Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Prezident İlham Əliyev: Vətəndaşların sosial rifahı bizim üçün ən prioritet məsələdir

Prezident İlham Əliyev: Vətəndaşların sosial rifahı bizim üçün ən prioritet məsələdir

21.06.2019 [09:36]

Azərbaycanın dövlət başçısının imzaladığı yeni sərəncamlar ölkədə həyata keçirilən sosial siyasətin inqilabi xarakter daşıdığını əyani şəkildə təsdiqləyir
Müstəqil Azərbaycanın bütün dünyada böyük maraqla izlənilən nümunəvi inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri ondan ibarətdir ki, burada sosial sferaya xüsusi diqqət yetirilir. Azərbaycan sosial dövlətdir. Ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz vətəndaşların mənafeyi dayanır. Müəyyənləşdirilən strateji kursa uyğun olaraq respublikamızda insanların rifah halının davamlı şəkildə yaxşılaşdırılmasına, gəlir imkanlarının artırılmasına, əmək bazarına inteqrasiyanın daha güclü şəkildə təmin edilməsinə, sosial infrastruktur quruculuğunun əhatə dairəsinin genişləndirilməsinə hesablanan tədbirlər görülür.
Məmnunluq hissi ilə vurğulamaq yerinə düşər ki, ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında davamlı şəkildə həyata keçirilən sosial siyasət yaxşı nəticələr verir. BMT-nin bəyan etdiyi Minilliyin İnkişaf Məqsədlərinə qoşulan Azərbaycan qısa müddətdə insan inkişafı indeksini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa və MDB məkanında lider mövqeyə yüksəlməyə nail olub. Bütövlükdə, ölkəmizin sosial siyasəti ardıcıl xarakter daşıyır. Prezident İlham Əliyev cari il mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda söylədiyi nitqində bildirib ki, vətəndaşların sosial rifahı bizim üçün ən prioritet məsələdir.
Dövlət başçısı tərəfindən yeni sərəncamların imzalanması ilə ölkəmizdə sosial sahədə inqilabi addımların növbəti mərhələsi başlayıb
Azərbaycanda həyata keçirilən sosial siyasət ardıcıl xarakter daşıyır. Respublikamızda 2019-cu ilin əvvəlindən ötən il anonsu verilən böyük sosial paketin icrası aktiv fazaya daxil olub. Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər bu gün də davam etdirilir. Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı yeni sərəncamlarla dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əməkhaqlarının nəzərəçarpacaq dərəcədə artırılması Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin inqilabi xarakter daşıdığını, dövlətin vətəndaş üçün olduğunu bir daha əyani şəkildə göstərir.
Bütövlükdə, dövlət başçısının əməkhaqlarının artırılması ilə bağlı imzaladığı sərəncamların əhatə dairəsi kifayət qədər genişdir. Əməkhaqlarının, ələlxüsus da əhalinin həssas qruplarının gəlir imkanlarının əhəmiyyətli dərəcədə artırılması müvafiq kateqoriyadan olan insanların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədinə xidmət edir.
Ölkəmizdə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə inqilabi səciyyə daşıyan sosial islahatların yeni mərhələsinə başlanılmasından söhbət açarkən başqa bir vacib məqama - nəzərdə tutulan tədbirlərin reallaşdırılması üçün zəruri iqtisadi bazanın və maliyyə imkanlarının yaradılmasının önəminə də diqqət yetirmək lazımdır. Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi siyasət praqmatik yanaşmalara əsaslanır. O cümlədən də respublikamızda yeni sosial paketin icrasını yüksək səviyyədə təmin etmək üçün iqtisadi və maliyyə əsasları formalaşdırılıb. Ölkənin iqtisadi qüdrətinin artırılması və sosial məsələlərin adekvat şəkildə həll edilməsi istiqamətində görülən işlər paralel şəkildə həyata keçirilir və bir-birini tamamlayır. Bu da Azərbaycanı unikal sosial-iqtisadi inkişaf modelinə malik ölkə kimi səciyyələndirir. Cari ilin əvvəlindən respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahat tədbirləri nəticəsində milli iqtisadiyyatımızda son illərin ən yaxşı göstəricilərinə nail olunub. Təkcə 2019-cu ilin birinci rübündə büdcə daxilolmaları 200 milyon manatdan çox artıb. Öz növbəsində büdcə gəlirlərinin daha artıq məbləğdə təmin edilməsi sosial sahədə islahatların dərinləşməsi üçün münbit şərait yaradıb. Qazanılan əlavə gəlirlər ilk növbədə ölkə vətəndaşlarının sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına, onların gəlir imkanlarının artırılmasına yönəldilir. Ölkəmizi fərqləndirən bu amilə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “İqtisadi inkişaf, maddi imkanlar olmasa, sosial proqramları həll etmək mümkün olmayacaq. Ona görə iqtisadi sahədə aparılan islahatlara bu gün çox böyük diqqət göstərilir və bu islahatlar artıq nəticə gətirir. Nəticə ondan ibarətdir ki, büdcə daxilolmaları artır. Bu ilin əvvəlindən büdcə daxilolmaları böyük dərəcədə - yüz milyonlarla manat həcmində artmışdır. Bu, bizə əlavə imkanlar yaradır ki, ilk növbədə sosial sahədə bu artım özünü göstərsin”.
