A+   Yenilə  A-
Prezident İlham Əliyev: Məcburi köçkünlərin problemlərinin həlli bizim üçün ən prioritet məsələdir

Ötən il respublikamızda məcburi köçkünlər üçün 5 mindən çox mənzil inşa edilib, bu il isə daha 6 min mənzilin istifadəyə verilməsi nəzərdə tutulur
Sosial dövlət olan Azərbaycanda məqsədyönlü dövlət siyasəti ona istiqamətləndirilib ki, ölkənin dinamik iqtisadi inkişafından əhalinin bütün təbəqələri, ələlxüsus da xüsusi qayğıya ehtiyacı olan insanlar bəhrələnə bilsinlər. Respublikamızda cəmiyyətin ayrı-ayrı təbəqələri arasında ədalətli resurs bölgüsünü təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirilir və beləliklə də, dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənirlər.
Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında qaçqın və məcburi köçkün soydaşlarımıza davamlı və hərtərəfli dövlət qayğısı göstərilməsi yuxarıda deyilənlərə bariz nümunədir. Məlum olduğu kimi, Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin 20 faizdən çoxu zəbt olunub və təxminən bir milyon soydaşımız doğma ev-eşiyini tərk etmək məcburiyyətində qalıb. Respublikamızda bu qəbildən olan soydaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyev bir qədər bundan əvvəl Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin açılışından sonra məcburi köçkünlərlə keçirdiyi görüşdəki çıxışında bunu bir daha xatırladaraq deyib: “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Məcburi köçkünlərin problemlərinin həlli bizim üçün ən prioritet məsələdir”.
İndiyədək məcburi köçkün soydaşlarımız üçün 100-dən çox yaşayış kompleksi salınıb
Respublikamızda Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma ev-eşiklərini tərk etmək məcburiyyətində qalan qaçqın və məcburi köçkün soydaşlarımıza dövlət qayğısı göstərilməsi, o cümlədən də onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması siyasətinin əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Prezident İlham Əliyevin bəhs olunan çıxışında xatırlatdığı kimi, məcburi köçkün soydaşlarımız üçün Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk şəhərcik salınmışdı. O vaxt Dövlət Neft Fondundan ilk ödəmələr məhz bu məqsədlər üçün istifadə olunmuşdur. O vaxtdan bu günə qədər 100-dən çox köçkün qəsəbəsi, şəhərciyi salınıb və köçkünlərin böyük hissəsi bu qəsəbələrdə yaşayır.
Ulu Öndərin əsasını qoyduğu məcburi köçkün soydaşlarımıza qayğı siyasətini son 15 ildə Prezident İlham Əliyev eyni ardıcıllıqla davam etdirib. Bəhs olunan dövrdə ölkəmizdə dövlət başçısının siyasi iradəsinə uyğun olaraq qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həlli məqsədilə müxtəlif proqramlar reallaşdırılıb. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, Prezident İlham Əliyev tərəfindən 2004-2018-ci illərdə məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı 55 Fərman və Sərəncam imzalanıb. Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiqlənib. Ölkə Prezidentinin 31 oktyabr 2007-ci il tarixli müvafiq Sərəncamı ilə təsdiqlənən Əlavələrə əsasən, Dövlət Proqramının icra müddəti uzadılıb və əhatə dairəsi genişləndirilib.
Qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasından söhbət açarkən çadır şəhərciklərinin bütünlüklə ləğv edilməsinin önəmini xüsusi qeyd etmək lazımdır. Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində Biləsuvar rayonunun ərazisində məcburi köçkünlər üçün salınan yeni qəsəbənin gələcək sakinləri ilə görüşündə belə bir vədlə çıxış etmişdi: “Ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayacaq”. Prezident İlham Əliyevin bu vədi vaxtından əvvəl yüksək səviyyədə yerinə yetirilib. Belə ki, dövlət başçısının gündəlik diqqət və qayğısı sayəsində 2007-ci ilin dekabrında Biləsuvar, Bərdə, Ağcabədi, Saatlı, Sabirabad, İmişli rayonlarındakı 12 çadır şəhərciyinin ləğv edilməsi və çadırlarda müvəqqəti sığınacaq tapan soydaşlarımızın hər cür kommunal rahatlıqlara malik mənzillərlə təmin edilməsi tam başa çatdırılıb. Sonuncu çadır şəhərciyinin ləğv edilməsi ilə 4179 məcburi köçkün ailəsinin mənzil-məişət problemi həllini tapıb. Prezident İlham Əliyev respublikamızda sonuncu çadır şəhərciyinin ləğv olunmasından məmnunluğunu ifadə edərək bildirib: “Biz Bakıda, Sumqayıtda, Abşeron rayonunda, digər şəhər və rayonlarımızda məcburi köçkünlər üçün gözəl şərait yaradırıq, bu proses davam etdiriləcək. Bildiyiniz kimi, sonuncu çadır şəhərciyi 2007-ci ildə ləğv edildi. O vaxta qədər köçkünlərimizin böyük əksəriyyəti çadırlarda yaşayırdı”.
