Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri fəal tərəfdaşlıq səviyyəsində inkişaf edir

Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri fəal tərəfdaşlıq səviyyəsində inkişaf edir

05.07.2019 [18:10]

Qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi üçün zəruri addımların atılması bu sahədə geniş perspektivlər vəd edir

Azərbaycanın müstəqillik əldə etdikdən sonra nüfuzlu beynəlxalq və regional təşkilatlarla əməkdaşlığı qarşılıqlı faydalılıq prinsipinə əsaslanır. Bu prinsip Prezident İlham Əliyev tərəfindən ölkəmizin xarici siyasətinin prioritetlərindən biri kimi müəyyən edilib. Dövlət başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında da səmimi, işgüzar, faydalı əməkdaşlıq əlaqələri qurulub. Xüsusi olaraq vurğulamaq lazımdır ki, indiyədək Azərbaycanla Avropa İttifaqında təmsil olunan ayrı-ayrı dövlətlər arasında strateji tərəfdaşlıq haqqında müvafiq sənədlər imzalanıb.

Məlum olduğu kimi, Avropa İttifaqı məkanının enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan olduqca mühüm rol oynayır. Öz növbəsində Avropa İttifaqı da strateji cəhətdən ən əlverişli mövqeyə malik Azərbaycanla tərəfdaşlıq münasibətlərinin dərinləşməsinə böyük əhəmiyyət verir.  Bu əməkdaşlıq və tərəfdaşlıq münasibətləri son illər Avropa İttifaqının Azərbaycanın təşəbbüskarı olduğu qlobal layihələrə dəstək verməsi, qurumla ölkəmizin həyata keçirdiyi birgə layihələrin, o cümlədən müxtəlif tvinninq layihə proqramlarının uğurla nəticələnməsi ilə daha geniş vüsət alıb.

Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi, Avropa Qonşuluq Siyasəti və  Fəaliyyət Planları genişmiqyaslı əməkdaşlıq vəd edir

Xatırladaq ki, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsasını 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanmış və quruma üzv olan bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1 iyul 1999-cu il tarixində qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) təşkil edir. Əməkdaşlığı möhkəmləndirmək üçün müvafiq mexanizmlər təmin edən TƏS Azərbaycan ilə Aİ arasında münasibətlərə yeni təkan verib.

Azərbaycan Respublikasını Avropa Qonşuluq Siyasətinə (AQS) daxil etmək haqqında Aİ Şurasının 14 iyun 2004-cü il tarixli qərarı ekspertlər tərəfindən ikitərəfli əməkdaşlıqda irəliyə doğru mühüm addım kimi xarakterizə edilir. Ona görə ki, Aİ ilə əlaqələrdə daha yüksəksəviyyəli siyasi və iqtisadi inteqrasiya vəd edən AQS-yə qoşulma prosesi üzv ölkələr üçün tərəfdaşlığın gələcək inkişafı baxımından yeni bir mərhələ olub.

Onu qeyd edək ki, AQS Azərbaycan Respublikası üçün mədəni, təhsil və ətraf mühit kimi sahələr üzrə əlaqələri təşviq edən müəyyən Aİ proqramlarında iştirak və texniki yardım imkanları da təqdim edib. Bu baxımdan, xüsusilə Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) çərçivəsində "Tvinninq, texniki yardım və məlumat mübadiləsi" (TAİEX), "Büdcəyə dəstək", "Tempus", "Erasmus Mundus" kimi proqramları qeyd etmək olar.

 AQS-nin təməlində isə Aİ ilə hər bir tərəfdaş ölkə arasında razılaşdırılmış və ölkə üzrə bir sıra qısa və orta müddətli prioritetlərin əks olunduğu 3-5 illik müddət üçün nəzərdə tutulan Fəaliyyət Planları dayanır.

