A+   Yenilə  A-
Milli Məclis komitələrinin birgə iclasında 2019-cu ilin büdcə zərfi müzakirə olunub

Noyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında “2019-cu il dövlət büdcəsi haqqında”, “2019-cu il üçün yaşayış minimumu haqqında”, “2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetaları müzakirəyə çıxarılıb.
AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycanda uğurlu islahatların davam etdirildiyini söyləyib. Bildirilib ki, Azərbaycanda iqtisadi fəaliyyətin son 15 ildəki nəticələri kifayət qədər möhtəşəm rəqəmlərlə xarakterizə olunur. Azərbaycan iqtisadiyyatı özünün yeni inkişaf mərhələsinə keçir.
Ziyad Səmədzadə qeyd edib ki, qloballaşan dünyada, risklərin artdığı bir şəraitdə Azərbaycan iqtisadiyyatı davamlılığını nümayiş etdirir. Heç şübhəsiz, bu nailiyyətlərin əldə olunmasında Prezident İlham Əliyev tərəfindən aparılan düşünülmüş iqtisadi siyasət, ölkənin milli maraqlarına cavab verən iqtisadi inkişaf strategiyası dayanır. Dövlət Büdcəsi bütün bu nailiyyətlərin əldə olunmasında mühüm bir vasitədir. Büdcənin hazırlanmasında iştirak edən strukturlar bu məsələyə kifayət qədər məsuliyyətlə yanaşırlar. Məhz belə yanaşmanın nəticəsidir ki, Azərbaycanın dövlət büdcəsinin parametrləri, göstəriciləri ildən-ilə təkmilləşir, yaxşılaşır.
İclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, Azərbaycan Respublikasının 2019-cu il icmal və dövlət büdcələrinin layihələri büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanunundan irəli gələn tələbləri, Prezident İlham Əliyevin müəyyən etdiyi ölkənin strateji inkişaf prioritetləri və sosial iqtisadi siyasət hədəfləri, qlobal iqtisadiyyatda gedən proseslərin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla tərtib olunub. Bu amillərlə yanaşı, proqnozlaşdırma zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin hazırladığı 2019-2022-ci illər üzrə ölkənin makroiqtisadi proqnoz göstəriciləri və gözlənilən iqtisadi meyillər, o cümlədən 2019-cu ildə ümumi daxili məhsulun 3,6 faizlik, qeyri-neft sektorunda isə 3,9 faizlik real artım sürəti, dövlət büdcəsi və Dövlət Neft Fondunun gəlirlərinin hesablanmasında isə bir barrel xam neftin satış qiyməti 60 ABŞ dolları səviyyəsində qəbul edilib.
Nazir deyib ki, dünya əmtəə bazarlarında neftin qiyməti ilə bağlı müşahidə olunan müəyyən sabitləşmə və artım proseslərinin ölkə iqtisadiyyatına müsbət təsiri ehtimal olunsa da, regiondakı iqtisadi təlatümlərin ölkə iqtisadiyyatına potensial mənfi təsirləri nəzərdən qaçırılmamalıdır. Belə ki, qonşu ölkələr və əsas ticarət tərəfdaşlarımızın valyutalarının ucuzlaşması Azərbaycan manatının məzənnəsinin dəyərlənməsinə təzyiqləri artırır. Bu, bir tərəfdən yerli istehsalçıların ixrac rəqabətliliyinin azalması digər tərəfdən isə idxalın artımı risklərini aktuallaşdırır.
“Yuxarıda sadalanan xarici mənşəli makro iqtisadi təhdidlərin ölkə iqtisadiyyatına sirayət etməsinin qarşısının alınması 2019-cu ildə həyata keçiriləcək monetar və fiskal siyasətin əsas prioritetlərindən biri kimi gündəlikdə durmaqdadır. Bununla əlaqədar, büdcənin sabitliyi və orta müddətli dayanıqlılığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir”, - deyə maliyyə naziri qeyd edib. Diqqətə çatdırılıb ki, 2019-cu ilin dövlət büdcəsinin tərtibindən başlayaraq növbəti illərin icmal və dövlət büdcələri yeni qəbul edilmiş büdcə qaydasına uyğun olaraq hazırlanacaq. Qaydanın tətbiqi neft qiymətlərinin artması və enməsi zamanı dövlət xərclərinin prosiklikliyinin qaldırılmasını və dayanıqlı olmasını tələb edir. Bu əsasda icmal büdcənin xərclərinin yuxarı həddi üzrə məhdudiyyət tətbiq olunur.