2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. Bütövlükdə, respublikamızda indiyədək 58 min 203 ailə və ya 300 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb ki, ondan da 54 min 203 ailə, yaxud 272 min nəfər son 15 ilin payına düşür. Təkcə 2018-ci ildə 5903 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb. Ümumilikdə bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 7,1 milyard manat vəsait xərclənib.
Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hesablanan yeni layihənin icrası uğurla davam etdirilir
Məlum olduğu kimi, ölkəmizdə 2017-ci ildə qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlanılıb. Bəhs olunan layihə Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan köçkünlərin yeni mənzillərə köçürülməsini əhatə edir. Layihənin icrası Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ciddi nəzarətindədir.
Qeyd edək ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsində 2017-ci il martın 9-da keçirdiyi ilk müşavirədə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsi məsələsi müzakirə edildi. Birinci vitse-prezidentin yanında keçirilən ilk müşavirədən sonra ilk mərhələdə ən qəzalı binalarda yaşayan 4 min ailənin köçürülməsi üçün tədbirlər planı hazırlandı. Bəhs olunan müşavirədən cəmi bir neçə ay sonra isə - 2017-ci il may ayının 30-da Mehriban xanım Əliyevanın iştirakı ilə Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün inşa edilən “Ümid” yaşayış kompleksinin təməli qoyuldu. Bundan başqa, çox qısa müddətdə Abşeron rayonunun Masazır, Mehdiabad, o cümlədən Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edilib. Ötən ilin mayında istifadəyə verilən “Qobu Park” yaşayış kompleksində hər biri 2 bloklu, 9 mərtəbəli, 1026 mənzilli 11 yaşayış binası inşa olunub. Yeni yaşayış kompleksində zəruri infrastruktur obyektləri - 350 yerlik mərasim evi, poçt, tibb, polis məntəqələri və mənzil-istismar idarəsi yaradılıb. Ərazidə 35 min kilovatlıq yarımstansiya inşa edilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb. Kompleksin ərazisində 624 şagird yerlik orta məktəb, 222 yerlik “Şirin Bala” uşaq bağçası tikilib. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib, kanalizasiya şəbəkəsi yaradılıb.
Ötən il dekabrın 24-də Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksi istifadəyə verilib. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilən açılış mərasimində bildirilib ki, dövlət başçısının 2011-ci ildə imzaladığı Sərəncama əsasən, Sumqayıt şəhəri ərazisindəki yataqxanalarda müvəqqəti məskunlaşmış 2900 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli binalardan ibarət yeni yaşayış məhəlləsinin tikilməsi qərara alınıb. Məhəllənin salınması üçün 50 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə 1000 ailənin yerləşdirilməsi üçün 17,5 hektar torpaq sahəsi istifadə edilib. Kompleksin inşasına ötən ilin martında başlanılıb və tikinti işləri yüksək səviyyədə həyata keçirilib. Layihə üzrə 23-ü 42, biri isə 35 mənzilli olan 7 mərtəbəli yaşayış binası inşa olunub. Məktəb və uşaq bağçasının daxil olduğu yeni yaşayış kompleksində digər zəruri infrastruktur obyektləri - klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası tikilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.
Məcburi köçkün soydaşlarımız üçün daha bir yaşayış kompleksi 27 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Sumqayıt şəhərində istifadəyə verilib. Şəhərin mərkəzində, Koroğlu prospektində yerləşən kompleksin inşasına 2017-ci ilin martında başlanılıb. Xüsusi memarlıq üslubunda və müasir səviyyədə inşa olunan bu kompleks 1005 qaçqın və məcburi köçkün ailəsi üçün nəzərdə tutulub. Ərazisi 4 hektar olan kompleksdə ümumilikdə 12 bina, o cümlədən səkkizmərtəbəli səkkiz, 15 mərtəbəli dörd bina var. Kompleksdə məktəb, uşaq bağçası, mərasim evi, polis məntəqəsi və digər zəruri infrastruktur obyektləri inşa edilib. Kompleksdəki mənzillərin hamısı tam təmirlidir və mətbəx mebeli, qaz sobası ilə təchiz olunub.
Cari il aprelin 5-də Bakının Kürdəxanı qəsəbəsində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilən yeni yaşayış kompleksi isə 810 məcburi köçkün ailəsi üçün nəzərdə tutulub. Yeni yaşayış məhəlləsinin layihələndirilməsi və tikintisi üzrə sifarişçi təşkilat funksiyaları Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna həvalə edilib. 2018-ci ilin mart ayında başlanan tikinti işləri yüksək keyfiyyətlə sona çatdırılıb. Layihə üzrə doqquzmərtəbəli 15 bina tikilib ki, bunlardan 9-u 54, 4-ü 36, digərləri isə 108 və 72 mənzillidir. Yeni yaşayış kompleksində məktəb və uşaq bağçası, o cümlədən digər zəruri infrastruktur obyektləri - klub-icma mərkəzi, həkim məntəqəsi inşa edilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Buradakı mənzillərdən 72-si birotaqlı, 360-ı ikiotaqlı, 306-sı üçotaqlı, 72-si isə dördotaqlıdır. Mənzillərin ümumi sahəsi 91 min kvadratmetrdir. Yeni yaşayış kompleksində hazırda paytaxtdakı yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri mənzillə təmin olunacaqlar.
Yuxarıda deyilənlər respublikamızda məcburi köçkünlərin problemlərinin həlli məqsədilə həyata keçirilən dövlət siyasətinin əhatə dairəsinin kifayət qədər geniş olduğu barədə konkret təsəvvür yaradır. Prezident İlham Əliyev məcburi köçkün soydaşlarımızın mənzil-məişət problemlərinin həlli məqsədilə böyük həcmlərdə maliyyə vəsaiti ayrıldığına xüsusi diqqət çəkib. “Təkcə keçən il məcburi köçkünlər üçün 5 mindən çox mənzil inşa edilmişdir. Onlar bu mənzillərə köçürülürlər. Bu il isə bizim planlarımızda minimum 6 min mənzilin istifadəyə verilməsi nəzərdə tutulub. Artıq bu prosesə start verilib və əminəm ki, ilin sonuna qədər biz buna nail olacağıq. Təkcə iki il ərzində təqribən 11 min məcburi köçkün ailəsi yeni evlərə köçürüləcək. Doğrudan da böyük işlərdir və orta hesabla bu mənzillərdə təqribən 50 minə yaxın insan yaşayacaq və öz məişət problemini həll edəcək. Bu məqsədlər üçün böyük vəsait ayrılır”, - deyə dövlət başçısı vurğulayıb.
Məcburi köçkün soydaşlarımıza hərtərəfli qayğı siyasəti perspektivdə də davam etdiriləcək. Müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində getdikcə güclənir və öz imkanlarını artırır. Respublikamız qlobal maliyyə-iqtisadi böhranın mənfi təsirlərini önləməyə və inkişafın ardıcıllığını təmin etməyə nail olub. 2019-cu ilin əvvəlindən respublikamız öz iqtisadiyyatını 3 faiz genişləndirməklə son illərin ən yaxşı göstəricilərindən birini qazanıb. Hazırda ölkəmiz 45 milyard dollar həcmində strateji valyuta ehtiyatlarına malikdir ki, bu da kifayət qədər böyük rəqəmdir. Bütün bu kimi amillər isə öz növbəsində Azərbaycan dövlətinin daha genişmiqyaslı sosial siyasət həyata keçirməsinə imkan verir. “Dövlət Neft Fondunun yaradılması da tarixi hadisə idi. Çünki bu Fond vasitəsilə həm büdcəmizə dəstək göstərilir, həm sosial məsələlərin həlli təşkil edilir, ölkəmiz üçün strateji əhəmiyyətli layihələr icra edilir və ilk növbədə, məcburi köçkünlərin problemləri həll olunur. Əgər bizim bu imkanımız olmasaydı, əlbəttə ki, köçkünlərə bu həcmdə kömək etmək mümkün olmazdı. Məhz uğurlu neft strategiyamızın hesabına formalaşmış Dövlət Neft Fondu bu məqsədlər üçün böyük vəsait ayırıb və bundan sonra da ayıracaqdır. Bu, bizim siyasətimizdir. Biz bütün məcburi köçkünlərin problemlərini həll etməliyik və edəcəyik”.
