Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Prezident İlham Əliyev: Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır

Prezident İlham Əliyev: Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır

02.05.2019 [09:28]

Ölkəmizdə islahatların dərinləşdirilməsi və şəffaflığın təmin edilməsi nəticəsində əldə olunan əlavə gəlirlər ilk növbədə sosial sahəyə yönəldilir
Son 15 ildə iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıran Azərbaycan özünün geniş imkanlarına əsaslanaraq dərinməzmunlu sosial siyasət həyata keçirib. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, ölkəmizdə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır. Dövlət başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq respublikamızda vətəndaşların rifah halının davamlı olaraq yaxşılaşdırılmasına, gəlir imkanlarının artırılmasına, onlara göstərilən xidmətlərin əlçatanlığının təmin olunmasına yönələn müxtəlif tədbirlər həyata keçirilir. Belə məqsədyönlü siyasətin nəticəsidir ki, ölkəmiz, beynəlxalq səviyyəli reytinq agentliklərinin hesabatlarında da göstərildiyi kimi, insan inkişafı indeksini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa nail olub. Vurğulamaq yerinə düşər ki, BMT-nin bəyan etdiyi Minilliyin İnkişaf Məqsədlərinə qoşulan Azərbaycanda yoxsulluq və işsizlik qısa müddətdə 5 faiz səviyyəsinədək aşağı salınıb.
Respublikamızda 2019-cu ilin əvvəlindən isə ötən il anonsu verilən böyük sosial paketin icrası aktiv fazaya daxil olub. İlin əvvəlindən bəri dövlət başçısı bilavasitə ölkə vətəndaşlarının həyat səviyyəsinin daha da yüksəldilməsinə, onları narahat edən müxtəlif sosial məsələlərin həllinə yönələn çoxlu sayda Fərman və sərəncamlar imzalayıb. Prezident İlham Əliyev aprelin 30-da keçirilən Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində vurğulayıb ki, görülən bu işlər nəticəsində üç milyon insan imzalanmış fərmanlardan bu və ya digər formada faydalanıb, vətəndaşların maddi vəziyyəti yaxşılaşıb, onları narahat edən problemlər öz həllini tapıb.
Ölkənin qazandığı əlavə maliyyə vəsaiti sosial sahəni daha da gücləndirməyə geniş imkanlar açıb
Son 15 ildə Azərbaycan dünyaya nümunəvi inkişaf modeli təqdim edib. Statistik göstəricilərə nəzər saldıqda və müqayisəli təhlillər apardıqda aydın şəkildə görünür ki, beynəlxalq miqyasda Azərbaycan qədər dinamik iqtisadi inkişaf göstəriciləri qazanan ölkələrin sayı çox azdır. Bəhs olunan dövrdə respublikamızda ümumi daxili məhsul istehsalı 3,3 dəfədən çox artıb ki, bu da bütün dünya üzrə rekord göstəricidir. Eyni zamanda, milli iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyi artıb. Davos İqtisadi Forumunun müvafiq hesabatında göstərildiyi kimi, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətlilik indeksi üzrə dünyada 35-ci, MDB məkanında isə lider mövqedə qərarlaşıb. Yenə Davos Forumunun dəyərləndirmələrinə əsasən, respublikamız inklüziv inkişaf indeksi üzrə inkişaf etməkdə olan ölkələr sırasında 3-cü yeri tutur ki, bu da böyük uğurdur.
Respublikamızda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji kurs milli iqtisadiyyatın genişlənməsinin ardıcıllığının təmin olunmasına hesablanıb. Dövlət başçısının qətiyyətinin və siyasi iradəsinin nəticəsidir ki, son illərdə ölkəmizdə iqtisadi inkişafın davamlılığını, o cümlədən də qeyri-neft sektorunda yeni istehsal və ixrac imkanları yaradılmasını hədəfləyən islahatlar uğurla reallaşdırılır. Aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, ölkəmiz bir sıra çətinliklərlə müşayiət olunan yeni şəraitdə də iqtisadi inkişafla bağlı diqqətəlayiq uğurlara imza atıb. Belə ki, milli iqtisadiyyatımız qlobal böhranın mənfi təsirlərini dəf edərək inkişafa istiqamətlənib. Hazırda ölkənin qarşısında duran bütün vəzifələrin icrası yüksək səviyyədə təmin olunur. 2019-cu ilin əvvəlindən bəri əldə olunan göstəricilər deyilənləri bir daha təsdiqləyir. Nazirlər Kabinetinin bəhs olunan iclasında da bildirildiyi kimi, bu ilin birinci rübündə respublikamızda ümumi daxili məhsul istehsalında 3 faiz artıma nail olunub. Bu, son illər ərzində qazanılan ən yüksək göstəricidir. O cümlədən sənaye istehsalı 4,4 faiz artıb. Daha yüksək artım isə 15,6 faiz olmaqla qeyri-neft sənayesində müşahidə edilib ki, bu da dünya rekordudur.
