Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Günel İbrahim: Artıq 10 kənddə içməli su ilə bağlı layihəmiz uğurla tamamlanıb

Günel İbrahim: Artıq 10 kənddə içməli su ilə bağlı layihəmiz uğurla tamamlanıb

05.02.2019 [09:45]

Müsahibimiz Etika Akademiyasının rəhbəri, HR mütəxəssisi Günel İbrahimdir:
- Günel xanım, rəhbəri olduğunuz Etika Akademiyasının fəaliyyəti bir çoxlarına məlumdur. Son vaxtlar isə həm də regionlarda içməli su ilə bağlı layihələrin icrasında iştirak edirsiniz. İstərdik ki, bu barədə məlumat verəsiniz...
- Ünsiyyət qurmaq, fikirləri doğru ifadə edə bilmək bacarığı xidmət sektorunda çalışanların uğurlarını şərtləndirən çox mühüm amildir. Biz də Etika Akademiyası olaraq xidmət obyektlərində, insan resursları ilə bağlı qurumlarda təlimlər veririk. Təbii ki, bu zaman həm də yeni əlaqələrimiz yaranır. Təmasda olduğumuz bir çox şirkətlər ölkəmizdə öz korporativ məsuliyyətlərinə xüsusi həssaslıqla yanaşırlar. Biz belə şirkətlərlə daha sıx ünsiyyət qurmağa və onların köməyi ilə təhsilə, aztəminatlı ailələrə, internat məktəblərinə və su problemi olan regionlara dəstək verməyə çalışırıq. Hesab edirəm ki, qeyd etdiyim aktual məsələlərlə yanaşı, içməli su ilə bağlı layihələrin həyata keçirilməsi daha önəmlidir. Çünki Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, hazırda dünya əhalisinin 80 faizi keyfiyyətsiz, 40 faizi isə çirkli, ziyanlı sudan istifadə edir. Ona görə də dünyanın hər yerində təmiz su ilə təchizat gündəlikdə çox ciddi bir məsələ kimi dayanır. Son illər dünyada qüsurlu, müxtəlif fəsadlarla doğulan körpələrin sayının 12-14 faiz, bir yaşa qədər ölənlərin sayının isə 18-20 faiz çoxalmasının əsas səbəblərindən biri də ailələrdə çirkli sudan istifadə edilməsi ilə bağlıdır. Eyni zamanda bildirim ki, şirin su ehtiyyatları az olan ölkəmizdə 8300-dən artıq irili-xırdalı çay var.
Bu məqamda xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılmasını prioritet hədəflərdən biri kimi qarşıya qoyub. Dövlət başçısının imzaladığı müvafiq sənədlər əsasında ölkədə əhalinin keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Artıq Bakıda su sisteminin yenidən qurulması istiqamətində əsaslı işlər həyata keçirilib və bu istiqamətdə işlər bu gün də davam etdirilir. Bu məqsədlə “İçməli su” Milli Planı hazırlanıb. Planın birinci fazasına uyğun olaraq 50-yə yaxın inzibati ərazi tədqiq olunub. O cümlədən 2007-2008-ci illərdə Yevlax, Zərdab, Ağcabədi, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan, Neftçala və Biləsuvar rayonlarının 100 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılmasına başlanılıb. Qeyd olunan yaşayış məntəqələrinin bir çoxunda qurğular artıq əhalinin istifadəsinə verilib. Ölkənin regionlarında modul tipli sutəmizləyici qurğuların quraşdırılmasının gələcəkdə də davam etdirilməsi yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təchizatı probleminin aradan qaldırılmasına və ümumilikdə əhalinin sosial rifahının yaxşılaşdırılmasına səbəb olacaq. Çox yaxşı haldır ki, bir çox özəl şirkətlər, qurumlar məhz su layihələrinin icrasına vəsait yönəltməyə maraq göstərirlər. Qeyri-hökumət təşkilatları belə layihələrin icrasında önəmli rol oynayırlar.
- Reallaşdırdığınız içməli su layihələrinin icrasında yalnız bir şirkət iştirak edir, yoxsa bu layihələrin reallaşdırılması bir neçə şirkətin birgə dəstəyi sayəsində mümkün olur?
- Sırf su üzrə layihəmizin maliyyə dəstəyinin 80 faizini JTİ (Japon Tabacco İnternational) şirkətindən alırıq. Maliyyə vəsaitinin digər hissəsini öz təşkilatımızn büdcəsi hesabına təmin edirik. Mən Etika Akademiyasından əlavə, Milli QHT Forumunda gəlir mənbələri üzrə müşavirəm. Hər iki təşkilatımiz çərçivəsində layihələri icra edirik. Son 4 ildir ki, İsveçrədə yerləşən, Bakıda da nümayəndəliyi olan JTİ ilə əməkdaşlıq edirik. 2014-2018-ci illər ərzində 10 kənddə içməli su üzrə layihəmiz uğurla tamamlanıb. Həyata keçirdiyimiz layihələr 50 000 dən artıq yerli sakini əhatə edir.
- Bəs bu layihəniz hansı rayonlarda reallaşdırılıb?
- Biz layihələrimizi əsasən Kürdəmir, Balakən, Lerik, Yardımlı, Şamaxı, Salyan, Ağdam, Ağcabədi, Tovuz və Samux rayonlarının kəndlərində həyata keçirmişik. Bu il daha 3 kənddə yeni layihələri reallaşdırmağı düşünürük.
İlk layihəmizi Kürdəmir rayonunun Qarasaqqal kəndində icra etdik. Həmin kənddə kanal suyunun təmizlənməsi yolu ilə içməli su əldə edə bildik. Onu deyim ki, həmin kənddə bizdən əvvəl də oxşar layihə icra edilmişdi. Lakin su çox çirkli olduğundan qurğular sıradan çıxmışdı. Biz müasir ionlaşdırma texnologiyasından istifadə edərək davamlı içməli su mənbəyi əldə edə bildik. Bu layihə Amerika Ticarət Palatası tərəfindən birincilik qazandı. Ağdam rayonunun Dörd Yol kəndində də layihəmizi uğurla yekunlaşdırmağa nail olduq.
- Sirr deyilsə, bir layihəni hansı müddətə icra edirsiniz? Bir xanım olaraq tikinti, qazıntı işlərini idarə etmək sizə çətin gəlmir ki?
- Bir layihə təxminən 2 ay müddətinə icra edilir. Qazıntı işləri aparılır, əgər bu, subartezian quyusudursa, təxminən 85-95 metr dərinlikdən su əldə edilir. Su nasos vasitəsilə üzə çıxarılır. Böyük həcmli çənlər quraşdırılır. Əgər suyun tərkibi təmizlənməlidirsə, bu zaman xüsusi qurğular quraşdırılır və bu yolla tam içməli su əldə edilir.
Sualınızın ikinci hissəsinə gəlincə, xeyr, bir xanım olaraq belə layihələrin icrası artıq mənə çətin gəlmir. İlk layihələrimdə daha çox həyəcan keçirirdim. Artıq 10 kənddə layihənin idarəsi və icrası mənə yaxşı təcrübə qazandırıb. Mütəxəssislərdən ibarət komandamız var. Bu, geoloqlar, tikinti üzrə peşəkarlar və su üzrə ekspertlərdir.
Sonda xüsusi olaraq vurğulamaq istəyirəm ki, dövlət başçısı İlham Əliyev regionlarımızın sosial-iqtisad inkişafını və insanların rifah halının daha da yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Biz də vətəndaş olaraq sosial məsuliyyətimizi tam dərk edib ölkədə aparılan genişmiqyaslı quruculuq-abadlıq işlərinə öz dəstəyimizi verməliyik.

Paylaş:
Baxılıb: 369 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30