Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / NATO ilə Rusiya arasında danışıqlar aparmaq üçün məkan kimi yenə də Azərbaycan seçildi

NATO ilə Rusiya arasında danışıqlar aparmaq üçün məkan kimi yenə də Azərbaycan seçildi

11.07.2019 [09:38]

Sülh və dialoq məkanı kimi növbəti dəfə Bakının seçilməsi ölkəmizin beynəlxalq miqyasda rolunun və nüfuzunun daha da artmasının növbəti təzahürüdür
Məlum olduğu kimi, son vaxtlarda ayrı-ayrı beynəlxalq təşkilatlar özlərinin mötəbər tədbirlərini keçirmək, həmçinin beynəlxalq qurumlar və ölkələr arasında danışıqlar aparmaq üçün məkan kimi məhz ölkəmizi seçirlər. Bu isə Azərbaycanın beynəlxalq miqyasda gedən proseslərə təsir imkanlarının genişlənməsinin və respublikamıza inamın daha da artmasının təzahürüdür. Deyilənlərin növbəti təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, NATO ilə Rusiya arasında danışıqlar aparmaq üçün məkan kimi yenə də məhz Azərbaycan seçilib. Xəbər verildiyi kimi, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıda NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Volters ilə danışıqlar aparacaq.
Məlumat üçün bildirək ki, Rusiya Silahlı Qüvvələrinin və NATO-nun rəsmiləri Bakıda əvvəllər də görüşüblər və müəyyən məsələlər ətrafında müzakirələr aparıblar. Və Bakının növbəti dəfə qlobal güc mərkəzlərinin hərbi rəhbərliyinin görüşü üçün məkan kimi seçilməsinin səbəbləri var. Dünyadakı reallıqlar və qlobal miqyasda müşahidə edilən proseslər fonunda Azərbaycan onların görüşə biləcəyi yeganə məkandır. Belə bir məsuliyyətli qərarın verilməsi, əlbəttə ki, təsadüfi deyil. Burada Azərbaycanın güclənməsi, apardığı xoş mərama əsaslanan siyasət sayəsində beynəlxalq birliyin böyük etimadını qazanması amilini xüsusi vurğulamaq lazımdır.
Azərbaycanın milli maraqların keşiyində qətiyyətlə dayanması, paralel şəkildə regional və qlobal əməkdaşlığa sanballı töhfələr verməsi ölkəmizə beynəlxalq miqyasda müsbət reputasiya qazandırıb. Qısa müstəqillik tarixində 155 dövlətin dəstəyini qazanaraq BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi Azərbaycanın dünya miqyasında getdikcə artan nüfuzunun əyani təsdiqidir. Bu gün regionda reallaşdırılan əksər irimiqyaslı layihələrin moderatoru rolunda çıxış edən respublikamız, eyni zamanda, beynəlxalq miqyasda gedən proseslərə də öz müsbət təsirini göstərir. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan özünün əlverişli coğrafi mövqeyindən bəhrələnməklə daim yeni qarşılıqlı faydalı əməkdaşlıq təşəbbüslərindən çıxış edir. 2008-ci ildə məhz Azərbaycanın təşəbbüsü ilə “Bakı prosesi”nə start verilib və bu uğurlu platforma çərçivəsində indiyədək Avropa Şurasına, eləcə də İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin mədəniyyət nazirlərinin çoxsaylı görüşləri baş tutub. Son illərdə Azərbaycanın humanitar və mədəniyyətlərarası dialoq forumlarına ev sahibliyi etməsi bir ənənə halını alıb. Bu forumlarda Azərbaycan öz xoş niyyətini ortaya qoyur, əməkdaşlığın müxtəlif aspektləri müzakirə edilir, həmçinin yeni çağırışlar irəli sürülür.
Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat dəhlizləri layihələri ölkəmizin regional və qlobal miqyasda önəmini daha da artırıb. Azərbaycan enerji resurslarının və nəql marşrutlarının siyasi təzyiq vasitəsinə çevrilməsinin qəti əleyhinədir. Ölkəmiz özünün enerji siyasətində o mövqedən çıxış edir ki, qarşılıqlı əməkdaşlıqdan bütün iştirakçı tərəflər faydalanmalıdır. Azərbaycan indiyədək güclü siyasi iradə nümayiş etdirərək regional və qlobal əhəmiyyət daşıyan şaxələndirilmiş enerji marşrutları yaradılmasına nail olub. Artıq neçə illərdir ki, Xəzərin Azərbaycan sektorundan hasil edilən enerji resursları beynəlxalq əməkdaşlıq çərçivəsində araya-ərsəyə gələn Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum xətləri ilə Avropa ölkələrinə çatdırılır. Azərbaycanın moderatorluğu ilə yaradılan nəql marşrutlarından bu gün həmçinin digər qonşu ölkələr də faydalanırlar. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Cənub Qaz Dəhlizi respublikamızın region dövlətlərinin və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu daha da artıracaq.
Son illərdə Azərbaycanın moderatorluğu ilə reallaşdırılan nəqliyyat layihələri də regional və qlobal əməkdaşlığın dərinləşməsi baxımından böyük əhəmiyyət daşıyır. Əlverişli coğrafi mövqeyə malik olan respublikamız özünün tranzit imkanlarından maksimum dərəcədə bəhrələnməyə çalışır. Bu baxımdan həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsi ölkəmizə böyük üstünlüklər qazandırır. Respublikamız hər iki marşrutun funksionallığının artırılmasına böyük səy göstərir. Belə ki, ölkə ərazisində həm müasir yol-nəqliyyat infrastrukturu qurulur, həm də müvafiq hüquqi baza möhkəmləndirilir.
Bu məqamda onu da qeyd edək ki, belə mühüm görüşlərin Bakıda keçirilməsinin əsas səbəblərindən biri məhz Azərbaycan liderinin şəxsi nüfuzu və dövlətimizin regional və qlobal proseslərdə aktiv rol alması ilə bağlıdır. Azərbaycan nə NATO-nun, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyil, amma ABŞ, Avropa və Rusiya ilə çox yaxşı münasibətləri olan, onların hörmət bəslədiyi ölkədir. ABŞ regionda Azərbaycanın moderatorluğu ilə reallaşdırılan bütün enerji və nəqliyyat layihələrinə dəstək verir. Respublikamızla Avropa İttifaqına daxil olan 9 dövlət arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünə dəstək verir. Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin imzalanması, həmçinin Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun bu günlərdə respublikamıza baş tutan səfəri onu deməyə əsas verir ki, hər iki tərəf əlaqələrin qarşılıqlı maraqlar əsasında dərinləşməsinə yüksək siyasi iradə nümayiş etdirir. NATO-Azərbaycan əməkdaşlığı da uğurla inkişaf edir. Son vaxtlarda Azərbaycan NATO üçün çox önəmli tərəfdaş ölkəyə çevrilib. NATO-nun Əfqanıstandakı sülhməramlı əməliyyatlarda ölkəmizin tranzit və nəqliyyat imkanlarından istifadə edilməsi böyük önəm daşıyır.
Eyni zamanda, Azərbaycanla qonşu Rusiya arasında qarşılıqlı etimad mühiti getdikcə möhkəmlənir. Azərbaycanla Rusiya arasında siyasi dialoq yüksək səviyyədədir. Hər iki ölkə regional və qlobal platformalarda uğurla əməkdaşlıq edirlər. O cümlədən Azərbaycanla Rusiya arasında hərbi və hərbi-texniki sahələrdə yaxşı əlaqələr qurulub və bu əlaqələrin perspektivi də kifayət qədər genişdir.
Yuxarıda deyilənlərdən də göründüyü kimi, Azərbaycan təkcə yerləşdiyi regionda deyil, həm də daha geniş miqyasda sabitləşdirici funksiya yerinə yetirir. Respublikamız Şərqlə Qərb arasında körpü rolunu oynayır. Buna görə də həm NATO, həm də Rusiya Azərbaycana etibar edir və danışıqların aparılması üçün də məkan olaraq həmişə Azərbaycanı seçirlər. Sülh və dialoq məkanı kimi növbəti dəfə Bakının seçilməsi ölkəmizin beynəlxalq miqyasda rolunun və nüfuzunun daha da artmasının növbəti təzahürüdür.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 450 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31