Onu da xüsusi vurğulamaq gərəkdir ki, Avropa İttifaqı 1991-ci ildən Azərbaycan iqtisadiyyatına yardım göstərən əsas donorlardan biri olub. Bu müddət ərzində Aİ ilə münasibətlər "MDB ölkələrinə texniki yardım" (TACIS), "Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi" (TRACECA), "Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram" (INOGATE), "Humanitar yardım" (ECHO) və digər proqramlar çərçivəsində inkişaf etdirilib.

1 yanvar 2007-ci il tarixindən etibarən isə TACIS proqramı  AQTA ilə əvəz olunub. Daha geniş mandat və əhatə dairəsinə malik olan AQTA AQS-nin Fəaliyyət Planlarının həyata keçirilməsi üçün əsas maliyyə alətidir.

 

Avropa İttifaqı Azərbaycan üçün bir nömrəli ticarət tərəfdaşıdır

 

Avropa İttifaqı ilə ölkəmiz arasında əməkdaşlığın əsas istiqamətlərindən biri məhz enerji təhlükəsizliyidir. Xəzər hövzəsinin enerji resurslarının Aİ bazarlarına çatdırılmasında mühüm rol oynayan Azərbaycan Aİ-nin strateji enerji tərəfdaşına çevrilib. Bu çərçivədə 7 noyabr 2006-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Brüsselə səfəri zamanı imzalanmış "Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu" yeni imkanlar açıb.

Birmənalı şəkildə demək olar ki, Avropa İttifaqı Azərbaycan üçün bir nömrəli ticarət tərəfdaşıdır.  Avropa İttifaqının Azərbaycandan keçən nəqliyyat dəhlizlərinə, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi vacib infrastruktur layihələrinə marağı böyükdür. Ona görə ki, Azərbaycan özünü Avropa İttifaqının etibarlı tərəfdaşı kimi təsdiq edib. Fəaliyyətdə olan neft və qaz kəmərlərinə əlavə olaraq, 2020-ci ildə yeni bir nəhəng layihənin - 40 milyard dollarlıq Cənub Qaz Dəhlizinin həyata keçirilməsi sayəsində Azərbaycan Aİ bazarlarını Xəzər hövzəsinin qaz resursları ilə təchiz edəcək. Ən əsası isə, Avropa İttifaqı Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən nəqliyyat habına çevrilməsi niyyətini də tam dəstəkləyir.

Əməkdaşlığın çoxşaxəli istiqamətləri hüquqi sənədin yenilənməsinə təşviq edir

Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" Proqramının əsas istiqamətini Aİ-yə üzv ölkələr və altı Şərq qonşusu – Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova və Ukrayna arasında əlaqələrin dərinləşdirilməsi və möhkəmləndirilməsi təşkil edir. "Şərq Tərəfdaşlığı"  (ŞT) təşəbbüsü Aİ Xarici İşlər Nazirlərinin 26 may 2008-ci il tarixində Brüsseldə keçirilmiş görüşü zamanı Polşa və İsveç tərəfindən irəli sürülüb. Zirvə görüşündə sözügedən təşəbbüsün əsas məqsədləri və prinsipləri, həmçinin gələcək əməkdaşlıq prosesinin ümumi cizgilərini müəyyən edən Birgə Bəyannamə  qəbul edilib.

Yeri gəlmişkən, cari ilin may ayında Azərbaycan ilə Aİ arasında ŞT Proqramının imzalanmasının 10 ili tamam olub. Bu əlamətdar tarix münasibətilə mediaya açıqlama verən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib ki, ŞT Proqramı Avropa institutlarının və Aİ-yə üzv ölkələrin diqqətinin Şərqdəki yeni qonşuları ilə, o cümlədən coğrafi baxımdan ən uzaqda yerləşən Azərbaycan ilə qurulan əlaqələrə cəmləşdirilməsinə əhəmiyyətli dərəcədə kömək edib.  K.Yankauskas qeyd edib ki, son 10 il ərzində qurum Azərbaycan iqtisadiyyatına ən böyük həcmdə sərmayə qoymaqla hazırda ölkənin əsas ticarət tərəfdaşı olub. Azərbaycanın ümumi ticarət dövriyyəsində Aİ-nin payı 48,6%-dir. Həmçinin Avropa İttifaqı Azərbaycan neftinin ən iri istehlakçısıdır. Bu illər ərzində Azərbaycan şirkətlərinə göstərilən maliyyə dəstəyinin həcmi 222 milyon avro təşkil edib.

