Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Sofiyada Dünya Xəbər Agentliklərinin VI Konqresinin açılış mərasimi keçirilib

Sofiyada Dünya Xəbər Agentliklərinin VI Konqresinin açılış mərasimi keçirilib

14.06.2019 [10:35]

İyunun 13-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində Dünya Xəbər Agentliklərinin VI Konqresinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Bolqarıstanın BTA agentliyinin təşkilatçılığı ilə “Xəbərlərin gələcəyi” devizi altında keçirilən Konqresdə dünyanın 100-ə yaxın ölkəsindən 200-dək aparıcı xəbər agentliyinin rəhbərləri və nümayəndələri, media üzrə beynəlxalq ekspertlər, həmçinin nüfuzlu media qurumlarının təmsilçiləri iştirak ediblər.
BTA agentliyinin icraçı direktoru Maksim Minçev tədbiri açaraq Dünya Xəbər Agentlikləri Konqresinin tarixi, habelə gündəlikdə duran məsələlər barədə məlumat verib. M.Minçev qeyd edib ki, bu gün müasir dünyada xəbər yayımı bir çox problemlərlə üzləşir. Bugünkü tədbirdə obyektiv xəbərlərin yayılması, feyk xəbərlərin qarşısının alınması istiqamətində addım atmaq üçün gözəl imkan var. Biz bu iş uğrunda səylərimizi birləşdirməliyik. Maksim Minçev AZƏRTAC-ın İdarə Heyətinin sədri, Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti Aslan Aslanovun agentliyin 2016-2019-cu illərdə V Konqresə sədrliyi dövründə gördüyü işləri yüksək qiymətləndirib və ona minnətdarlığını ifadə edib.
Bolqarıstanın Prezidenti Rumen Radev çıxış edərək Dünya Xəbər Agentlikləri Konqresinin əhəmiyyətinə toxunub, bu qurumun informasiya agentlikləri qarşısında duran vəzifələrin, onların üzləşdikləri problemlərin həlli üçün gözəl platforma olduğunu vurğulayıb. Bildirib ki, “Xəbərlərin gələcəyi” devizi müasir dövrümüz üçün düzgün seçilib. Belə ki, xəbərlərin gələcəyi elə bəşəriyyətin gələcəyidir. Prezident qeyd edib ki, yeni texnologiyalar, rəqəmsallaşma KİV üçün həm yeni imkanlar, həm də yeni çağırışlar yaradır. Bu gün sosial media dayanmadan inkişaf edir. Bu, həmçinin feyk xəbərlərin yayılmasına yol açır. Yəni, operativlik obyektivliyə güclü təsir edir, ziyan vurur. “VI Konqres qarşılaşdığımız bu çağırışlara cavab vermək üçün gözəl imkandır. Feyk xəbərlərlə mübarizə təkcə informasiya agentliklərinin deyil, bütün bəşəriyyətin vəzifəsi olmalıdır”, - deyə Prezident Rumen Radev əlavə edib.
Böyük Britaniyanın Press Association agentliyinin baş icraçı direktoru Klayv Marşal xəbər agentlikləri qarşısında duran problemlərə toxunub. Bildirib ki, sosial şəbəkələrin inkişafı, həmçinin bir sıra problemlər yaradır. Belə ki, sosial şəbəkələr reklam yerləşdirməklə xəbər agentliklərindən qat-qat çox qazanır, habelə feyk xəbərlər bu platformalarda daha tez yayılır. Feyk xəbərlər cəmiyyət üçün ciddi təhdid yaradır. K.Marşal, həmçinin jurnalistlərin üzləşdiyi problemlərə toxunaraq təəssüflə bildirib ki, müasir dövrdə vəzifə borclarını yerinə yetirən media mənsubları təhdidlərlə qarşılaşır, bəzən qətlə yetirilirlər. Bu isə yolverilməzdir. Çünki jurnalist vəzifə borcunu yerinə yetirməklə cəmiyyəti məlumatlandırır.
