
Həyata keçirilən kompleks tədbirlər regionlarda məhsuldarlığın artmasını təmin edib
Öz inkişafına görə regionun lider dövləti olan Azərbaycanın tərəqqisi davamlı xarakter daşıyır, bütün sahələrdə qazanılan nailiyyətlər ölkəmizin yeni zirvələr fəth etməsinə imkan verir. Qeyd edək ki, ölkəmizdə həyata keçirilən, həmçinin ardıcıl və məqsədyönlü xarakter daşıyan sosial-iqtisadi siyasət bütün sahələrin tərəqqisini təmin etməklə yanaşı, regionların inkişafı istiqamətində də əhəmiyyətli, müsbət göstəricilərin əldə olunmasını şərtləndirib. Eyni zamanda, Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla icra olunması bölgələrdə iqtisadi potensialın və aktivliyin artmasına mühüm töhfələr verməklə yanaşı, qarşıda duran strateji hədəflərə çatmağa imkan yaradır. Son olaraq Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla ilə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində də işlər müvəffəqiyyətlə icra olunur. Məhz bu proqramlar çərçivəsində həyata keçirilən işlər aqrar sahənin inkişafını da şərtləndirib.
Daha dəqiq desək, Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində də həyata keçirilən kompleks tədbirlər təqdirəlayiq hal kimi olduqca yüksək qiymətləndirilir, ölkənin ümumi sosial-iqtisadi tərəqqisinə öz töhfəsini verir. Başqa sözlə, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələrində olduğu kimi, aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkədə aqrar sahə qeyri-neft sektorunun aparıcı sahəsi kimi müəyyənləşdirilib, bu istiqamətdə dövlət tərəfindən çox mühüm dəstək tədbirləri həyata keçirilir. Regionlarda müasir infrastruktur yaradılır, bu istiqamətdə innovativ metodlar və qabaqcıl təcrübənin səmərəli tətbiqi müsbət nəticələr verir, azad sahibkarlığın dəstəklənməsi çərçivəsində, qeyd etdiyimiz kimi, fermerlərə subsidiyalar, güzəştli kreditlər verilir. Daha dəqiq desək, taxılçılıq, toxumçuluq, heyvandarlıq, arıçılıq, şəkər çuğunduru və pambıqçılığın inkişafı üçün subsidiya verilir. Eyni zamanda, aqrar sahədə texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Beləliklə, ölkəmizdə bu sektorun inkişafı daim diqqət mərkəzindədir.
Digər tərəfdən, ölkəmizdə aqrar sektorda böyük ixrac potensialı mövcuddur. Bu potensialdan istifadə etməklə kənd təsərrüfatı sahəsində istehsal həcmlərinin artırılması və bu kontekstdə ixrac imkanlarının genişləndirilməsi istiqamətində səmərəli tədbirlər həyata keçirilir. Azərbaycanın bölgələrindən kənd təsərrüfatı məhsullarının ixrac həcmlərinin genişləndirilməsi valyuta daxilolmalarının artmasına da imkan yaradır, bu isə son nəticədə ölkəmizin dinamik inkişafına mühüm töhfələr verir.
Ölkəmizdə aqrar sektorun inkişafı istiqamətində görülən tədbirlər, həmçinin ərzaq təhlükəsizliyinin təmin olunması baxımından da mühüm əhəmiyyətə malikdir. Məlumdur ki, ərzaq təhlükəsizliyinin təmin olunması hər bir ölkənin qarşısında duran strateji xarakterli vəzifələrdən biridir. Bu sahədə irəliləyişə nail olmaq ölkələrin ümumi sosial-iqtisadi inkişafının davamlılığının təmin olunması üçün xüsusi önəm kəsb edir. Azərbaycanda əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması strateji məqsəd kimi müəyyənləşdirilib, ərzaq məhsulları ilə özünütəminat səviyyəsinin yüksəldilməsi üçün möhkəm əsaslar yaradılıb. Dövlət tərəfindən ərzaq təhlükəsizliyinə bilavasitə aidiyyəti olan ayrı-ayrı sahələrdə kompleks tədbirlər görülür. Ölkəmizdə ərzaq məhsullarının istehsalının artırılması, əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi, ərzaq təminatı sisteminin institusional inkişafının həyata keçirilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması və digər istiqamətlərdə əhəmiyyətli tədbirlər həyata keçirilir, səmərəli istehsal və satış infrastrukturunun yaradılması, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi üzrə məqsədyönlü işlər görülür. Beləliklə, son illər ərzində Azərbaycan kənd təsərrüfatının inkişafı, xüsusilə ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı çox böyük nailiyyətlərə imza atıb.
