Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Radikal ünsürlərin “ox”u yenə daşa dəydi...

Radikal ünsürlərin “ox”u yenə daşa dəydi...

16.01.2019 [10:01]

Mehman Hüseynovun aclıq aksiyası keçirməsi xəbərinin yalan çıxması ermənipərəst mərkəzlərin və dağıdıcı müxalifətin arzusunu növbəti dəfə puç etdi
Bir neçə gündür ki, müzakirə mövzusuna çevrilmiş Mehman Hüseynovla bağlı məsələ artıq tam şəkildə açığa çıxmaqdadır. Xatırladaq ki, 2017-ci ilin martında həbs olunan Mehman Hüseynovun ötən il dekabrın 26-da 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq etməsi ilə bağlı hüquqi prosedur başladılıb. Belə ki, Ə.Abdalova fiziki müqavimət göstərərək ona bədən xəsarəti yetirən, xidməti otaqda olan əşyaları dağıdaraq sındıran M.Hüseynovla bağlı Bakı şəhəri Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi açılıb.
Bunun ardından isə bəzi ermənipərəst xarici mərkəzlər və onların ölkəmizdəki əlaltıları qismində fəaliyyət göstərən radikal müxalifət nümayəndələri guya Mehman Hüseynovun aclıq aksiyası keçirməsi, səhhətinin kritik həddə çatması haqqında yalan xəbərlər yaymağa başladılar. Hətta məsələ elə təqdim edilirdi ki, guya M.Hüseynov quru aclıq keçirir, səhhəti kritik durumdadır. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti isə bununla bağlı rəsmi məlumat yayaraq Mehman Hüseynovun aclıq aksiyası keçirmədiyini və səhhətinin qaydasında olduğunu bildirdi. Onun qidalandığı, vəkili ilə görüşdüyü, ailə üzvləri ilə telefonla danışdığı rəsmi məlumatda təsdiqini tapdı.
Daha sonra M.Hüseynovun qardaşı, ermənipərəst Emin Hüseynovun “koordinatorluğu” ilə bir sıra xarici “hüquq müdafiəçiləri”, anti-azərbaycançı mövqeyi ilə tanınan senatorlar və ölkəmizə qarşı ikili standartlarla çıxış edən “beynəlxalq” təşkilatlar bu çirkin kampaniyaya cəlb olundular. Daha doğrusu, prosesin gedişi bu kampaniyanın əvvəlcədən hazırlandığını, adıçəkilən şəxslərin isə fürsət gözlədiyini deməyə əsas verir. Yəni ölkəmizə qarşı aparılan bu “şou”da “oyunçu” qismində çıxış edənlər əvvəlcədən öz “rolları”nı bilirmişlər və Mehman Hüseynovun “aclıq aksiyası” keçirməsi ilə bağlı yalanlar tirajlanan kimi hazır bəyanatlarını səsləndirməyə başladılar.
Eyni zamanda, ölkəmizdə müxalifət qılıfı altında gizlənmiş radikal ünsürlər də bu yalan kampaniyasından mənfəət əldə etmək üçün hazır dayanıblarmış. Belə ki, Əli Kərimli, Cəmil Həsənli, Əkrəm Əylisli, Rüstəm İbrahimbəyov kimi ermənipərəst diletantlar məsələnin əsl mahiyyətini bir kənara qoyub yalanlar danışır, onlara sifariş və maddi təminat verən mərkəzlərin direktivlərini yerinə yetirdilər. Bu isə radikal ünsürlərin yenə də fürsətcil mövqedə və pusquda dayandığını göstərən növbəti fakt oldu.
Amma anti-azərbaycançı mərkəzlərin budəfəki “Mehman Hüseynov şousu” baş tutmadı. Aparılan çirkin kampaniyanın məqsədi bütün detalları ilə ortaya çıxdı. Beləliklə də, həmin antimilli ünsürlərin apardıqları yalan təbliğat, sosial şəbəkələrdə səsləndirdikləri sərsəm iddialar fiaskoya uğradı. Belə ki, M.Hüseynovu ziyarət edən yerli hüquq müdafiəçiləri onun səhhəti, qidalanması ilə maraqlandılar və cəmiyyətə bununla bağlı açıqlamalar verildi. Hüquq müdafiəçiləri M.Hüseynovun heç bir aclıq aksiyası keçirmədiyini, normal qidalandığını, qohumları ilə görüşdüyü, səhhətinin normal olması ilə bağlı fikirlərini səsləndirdilər. Bu fakt rəsmi şəkildə də öz təsdiqini tapdı. Mehman Hüseynovla bağlı yalanlar yayanlara “ən böyük zərbə” isə M.Hüseynovun həbsxanadan yaydığı müraciəti oldu. Baş verənlərlə bağlı KİV-lərə müraciət edən M.Hüseynov qeyd etdi ki, onun vəziyyətinin kritik hala düşməsi ilə bağlı yayılan xəbərlər doğru deyil. O, səhhətinin yerində olduğunu və qida qəbul etdiyini bildirdi.
Eləcə də yanvarın 11-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin müraciəti əsasında bir sıra Avropa İttifaqı ölkələrinin səfirliklərinin məsul diplomatlarının da təcridxanada Mehman Hüseynovla görüşü təşkil olunub. Görüşdə Aİ-nin Bakı nümayəndəliyinın rəhbərinin müavini, Fransa, Hollandiya, Böyük Britaniya, Çex Respublikası və Almaniya səfirliklərinin əməkdaşları iştirak ediblər. Onlar yerində Mehman Hüseynovun saxlanma şəraiti ilə tanış olub və səhhəti ilə maraqlanıblar. Bir daha şahidi olublar ki, Mehman Hüseynovun səhhəti normaldır, saxlanma şəraiti ilə bağlı hər hansı şikayəti yoxdur, vəkili və atası ilə sərbəst görüşə bilir.
Bütün bunlar artıq yalanları ifşa edilən, cəmiyyətdə özünə dayaq tapa bilməyən, yalnız ermənipərəst mərkəzlərin sifarişləri əsasında hərəkət edən radikal ünsürlərin simasızlığını bir daha Azərbaycan cəmiyyətinə göstərmiş oldu. Bu isə həmin radikal ünsürlərin və antimilli mərkəzlərin Azərbaycana qarşı cəbhə aldığının növbəti təsdiqidir...
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 348 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30