Nazir bildirib ki, təqdim olunmuş sənədlərdə icmal büdcənin xərcləri 27 milyard 372 milyon manat, dövlət büdcəsinin xərcləri isə 24 milyard 780 milyon manatdır. Dövlət Neft Fondundan transfert isə 11 milyard 364 milyon manat müəyyən edilib. İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumdaxili məhsula nisbəti 30 faizədək, yəni cari ilin göstəricisi ilə müqayisədə 1,7 faiz bənd azaldılır. Bu da artıq büdcə qaydasının işə salınmasının əyani göstəricisidir.
2019-cu ildən etibarən büdcə vergi siyasətində bir sıra vacib dəyişikliklərin ediləcəyini bildirən nazir deyib: “Bunlar əsasən, büdcənin sabitliyi və uzunmüddətli dayanıqlılığının təmin edilməsi, şəffaflığın, ortamüddətli maliyyə proqnozlaşdırılmasının effektivliyinin və səmərəliyinin və eyni zamanda, maliyyə nəzarətinin və monitorinqinin tətbiq edilməsinə yönəlib. Hesab edirik ki, 2019-cu ildən büdcənin sabitliyinin və uzunmüddətli dayanıqlığının təmin edilməsi məqsədilə yeni büdcə qaydasının tətbiqi və büdcə xərclərinə müəyyən məhdudiyyətin qoyulması büdcənin dayanıqlılığına xidmət göstərəcək”.
Samir Şərifov diqqətə çatdırıb ki, 2019-cu ildə ortamüddətli dövrdə icmal büdcənin qeyri-neft və baza kəsirinin qeyri-neft ümumdaxili məhsula nisbətinin azaldılması hədəflənir. Bu hədəf dövlət büdcəsinin layihəsində öz əksini tapıb. Ortamüddətli maliyyə proqnozlaşdırılmasına keçidi təmin etmək məqsədilə 2019-cu ildən etibarən ölkənin müəyyən etdiyi iqtisadi və sosial-inkişaf tələblərini özündə əks etdirən ortamüddətli xərclərin çərçivəsinin hazırlanmasına başlanılacaq. Bu, hesab edirəm ki, keyfiyyət baxımından irəliyə doğru atılan çox mühüm addımdır.
Nazir qeyd edib ki, dövlət büdcəsində nəzərdə tutulan bütün sosial öhdəliklər, əsas dövlət proqramları, həmçinin təhsil, səhiyyə, sosial, mədəniyyət və idman sahələri ilə bağlı infrastruktur layihələri üçün maliyyə təminatı yaradılacaq. Hesab edirik ki, bu qərar dövlət büdcəsinin əsas parametrlərinin həyata keçirilməsi üçün dövlət büdcəsinin daxilolmalar hissəsində əhəmiyyətli dəyişikliklərin baş verməsini təmin edəcək. İlk növbədə, qeyd etməliyəm ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergiödəyicilərinə muzdlu işdən aylıq gəlir vergisi üzrə 7 il müddətində güzəşt tətbiq olunacaq. Bununla bağlı Vergi Məcəlləsinə müvafiq dəyişikliyin edilməsi ilə əlaqədar layihə təqdim olunub. Vergi islahatlarının digər mühüm istiqaməti göstərilən güzəştin alıcıları üçün məcburi dövlət sosial sığorta haqları üzrə ümumi yükün bir hissəsinin işçinin üzərinə ötürülməsidir. Əvvəlki pensiya islahatı ilə bağlı konsepsiyada da bu meyar öz əksini tapıb.
Maliyyə naziri 2019-cu ilin icmal və dövlət büdcələrinin əsas parametrləri barədə məlumat verərək bildirib ki, 2019-cu ilin icmal büdcəsi 2 milyard 352 milyon manat məbləğində profisitdə proqnozlaşdırılır. İcmal büdcənin gəlirləri xərclərini üstələyəcək. İcmal büdcənin gəlirləri 29 milyard 725 milyon manat məbləğində proqnozlaşdırılır, xərcləri isə 27 milyard 372 milyon manat məbləğində nəzərdə tutulub. İcmal büdcəyə daxil olan Dövlət Neft Fondunun büdcəsinin xərcləri transfert nəzərə alınmaqla 11 milyard 364 milyon manat məbləğində proqnozlaşdırılır. Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri bərabər olaraq 3 milyard 928 milyon manat və ya cari ilə nisbətən 349 milyon manat, yəni 9,8 faiz çox olacaq. Həmin vəsaitin 38,3 faizi və ya 1 milyard 503 milyon manatı Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərini təmin edəcək transfertdən ibarət olacaq. Bu da cari ilin proqnozu ilə müqayisədə 203 milyon manat və ya 15,6 faiz çoxdur.