İqtisadi müstəqilliyin təmin edilməsi öz növbəsində Azərbaycanı geniş maliyyə imkanlarına malik ölkəyə çevirib. Ölkəmiz bir tərəfdən irimiqyaslı infrastruktur layihələrinə böyük həcmlərdə investisiyalar yönəldir, digər tərəfdən isə özünün strateji valyuta ehtiyatlarını artırır. Hazırda respublikamız 45 milyard dollar həcmində strateji valyuta ehtiyatlarına malikdir və adambaşına düşən strateji valyuta ehtiyatlarına görə bütün dünya üzrə yüksək yerlərdən birini tutur.
Ölkəmizin dinamik iqtisadi inkişafının, aparılan islahatların, o cümlədən də şəffaflığın yüksək səviyyədə təmin edilməsinin real nəticəsi olaraq maliyyə imkanlarının genişlənməsi tendensiyası 2019-cu ilin əvvəlindən də davam edib. Belə ki, cari ilin birinci rübündə respublikamızda büdcə daxilolmaları ciddi şəkildə - 200 milyon manatdan çox artıb. Bu əlavə gəlirlərin təxminən 150 milyon manatı vergi daxilolmalarının, 50 milyon manatdan çox hissəsi isə gömrük rüsumlarının sayəsində qazanılıb. Sevindirici hal ondan ibarətdir ki, vergi orqanları qeyri-neft sektorundan daha çox - 136 milyon manat vergilər toplamağa müvəffəq olub. Azərbaycanın sosial siyasət strategiyasına uyğun olaraq əlavə gəlirlər ilk növbədə sosial sahəyə yönəldilir. Ölkəmizi fərqləndirən bu cəhətə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Əsas iqtisadi və sosial göstəricilər müsbətdir, dinamika təmin edilir. Əlavə gəlirlərimiz imkan verir ki, biz sosial məsələlərin həllində daha fəal olaq və daha böyük işlər görək. Bildiyiniz kimi, ilin əvvəlindən çox böyük həcmli sosial paket təqdim edildi, təsdiqləndi, müvafiq fərmanlar imzalandı. Bu prosesə hazırlığı biz keçən ildən başlamışdıq və prezident seçkilərindən sonra andiçmə mərasimində, əslində, görüləcək işlərlə bağlı mənim tərəfimdən göstərişlər verildi, yeni yanaşmanın konturları müəyyən edildi. Əlavə maliyyə vəsaiti imkan verir ki, biz sosial sahəni daha da gücləndirək. Minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, tələbələrin təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər artmışdır. Nəyin hesabına, əlbəttə ki, islahatların hesabına. Ona görə ki, biz daha səmərəli işləyirik, şəffaflığı təmin edirik, biznes mühiti yaxşılaşır. Bu, bizə imkan verir ki, bu məsələləri həll edək”.
Müvafiq Fərmanın icrası nəticəsində 12 mindən çox şəhid ailəsi 11 min manat məbləğində vəsait alacaq
Sosial dövlət olan Azərbaycanda ədalətli resurs bölgüsü həyata keçirilir və qayğıya ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənirlər. O cümlədən respublikamızda şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev 2018-ci il 19 aprel tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərman imzalayıb. Bəhs olunan sənədə əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.
Bəhs olunan Fərman Azərbaycan Prezidenti İlham Əliyevin humanist siyasətinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğısının bariz nümunəsidir. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti seçkiləri ərəfəsində cənab İlham Əliyev uzun illərdir gündəlikdə duran məsələnin həll olunacağını vəd etmişdi. Bəhs olunan sənəd Prezident İlham Əliyevin seçkilərdən sonra imzaladığı ilk Fərmandır. Bu, Azərbaycan Prezidentinin Öz vədlərinə sadiq qaldığını, hər bir vətəndaşın qayğı və probleminə xüsusi həssaslıqla yanaşdığını, onların tez bir zamanda aradan qaldırılması üçün əməli tədbirlər gördüyünü əyani şəkildə təsdiq edir.
Ölkəmizdə bəhs olunan Fərmanın icrasına ötən il noyabrın 14-dən başlanılıb. Şəhidlərin vərəsələrinə birdəfəlik ödəmənin verilməsi prosesi qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla və şəffaflıq tam təmin edilməklə həyata keçirilir. Dövlət başçısının 28 yanvar 2019-cu il tarixində imzaladığı digər Fərmanla isə birdəfəlik ödəmə veriləcək şəhid ailələrinin əhatə dairəsi daha da genişlənib. Belə ki, sənədə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin (o cümlədən 11000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Yeni Fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur. “Bildiyiniz kimi, prezident seçkilərindən sonra imzaladığım ilk Fərman şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı idi. Çox ciddi Fərman idi və onun icra edilməsi nəticəsində 12 mindən çox şəhid ailəsi dövlət tərəfindən 11 min manat məbləğində vəsait alacaq. Artıq vəsaitin verilməsi prosesi başlamışdır”, - deyə Prezident İlham Əliyev bildirib.
Bu məqamda vurğulamaq yerinə düşər ki, respublikamızda şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da davamlı olaraq diqqət mərkəzində saxlanılır. İndiyədək dövlət vəsaiti hesabına tikilən və yaxud satın alınan minlərlə ev şəhid ailələrinin və müharibə əlillərinin istifadəsinə verilib. Prezident İlham Əliyev bildirib ki, proses bundan sonra da davam etdiriləcək: “Bu il şəhid ailələrinə dövlət tərəfindən ən azı 800 mənzil veriləcək. Bütövlükdə, 6500-dən çox şəhid ailəsi dövlət tərəfindən mənzillə təmin olunub. Qarabağ müharibəsi əlillərinə bu il ən azı 600 minik avtomobili veriləcəkdir. Bu günə qədər 6200 avtomobil verilibdir. Onu da bildirməliyəm ki, bu həcmdə bu təcrübə ancaq Azərbaycanda mövcuddur. Biz bu işləri ardıcıl şəkildə görürük və görməliyik. Ona görə bizim bu sahədəki siyasət bir daha onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz ağır, çətin vəziyyətdə yaşayan insanlara mütləq kömək etməliyik və edirik”.
Problemli kreditlərlə bağlı vətəndaşlara kompensasiyaların ödənilməsi ən qısa vaxtda başa çatdırılacaq
Azərbaycanda manatın devalvasiyasından sonra cəmiyyətdə müzakirə olunan məsələlərdən biri də əhalinin xarici valyutada kreditləri ilə bağlı olmuşdur. Problemin optimal həlli yollarını tapmaq, bu məsələni əhali və dövlət büdcəsi üçün ən əlverişli variantda aradan qaldırmaq məqsədilə 2018-ci ildən ictimai müzakirələr təşkil olunub, Azərbaycan Prezidentinin tapşırığına əsasən hökumət bu istiqamətdə fəal iş aparıb və təkliflər hazırlayıb. Paralel olaraq məsələnin Milli Məclisdə müzakirəsi təşkil edilib, müxtəlif təkliflər irəli sürülüb.
Artıq problemli kreditlərlə bağlı məsələnin vətəndaşların mənafeyi nəzərə alınmaqla həll olunduğunu söyləmək mümkündür. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev cari il fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Fərmanla nəzərdə tutulan güzəştlərdən sənəddə göstərilən dövrlərdə xarici valyutada kredit götürmüş fiziki şəxslər faydalanacaqlar. Fərmana əsasən, sənəddə qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi müvafiq qaydada qiymətləndirilməklə dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Sənəddə də vurğulandığı kimi, ödəmələr üç aydan gec olmayaraq həyata keçiriləcək və artıq prosesə başlanılıb.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycanda məlum devalvasiyalardan sonra kreditlərlə bağlı problemin yaranmasını şərtləndirən amillər ölkəyə xarici mənfi təsirlər nəticəsində formalaşıb. Biz son vaxtlarda qlobal məkanda bir sıra arzuolunmaz proseslərin getdiyinin şahidi oluruq.
Azərbaycanın xoşbəxtliyi ondadır ki, ölkəmiz Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində qəbul edilən qərarlar, aparılan islahatlar və iqtisadiyyata güclü siyasi, maddi dəstək tədbirləri sayəsində qlobal mənfi şokların təsirini qısa müddətdə və daha az itkilərlə önləməyə nail olub. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaradıb. Azərbaycan hakimiyyəti yaranan imkanlardan məhz vətəndaşların mənafeyi naminə istifadə etməyə qərar verib. Prezident İlham Əliyev imzaladığı Fərmanla problemli kreditlər məsələsinə son qoydu. Çox haqlı olaraq bu qərar Prezidentdən devalvasiyadan əziyyət çəkən insanlara misilsiz dəstək kimi dəyərləndirilir. Azərbaycanın dövlət başçısı problemli kreditlər məsələsini həll etməklə xalqa xidmətin ən yüksək nümunəsini göstərdi.
Fərmanın sosial əhəmiyyəti kifayət qədər yüksəkdir. Dövlət başçısının imzaladığı sənədlə problemli kreditlər üzrə məhkəmə çəkişmələrinə son qoyulub. Fərmana əsasən, devalvasiya nəticəsində insanlara dəyən ziyanı dövlət ödəyəcək. Fərmanın əhatə dairəsinə 800 mindən çox insan düşür. Bunun üçün dövlət tərəfindən 700 milyon manatdan çox vəsait ödəniləcək. Bütövlükdə, problemli kreditlərin həlli Azərbaycan hakimiyyətinin ciddi sosial təşəbbüsüdür və vətəndaşların rifah halını daha da yüksəltmək, onların maliyyə yükünü azaltmaq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq məqsədi daşıyır. Prezident İlham Əliyev ölkəmizdə problemli kreditlər məsələsinin həllindən məmnunluğunu bildirib. Yaranan borc öhdəliklərinə görə vətəndaşlara kompensasiyaların ödənilməsinin qısa müddətdə başa çatacağına əminliyini bildirən dövlət başçısı deyib: “Digər önəmli məsələ problemli kreditlərlə bağlı idi. Bu məsələ Azərbaycanda ən yüksək səviyyədə həll olundu”.
Bu məqamda qeyd etmək yerinə düşər ki, problemli kreditlər yalnız Azərbaycana aid olan məsələ deyil. Dünyanın ayrı-ayrı ölkələrində insanlar vaxtaşırı bu kimi problemlərlə üzləşirlər. İndiyədək problemli kreditlərlə bağlı məsələnin həllinə yönələn addımların atılması ilə bağlı bəzi ölkələrdə müvafiq qərarlar qəbul edilib, ancaq həmin qərarların icrasına nail olunmayıb. Azərbaycan isə problemli kreditlər məsələsinin həllində yenə də liderlik keyfiyyəti ortaya qoydu. Prezident İlham Əliyev ölkəmizdə dövlətin potensialından xalqın mənafeyi üçün istifadə olunduğunu bir daha nümayiş etdirdi.
Əməkhaqlarının, pensiyaların gələcəkdə də artırılması nəzərdə tutulub
Ölkəmizdə əməkhaqlarının davamlı olaraq artırılması kimi gözəl ənənənin formalaşması əhalinin maddi təminatının möhkəmlənməsində mühüm rol oynayır. Bu tendensiya 2019-cu ilin əvvəlindən aktiv şəkildə icrasına başlanılan böyük sosial paket çərçivəsində də davam etdirilir. Prezident İlham Əliyev 8 fevral 2019-cu il tarixində “Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” müvafiq Sərəncam imzalayıb. Bəhs olunan Sərəncama əsasən, ölkəmizdə minimum əməkhaqqının yaşayış minimumuna (180 manat) çatdırılması təmin edilib. Minimum əməkhaqqının mart ayının 1-dən etibarən 180 manata çatdırılması dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artıma gətirib çıxardacaq.
Ölkəmizdə pensiyalar da mütəmadi qaydada artırılır. Ötən il əmək pensiyalarının orta aylıq məbləğində 6,8 faiz, o cümlədən yaşa görə əmək pensiyalarının məbləğində 7,3 faiz artım qeydə alınıb. Prezident İlham Əliyev 7 fevral 2019-cu il tarixində “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncam imzalayıb. Dövlət başçısı tərəfindən əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair irəli sürülən yeni təşəbbüs də əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Respublikamızda minimum pensiyaların məbləği təxminən 38 faiz artırılaraq 116 manatdan 160 manata çatdırılıb. Vurğulamaq yerinə düşər ki, bu gün minimum pensiyanın səviyyəsinə görə Azərbaycan MDB məkanında ikinci yerdə qərarlaşıb. Prezident İlham Əliyev bildirib ki, minimum əməkhaqqının, minimum pensiyanın və digər sosial müavinətlərin bundan sonra da artırılması nəzərdə tutulur. “Qeyd etdiyim kimi, bu il maaşlar, pensiyalar artırıldı və bu proses davam etdiriləcək. Mən bildirmişəm, biz bu məsələni daim diqqətdə saxlayırıq. Qeyd etdim ki, son 15 il ərzində maaşlar və pensiyalar dəfələrlə artıb. Ancaq bu, bizi tam qane edə bilməz. Ona görə bundan sonra da minimum əməkhaqqı, minimum pensiya və digər sosial müavinətlərin artırılması nəzərdə tutulur. İmkan daxilində biz bunu edəcəyik. Bu sahədə öz siyasətimizi ardıcıl şəkildə aparacağıq”, - deyə dövlət başçısı vurğulayıb.
Məlumat üçün bildirək ki, ölkədə 1,3 milyon pensiyaçı var. Onlardan 58,3 faizi yaşa görə, 30,1 faizi əlilliyə görə, 11,6 faizi ailə başçısını itirməyə görə pensiya alır.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 491 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30