Bunlarla yanaşı, kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlər sahələrdə məhsul əkini və yığımının əhəmiyyətli dərəcədə artmasını təmin edib. Bunu ayrı-ayrı regionlar üzrə əldə edilən nəticələr də təsdiqləyir. Yeri gəlmişkən, iqtisadiyyatının mühüm hissəsini kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edən Samux rayonunda faraş tərəvəz əkininə maraq artıb. 2018-ci ildə rayon üzrə 710 hektarda tərəvəz bitkiləri əkilib, 12818,5 tondan artıq məhsul istehsal edilib. Rayonda istehsal olunan məhsullar həm yerli bazarda, həm də xarici ölkələrin bazarlarında satılıb. Bu ilin birinci rübündə isə rayonda 617 hektarda tərəvəz bitkiləri əkilib. Yazlıq əkin başa çatmadığından, payızlıq əkin isə hələ başlamadığından bu il tərəvəz əkininin ötən ilə nisbətən xeyli artacağı gözlənilir.
İmişlidə isə cari təsərrüfat ilində 4 min hektar sahədə şəkər çuğunduru yetişdirilməsi nəzərdə tutulub. Artıq bu qədər sahədə məhsul yetişdirmək üçün torpaq mülkiyyətçiləri ilə müqavilələr bağlanıb və əkinə başlanılıb. Rayonda şəkər çuğundurunun əkini ilə əsasən “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC məşğul olur. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, ötən həftədən rayonda çuğundur əkininə başlanılıb. İşə yaxşı hazırlıq görüldüyündən qısa müddətdə 917 hektar sahəyə toxum səpilib. Əkin zamanı “Kayota”, “Zeper”, “Radofe” kimi yüksək məhsuldar sortların əkininə üstünlük verilir. Torpaq mülkiyyətçiləri çuğundur əkinini qısa müddətdə başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər. Qeyd edək ki, ötən il rayonda 109 hektar sahədə şəkər çuğunduru əkilib və 3 min 526 ton məhsul yığılıb. Hər hektarın məhsuldarlığı 40 sentner olub.
Hacıqabulda ikinci ildir ki, şəkər çuğunduru yetişdirilir. Rayonda bu bitkinin əkini ilə əsasən “Kürdəmir Süd Emalı” MMC məşğul olur. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, ötən il “Kürdəmir Süd Emalı” MMC tərəfindən rayonda 117 hektar sahədə şəkər çuğunduru əkilib və 6 min 520 ton məhsul yığılıb. Cari ilin məhsulu üçün MMC tərəfindən 157 hektar sahədə məhsul becəriləcək. Əkinə vaxtında başlayan məhsul istehsalçıları qısa müddətdə səpin kampaniyasını başa çatdırıblar. Səpin zamanı “Kayota”, “Zeper”, “Radofe” kimi yüksək məhsuldar sortların əkininə üstünlük verilib.
Lənkəran rayonunda isə fərdi təsərrüfatlarda polietilen örtük altında əkilmiş xiyarın yığımına başlanılıb. Əsasən yerli bazarlara çıxarılan xiyarın məhsuldarlığı və qiyməti istehsalçıları qane edir. Məhsul istehsalçısı Mərifət Babayeva mart ayının əvvəllərində 0,30 hektarda 2 min ədəd xiyar şitili əkdiyini, mövsüm ərzində fərdi təsərrüfatından 3-4 ton məhsul götürəcəyini söyləyib. Əkin və becərmə zamanı kimyəvi dərmanlardan istifadə olunmadığına görə yetişdirilən xiyar məhsulu ekoloji cəhətdən təmizdir. Qeyd edək ki, rayonda xiyar yığımı iyul ayınadək davam edəcək.
