitəsində BMT İnkişaf Proqramının Azərbaycandakı yeni rezident nümayəndəsi ilə görüş keçirilib
14 İyun 16:54
Milli Qurtuluş Gününə həsr olunmuş “Xilaskar” adlı konfrans təşkil edilib
14 İyun 16:53
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:48
Azərbaycan Ulu Öndərin zəngin ideyalarının işığında gələcəyə doğru inamla addımlayır
14 İyun 16:33
Ulu Ondərin yenidən siyasi hakimiyyətə gəlməsi dövlətçilik tariximizin şanlı və parlaq səhifəsidir
14 İyun 16:27
“Azərbaycan Səninlədir, Sənsiz deyil” adlı IX yaradıcılıq festivalı keçirilib
14 İyun 16:23
Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
14 İyun 16:20
XİN: danışıqların ən mühüm məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasıdır
14 İyun 16:18
SOCAR və “Equinor” şirkətləri “Qarabağ” yatağında yeni platformanın quraşdırılmasına hazırlaşır
14 İyun 16:15
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
14 İyun 16:13
BSU-da Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:11
YALAN AYAQ TUTAR, YERİMƏZ
14 İyun 16:10
Karl Kulessa: BMT-nin Əhali Fondu ilə Azərbaycan hökuməti arasında çox güclü əməkdaşlıq var
14 İyun 16:08
ELMİN VİCDAN MƏSƏLƏSİ – “Bizə hansı Ali Attestasiya Komissiyası lazımdır?”
14 İyun 15:56
Qurtuluşumuz bugünkü növrağımıza çevrilib
14 İyun 15:44
Məzunların "Son zəng" sevinci
14 İyun 15:39
Paytaxt məktəbləri 2018-2019-cu tədris ilini yüksək göstəricilərlə başa vurub
14 İyun 15:31
“Asan İmza”nın tətbiqi təcrübəsi Londonda identitet üzrə seminarda müzakirə olunub
14 İyun 15:25
AMEA-nın prezidenti alimlərlə görüşdə İKT-nin elmi fəaliyyətdə tətbiqindən danışıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA