Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanın regionlarının su təminatı yaxşılaşır

Azərbaycanın regionlarının su təminatı yaxşılaşır

16.03.2019 [09:49]

İndiyədək ölkənin 38 şəhərində içməli su layihələrinin icrası başa çatıb və daha 12 şəhərdə yeni layihələrin icrasına başlanıb

(əvvəli ötən sayımızda)

Naxçıvan Muxtar Respublikasında 2019-cu ilin yaz suvarma mövsümünü mütəşəkkil təşkil etmək məqsədilə Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi bir sıra tədbirlər həyata keçirir. Belə ki, artıq su anbarlarına suyun yığılmasına başlanılıb, kiçikhəcmli sututarlar doldurulub, kanallarda, nasos stansiyalarında və digər hidrotexniki qurğularda təmir işləri aparılıb. Komitədən bildirilib ki, ötən ay 9 kilometr magistral kanal, 13 kilometr ara arxları, 2 kilometr kollektor lildən təmizlənib, 1 kilometr yeni açıq drenaj kanalı qazılıb. Torpaq sahələrini sel sularının zərərli təsirindən qorumaq üçün Cəhriçay və Vənəndçay vadilərində, Qahab selovunda 890 metr istiqamətləndirici bənd tikilib.
Yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması hesabına suvarılan torpaq sahələrinin genişləndirilməsi məqsədilə Kəngərli rayonunun Yurdçu kəndində 56 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisinə başlanılıb. Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni içməli su xətləri çəkilib, mövcud xətlərdə təmir-bərpa işləri aparılıb. Yanvar ayında Ordubad rayonunun Vələver kəndində “Kənd” kəhrizinin bərpası başa çatdırılıb, 4 kəhrizdə işlər davam etdirilib. Bu dövrdə 1 subartezian quyusu qazılıb, 38 subartezian quyusu təmir-bərpa olunub. 2019-cu ilin suvarma mövsümünə hazırlıqla əlaqədar olaraq maşın-mexanizmlər, mexaniki və elektrik avadanlıqları təmir olunaraq işlək vəziyyətə gətirilib.
Respublikanın qərb bölgəsində əhalinin etibarlı və dayanıqlı içməli su təminatına hesablanmış Şəmkirçay sutəmizləyici qurğusunda işlər son mərhələdədir. “Azərsu” ASC-dən bildirilib ki, ümumi su tutumu 165 milyon kubmetr olan Şəmkirçay su anbarının potensial ehtiyatı dayanıqlı içməli su təchizatı baxımından mühüm əhəmiyyət daşıyır. Üstəlik burada toplanan yerüstü suların təbii durulmadan keçməsi suyun emalını asanlaşdırır. Bütün bunlar nəzərə alınaraq ASC-nin sifarişi ilə su anbarının yaxınlığında məhsuldarlığı sutkada 140 min və ya saniyədə 1,6 kubmetr olan sutəmizləyici qurğu tikilir. Kompleksdə hər birinin tutumu 2500 kubmetr olan 3 ədəd su anbarı, anbarların idarəetmə otağı, xlorator qurğusu, elektrik yarımstansiyası inşa edilib, ehtiyat generator alınaraq ərazidə quraşdırılıb. Hazırda qurğuda emal avadanlıqlarının quraşdırılması işləri aparılır.
Qurğunun su təminatı Şəmkirçay su anbarından ayrılan suvarma kanalı hesabına aparılacaq və artıq kanaldan suyun götürülməsi üçün daşıyıcı xətlər tikilib. Buradan götürülən qurğuda su qum süzgəclərində təmizləndikdən sonra anbarlara ötürüləcək. Anbarlara daxil olan və çıxan suyun miqdarı və təzyiqi, anbarlarda suyun həcmi, siyirtmələrin iş rejimi və işçi vəziyyəti, eləcə də suyun bulanıqlıq səviyyəsi və qalıq xlorun miqdarı onlayn rejimdə tənzimlənəcək. Bütün bu proseslərə SCADA sistemi vasitəsilə nəzarət olunacaq.
Qeyd edək ki, regionlarda tikilən ən böyük içməli sutəmizləyici qurğu olan Şəmkirçay sutəmizləyici qurğusunun bu ilin birinci yarısında istismara verilməsi nəzərdə tutulur. Müasir texnologiya əsasında tikilən yeni qurğu Gəncə, Şəmkir, Samux şəhərləri və ətraf kəndlərdə 300 mindən çox insanı keyfiyyətli və fasiləsiz içməli su ilə təmin edəcək.
Şəmkirçay sutəmizləyici qurğusu istismara verildikdən sonra bu mənbədən Gəncə şəhərinə saniyədə 1141 litr, Şəmkir şəhərinə 187 litr, Samux şəhərinə 85 litr, kəndlərə isə 50 litr içməli su veriləcək. Şəmkirçay sutəmizləyici qurğusundan Gəncə şəhərinə suyun verilməsini təmin etmək üçün uzunluğu 27,5 kilometr olan magistral su kəmərinin tikintisi artıq yekunlaşıb, bu kəmərdən Samux şəhəri və rayonun bəzi kəndlərinə, eləcə də Göygöl rayonunun bir sıra kəndlərinin su təchizatını yaxşılaşdırmaq məqsədilə çıxışlar verilib. Bununla yanaşı, qurğudan Şəmkir şəhərinədək 16,5 kilometr uzunluğunda magistral su kəməri tikilərək şəhər şəbəkəsinə birləşdirilib.
Xatırladaq ki, son 10 ildə həyata keçirilən içməli su layihələri çərçivəsində məhsuldarlığı sutkada 1,6 milyon kubmetrdən çox olan 39 yeni içməli su mənbəyi yaradılıb.
Cari ildə həmçinin “Azərsu” tərəfindən Ağdaş, Qəbələ və Xırdalan şəhərlərində su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşacaq. Eyni zamanda, Daşkəsən, Göyçay, Qəbələ şəhərlərində tullantı sutəmizləyici qurğuların inşası tam başa çatacaq. Bundan başqa, Qazax və Horadiz şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına, 10-dan çox şəhərdə isə tullantı sutəmizləyici qurğuların tikintisinə başlanılacaq. Bu il içməli sudan əziyyət çəkən kəndlərdə layihələrin, binadaxili kommunikasiya xətlərinin yenilənməsi və sayğaclaşma işlərinin davam etdirilməsi nəzərdə tutulur. 2019-cu ildə müştəri xidmətləri sahəsində də mühüm tədbirlər həyata keçiriləcək.
Regionlarda sözügedən sahədə görülən işlərin bəziləri beynəlxalq təşkilatların və sahibkarların maliyyə dəstəyi ilə həyata keçirilib. Belə ki, Rusiya Federasiyasında yaşayan, əslən azərbaycanlı iş adamlarının maliyyə dəstəyi ilə Şəmkir rayonunun ən böyük yaşayış məntəqəsi olan və 10 min sakinin yaşadığı Zəyəm Cırdaxan kəndinə yeni su xəttinin çəkilişinə başlanılıb. Şəmkirin bu vaxta qədər içməli su ilə tam təmin edilməyən yaşayış məntəqələrindən olan Zəyəm Cırdaxan kəndi rayon mərkəzindən 25 kilometr uzaqlıqda yerləşir.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və layihənin təşkilatçısı, Rusiya Federasiyasının Tümen şəhərində Azərbaycan diaspor təşkilatının sədri Füzuli Burcuyev görüləcək işlərlə tanış olmaq üçün ərazidə olublar. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən aparılan sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin nəinki böyük şəhər və rayon mərkəzlərində, eləcə də ucqar kəndlərində infrastruktur müasirləşdirilir, sakinlərin sosial qayğıları öz həllini tapır.
İş icraçıları məlumat veriblər ki, Zəyəm Cırdaxan kəndinə 730 millimetrlik polad borularla çəkilən su xəttinin ümumi uzunluğu 7 kilometrdir. Su xətti mənbəyini Zəyəm çayından götürür və yeni su xəttinin istismara verilməsi ilə kəndin su təchizatında olan problemlər tamamilə aradan qaldırılacaq.
Xaçmaz rayonunun Xaspoladoba, Arzu və Sərkərli kəndlərində yeni suvarma və su təminatı layihələrinin icrası yekunlaşdırılaraq sakinlərin istifadəsinə verilib. ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycan hökuməti və yerli icmalar arasında əməkdaşlıq çərçivəsində icra olunan sözügedən layihələr yerli fermerlərin suvarma, həmçinin sakinlərin texniki su təminatını daha da yaxşılaşdıracaq. Xaspoladoba kəndində qazılmış iki yeni artezian quyusu ərazidəki fındıq və meyvə bağlarının suvarma suyu ilə təminatını yaxşılaşdıracaq, məhsuldarlığa müsbət təsir göstərəcək. Bu layihə USAID-in Sosial-İqtisadi İnkişaf Layihəsi (SEDA) və Azərbaycanda Kənd Təsərrüfatına Dəstək Layihəsi çərçivəsində həyata keçirilib.
Arzu və Sərkərli kəndlərində isə müvafiq olaraq 60 və 25 tonluq yeni su çənləri, habelə iki kənddə ümumilikdə 8 kilometrə yaxın yeni su boruları quraşdırılıb. Yeni su sistemlərindən 2 min 400 sakin istifadə edəcək. Onu da qeyd edək ki, USAID-in SEDA layihəsi Azərbaycan hökumətinin dəstəyi ilə Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunur və rayonlarda sosial-iqtisadi inkişafı artırmaq, həyat səviyyəsini yaxşılaşdırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir. Bu layihə çərçivəsində 146 icmada 240 minə yaxın insanın faydalana biləcəyi 131 layihə icra olunub.
Azərbaycanda bəzi regionlarda yerləşən şəhərlərin su-kanalizasiya sistemlərinin yenidən qurulması ilə əlaqədar yeni layihələr hazırlanıb və bəzi rayonlarda təqdimatları keçirilib.
Bu layihələr çərçivəsində Qazax Rayon İcra Hakimiyyətində şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar toplantı və layihənin təqdimat mərasimi keçirilib. Toplantıda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Prezident İlham Əliyev tərəfindən həyata keçirilən və respublikamızın bütün bölgələrinin inkişafını təmin edən uğurlu islahatlardan, Dövlət proqramlarından, eləcə də Qazaxda icra olunan layihələrdən danışıb. Qeyd olunub ki, layihənin sifarişçisi “Azərsu” ASC, maliyyə mənbəyi Azərbaycan hökuməti və İslam İnkişaf Bankı, podratçı “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, məsləhətçi qurum isə “Gentek Consult” şirkətidir. İki il müddətində həyata keçiriləcək layihədə şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması üçün bütün lazımi tədbirlər nəzərdə tutulub.
Təqdimat zamanı bildirilib ki, şəhərin su təchizatı və kanalizasiya sisteminin çəkilişi paralel aparılacaq. Əsasən 3 mərhələdə həyata keçiriləcək layihənin 2020-ci ilin sonlarına kimi başa çatdırılması planlaşdırılır.
Şəmkir Rayon İcra Hakimiyyətində şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar toplantı və layihənin təqdimat mərasimi keçirilib. Toplantıda Şəmkir Rayon İcra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov, eləcə də məsləhətçi və podratçı təşkilatların nümayəndələri iştirak ediblər. Təqdimatda layihənin məqsədi, faydası, tikinti-quraşdırma işlərinin icra qrafiki, ekoloji əhəmiyyəti barədə ətraflı məlumat verilib. Layihə və podratçı təşkilatların nümayəndələri tikinti-quraşdırma işlərinin vaxtında və keyfiyyətli icrası üçün bütün lazımi tədbirlərin görüləcəyini bildiriblər.
Təqdimat çərçivəsində qeyd olunub ki, layihə 47 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində Şəmkir şəhərində su təchizatı və kanalizasiya xidmətlərinin daha da yaxşılaşdırılması, əhalinin içməli su ilə fasiləsiz təmin olunması məqsədilə diametrləri 110-280 millimetr, uzunluğu 13,4 kilometr olan paylayıcı su şəbəkəsinin və diametrləri 600-1200 millimetr, uzunluğu 15,2 kilometr olan magistral kanalizasiya kollektorunun tikilməsi nəzərdə tutulub.
Qaşqay RAMAZANOV

Paylaş:
Baxılıb: 669 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30