Qeyd edilib ki, icmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olmaqla, 384 milyon manat məbləğində proqnozlaşdırılır. Xərclərin 84 milyon manatını muxtar respublikanın öz gəlirləri, 300 milyon manatını isə dövlət büdcəsindən ayrılan dotasiya hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. 2019-cu il üçün dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 28 faizi həcmində olmaqla, mütləq ifadədə 22 milyard 918 milyon manat təşkil edəcək. Bu da cari illə müqayisədə 769 milyon manat və ya 3,5 faiz çoxdur. Gəlirlərin 9 milyard 217 milyon manatı və ya 40,2 faizi qeyri-neft sektoru üzrə daxilolmaların, 13 milyard 700 milyon manatı və ya 59,8 faizi neft gəlirlərinin payına düşəcək. 2019-cu ildə Vergilər Nazirliyinin xətti ilə proqnozlaşdırılan daxilolmalar 7 milyard 316 milyon manat, Dövlət Gömrük Komitəsi xətti ilə proqnozlaşdırılan daxilolmalar isə 3 milyard 452 milyon manat səviyyəsində qiymətləndirilir. Büdcə təşkilatlarının ödənişli xidmətləri hesabına 627 milyon manat, digər daxilolmalar üzrə 159 milyon manat vəsaitin daxil olacağı nəzərdə tutulur.
Samir Şərifov bildirib ki, 2019-cu il dövlət büdcəsinin xərclərinin tərtibi zamanı ölkəmizin uzunmüddətli sosial iqtisadi inkişafının prioritet istiqamətlərindən olan əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin, dövlətin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi, kənd təsərrüfatının, qeyri-neft sektorunun stimullaşdırılması, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və fiziki infrastruktur layihələrinin, dövlət borcu və beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi ilə bağlı məsələlərin maliyyə təminatı nəzərə alınıb. 2019-cu il dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 30 faizi həcmində olmaqla mütləq ifadədə 24 milyard 780 milyon manat təşkil edəcək. Dövlət büdcəsi xərclərinin 12 milyard 554 milyon manatı və ya 50,7 faizi cari xərclərə, 9 milyard 891 milyon manatı və ya 39, 9 faizi əsaslı xərclərə, 2 milyard 335 milyon manatı və ya 9,4 faizi dövlət büdcəsinə xidmətlə bağlı xərclərə yönəldiləcək. 2019-cu ilin dövlət büdcəsinin xərclərində konkret proqram və tədbirlərin maliyyələşməsi üçün 10 milyard 314 milyon manat və ya 41,6 faiz həcmində dövlət büdcəsindən vəsait yönəldiləcək. Bu da cari illə müqayisədə 2 milyard 77 milyon manat və ya 25,2 faiz çoxdur.
Əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də xərclərin sosialyönümlü olması diqqətdə saxlanılıb. Belə ki, növbəti ildə sosial tədbirlərə aid olan elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər siyasəti ilə bağlı xərclərə 6 milyard 369 milyon manat vəsait sərf ediləcək. Bu da cari illə müqayisədə 787 milyon manat, yəni 14,1 faiz çoxdur. Sosial tədbirlərin xərclərinin dövlət büdcəsi xərcləri tərkibində xüsusi çəkisi cari illə müqayisədə 1,5 faiz bənd artaraq 25,7 faizə, ümumi daxili məhsula nisbətdə isə 0,5 faiz bənd artaraq 7,8 faizə çatacaq. Bu sahələr üzrə Dövlət proqramlarının və məqsədli tədbirlərinin maliyyə təminatı üçün 888 milyon manat vəsait sərf ediləcək. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 2019-cu il üçün müəyyən etdiyi Dövlət İnvestisiya Proqramının layihəsində ilkin olaraq sosialyönümlü layihələrə investisiya qoyuluşu xərclərinin 14,1 faiz həcmində və yaxud 1 milyard manata yaxın vəsaitin yönəldilməsi nəzərdə tutulub.
Növbəti ildə dövlət büdcəsindən qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər dövlət investisiya xərcləri nəzərə alınmadan 262 milyon manat məbləğində proqnozlaşdırılır. Bu da cari illə müqayisədə 7 faiz çoxdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlarda itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinə cari ildə başlanılmış birdəfəlik ödənişlərin verilməsinin növbəti ildə də davam etdirilməsi nəzərdə tutulur və bu məqsədlərə 50 milyon manat vəsait ayrılır.
Nazir deyib: “Müzakirəyə çıxarılmış 2019-cu il üçün dövlət və icmal büdcə layihələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daim prioritet hədəf kimi qəbul etdiyi əhalinin sosial müdafiəsinin və yaşayış səviyyəsini yüksəldilməsi, ölkəmizin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin təmin edilməsi və iqtisadi inkişafının stimullaşdırılması üçün maliyyə təminatının yaradılmasına xidmət edir”.
Sonra çıxış edən iqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının 2019-cu il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası, proqnoz göstəriciləri büdcə sistemi haqqında mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq dünya iqtisadiyyatının inkişaf meyilləri, ölkənin sosial-iqtisadi inkişafı üzrə mövcud çağırışlar, strateji yol xəritələri, inkişaf konsepsiyaları və dövlət proqramları ilə müəyyən edilmiş tədbirlər nəzərə alınmaqla hazırlanıb. Bildirilib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dayanıqlı inkişaf, uzunmüddətli ictimai-siyasi sabitlik Ümummilli liderin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi dövründə də təmin olunub. Dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi, kiçik və orta sahibkarlıq fəaliyyəti üçün biznes mühitinin və tənzimləyici bazasının yaxşılaşdırılması, biznesin yeni dəstək mexanizminin yaradılması, xarici bazarlara çıxış imkanlarının artırılması və ixracın stimullaşdırılması insan kapitalının inkişaf etdirilməsi istiqamətində kompleks tədbirlər görülüb.
Ş.Abdullayev qeyd edib ki, 2019-cu ildə ÜDM-in 3,6 faiz, növbəti illərdə isə orta hesabla 3,4 faiz artacağı, tədiyə balansının cari hesabının müsbət olacağı, 3,9 milyard manat təşkil edəcəyi nəzərdə tutulur.
İqtisadiyyat nazirinin müavini bildirib ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi iqtisadi islahatların tərkib hissəsi olan investisiya təşviqi mexanizminin artıq bir neçə ildir təşviqi investisiyaların artımına ciddi töhfə verməkdədir. Səkkiz iqtisadi rayon üzrə layihələrə 2,7 milyard manat investisiya yatırılmaqla 21 mindən çox yeni iş yerlərinin açılması nəzərdə tutulur. İnvestisiya təşviqi sənədi almış 200-ə yaxın müəssisə artıq fəaliyyət göstərir, digərləri isə gələn ilin sonuna qədər fəaliyyətə başlayacaqlar. Bununla yanaşı, layihələrin ümumi dəyəri 2,5 milyard manat olan tikintisi davam etdirilən 181 istehsal və emal müəssisəsinin dövlət vəsaiti hesabına 132 milyon manat dəyərində infrastruktur təminatı yaradılıb.
Bildirilib ki, kompleks tədbirlər nəticəsində ölkə iqtisadiyyatının prioritet sahəsi olan qeyri-neft sektorunun artımının 2019-cu ildə 3,9 faiz, növbəti illərdə isə orta hesabla 3,5 faiz olması proqnozlaşdırılır. Cari ilin 9 ayında qeyri-neft sahəsinin əlavə dəyəri ikirəqəmli olmaqla 11 faiz təşkil edib, sahələşmə templəri yüksəlib, aparıcı və ənənəvi sahələrdən olan kimya, metallurgiya, maşınqayırma, inşaat materialları istehsalı, qida və digər istehsal sahələri genişlənib, yeni sahələr yaradılıb, bir sıra məhsullar üzrə idxaldan asılılıq kifayət qədər azalıb. Qeyri-neft sənayesinin inkişafında dövlətimizin başçısının rəhbərliyi ilə yaradılmış sənaye parkları və məhəllələri mühüm rol oynayıb.
İclasda çıxış edən vergilər naziri Mikayıl Cabbarov Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin həll edəcəyi əsas problemlər və 2019-cu il üçün vergi siyasətinin başlıca istiqamətləri barədə məlumat verib.
Nazir deyib ki, 2019-cu ildə vergi siyasətinin 5 başlıca istiqaməti müəyyənləşib. Bunlar kölgə iqtisadiyyatının azaldılması və iqtisadiyyatın şəffaflaşdırılması, ikinci istiqamət olaraq vergi tutma bazasının genişləndirilməsi, sahibkarlığın və iqtisadi inkişafın dəstəklənməsi, vergiödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi güzəştlərinin iqtisadi səmərəsinin yüksəldilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsidir. Vergi Məcəlləsinə edilən və təklif olunan bütün dəyişikliklər məhz bu istiqamətlərdən qaynaqlanır.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov qeyd edib ki, son dövrlər dövlətimizin başçısının rəhbərliyi ilə ölkənin bütün sahələrində həyata keçirilmiş struktur islahatları, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı məqsədyönlü siyasət sayəsində ölkəmiz dayanıqlı inkişaf yolunda uğurla irəliləyir. Ölkəmizdə formalaşmış inkişaf və maliyyə potensialı, o cümlədən cari ilin 10 ayının nəticələrinə əsasən, ölkənin 45 milyard dollara çatmış strateji valyuta ehtiyatları imkan verir ki, dünyada baş verən qlobal böhrana qarşı aparılan tədbirlər uğurla həyata keçirilsin, qarşıya çıxan iqtisadi, sosial, ekoloji və digər bu kimi məsələlərin sürətli həllinə nail olunsun.
Ş.Mövsümov qeyd edib ki, gələn il Fondun büdcəsinin baza göstəriciləri dövlət büdcəsində olduğu kimi, yəni neftin qiyməti 60 ABŞ dollarına bərabər götürülüb. Bu göstəriciyə uyğun olaraq Fondun gələn il üçün gəlirləri 15 milyard 579 milyon manat həcmində proqnozlaşdırılıb. Bu, 2017-ci ilin müvafiq icra göstəricisindən 28,4 faiz, 2018-ci ilin proqnozundan isə 1,8 faiz çoxdur.
Diqqətə çatdırılıb ki, gəlirlərin strukturunda ən böyük xüsusi çəkiyə Azərbaycanın payına düşən mənfəət neftin və qazın satışından əldə edilən xalis gəlirlər malikdir. Fondun gələn il üçün büdcəsində bu mənbə üzrə daxilolmalar 13 milyard 218 milyon manat təşkil edəcək. Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 1 milyard 571 milyon manat proqnozlaşdırılır. Bu da 2017-ci ilin müvafiq icra göstəricisindən 45 faiz, 2018-ci ilin proqnozundan 29,2 faiz çoxdur.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, 2019-cu ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin tələblərinə uyğun tərtib edilib, sənəddə həmin maddə ilə müəyyən olunan bütün göstəricilər əksini tapıb. Qanun layihəsi ilə birgə təqdim edilən sənəd və məlumatlar isə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə uyğun şəkildə hazırlanıb, müəyyən olunmuş müddətlərdə Hesablama Palatasına da təqdim edilib. Cari ildə “Büdcə sistemi haqqında” Qanuna büdcə qaydalarını müəyyən edən maddə əlavə olunub. Bu qaydaların məqsədi makroiqtisadi dayanıqlılığı, maliyyə və borc intizamını təmin etməkdən ibarətdir və büdcə siyasətinin həyata keçirilməsi üçün makroiqtisadi və büdcə göstəricilərini ifadə edir.
“Beləliklə də, təqdim edilmiş qanun layihəsi, layihəni müşayiət edən sənəd və məlumatların qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edildiyini vurğulamaq istərdim”, - deyən V.Gülməmmədov diqqətə çatdırıb ki, 2019-cu ilin dövlət büdcəsinin layihəsi müstəqillik dövrünün manat ifadəsində ən böyük büdcəsi olaraq tərtib olunub və ilk dəfə olaraq, büdcə qaydaları nəzərə alınıb.
İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkədə dayanıqlı sosial müdafiə və təminat sistemi yaradılıb. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, görülən tədbirlərin, atılan bütün addımların, islahatların kökündə məhz Azərbaycan vətəndaşının sosial rifah halının, onların həyat şəraitinin daha da yaxşılaşdırılması durur. Dövlət Sosial Müdafiə Fondunun işi, Sığorta Fondunun gəlirləri və xərcləri haqqında məlumat verən nazir deyib ki, Fondun 2019-cu il üzrə büdcə gəlirləri 3 milyard 928 milyon manat məbləğində proqnozlaşdırılıb. Bu da 2018-ci ilin təsdiq olunmuş proqnozundan 9,7 faiz, 2018-ci ilin gözlənilən nəticəsindən isə 6,8 faiz daha çoxdur. “Cari büdcənin icrası nəticəsində 10 aylıq rəqəmlərimiz göstərir ki, xüsusilə qeyri-büdcə təşkilatları üzrə icra 105 faizə yaxınlaşır və əlavə vəsait icranın daha yaxşı aparılması nəticəsində gələn ilə proqnozumuzun cari il proqnozu ilə fərqini daha da azaldır. Qeyd etməliyəm ki, bu vəsaitin böyük bir hissəsi - 97 faizi əhaliyə ödənişlərə yönəldiləcək”, - deyə S.Babayev söyləyib.
