Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / "Tarixçi-alimlərimiz" layihəsi çərçivəsində Bakı Dövlət Universitetində professor İradə Hüseynova ilə görüş keçirilib

"Tarixçi-alimlərimiz" layihəsi çərçivəsində Bakı Dövlət Universitetində professor İradə Hüseynova ilə görüş keçirilib

23.05.2019 [19:54]

Mayın 22-də Bakı Dövlət Universitetində BDU-nun və Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunan "Tarixçi-alimlərimiz" layihəsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, YAP-ın Humanitar məsələlər üzrə komissiyasının sədr müavini, YAP Respublika Qadınlar Şurasının İdarə Heyətinin üzvü, BDU-nun Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynova ilə görüş keçirilib. İ.Hüseynovanın həyat yoluna, elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətinə həsr olunmuş görüşdə Tarix fakültəsinin müəllim və tələbə heyəti, eyni zamanda, həmin fakültəni bitirən tanınmış elm xadimləri və siyasətçilər iştirak ediblər. Tədbiri açıq elan edən BDU-nun Tarix fakültəsinin dekan əvəzi, professor İbrahim Zeynalov professor İradə Hüseynovanın Azərbaycan elminə, xüsusilə tarix elminə verdiyi töhfələrdən, onun ictimai-siyasi fəaliyyətindən, elmi yaradıcılığından bəhs edib.
Qeyd edilib ki, Azərbaycanın Əməkdar müəllimi, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Rusiya Federasiyası Pedaqoji Akademiyasının, Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü, elm, təhsil və innovasiyaların inkişafında xidmətlərinə görə (Oksford, Böyük Britaniya) Beynəlxalq "Sokrat" mükafatı və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Qızıl Ulduz mükafatının laureatı İradə Hüseynova bu yaxınlarda BMT-nin Təltiflər Şurası (İsveçrə, Cenevrə) tərəfindən dünya elminə və təhsilinə göstərdiyi xidmətlərə görə BMT-nin "Elm və sülh səfiri" beynəlxalq tituluna və mükafatına, həmçinin "Avropa Xidmət Ordeni"nə layiq görülüb.
Xüsusi olaraq vurğulanıb ki, fədakar alim, dəyərli ziyalı, zəhmətkeş tarixçi-alim İradə Hüseynova Ümummilli Lider Heydər Əliyev haqqında "Müstəqil Azərbaycan dövlətinin yaranması və möhkəmləndirilməsində Heydər Əliyevin rolu" adlı ilk doktorluq dissertasiyasının müəllifidir. İ.Hüseynova doktorluq dissertasiyasını müdafiə etməklə elmin yeni istiqaməti olan Əliyevşünaslıq elminin əsasını qoyub. Professor İ.Hüseynova həmçinin Ulu Öndər Heydər Əliyevin dövlətçilik və siyasi fəaliyyətinə həsr edilmiş 300-ə yaxın sanballı elmi əsərin, çoxsaylı monoqrafiyaların və dərsliklərin müəllifidir.
O da qeyd olunub ki, tanınmış ictimai-siyasi və elm xadimi, müxtəlif vaxtlarda məsul vəzifələrdə çalışan tarix elmləri doktoru, professor İradə Hüseynova Əliyevşünaslığın, Qafqazşünaslığın inkişafında elmi məktəb yaradıb. Onun gənc kadrların hazırlanmasında böyük xidmətləri olub. Professor İradə Hüseynovanın elmi rəhbərliyi ilə bir çox gənc alim elmi-tədqiqat işləri aparıb, fəlsəfə doktoru və elmlər doktoru adını almaq üçün dissertasiyalar müdafiə edib. Təsadüfi deyil ki, Əliyevşünaslıq məktəbi professor İradə Hüseynovanın yaratdığı dəyərli əsərlərlə, yeni-yeni tədqiqatlarla, fundamental araşdırmalarla, hazırladığı kadrlarla bu gün də zənginləşir və Azərbaycan dövlətçiliyinə xidmət edir.
Eyni zamanda, xatırladılıb ki, professor İ.Hüseynova Azərbaycan elmini və təhsilini ABŞ, İtaliya, Fransa, Kanada, İsveç, İsveçrə, Danimarka, Avstriya, Rumıniya, Bolqarıstan, Rusiya, Türkiyə, Gürcüstan, Türkmənistan, Belarus, İsrail, Şri-Lanka və s. ölkələrdə keçirilmiş bir çox beynəlxalq elmi simpozium və konfranslarda uğurla təmsil edib, onun məruzələri nüfuzlu elmi dərgilərdə dərc olunub. Alimin fəaliyyət dairəsi kifayət qədər geniş və çoxşaxəlidir. Belə ki, o, bir neçə dəfə gender problemləri ilə bağlı ABŞ-ın Nyu-York şəhərində Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak edib, BMT-nin kürsüsündən qadın və kişilərin hüquqları, cəmiyyətdə yeri və rolu, təhsil sistemində gender problemləri ilə bağlı çıxışlar edib.