İqtisadi sahədə əldə edilmiş mötəbər uğurların sosial sferaya transformasiyası ölkə başçısının bəyan etdiyi sosial-iqtisadi kursun başlıca prinsipi olmaqla, cari ilin əvvəlindən etibarən vətəndaşların sosial təminatını əhəmiyyətli dərəcədə möhkəmləndirib. Əlavə gəlirlərin ölkə vətəndaşlarının rifahının daha da yaxşılaşdırılmasına yönəldilməsi aparılan sosial siyasətin alternativsiz olduğunu bir daha təsdiqləyir. Ölkə başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin qayəsində Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının dayandığını özündə növbəti dəfə bariz şəkildə ehtiva edən son qərarlar ümumilikdə 2,0 milyondan çox insanı əhatə etməklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.
Əməkhaqlarının əhəmiyyətli artımı əhalinin alıcılıq qabiliyyətinə müsbət təsir göstərməklə yanaşı, ölkədə iqtisadi aktivliyin daha da yüksəlməsinə öz töhfəsini verəcək
Cari ilin əvvəlindən etibarən qəbul edilmiş qərarlar qlobal iqtisadiyyatda müşahidə edilən neqativ meyillərin ölkə əhalisinin sosial təminatına mənfi təsirini mümkün qədər azaltmağa imkan vermişdirsə, yeni sərəncamlar əhalinin gəlirlərinin artmasına, yığım imkanlarının genişlənməsinə şərait yaradacaq. Bir sözlə, əməkhaqlarının əhəmiyyətli artımı əhalinin alıcılıq qabiliyyətinə müsbət təsir göstərməklə yanaşı, ölkədə iqtisadi aktivliyin daha da yüksəlməsinə öz töhfəsini verəcək.
Bütövlükdə, Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar imzaladığı sərəncamlar ölkə vətəndaşlarının maddi vəziyyətinin yaxşılaşdırılması, ələlxüsus da onların gəlir imkanlarının artırılması üçün atılan çox mühüm addımdır. Dövlət başçısının sosial islahatlar paketi cari ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsində, ümumən sosial inkişafda inqilabi addımların atılması ilə nəticələnir.
Prezident İlham Əliyevin iyunun 18-də minimum əməkhaqqının artırılması ilə bağlı imzaladığı Sərəncam da böyük sosial əhəmiyyət daşıyır. Sosial ədalət prinsiplərinin daha da möhkəmləndirilməsi məqsədi ilə ölkə başçısı tərəfindən minimum əməkhaqqı məbləğinin artırılması özəl sektorda çalışan 350 min vətəndaşla yanaşı, dövlət sektorunda Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan 600 minə yaxın şəxsin əməkhaqqının artımına səbəb olacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən KİV-ə verilən məlumata görə, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 2019-cu il 18 iyun tarixli Sərəncama əsasən, ölkədə minimum əməkhaqqının məbləği sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq ki, bununla həm də minimum əməkhaqqının məbləği yaşayış minimumunu (180 manat) 40 faiz üstələmiş olacaq.
Bu, 2019-cu il ərzində dövlət başçısının tapşırığı ilə minimum əməkhaqqında edilən artıq ikinci ciddi artımdır. Belə ki, hələ bu ilin ilk aylarında Prezident İlham Əliyevin sosial islahatlar proqramının tərkib hissəsi kimi, 2019-cu il 8 fevral tarixli Sərəncamla minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırılıb. Göründüyü kimi, cari il ərzində minimum əməkhaqqının təqribən iki dəfəyə yaxın artırılmaqla 130 manatdan 250 manata çatdırılmasına nail olunur ki, bu da mühüm sosial uğur kimi əhalinin rifahına ciddi dəstək deməkdir. Digər tərəfdən, yeni artımla Azərbaycan minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə MDB ölkələri arasında 2-ci yerdə qərar tutacaq.
Əmək pensiyalarının minimum məbləğinin 160 manatdan 200 manata çatdırılması çox ciddi sosial təşəbbüsdür
Azərbaycanda yeni sosial paketin icrası çərçivəsində həmçinin pensiyaların artırılması da nəzərdə tutulub. Bu barədə məlumat verən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, pensiyaların minimum məbləği də oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq ki, bu da dövlət başçısı tərəfindən irəli sürülən çox ciddi sosial təşəbbüsdür.
Bu, təxminən 25 faiz artım deməkdir. İlkin hesablamalara görə, yeni artım 660 mindən çox pensiyaçını əhatə edəcək. Bu il oktyabrın 1-dən etibarən ölkədə 200 manatdan aşağı pensiya alan vətəndaş olmayacaq.
Qeyd edək ki, minimal pensiya səviyyəsinin artımı da il ərzində həyata keçirilən ikinci ciddi artımdır. Belə ki, dövlət başçısının təşəbbüsü ilə qəbul olunan qanunla bu il martın 1-dən minimal pensiya məbləği 116 manatdan 160 manata çatdırılmışdı. Həmin artım ümumilikdə 233 min pensiyaçını əhatə edib. Cari il oktyabrın 1-dən isə ölkəmizdə minimal pensiya məbləği yenidən artırılacaq. Rəqəmlərdən də göründüyü kimi, bu il ərzində Azərbaycanda minimum pensiya məbləğinin əhəmiyyətli şəkildə (72,4 faiz) artması təmin ediləcək.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 504 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30