Nazir qeyd edib ki, proqnozlara əsasən gələn il üzrə Azərbaycanda orta aylıq əmək pensiyası 241 manat təşkil edəcək, yaşa görə əmək pensiyasının orta aylıq məbləği isə 272 manata çatacaq. Bu isə qeyd etdiyimiz kimi həyata keçirilən siyasətin ana məqsədidir. Sığorta Fondunun büdcəsi 83 milyon 451 min manat məbləğində qiymətləndirilir. Bu qiymətləndirmə cari ilin gözlənilən nəticələrindən 4,7 faiz artıq olacaq. Xərclərin strukturunda önəmli istiqamət özünüməşğulluq tədbirlərinə yönəldilib. Bu, həyata keçirilən genişmiqyaslı bir proqramdır və cari ildə 7 min ailəni əhatə edəcək və Azərbaycanda kiçik ailə təsərrüfatlarının yaradılmasına ciddi şəkildə stimul verəcək. Gələn ilin büdcəsinin 50 faizdən artığı məhz özünüməşğulluq tədbirlərinə yönəldilib. Yaradılan Dayanıqlı Operativ Sosial Təminat Agentliyi, eyni zamanda, həyata keçirilən məşğulluq və sosial təminat tədbirlərində maliyyə təminatı büdcədə öz əksini tapıb.
“Biz gələn il ərzində Azərbaycanda məşğulluq tədbirlərinin təxminən 200 min nəfəri əhatə etməsini gözləyirik. Sosial müdafiə, sosial təminat tədbirlərinin isə 2,1 milyon nəfəri əhatə etməsi planlaşdırılır. Burada pensiya alanlar təqribən 1 milyon 294 min nəfər nəzərdə tutulur, sosial müavinət və təqaüd alanlar 570 min nəfər proqnozlaşdırılır. Digər yardım alan insanlarla birlikdə, ümumilikdə, sosial təminat sistemi ölkə əhalisinin 21 faizini əhatə edəcək”, - deyə nazir diqqətə çatdırıb.
İclasda çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, Azərbaycan neftini dünya bazarına çıxararaq əldə etdiyi gəlirləri ölkə iqtisadiyyatının şaxələndirilməsinə yönəldir. 2019-cu ilin dövlət büdcəsi layihəsi qlobal iqtisadi konyukturalar nəzərə alınmaqla hazırlanıb və gələcəyə etibarlı təminat yaradır.
Z.Əsgərov deyib ki, gələn ilin büdcəsi də əvvəlki illərdə olduğu kimi sosialyönümlüdür. Hər şeydən əvvəl bu, Konstitusiyanın tələbindən irəli gəlir. 2019-cu ildə müdafiə və təhlükəsizlik xərcləri üçün 3 milyard 37 milyon manat vəsait nəzərdə tutulub. Bu da 2018-ci illə müqayisədə 132,4 milyon manat və ya 4,6 faiz çoxdur. Bu da başadüşüləndir, çünki biz Ermənistanla müharibə şəraitindəyik, müdafiə üçün bu sahəyə vəsait ayırmalıyıq. Üstəlik hərbi qulluqçuların sosial müdafiəsinə də xüsusi diqqət ayrılır.
Milli Məclisin sədr müavini Valeh Ələsgərov, Milli Məclisin komitə sədri Eldar İbrahimov, deputatlardan Vahid Əhmədov, Zahid Oruc, Əli Məsimli, Xanhüseyn Kazımlı, Dövlət Gömrük Komitəsinin idarə rəisi Mirqasım Vahabov 2019-cu ilin dövlət büdcəsi zərfi barədə fikirlərini bildirib, qeyd və təkliflərini veriblər.