Qarğıdalı istehsalı Balakən rayonunun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutur. Cari ildə rayonun təsərrüfatlarında 7 min hektar sahədə qarğıdalı əkilməsi planlaşdırılır. Artıq təsərrüfatlarda qarğıdalı əkininə başlanılıb. Fermerlər qısa müddətdə 320 hektar sahəyə qarğıdalı əkiblər. Bu barədə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Elvin Səmədov məlumat verib. Qurum rəsmisi bildirib ki, hazırda Balakən rayonu qarğıdalı bitkisinin əkin sahəsinə və istehsal olunan məhsulun həcminə görə respublikada ön sırada yer alır. Ötən il rayonda 43 min tona yaxın dən qarğıdalı istehsal olunub. Elvin Səmədov deyib ki, hazırda təsərrüfatlarda yazlıq bitkilərin əkini də mütəşəkkil davam edir. Məhsul istehsalçıları indiyədək 522 hektar sahədə kartof, 622 hektarda xiyar, 172 hektarda pomidor, 230 hektarda digər növ bitkiçilik məhsulları əkib, 440 hektar sahəyə çoxillik yonca toxumu səpiblər. Rayonda tütün şitillərinin sahələrə köçürülməsi işi də gündən-günə sürətlənir. Fermerlər indiyədək 30 hektarda “Virciniya”, 7 hektarda isə “İmmuniy” növ tütün əkiblər. Builki mövsümdə rayonda 450 hektarda tütün əkilməsi nəzərdə tutulur.
Saatlının Qaralar kəndində 7 hektar sahədə yeni texnologiya əsasında tərəvəz bitkiləri yetişdirilir. Hazırda sahəyə kələm, bibər və pomidor şitilləri köçürülür. Əkin zamanı məhsuldar sortlara üstünlük verilir. Torpaq mülkiyyətçisi, təcrübəli təsərrüfatçı Ələsgər Əhmədov bildirib ki, o, ötən il bu üsulla tərəvəz yetişdirib və yaxşı nəticə əldə edib. “Bu mövsüm 7 hektar sahədə tərəvəz əkini aparmağı planlaşdırmışıq. Bunun üçün əvvəlcədən münbit torpaq sahəsi seçilib. Daha sonra sahə əkinə hazırlanıb, damla üsulu suvarma sistemi quraşdırılıb. Sonra isə xüsusi şəraitdə yetişdirdiyimiz şitilləri sahələrə köçürməyə başlamışıq. Artıq kələm və bibər şitillərinin əkini başa çatıb. Hazırda sahələrə pomidor şitilləri köçürürük. Açıq şəkildə əkilən şitillərlə yanaşı, örtükaltı əkin də həyata keçirmişik. Sınaq üçün həmin örtüklərdə bir neçə növ tərəvəz yetişdiririk. Əgər yaxşı nəticə əldə etsək, gələcəkdə bu üsula geniş yer verəcəyik”, - deyə fermer qeyd edib. Məhsul istehsalçısı onu da deyib ki, əgər əlaqədar təşkilatlardan lazımi dəstək ala bilsə, gələcəkdə əkin sahəsini ikiqat artırmaq niyyətindədir.
Beləliklə, Azərbaycanda aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər səmərəli nəticələr verir. Təsadüfi deyil ki, həyata keçirilən kompleks tədbirlər regionlarda məhsul əkini və yığımının əhəmiyyətli dərəcədə artmasını təmin edib.
Nurlan QƏLƏNDƏRLİ
- Oxunub: 7080 |
- Tarix: 01-05-2019 |
-
Çap et |