Böyük sosial paketin tərkib hissəsi kimi məcburi köçkünlərin müavinətləri 50 faiz artırılıb
Ölkəmizdə məcburi köçkünlərə qayğı siyasəti yalnız onların mənzil-məişət problemlərinin həlli ilə məhdudlaşmır. Bu qəbildən olan soydaşlarımıza digər istiqamətlərdə də dəstək göstərilir. Bunun təsdiqi olaraq qeyd edək ki, indiyədək Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 24 min məcburi köçkünə təxminən 15 milyon manat məbləğində mikrokredit, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 2 min məcburi köçkün sahibkara 40 milyon manat güzəştli kredit verilib. Ötən dövrdə 200 min məcburi köçkün büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin edilib. Açılan yeni iş yerləri nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 15 ildə 75 faizdən 12 faizədək azalıb.
Ölkəmizdə məcburi köçkünlərin gəlir imkanlarının artırılması da davamlı olaraq diqqət mərkəzində saxlanılır. Məlumdur ki, 2019-cu ilin əvvəlindən etibarən respublikamızda böyük sosial paketin reallaşdırılmasına başlanılıb. Dövlət başçısından gələn yeni sosial təşəbbüslərə uyğun olaraq ölkəmizdə inqilabi səciyyə daşıyan addımlar atılır. Cari ilin əvvəlindən etibarən Azərbaycanın gəlirləri artıb, islahatların əhatə dairəsinin genişləndirilməsi, şəffaflığın daha yüksək səviyyədə təmin edilməsi sayəsində büdcəyə əlavə 200 milyon manat vəsait cəlb olunub. Bu əlavə vəsaitlər Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkədə sosial məsələlərin həllinə yönəldilir. Dövlət başçısının imzaladığı müvafiq sənədlər əsasında minimum əməkhaqqı, pensiyaların minimum həddi, tələbələrə verilən təqaüdlər, əhalinin müvafiq kateqoriyaları üçün nəzərdə tutulan müavinətlər artırılıb. Hazırda respublikamızda şəhid ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi şəffaf şəkildə həyata keçirilir. Azərbaycan həmçinin problemli kreditlər məsələsinin həllində inqilabi addım atıb.
Bütövlükdə, Azərbaycanda icrasına başlanılan böyük sosial paket 3 milyondan çox insanı, o cümlədən də məcburi köçkün soydaşlarımızı əhatə edir. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 26 fevral 2019-cu il tarixində “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” müvafiq Sərəncam imzalayıb. Sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb. Prezident İlham Əliyev bildirib ki, məcburi köçkünlərə verilən müavinətlərin 50 faiz artırılması respublikamızda həyata keçirilən siyasəti əks etdirir: “O ki qaldı məcburi köçkünlərin problemlərinin həllinə, bu problemlər kompleks şəkildə öz həllini tapır. Binalar tikilir, yeni şəhərciklər salınır, eyni zamanda, məcburi köçkünlərin sosial şəraiti yaxşılaşdırılır, onlara dövlət tərəfindən verilən sosial dəstək artır. Bu yaxınlarda çox böyük sosial paket təsdiqləndi. O cümlədən məcburi köçkünlərin müavinətləri 50 faiz artmışdır. Özü də biz bu məbləği bir neçə dəfə artırmışıq. Bu gün hər bir köçkünə verilən müavinət 50 faiz artıb. Bu, bizim köçkünlərə olan diqqətimizi əks etdirir. Digər sosial layihələr icra edilib”.
İşğaldan azad edilmiş ərazilərin məskunlaşdırılmasının böyük rəmzi mənası var
Məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər bütün respublika miqyasında həyata keçirilir. Son 15 ildə bu məqsədlə ölkəmizin bölgələrində də yüzlərlə fərdi ev tikilib və məcburi köçkün soydaşlarımızın istifadəsinə verilib. O cümlədən məcburi köçkün soydaşlarımız üçün inşa edilən ayrı-ayrı yaşayış kompleksləri bilavasitə işğaldan azad edilən ərazilərdə salınıb ki, bu da böyük rəmzi məna daşıyır. “Onu da bildirməliyəm ki, salınan qəsəbələr arasında elələri var ki, vaxtilə işğal olunmuş və işğaldan azad edilmiş torpaqlarda salınıb. O cümlədən Horadiz şəhəri, demək olar ki, yenidən qurulub və bu gün ən gözəl yaşayış yerlərindən biridir. Şıxarx qəsəbəsində mindən çox köçkün ailəsi məskunlaşıb, hansı ki, o ərazilər işğal altında idi. Cocuq Mərcanlıda 150 evdən ibarət gözəl qəsəbə salınıb, müasir infrastruktur, iş yerləri, kommunikasiyalar yaradılıb. Yəni, bu yerlərə həyat qayıdıb”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Beləliklə, biz Cocuq Mərcanlının və Şıxarxın timsalında dövlətimizin, xalqımızın iradəsini göstəririk. Bir daha göstəririk ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq və Azərbaycan köçkünləri öz doğma torpaqlarına getməyə hazırdırlar.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  4950  |  
  • Tarix:  17-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyevdən sosial sahədə daha bir inqilabi addım

19 İyun 19:45
Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş “Gənclərin inteqrasiya və fəallığa təşviqi” adlı festival keçirilib
19 İyun 19:42
Avropa Oyunları qitədə ən mühüm idman hadisələrindən birinə çevriləcək
19 İyun 19:35
Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub
19 İyun 19:32
Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirilib
19 İyun 19:27
Baş prokuror Türkiyənin Baş Ombudsmanı ilə görüşüb
19 İyun 19:23
Ölkə əhalisinin sayı 0,3 faiz artaraq 10006149 nəfərə çatıb
19 İyun 19:21
Yaxın Şərq: dörd istiqamətdə geosiyasi gərginlik
19 İyun 17:42
Ümumqoşun poliqonunda təlim keçirilib
19 İyun 17:41
Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin təqdim etdiyi yeni sosial paket inqilabi addımların növbəti mərhələsidir
19 İyun 17:39
Sona Əliyeva: Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində əhalinin sosial rifahı davamlı olaraq yüksəlir
19 İyun 17:18
Sevinc Fətəliyeva: Prezident İlham Əliyevin siyasətində əhalinin sosial müdafiəsinin davamlı olaraq gücləndirilməsi daim diqqət mərkəzindədir
19 İyun 17:17
Madrid şəhərində keçirilən beynəlxalq xeyriyyə tədbirində ölkəmiz də təmsil olunub
19 İyun 17:05
Ümumdünya Turizm Təşkilatının sessiya iştirakçılarına ölkəmizin turizm potensialı tanıdılır
19 İyun 17:02
ADU son iki ildə qazandığı uğurlara görə fəxri diploma layiq görülüb
19 İyun 16:58
Azərbaycan məhsullarının ixrac coğrafiyası genişlənir
19 İyun 16:43
Elman Nəsirov: Son sərəncamlar bir daha göstərdi ki, Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır
19 İyun 16:23
Artilleriyaçılarla komandir toplanışı keçirilib
19 İyun 16:14
Sahibə Qafarova: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır
19 İyun 16:07
“Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalı diplomatik brifinqə ev sahibliyi edib
19 İyun 15:45
Cenevrədə “CANSO 2020: BAKU” tədbirinin rəsmi təqdimatı keçirilib
19 İyun 15:36
Elçin Quliyev: Böyük sosial layihələrin reallaşdırılması Prezident İlham Əliyevin güclü siyasi iradəsinə əsaslanır
19 İyun 15:28
Ekspert: Minimum əməkhaqqının artırılması iqtisadi və sosial islahatlarla bağlı siyasətin davamlılığını təsdiqləyir
19 İyun 15:22
Xanlar Fətiyev: İkinci sosial paketin müsbət nəticələri bütün ailələrdə hiss olunacaq
19 İyun 15:02
Energetika Nazirliyi Yaponiya şirkəti ilə anlaşma memorandumu imzalayıb
19 İyun 14:44
Əli Əhmədov: Azərbaycan vətəndaşını daha yüksək rifah gözləyir
19 İyun 14:42
Azərbaycan səfiri etimadnaməsini Bəhreynin Kralına təqdim edib
19 İyun 14:32
Anar Əliyev: Həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı durur
19 İyun 14:20
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib
19 İyun 14:13
Ceyhun Bayramov: Azərbaycanda təhsil sahəsində aparılan islahatlar öz müsbət nəticələrini verir