Onun sözlərinə görə, əməkdaşlığın çoxşaxəli istiqamətləri və tərəflərin bu əlaqələrin dərinləşməsində maraqlı olmaları Bakı ilə Brüssel arasında olan əməkdaşlığın əsasını təşkil edən hüquqi sənədin yenilənməsinə təşviq edir. İlkin olaraq, bu sənəd "Tərəfdaşlıq və Əməkdaşlıq haqqında" Saziş adlanır və o, tərəflər arasında 1996-cı ildə imzalanan sazişin daha müasir və hərtərəfli alternativi olmasına hesablanıb. Son aylar ərzində tərəflər bir neçə dəfə rəsmi qaydada bəyan etmişdilər ki, bu sənədin 90%-i artıq razılaşdırılıb. K.Yankauskas qeyd edir ki, hazırda sənədin qısa zamanda tam hazırlanması istiqamətində fəal iş aparılır.  

Qeyd edək ki, bu günlərdə Baş nazirin müavini Əli Əhmədovla Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri K.Yankauskas arasında "Şərq Tərəfdaşlığı" çərçivəsində Avropa İttifaqının yardımı hesabına Azərbaycanda həyata keçirilən layihələrin icra vəziyyətinin müzakirə olunduğu görüşdə vurğulandığı kimi, Avropa İttifaqının Fəaliyyət Planları çərçivəsində Aİ-nin Azərbaycanda icra olunacaq yeni layihələrinin daha effektiv, səmərəli və vaxtında həyata keçirilməsi qarşıya məqsəd kimi qoyulur.

 

İnsan hüquqları, təhsil və digər sahələrdə əməkdaşlığa xüsusi önəm verilir

 

Azərbaycan və Aİ arasında insan hüquqları və demokratikləşdirmə sahəsində əməkdaşlığın əsası2007-ci ildə Bakıda keçirilən Aİ-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin səkkizinci iclasında qoyulub. 2009-cu il ərzində Azərbaycan Avropa İttifaqının ŞT proqramı çərçivəsində "Demokratiya, yaxşı idarəçilik və sabitlik" üzrə 1-ci və "İnsanlararası əlaqələr" üzrə 4-cü platformaların işində fəal iştirak edib.

Bakı ilə Brüsselin münasibələrinin inkişafında mühüm mərhələlərdən biri də 2014-cü ildə Aİ ilə Azərbaycan arasında imzalanmış viza rejiminin sadələşdirilməsi və readmissiya sazişlərinin qüvvəyə minməsi ilə viza rejiminin asanlaşması olub.

Bundan başqa, müəyyən kateqoriya şəxslər, məsələn, "Erasmus+" proqramının tələbələri viza rüsumundan tamamilə azad olunublar. Aİ-nin "Erasmus+" proqramı 2015-ci ildən 2018-ci ilə qədər Azərbaycanın 1300-dən çox tələbəsi və müəlliminə Aİ ölkələrində təhsil almaq və ya dərs demək, o cümlədən 700-ə yaxın avropalıya Azərbaycana getmək imkanı verib. Bundan əlavə, 2800-dən artıq azərbaycanlı gənc və gənclər təşkilatlarının işçisi qısamüddətli mübadilə, yerdəyişmə, təlim və könüllülük layihələrində iştirak edib.

