Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Prezident İlham Əliyev: Beyləqan rayonunun inkişafına daim diqqət göstərilir, bu istiqamətdə işlər görülür, infrastruktur layihələri, sosial layihələr icra edilir

Prezident İlham Əliyev: Beyləqan rayonunun inkişafına daim diqqət göstərilir, bu istiqamətdə işlər görülür, infrastruktur layihələri, sosial layihələr icra edilir

14.02.2019 [09:50]

Azərbaycan Prezidenti İlham Əliyev Beyləqan rayonuna səfər edib
Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan rayonuna səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı xalqımızın Ümummilli lideri Heydər Əliyevin Beyləqan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev rayonda görülən işlər haqqında dövlətimizin başçısına məlumat verib.
Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.
* * *
Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan rayonuna səfəri çərçivəsində Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun göstəriciləri barədə məlumat verib.
Prezident İlham Əliyevə Beyləqan rayonunun Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolunun yenidən qurulması layihəsi barədə də məlumat verilib.
Dövlətimizin başçısı Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.
Dövlətimizin başçısı yol inşaatçıları ilə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Beyləqan Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.
Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.
Gənclər və idman naziri Azad Rəhimov Beyləqan Olimpiya İdman Kompleksində yaradılan şərait barədə Azərbaycan Prezidentinə ətraflı məlumat verib.
Beyləqan Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev idmançılarla və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Görüşdə çıxış edən dövlətimizin başçısı İlham Əliyev deyib: “Bu gün Beyləqan rayonunda çox əlamətdar bir gündür. Beyləqanda Olimpiya İdman Kompleksi açılır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Çox gözəl idman mərkəzidir. Burada idmanla məşğul olmaq üçün bütün şərait var. Bu mərkəzin həm xarici görünüşü, həm də daxili tərtibatı çox gözəldir. Məşq zalları, cüdo, güləş, boks üzrə xüsusi məşq zalları, üzgüçülük hovuzu, böyük idman salonu, stadion. Eyni zamanda, bu mərkəzdə 50 nəfərlik otel də yerləşir. Beləliklə, Beyləqana gələn qonaqlar burada rahat qala bilərlər.
Bu mərkəzin yaradılması bizim idman siyasətimizin təzahürüdür, onu göstərir ki, doğrudan da Azərbaycan idman dövlətidir. Biz çalışırıq bütün bölgələrdə, hər bir rayonda müasir idman kompleksləri tikilsin ki, gənclər, uşaqlar, yeniyetmələr idmanla məşğul olsunlar. Bu şəraiti biz yaradırıq. Deyə bilərəm ki, bu Olimpiya İdman Kompleksi ən yüksək dünya standartlarına cavab verir. Burada bizim gənc idmançılarımız məşq edəcəklər, yarışacaqlar və beləliklə, ölkəmizin idman şöhrətini yüksəklərə qaldıracaqlar.
Bütün bölgələrdə bu istiqamətdə işlər gedir. Bu il əlavə iki Olimpiya İdman mərkəzinin açılışı gözlənilir. Yəni, Azərbaycan dövləti bu istiqamətdə öz siyasətini aparır. Bunun nəticəsində bizim idmançılarımız beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında yüksək nəticələr qazanırlar. Hər bir Azərbaycan vətəndaşı fəxr edir ki, idmançılarımız bu gün dünya miqyasında ən yüksək zirvədədirlər. Bunu Olimpiya Oyunları da göstərir. Keçən Yay Olimpiya Oyunlarında medalların sayına görə bizim komandamız dünya miqyasında 14-cü yerdə idi. Bu, tarixi bir qələbədir. Çünki biz bir çox inkişaf etmiş ölkələri qabaqlamışıq. Dünya və Avropa çempionatlarında da bizim idmançılarımız ən yüksək nəticələr göstərərək bayrağımızı zirvələrə qaldırırlar.
Əlbəttə ki, idmanla məşğul olmaq üçün şərait olmalıdır. Bu şərait yaradılır. Bakı şəhərində ən mötəbər idman yarışları keçirilir - Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, dünya çempionatları. Bölgələrdə bu şərait yaradılır ki, idmançılar, gənclər idmanla məşğul olsunlar. Əminəm ki, rayon sakinləri də bu imkanlardan istifadə edəcəklər. Çünki hər bir vətəndaş idmanla məşğul olsa, daha sağlam olar. Çünki idman sağlamlığın rəmzidir. İdmançılar həm fiziki, həm də mənəvi cəhətdən sağlam olurlar. Bizim idmançılarımız yarışlarda da, məişətdə də yüksək nümunə göstərirlər. Biz idmançılarımızla haqlı olaraq fəxr edirik. Bizim görkəmli idmançılarımız, Olimpiya çempionlarımız, dünya çempionlarımız,- onlardan biri bu gün burada iştirak edir,- bizim fəxrimizdir. Onlar gənclər üçün gözəl nümunə göstərirlər. Gənclər vətənpərvər, peşəkar, fiziki cəhətdən güclü olmalıdırlar.
Mən görürəm, Beyləqan idmançılarının medalları kifayət qədər çoxdur. Siz bu medalları yarışlarda qazanmısınız. Beyləqanda çox güclü güləş məktəbi vardır. Bu ənənələr yaşayır, yaşayacaq. Əminəm ki, bundan sonra da Beyləqan ölkəmiz üçün gözəl idmançılar yetişdirəcəkdir. Biz isə çalışacağıq ki, bundan sonra da idmanın inkişafı ilə bağlı lazımi addımları ataq. Çünki idman Azərbaycanda dövlət siyasətidir. Bunu demək olar ki, bütün beynəlxalq idman qurumları qeyd edir, yüksək qiymətləndirir və məhz buna görə Azərbaycanda çox böyük beynəlxalq yarışlar keçirilir.
Beyləqan rayonunun inkişafına daim diqqət göstərilir, bu istiqamətdə işlər görülür, infrastruktur layihələri, sosial layihələr icra edilir. Misal üçün, indi Beyləqan rayonunda qazlaşdırmanın səviyyəsi 97 faizdir. Yaxın zamanlarda bu, 100 faizə çatacaq. Nəzərə alsaq ki, bir neçə il bundan əvvəl qaz təchizatı çox aşağı səviyyədə idi, bu, çox böyük göstəricidir. Bu gün fəaliyyətə başlayacaq yeni yarımstansiya Beyləqan rayonunun elektrik enerjisi ilə təminatını böyük dərəcədə yaxşılaşdıracaq və bu sahədə də heç bir problem olmayacaq.
Bu gün biz yeni yolun açılışını qeyd etdik. Gələcəkdə bu istiqamətdə işlər aparılacaq ki, kənd yollarının təmiri, bərpası, tikintisi daha da geniş vüsət alsın. Bu günə qədər bir neçə layihə icra edilmişdir. Bunlar daha da geniş miqyasda icra edilməlidir. 2016-cı ildə Beyləqan şəhərinin içməli su problemi öz həllini tapdı. İndi isə kanalizasiya sisteminin yenidən qurulması, təmizləyici qurğuların quraşdırılması prosesi gedir. Yəni, bütün əsas infrastruktur layihələri icra edilir.
Sahibkarlığa dəstək göstərilir, güzəştli şərtlərlə kreditlər verilir. Beyləqanda üç aqropark yaradılıbdır. Vətəndaşlar orada çalışırlar, işləyirlər. Kənd təsərrüfatı müasir səviyyədə inkişaf etdirilir. Mənim göstərişimlə Azərbaycanın rayonlarında ödənişli ictimai işlər yaradılıb. Bu il ən azı 30 min ictimai iş yaradılacaq. Həm Bakıda, böyük şəhərlərdə, bütün rayonlarda, o cümlədən Beyləqan rayonunda yüzlərlə ödənişli ictimai iş yaradılıb ki, hələlik iş tapa bilməyən vətəndaşlar bu işlərə cəlb olunsunlar və maaş alsınlar.
Yəni, rayonun inkişafı ilə bağlı ardıcıl siyasət aparılır. Əlbəttə ki, sosial infrastruktur da burada çox böyük əhəmiyyət daşıyır. Bilirsiniz ki, Beyləqanda 140 çarpayılıq mərkəzi rayon xəstəxanası, bir çox məktəblər tikilmişdir. İndi mənə dedilər ki, Dünyamalılar kəndində yerləşən məktəb uyğunlaşdırılmış binadadır. O məktəbin tikintisi ilə bağlı göstəriş veriləcək. Gözəl Olimpiya Kompleksi yaradılıb, digər sosial obyektlər, Gənclər Mərkəzi fəaliyyət göstərir. Yəni, bir sözlə, rayonun inkişafı kompleks xarakter daşıyır və əminəm ki, Beyləqan rayonu bundan sonra da yüksək nəticələr göstərəcək və vətəndaşlar burada qurub yaradacaq, ümumi işimizə töhfə verəcəklər.
Mən sizi bu gözəl hadisə münasibətilə təbrik etmək istəyirəm. İdmançılara yeni uğurlar, yeni qələbələr arzulayıram. Sağ olun”.
Beyləqanlı idmançılar adından Prezident İlham Əliyevə minnətdarlığını bildirən karate üzrə dünya çempionu Sahib Nəsibov deyib: “Möhtərəm cənab Prezident, mən də Sizi Beyləqanın gənc idmançıları adından salamlayıram, rayonumuza xoş gəlmisiniz. Siz həmişə gənclərimizə, idmançılarımıza dəstək olmusunuz. Bunun uğurlu nəticəsidir ki, Azərbaycan idmançıları beynəlxalq yarışlarda dövlətimizin bayrağını yüksək zirvələrə qaldırırlar. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Cənab Prezident, Sizi əmin edirəm ki, bu gözəl kompleksi bizə hədiyyə etdiyiniz üçün biz var gücümüzlə, İnşallah, Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında öz sözümüzü deyəcəyik. Cənab Prezident, Beyləqan idmançıları adından Sizə minnətdarlığımı bildirirəm ki, bizə belə gözəl kompleks hədiyyə etdiniz. Çox sevinirik. İnanın ki, sevincimizin həddi-hüdudu yoxdur. Allah Sizə yar olsun. Çox sağ olun, minnətdarıq”.
Prezident İlham Əliyev: Sağ olun.
Yunan-Roma güləşi üzrə Əməkdar məşqçi Kamil Fərzəliyev deyib: “Möhtərəm cənab Prezident, Sizə minnətdarlığımızı bildiririk. Mən yunan-Roma güləşi üzrə Əməkdar məşqçiyəm. Böyük bir kompleksi bizə hədiyyə etdiyiniz üçün Sizə minnətdarlığımızı bildiririk. Bu kompleksdə dünya və Avropa çempionlarımız var, əminəm ki, İnşallah, Olimpiya çempionumuz da olacaq. Sizə bir daha minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun”.
Prezident İlham Əliyev: Sağ olun. Ümid edirik ki, Olimpiya Oyunlarında yaxşı nəticələr göstəriləcək.
Kamil Fərzəliyev: Allahın köməyi ilə. Mən Eldənizin adını çəkmək istərdim, fəxrimizdir.
Prezident İlham Əliyev: Bəli, gözəl idmançıdır.
Kamil Fərzəliyev: Nailiyyətlər qazanmış digər idmançılarımız da var. Bir daha Sizə minnətdarlığımızı bildiririk.
Prezident İlham Əliyev: Sağ olun.
Daha sonra yunan-Roma güləşi üzrə dünya çempionu Eldəniz Əzizov idmançılara göstərdiyi qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edib.
Sonda xatirə şəkli çəkdirilib.
* * *
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Beyləqan Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib.
Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.
Sonra Prezident İlham Əliyev muzeyin yerləşdiyi parkda istirahət edən rayon sakinləri ilə görüşüb.
Rayon sakinləri dövlətimizin başçısını hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyev sakinlərlə söhbət edib.
Sakinlər: Cənab Prezident, Sizin gəlişiniz bizi sevindirir. Xoş gəlmisiniz. Allah Sizi qorusun.
Prezident İlham Əliyev: Çox sağ olun.
Yaşlı qadın sakin: Xoş gəlmisən, mənim balam, başına dönüm. Bizdən Mehriban xanıma da çoxlu salam apar. Beyləqan torpağına xoş gəlmisən. Səndən çox-çox razıyıq. Allah o bir oğlunu min budaq eləsin. Azərbaycanın fəxri, Heydər oğlu, Beyləqan Sənin arxandadır. Beyləqan rayonu Sizinlə fəxr edir. Azərbaycanın fəxrisiniz.
Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm.
Rafiq Hacıyev: Hamıdan üzr istəyirəm, bağışlayın, oğlum Beyləqan rayonunda seçki məntəqəsinin fəal işçisidir, indi xəstədir, əməliyyat olunmalıdır.
Prezident İlham Əliyev: Mən kömək edərəm, ad-familiyasını yazın.
Rafiq Hacıyev: Allah razı olsun. Hacıyev Tural Rafiq oğlu.
Sakin: O gün olsun ki, tezliklə biz Dağlıq Qarabağda belə bir yığıncaq keçirək. Allah Sizi qorusun.
Prezident İlham Əliyev: Çox sağ olun. Mən Beyləqana altıncı dəfədir ki, gəlirəm və hər bir səfərdə gözəl açılışlar, gözəl tədbirlər olur. Bu gün də belədir. Misal üçün bu gün böyük idman mərkəzinin açılışını etdik. Burada idmanla məşğul olmaq üçün gözəl şərait yaradılıb. Yeni yarımstansiya işə düşür, yeni yolun açılışını etdik. Beyləqan rayonunun ümumi inkişafı ilə bağlı ardıcıl tədbirlər görülür. Qazlaşdırma bir müddətdən sonra 100 faizə çatacaq, indi 97 faizdir. Şəhərin içməli su layihəsi icra olunub.
Yaşlı qadın sakin: Çox sağ ol, ay mənim əziz balam. Səni bizə bəxş edən o kişiyə Allah rəhmət eləsin. Azərbaycanın gözəl oğlu, siyasətdə ən öndə duran balamız. Çox sağ ol. Sənin gəlişinə bütün nənələr qurban. Hər bir qüvvətli kişinin arxasında bir cəngavər qadın durur. Allah səni də, sənin arxanda dayanan Mehriban xanımı da qorusun. Hər ikinizə uğurlar arzulayıram.
Prezident İlham Əliyev: Çox sağ olun. Mən Sizi ürəkdən salamlayıram və Sizə xidmət etməyə gəlmişəm.
Sakinlər: Sağ olun. Abad yollarımız, qazımız, işığımız var, cənab Prezident. Allah Sizi də, Mehriban xanımı da qorusun. Beyləqan qadınları adından minnətdarlığımızı bildiririk.
Prezident İlham Əliyev: Sağ olun, soruşmaq istəyirəm, Beyləqan rayonunun inkişafı, vətəndaşların rifahını yaxşılaşdırmaq üçün əlavə nə lazımdır?
Kişi sakin: Dünyamalılar kəndində yeni məktəbin tikilməsinə ehtiyac var, cənab Prezident.
Prezident İlham Əliyev: Bu il onu da həll edəcəyik. Məktəb tikiləcək. Mən artıq bunu dedim, bir daha demək istəyirəm, Dünyamalılar kəndində yeni məktəb tikiləcək, çünki həmin məktəbin vəziyyəti o qədər də yaxşı deyil. Yataqxanalarda yaşayan vətəndaşlar üçün 36 mənzilli yeni bina tikiləcək. Növbəti mərhələdə yeni kənd yolları da salınacaq.
Sakinlər: İnşallah, çox sağ olun. Allah Sizdən razı olsun. Qazımız, işığımız, suyumuz, yolumuz var, cənab Prezident.
Prezident İlham Əliyev: Beyləqanda 3 aqropark fəaliyyət göstərir və orada məhsuldarlıq yaxşıdır, pambıqçılığın ənənələri bərpa olunur. Ulu öndərin vaxtında burada çox bol pambıq yığılırdı, yavaş-yavaş o hədəfə yaxınlaşırıq.
Kişi sakin: Cənab Prezident, o vaxt Beyləqan 100 min tona yaxınlaşmışdı. Əlli min ton üzüm, 87 min ton pambıq Beyləqanın axırıncı göstəricisi idi.
Prezident İlham Əliyev: Keçən il təqribən 22 min ton pambıq tədarük edilmişdir. Ancaq əlbəttə ki, biz o səviyyəyə çatmamışıq, tədricən buna da, İnşallah, çatarıq. Məşğulluqla bağlı da göstəriş vermişəm, yüzlərlə yeni ödənişli ictimai iş açılsın ki, hələlik iş tapa bilməyən vətəndaşlar ictimai işlərlə məşğul olsunlar.
Kişi sakin: Cənab Prezident, çox sağ olun. Siz minimum əməkhaqqını 130 manatdan 180 manata qaldırdınız. Pensiyamızı qaldırdınız. Həmçinin qaçqın və məcburi köçkünlərin, hərbçilərin mənzil-məişət şəraitləri yaxşılaşdırıldı. Kənd ilə şəhər arasında fərq aradan qalxır. Bu gün bütün Azərbaycan gördüyünüz böyük işlərə görə Sizə minnətdardır. Cənab Prezident, mən gənc ailəyəm, özüm Beyləqan Rayon Mədəniyyət Mərkəzində işləyirəm, müğənniyəm. Artıma görə ailəmiz çox şad oldu. Çox sağ olun, Allah Sizə ömür versin.
El bilir ki, tükənməyən sərvətin vardır,
Sinən üstü ağ pambıqlı gen tarlalardır,
Buruqların göy Xəzərdə qatar-qatardır,
Yurdum, yuvam məskənimsən
Azərbaycanım,
Anam doğma Vətənimsən
Azərbaycanım.
Kişi sakin: Vətəndaşlarla bir yerdə olmağınız, onlara arxalanmağınız, onlarla təmasda olmağınız, özünüzün dediyiniz kimi, onların arzu və təkliflərinə, istəklərinə vaxtında cavab verməyiniz bizi sevindirir. Siz həmişə verdiyiniz sözə əməl edirsiniz. Allah Sizi qorusun.
Prezident İlham Əliyev: Mən verdiyim sözlərə həmişə əməl etmişəm.
Qadın sakin: Siz xalqın arxasındasınız, xalq Sizin arxanızdadır. Nənələr, analar gecə-gündüz dua edirlər ki, qara qüvvələr Sizdən uzaq olsun.
Prezident İlham Əliyev: Mən həmişə bu dəstəyə arxalanmışam, mənə güc verən Sizin mənə olan inamınızdır.
Kişi sakin: Yaxın vaxtlarda bayrağımız Xankəndində dalğalansın. Amin.
Prezident İlham Əliyev: İnşallah!
Qadın sakin: Cənab Prezident, imkanım yoxdur, evim uçub, mənə kömək edin.
Prezident İlham Əliyev: Ev niyə uçub? Bu, bina evidir, yoxsa...?
Qadın sakin: Köhnə hökumət evidir, 35-37-ci illərdə tikilib. Başına dönüm, Allah köməyin olsun, Allah canını sağ eləsin. Allah Sizi başımızın üstündən əskik etməsin.
Prezident İlham Əliyev: Biz onu həll edəcəyik, 36 mənzilli ev tikiləcək, bu gün Sərəncam imzalanacaq, oradan sizə də ev veriləcək. İcra başçısına da tapşırıram ki, nəzarət etsin.
Qadın sakin: Çox sağ ol, cənab Prezident.
Sonra Prezident İlham Əliyev parkda yaradılan şəraitlə tanış olub.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Beyləqan rayonunda yenidən qurulan 110/35/10 kV-luq “Beyləqan-1” yarımstansiyasının açılışında iştirak edib.
Prezident İlham Əliyev yarımstansiyanı işə salıb.
“Azərişıq” ASC-nin sədri səlahiyyətlərini icra edən Vüqar Əhmədov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verib.
* * *
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev fevralın 13-də Müdafiə Nazirliyinin Beyləqan rayonu ərazisində yeni inşa edilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport veriblər.
Prezident, Ali Baş Komandan İlham Əliyev burada silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış olub.
Prezident İlham Əliyev daha sonra yeməkxanada yaradılan şəraitlə maraqlanıb, hərbi hissənin şəxsi heyəti ilə birlikdə nahar edib.

Paylaş:
Baxılıb: 718 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30