AZƏRTAC-ın İdarə Heyətinin sədri, Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti Aslan Aslanov çıxış edərək bildirib ki, Dünya Xəbər Agentliklərinin V Konqresi üç il əvvəl - 2016-cı ilin noyabrında AZƏRTAC-ın və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda keçirilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin Konqresin açılış mərasimində iştirakı və geniş nitq söyləməsi, sonradan iştirakçıların bir qrupu ilə görüşməsi Azərbaycan dövlətinin mediaya göstərdiyi diqqətin, verdiyi önəmin göstəricisi kimi indi də xatırlanır. Belə bir münbit atmosferdə keçən toplantıda biz dövrün qarşımıza çıxardığı çağırışları müzakirə etmişdik, baxışlarımızı bölüşmüşdük. Bizim toxunduğumuz məsələlər sosial media, innovasiyalar, multimedia jurnalistikası kimi aktual mövzular idi ki, onlar artıq agentliklərin gündəlik həyatının bir hissəsinə çevrilib. Əslində, 3 il tarixdə kiçik bir zaman kəsiyidir, lakin bu illər ərzində müasir texnologiyalar çox sürətlə dəyişib və bu, bizim fəaliyyətimizə də təsir edərək ümumilikdə jurnalistikanın dəyişməsini şərtləndirib.
Altıncı Konqresin mövzusunun əhəmiyyətinə toxunan Aslan Aslanov deyib: “Xəbərlərin gələcəyi bu gün hamını düşündürür. Ola bilər ki, kimsə bununla bağlı nikbin, kimsə bədbin fikirdədir. Şəxsən mən belə hesab edirəm ki, xəbərin gələcəyi informasiya agentliklərinin, yəni, bizim əlimizdədir. Odur ki, bu Konqresin mövzuları müasir dövrün tələbləri nəzərə alınaraq agentliklərin perspektivlərinin müzakirəsi ətrafında qurulacaq. Yuxarıda qeyd etdiyim bütün amillər müzakirələrimizin mərkəzində olacaq. Elə Konqresin də qlobal məqsədi dünyanın hər bir nöqtəsindəki agentliyin yeniliklərlə, həmçinin bu sahədə toplanmış təcrübə ilə tanış olmasını təmin etməkdir”.
Dünya Xəbər Agentlikləri Konqresinin ən etibarlı informasiya istehsalçılarını birləşdirən təşkilat olduğunu diqqətə çatdıran Konqresin prezidenti A.Aslanov qeyd edib ki, biz bu mövqeyi saxlamaqla yanaşı, gərək onu daha da möhkəmləndirək və indiki mürəkkəb informasiya mühitində məhz bizim etibarlı tərəfdaş olduğumuzu media bazarı iştirakçılarına çatdıraq. Bu gün Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik AZƏRTAC-dan BTA-ya keçir. Əminəm ki, başladığımız işləri yenə birlikdə davam etdirəcək, xəbərlərin gələcəyinə etibarlı təminat yaradacağıq.
Bolqarıstanın Mədəniyyət naziri Boil Banov çıxış edərək bildirib ki, müasir dövrdə feyk xəbərlərin qarşısının alınması, müəllif hüququnun qorunması ciddi müzakirə mövzusu olmalı və bu istiqamətdə düşünülmüş addımlar atılmalıdır. O, VI Konqresin bu istiqamətdə məsələləri müzakirə etmək üçün əhəmiyyətli platforma olduğuna əminliyini ifadə edib, tədbirin işinə uğurlar arzulayıb.
Almaniyanın DPA agentliyinin baş icraçı direktoru, Avropa Xəbər Agentlikləri Alyansının prezidenti Piter Kropş və digər çıxış edənlər müasir dövrdə media sahəsində əldə olunan uğurlardan, bu sahənin qarşılaşdığı problemlərdən və onların həlli yollarından danışıblar, müxtəlif təqdimatlarla çıxış ediblər.
Rəsmi hissədən sonra Konqres işini “Xəbər agentliklərinin sahiblik modelləri” mövzusunda panel iclasla davam etdirib.
Tədbirdə Azərbaycandan Trend informasiya agentliyinin baş direktoru İlqar Hüseynov da iştirak edib.
Xatırladaq ki, Dünya Xəbər Agentlikləri Konqresi Rusiyanın TASS agentliyinin təşəbbüsü ilə ilk dəfə 2004-cü il sentyabrın 24-25-də Moskvada baş tutub. Dünya Xəbər Agentliklərinin V Konqresi 2016-cı ildə AZƏRTAC-ın və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Bakıda keçirilib.

Paylaş:
Baxılıb: 472 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30