 

Aİ-nin Tvinninq layihələri Azərbaycan qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılmasına kömək edir

 

Azərbaycan ŞT Proqramına üzv olan 6 ölkə içərisində Aİ ilə həyata keçirilən tvinninq layihələrinin sayına görə liderdir. Son 10 il ərzində Azərbaycanda 50-yə yaxın tvinninq layihəsi həyata keçirilib və bəziləri davam edir. Onlardan 38-i artıq başa çatıb, 10-u davam edir və 1-i hazırlıq mərhələsindədir.   Bu layihələrdə 25-dən artıq nazirlik və ictimai təşkilat iştirak edərək Aİ-nin texniki biliklərindən və dövlət qulluqçularının praktiki təcrübələrindən faydalanıb.

Qeyd edək ki, "tvinninq" (twinning) sözünün mənası "əməkdaşlıq", "partnyorluq", "bilik və bacarıqların mübadiləsi" deməkdir və Aİ-nin AQS çərçivəsində həyata keçirdiyi tvinninq layihələri vergi, tibb, dənizçilik, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq və tərəfdaşlığı əhatə edir.

Azərbaycanda mədəniyyət sahəsində idarəetmə sisteminin modernləşdirilməsi, turizm sektorunun inkişafı ilə bağlı Avropa İttifaqı ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə tvinninq layihələri həyata keçirilib. AQTA çərçivəsində maliyyələşdirilən "Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək" adlı tvinninq layihəsi Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası və İspaniya Krallığının İctimai İşlər və Nəqliyyat Nazirliyi ilə birgə həyata keçirilib.

Avropa İttifaqının, o cümlədən Fransa Respublikasının Beynəlxalq Texniki Ekspertiza Agentliyinin, Litva Respublikasının Mərkəzi Layihə İdarəetmə Agentliyinin və Azərbaycan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə həyata  keçirdiyi "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvinninq layihəsi isə çox mühüm əhəmiyyət kəsb edir.

Belə ki, Azərbaycanın gələn il "İcbari tibbi sığorta sistemi"nə tam keçidi planlaşdırılır və  "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvinninq layihəsi isə bu baxımdan böyük töhfə verir. Digər tərəfdən, sözügedən layihə AQS xətti ilə AQTA çərçivəsində səhiyyənin maliyyələşdirilməsi islahatında və icbari tibbi sığorta (İTS-nin) sisteminin tətbiqi üzrə ölkə qanunvericiliyinin təkmilləşdirilməsi və Avropa İttifaqının bu sahədə mövcud təcrübəsinə uyğunlaşdırılması məqsədi daşıyır. Layihə, eyni zamanda, "Azərbaycan 2020: gələcəyə baxış" konsepsiyasında xüsusi yer tutan səhiyyə sahəsində islahatların aparılmasının davam etdirilməsinə, əhalinin keyfiyyətli və əlverişli şərtlərlə tibbi xidmətlə təmin olunmasına kömək edir.

"Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək" layihəsinin məqsədi isə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən səmərəli transfer qiymətləndirməsi qanunvericiliyinin tətbiqi və müvafiq sahə üzrə audit prosesinin həyata keçirilməsinə nail olmaqdır.

AQS-nin Azərbaycan üçün Fəaliyyət Planı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə "Avropa İttifaqının nümunəvi təcrübələri əsasında Azərbaycanda Milli Ekoloji Monitorinq Sisteminin təkmilləşdirilməsi" layihəsi də həyata keçirilir. "Azərbaycan Respublikasının Milli Akkreditasiya Sisteminin Gücləndirilməsi" tvinninq layihəsi də akkreditasiya sisteminin təkmilləşdirilməsinə töhfə verəcək.

 

"Kənd yerləri və regional inkişafa dəstək" Proqramı yerli səviyyəli planlaşdırmanı regional inkişafın əsas elementi kimi nəzərdə tutur

 

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin dəstəyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin əməkdaşlığı ilə Azərbaycan Respublikasında "Kənd yerləri və regional inkişafa dəstək" (KYRİD) Proqramının İcrasına Texniki Yardım Layihəsi həyata keçirilir.

Layihə çərçivəsində Azərbaycanın şimal-qərb bölgəsində BMT-nin İnkişaf Proqramı və Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə kiçik ailə biznesinin qurulmasında yerli əhaliyə yardım göstərilib. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ABAD publik hüquqi şəxsi ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilən layihə Azərbaycanın kənd əhalisinin yerli səviyyədə imkanlarının qurulmasına yönəlib.

Məsələn, "Balakən regional ABAD mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə müəssisələrinin inkişafına dəstək" layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilib. Seçim prosesinə qatılan 300-dən artıq ailədən 44-ü pilot ailə seçilib. Bu ailələrin üzvlərinin 57%-i qadın, 43%-i isə kişidir. 44 seçilmiş ailədən 23-ü qadınların rəhbərlik etdiyi ailə biznesləridir və eyni zamanda, onlardan 12-si məcburi köçkünlər arasından seçilib. Hazırda 22 ailə artıq əsas təchizat və avadanlıq dəstəyini alıb, öz biznes sahələrində istehsal planlarının icrasına hazır olduqlarını bəyan ediblər. Ailə şirkətləri bir çox kənd təsərrüfatı və sənaye sahələri üzrə ixtisaslaşır.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən maliyyələşdirilən "Gəncə-Qazax İqtisadi Rayonunda "Kənd yerləri və regional inkişafa dəstək" layihəsi yerli səviyyəli planlaşdırmanı regional inkişafın əsas elementi hesab edir. Layihə Gəncə-Qazax iqtisadi rayonunun inkişafı üçün əsas potensial və iqtisadi cəhətdən əsaslandırılmış təsir aləti kimi nəzərdə tutulan Gəncə-Qazax iqtisadi rayonunda turizm və kənd təsərrüfatı arasında əlaqələrin inkişafına dəstək verir. Layihə 3 pilot rayonda - Gədəbəy, Tovuz və Daşkəsəndə 18 bələdiyyəyə Yerli İnkişaf Planlarının hazırlanmasında yardım edir.

Aİ ölkəmizdə "Azərbaycanın kənd ərazilərində bazar rəqabətli gəlir mənbələrinin və iş yerlərinin yaradılması üçün icma əsaslı təşəbbüslərə dəstək" layihəsini də həyata keçirir. Avropa İttifaqının "Kənd yerləri və regionların inkişafına texniki dəstək" layihəsi çərçivəsində "Ruzgar" Ekoloji İctimai Birliyinin fəal iştirakı ilə İmişlinin Telişli kəndinə su xətti çəkilib, 3 kilometr uzunluğunda suvarma kanalından götürülən suyun hesabına həm sakinlərin, həm də 36 ailənin pay torpaqları və bələdiyyə otlaqlarının suvarılmasına şərait yaradılıb.

Göründüyü kimi, Avropa İttifaqı ilə ölkəmiz arasında əməkdaşlığın səviyyəsi Azərbaycanı Aİ-nin strateji tərəfdaşına çevirib.   Bu reallıq Aİ-nın Azərbaycan neftinin ən iri istehlakçısısı olması, ümumi ticarət dövriyyəsində payının artması, müxtəlif istiqamətləri əhatə edən çoxsaylı kiçikhəcmli layihələr həyata keçirməsi, yerli qanunvericiliyin Aİ standartlarına uyğunlaşdırılmasında öz təsdiqini tapır. Ən əsası isə, qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi üçün Azərbaycan hökuməti tərəfindən bütün zəruri addımların atılması Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərin inkişafı üçün geniş perspektivlər vəd edir. 

Qaşqay ZİYƏDDİNOĞLU

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Milli Mətbuat Günü münasibətilə "AVROPA İTTİFAQI-AZƏRBAYCAN: ƏMƏKDAŞLIĞIN ÜFÜQLƏRİ" mövzusunda jurnalistlər üçün elan etdiyi yazı müsabiqəsinə tədim edilir 

Paylaş:
Baxılıb: 481 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31