Sonra söz görkəmli alim, dəyərli ziyalı, professor İradə Hüseynovaya verilib. İ.Hüseynova görüş iştirakçılarına keşməkeşli və qürurlu həyat yolu haqqında ətraflı məlumat verib. İ.Hüseynova əvvəlcə qeyd edib ki, BDU ilk növbədə onun üçün doğma təhsil ocağıdır, çünki 17 yaşından başlayaraq həyatının mühüm dövrləri bu ali təhsil müəssisəsi ilə bağlı olub. 1980-ci ildə Bakının 8 saylı orta məktəbini əla qiymətlərlə bitirdiyini qeyd edən İ.Hüseynova Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinə daxil olmasını həyatının ən mühüm məqamlarından biri hesab edir. Çünki onun tarix elminə olan hədsiz marağı sonradan ictimai-siyasi və elmi fəaliyyətinə də böyük təkan verib. Belə ki, universitetdə yüksək fəallığı ilə seçilən İ.Hüseynova Tarix fakültəsinin əyani şöbəsinin hələ II kursunda oxuyarkən universitetin həmkarlar təşkilatının sədr müavini vəzifəsinə seçilib: "1985-ci ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişəm. Universitetdə oxuduğum müddət ərzində elmi cəmiyyətin fəaliyyətində, respublika və İttifaq səviyyəli ictimai-siyasi işlərdə fəal iştirak etmişəm".
Ulu Öndər Heydər Əliyevlə ilk görüşünü xatırlayan İ.Hüseynova bildirib ki, ali təhsil aldığı dönəmdə tələbə briqadaları tərkibində pambıq yığımına cəlb olunan zaman onun rəhbəri olduğu tələbə manqası respublika üzrə birincilik qazanıb. Bundan sonra Azərbaycan KP MK-dan universitetə məktub göndərilib ki, o, hazırda Ümummilli Lider Heydər Əliyevin adını daşıyan sarayda çıxış etməlidir. İ.Hüseynova bildirib ki, əvvəlcə çox həyəcan keçirsə də, sonradan belə bir məsuliyyətli işin öhdəsindən şərəflə gəlib. İ.Hüseynova həmin iclasda Ulu Öndər Heydər Əliyevin də iştirak etdiyini qeyd edərək, dahi şəxsiyyətin onun çıxışına diqqətlə qulaq asdığını deyib. Onun sözlərinə görə, sonradan Azərbaycan xalqının Ümummilli Lideri ilə bir neçə dəfə görüşmək ona nəsib olub.
Daha sonra İ.Hüseynova Ulu Öndər Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası təhsil nazirinin müavini təyin edilməsindən və düz 10 il təhsil nazirinin müavini vəzifəsində çalışmasından bəhs edib: "Azərbaycan Respublikası təhsil nazirinin müavini işlədiyim zaman Azərbaycanın ali təhsil sisteminə, elm sahəsinə, Azərbaycan Respublikasında təhsilin idarə olunmasına, təhsilin strategiyasının müəyyənləşdirilməsinə, şagird nailiyyətlərinin qiymətləndirilməsinə, təhsildə İKT-nin tətbiqinə, təhsilin idarə olunmasında məlumat sisteminin yaradılmasına, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkilinə, inklüziv təhsilə, təhsil sistemində gender məsələlərinin həllinə və s. kimi sahələrə rəhbərlik edərək, bir çox uğurlara imza ata bildim".
Əldə edilən hər bir nailiyyətdən sonsuz qürur hissi keçirdiyini vurğulayan İ.Hüseynova daha sonra Azərbaycan Respublikasının hazırkı müstəqil inkişaf dövründən bəhs edərək Ulu Öndər Heydər Əliyevin layiqli varisi, Azərbaycan Prezidenti İlham Əliyevin, Onun xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan xalqının rifahı, dövlətimizin qüdrətlənməsi istiqamətində ardıcıl, dinamik fəaliyyət göstərdiklərini qeyd edib. O, xüsusi olaraq vurğulayıb ki, bu gün Vətənini, dövlətini sevən hər bir azərbaycanlı ölkə Prezidentinin yanındadır və Onun ətrafında sıx birləşib.
Tədbirdə çıxış edən tanınmış elm, habelə ictimai və siyasi xadimlər, tələbə və müəllimlər professor İradə Hüseynovanın elmi yaradıcılığının tarixi tədqiqatların genişləndirilməsinə, o cümlədən Qafqaz xalqlarının tanıdılmasına verdiyi töhfələrdən bəhs edib, onun elm və təhsilimizin inkişafında misilsiz xidmətlərinə toxunublar.
Sonda professor İ.Hüseynovanın bədii yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib, elmi əsərləri görüş iştirakçılarına təqdim edilib.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 310 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30