Maliyyə naziri Samir Şərifov iclasda qaldırılan məsələlərə münasibət bildirdikdən sonra “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

 
  • Oxunub:  6990  |  
  • Tarix:  06-11-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“Əsrin müqaviləsi” Ulu Öndər Heydər Əliyevin bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidmətidir

20 Sentyabr 21:00
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 87-ci kitabı çapdan çıxıb
20 Sentyabr 20:56
Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib
20 Sentyabr 20:55
Zhang Yesui: Çin Azərbaycanla əməkdaşlığa böyük önəm verir
20 Sentyabr 20:53
Nazir müavini: Azərbaycanda bərpaolunan enerji sahəsinin investorlar üçün əlverişli olmasına çalışırıq
20 Sentyabr 20:51
Dənizkənarı Milli Parkda Azərbaycanın multikultural dəyərlərinə həsr olunmuş fotosərgi açılıb
20 Sentyabr 20:46
Aran iqtisadi rayonundakı 41 sahibkara 767 min manat güzəştli kredit verilib
20 Sentyabr 20:43
Robert Dadli: “Əsrin müqaviləsi” Azərbaycanın dünyada yüksək strateji enerji təchizatçısı kimi böyüyən rolunu daha da artırıb
20 Sentyabr 20:38
Əhməd bəy Ağaoğluya həsr edilmiş elmi konfrans işini yekunlaşdırıb
20 Sentyabr 20:34
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib
20 Sentyabr 20:30
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Budapeştdə ofisi açılıb
20 Sentyabr 20:27
Vergilər Nazirliyi BP şirkəti ilə əməkdaşlıq məsələlərini müzakirə edib
20 Sentyabr 20:09
Azərbaycanın Baş Naziri Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
20 Sentyabr 20:05
Maltanın UNESKO üzrə Milli Komissiyasının sədri ölkəmizin zəngin mədəni irsi ilə tanış olub
20 Sentyabr 20:01
Macarıstan nazirinə Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi medalı təqdim olunub
20 Sentyabr 19:44
Azərbaycan ilə Bolqarıstan arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
20 Sentyabr 19:41
Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin nümayəndə heyəti İçərişəhərlə tanış olub
20 Sentyabr 19:37
Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr edilmiş konfransın ikinci günü 20-dən çox məruzə dinlənilib
20 Sentyabr 19:36
“Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət abadlaşdırılıb
20 Sentyabr 19:29
Təhsil naziri Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru ilə görüşüb
20 Sentyabr 19:26
Londonda “Könlüm keçir Qarabağdan” adlı konsert proqramı təşkil olunub
20 Sentyabr 19:20
İƏT-in Baş katibi Ermənistan baş nazirinin bəyanatı ilə bağlı dərin narahatlığını ifadə edib
20 Sentyabr 19:01
“Washington Examiner” jurnalında “Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunmuş məqalə dərc edilib
20 Sentyabr 18:56
Baş Nazir Novruz Məmmədov: “Əsrin müqaviləsi” dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi
20 Sentyabr 18:48
BAMF BMT-nin İnsan Hüquqları Şurasında görüşlərə başlayıb
20 Sentyabr 18:46
Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq
20 Sentyabr 18:44
Ədliyyə naziri Qəbələdə vətəndaşları qəbul edib
20 Sentyabr 18:40
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Məktəb İdmanları Federasiyası birgə əməkdaşlıq haqqında niyyət protokolu imzalayıb
20 Sentyabr 18:26
Mərakeşli nazir: Mərakeş Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir
20 Sentyabr 18:10
Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib
20 Sentyabr 18:05
Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərini təbrik edib
20 Sentyabr 18:02
Şahin Mustafayev: İlin sonunadək Çində Azərbaycanın 3 ticarət evi və bir şərab evi açılacaq
20 Sentyabr 17:59
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb
20 Sentyabr 17:58
Eldəniz Səlimov: Azərbaycan dövləti inkişaf etdikcə Ermənistan və onun havadarları narahatlıq keçirirlər
20 Sentyabr 17:52
Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib
20 Sentyabr 17:50
Vüqar Rəhimzadə: MDB-yə üzvlük Azərbaycana geosiyasi məsələlərdə bir çox üstünlüklər qazandırıb