19 İyun 14:10
Müdafiə naziri: Tabeliyinizdə olan şəxsi heyəti Vətənə sevgi və düşmənə nifrət ruhunda tərbiyə etməlisiniz
19 İyun 14:06
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
19 İyun 14:04
Elsevər Ağayev: Son 15 ildə Azərbaycanda ana və uşaq ölümü azalıb
19 İyun 14:00
Dağlıq Qarabağda münaqişənin gedişində itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyi BMT-nin diqqət mərkəzində qalır
19 İyun 13:30
Azərbaycanla İran və İndoneziya arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
19 İyun 13:27
Pensiyanın minimum məbləği 200 manata çatdırılır və artım 660 min pensiyaçını əhatə edəcək
19 İyun 13:23
Aydın Hüseynov: Son sərəncamlar əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan inqilabi addımların davamıdır
19 İyun 12:48
Belqradda İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbirlər davam edir
19 İyun 12:42
Vüsal Qasımlı: Prezidentin imzaladığı yeni sosial paket 2 milyondan çox insanı əhatə edəcək
19 İyun 12:35
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların maaşı 40 faiz artırılıb
19 İyun 12:32
Hadi Rəcəbli: İmzalanan hər bir sərəncam Azərbaycan vətəndaşının rifahının yaxşılaşmasına yönəlib
19 İyun 12:23
Prezident İlham Əliyevin əhalinin rifahının yüksəldilməsi istiqamətində inqilabi addımları davam edir
19 İyun 12:17
Yeni Sərəncam 160 minə yaxın müəllimin rifahına mühüm dəstəkdir
19 İyun 12:05
UNEC-də “Universitet-dövlət-sənaye platforması” çərçivəsində forum keçirilib
19 İyun 12:03
Vyanada "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans işə başlayıb
19 İyun 11:59
Tahir Süleymanov: Bu gün Azərbaycan sözün əsl mənasında rifah dövlətidir
19 İyun 11:56
İngilis dilində təqdimat müsabiqəsi keçirilib
19 İyun 11:53
Hikmət Şikarov: İmzalanan fərman və sərəncamlar insan amilinin dövlət başçısının uğurlu siyasətinin mərkəzində dayandığını bir daha təsdiq edir
19 İyun 11:20
Tahir Mirkişili: Prezident “Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır” tezisini bir daha təsdiq etdi
19 İyun 11:09
Azərbaycanla BƏT arasında əməkdaşlıq gündəliyinin daha da genişləndirilməsi məsələləri müzakirə olunub
19 İyun 11:05
Nazir müavini: Beş ayda qeyri-neft ixracı 18 faizədək artıb
19 İyun 10:56
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edib
19 İyun 10:50
Sədaqət Vəliyeva: Azərbaycanda sosial sahədə inqilabi addımların növbəti mərhələsi başlanır
19 İyun 10:48
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 19 dəfə pozub
19 İyun 10:47
Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 min nəfəri əhatə edəcək
19 İyun 10:41
Türkiyənin Azərbaycandakı səfiri: Azərbaycandan Türkiyəyə gedəcək turistlərin sayında artım gözlənilir
19 İyun 10:40
İcma sədri: Danışıqlar Azərbaycan və Ermənistan rəhbərliyi tərəfindən davam etdirilir, icmalar maraqlı tərəf kimi prosesi izləyir
19 İyun 09:53
Prezident İlham Əliyevdən sosial sahədə daha bir inqilabi addım
19 İyun 09:45
II Avropa Oyunlarında iştirak edəcək Azərbaycan idmançıları Minskə yola salınıb
19 İyun 09:42
Azərbaycan nümayəndə heyəti Vyanada Avstriya hökumətinin və parlamentinin üzvləri ilə görüşüb
19 İyun 09:35
Akademik Zərifə Əliyeva adına Lisey ölkəmizin təhsil uğurları ilə seçilən məktəblərindən biridir
19 İyun 09:33
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsini təmin edir
19 İyun 09:31
YAP təkcə ölkəmizin deyil, regionun ən güclü siyasi təşkilatıdır
19 İyun 09:30
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
19 İyun 09:28
YAP Səbail rayon təşkilatı “Pedaqoqlar” ərazi ilk partiya təşkilatının İdarə Heyətinin iclası keçirilib
19 İyun 09:20
Azərbaycanda baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir
18 İyun 21:18
Azərbaycan ilə ABŞ arasında mədəniyyət sahəsində əlaqələr daha da genişləndirilməsi müzakirə edilib
18 İyun 20:59
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə görüşüb
18 İyun 20:49
İdman, sağlamlıq, dostluq mövzusunda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
18 İyun 20:46
Brüssel QDİƏT-Aİ əməkdaşlığı üzrə Yüksək səviyyəli konfrans keçirilib
18 İyun 20:45
Azərbaycanın məhkəmə-hüquq sahəsində islahatları təqdir olunur

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+28 +32
gecə+20 +24