20 Sentyabr 17:46
Kamilə Əliyeva: “Əsrin müvaqiləsi”nin imzalanmasından başlanan yol dirçəliş, yüksəliş, tərəqqi, intibah yolu və mərhələsi oldu
20 Sentyabr 17:44
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Sabirabad, Saatlı və İmişlidə vətəndaşlarla görüşüb
20 Sentyabr 17:41
«İki sahil» qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
20 Sentyabr 17:39
Gənclər və İdman naziri Abşeron rayonunda vətəndaşları qəbul edib
20 Sentyabr 17:18
Azərbaycan Çin iqtisadiyyatına 1,7 milyard dollar sərmayə yatırıb
20 Sentyabr 17:11
Britaniyalı Yəhudilər Şurasının üzvləri Azərbaycandakı dini və milli tolerantlığı yüksək qiymətləndiriblər
20 Sentyabr 17:09
Azərbaycan Tacikistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətlərini müzakirə edib
20 Sentyabr 17:07
Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyi təsis edilib
20 Sentyabr 17:04
Rövnəq Abdullayev: Neft gəlirlərinin insan kapitalına transformasiyası həyatımızın keyfiyyət göstəricilərinin yüksəlməsinə səbəb olub
20 Sentyabr 16:59
Birinci vitse-prezident Mehriban Əliyeva “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar İnstaqram səhifəsində paylaşım edib
20 Sentyabr 16:56
Kristian Okerhelm: Azərbaycanda bütün dini konfessiya nümayəndələri üçün azad və tolerant mühit yaradılıb
20 Sentyabr 16:52
Musa Quliyev: Dövlət tərəfindən özəl təhsil və səhiyyə müəssisələrinə fərqli yanaşma və dəstək verilməsi məqsədəuyğun olar
20 Sentyabr 16:49
Ali Məhkəmənin sədri Lənkəranda vətəndaşları qəbul edib
20 Sentyabr 16:47
Naqif Həmzəyev: Heydər Əliyevin neft strategiyası Azərbaycanın daha da güclənməsinə xidmət edib
20 Sentyabr 16:43
Deputat: "Əsrin müqaviləsi" müstəqil Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin əsasını qoydu
20 Sentyabr 16:41
Müdafiə Nazirliyində kollegiya iclası keçirilib
20 Sentyabr 15:51
Fuad Qəhrəmanlının bu vəhşiliyi bütün cəbhəçilərin simasını göstərdi
20 Sentyabr 14:19
“Azərbaycanın MDB-yə daxil olmasını zəruri edən səbəblər vardı”
20 Sentyabr 10:49
Bakıda Beynəlxalq Pediatriya Assosiasiyasının 17-ci Avrasiya Konqresi və Türk Dünyası Pediatriya Konqresi keçirilir
20 Sentyabr 10:46
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib
20 Sentyabr 10:39
Elçin Quliyev: “Əsrin müqaviləsi” Ümummilli Liderimiz Heydər Əliyevin müəllifi olduğu uğurlu neft strategiyasının möhtəşəm təntənəsidir
20 Sentyabr 10:25
ADU-nun Konfutsi İnstitutu Çin sərgisində iştirak edib
20 Sentyabr 09:23
Elçin Əhmədov: “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın enerji təhlükəsizliyi tam təmin edildi
20 Sentyabr 09:11
“Əsrin müqaviləsi” Ulu Öndər Heydər Əliyevin bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidmətidir
20 Sentyabr 08:48
Regionlarda meyvəçiliyin inkişafı istiqamətində çoxşaxəli tədbirlər görülür
19 Sentyabr 23:14
Azərbaycan-Macarıstan əlaqələri strateji tərəfdaşlıq müstəvisində inkişaf edir
19 Sentyabr 22:55
Azərbaycan-Qırğızıstan əməkdaşlığına dair fikir mübadiləsi aparılıb
19 Sentyabr 22:40
Səfir Erkan Özoral: Azərbaycan vətəndaşlarının Türkiyədən deportasiyasına dair yayılan xəbərlər həqiqəti əks etdirmir
19 Sentyabr 22:32
Yelizaveta Truss və Kristofer Pinçerdən
19 Sentyabr 21:39
Li Canşu: Çin Azərbaycanla əlaqələri dərinləşdirmək niyyətindədir
19 Sentyabr 17:57
Prezident İlham Əliyev Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19 Sentyabr 17:56
YAP Gəncə şəhər təşkilatında İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib
19 Sentyabr 17:55
“Əsrin müqaviləsi” – Ulu Öndərimizin şah əsəri, bu günkü və gələcək inkişafımızın təməl daşıdır
19 Sentyabr 17:52
Mərkəzi Elmi Kitabxanada “Qafqaz Neoliti” sənədli filminin təqdimatı olub
19 Sentyabr 17:50
YAP Binəqədi və Pirallahı rayon təşkilatlarının birgə təşkilatçılığı ilə "Əsrin müqaviləsi"nin imzalanmasının 25 illiyi ilə əlaqədar Nəft Daşlarında təntənəli tədbir keçirildi

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA