Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək

2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək

17.08.2019 [09:56]

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva www.yap.org.az saytına müsahibə verib:
- Sədaqət xanım, bu il cənab Prezident İlham Əliyevin təsdiqlədiyi iki böyük sosial paketin reallaşdırılması hansı nəticələrə və uğurlara yol açdı? Uğurlarımız və nailiyyətlərimiz nələrdən ibarət oldu?
- Bu gün Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Ölkəmizin nailiyyətləri və uğurları artır, əldə olunan nəticələr insanlarımızın yaşayış səviyyəsində, rifah halında əyani təsdiqini tapır. Təsadüfi deyildir ki, bu ilin altı ayında ölkə iqtisadiyyatı 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz, qeyri-neft sənayesi 15,7 faiz artıb. Kənd təsərrüfatının isə 13 faiz artması rekord göstərici hesab olunur. Bütün bunlarla yanaşı ticarət dövriyyəsi 20 faizdən çox, qeyri-neft ixracı 15 faiz artıb. Eyni zamanda, büdcə daxilolmaları Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin xətti ilə 440 milyon manatdan çox artıb, altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Eləcə də inflyasiya cəmi 2,5 faiz olub, əhalinin gəlirləri isə 6,6 faiz artıb. Bunlarla yanaşı, 49 milyard dollar səviyyəsində olan valyuta ehtiyatlarımız rekord həddə çatıb. Məhz bu ilin altı ayında valyuta ehtiyatları 4 milyard dollar artıb. Bir il ərzində xarici borcumuz da 4 faiz aşağı düşüb və təxminən 19 faiz səviyyəsindədir. Bu ilin altı ayında sahibkarlara 50 milyon manatadək güzəştli kredit ayrılıb, ölkə iqtisadiyyatına 3,4 milyard manat sərmayə qoyulub, 60 min yeni iş yeri açılıb. Bu göstəricilər bir daha təsdiq edir ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar uğurlu nəticələr verir, ölkəmizin inkişafı dinamik xarakter alıb.
Bütün deyilənlərin fonunda bir reallıq nəzərə çarpır ki, həqiqətən də 2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək. Çünki cənab Prezident İlham Əliyevin imzaladığı Fərman və sərəncamlar əsasında reallaşdırılan böyük sosial tədbirlər paketi bütün kateqoriyalardan olan vətəndaşlarımızın rifah halını yüksəldib. Bu ilin əvvəlində təsdiqlənən böyük sosial paket 4 milyondan çox insanı əhatə edir. Burada birinci dəfə 40 faiz, ikinci dəfə də 40 faiz olmaqla minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılıb. Minimum əməkhaqqı da təxminən 2 dəfə qaldırılıb, 130 manatdan 250 manata, pensiya isə 116 manatdan 200 manata çatdırılıb. Eyni zamanda, problemli kreditlərlə bağlı olan məsələ də öz həllini tapıb. Həmçinin 300 mindən çox əlilliyi olan şəxslərin, 500 minə qədər məcburi köçkünün, 100 mindən artıq tələbə və gənclərin, ümumilikdə 1,3 milyon insanımızın gəlirləri də çox əhəmiyyətli şəkildə artırılıb.
Onu da qeyd edim ki, ilk sosial paket 3 milyon insanı əhatə etməklə illik maliyyə tələbi 1,6 milyard manata bərabər idi. İkinci paket isə sentyabr ayından icra olunacaq və bu da 1 milyondan çox insanı əhatə edəcək. Ümumilikdə isə iki sosial paketin maliyyə tutumu bu il üçün 2,3 milyard manatdır. Əlbəttə ki, davam etdiriləcək sosial tədbirlərə növbəti ildə 3 milyard manat xərclənəcək ki, bu da 4,2 milyon insanımızı əhatə edəcək.
Bildiyiniz kimi, ötən gün Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib. Sənədlə əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bununla da, Azərbaycanda minimum əməkhaqqının iki dəfə, minimum pensiyanın 72 faizlik artımı nəticəsində ölkəmiz bu göstəricilər ilə MDB-də müvafiq olaraq 1 və 2-ci yerlərdə qərarlaşacaq.
Həmçinin qeyd edilməlidir ki, bu ilin 6 ayı ərzində 400 kilometrə yaxın avtomobil yolu çəkilib, kommunal təsərrüfat yenilənib, 400-dən çox lift alınıb, abadlaşdırılan 50-dən çox nümunəvi həyət artıq vətəndaşların istifadəsinə verilib. Həmin nümunəvi həyətlərdən bir çoxu da Nizami rayonunda salınıb. Göründüyü kimi, Azərbaycan bu ilin 6 ayı ərzində də dinamik inkişafını qoruyub saxlayıb, əsasən də sosial sahədə ciddi nailiyyətlər əldə edib. Təsadüfi deyil ki, Azərbaycanın inkişafını beynəlxalq reytinq təşkilatları da təqdir edirlər. Elə Dünya Bankının “Doing Business” proqramı çərçivəsində Azərbaycanı 10 ən islahatçı ölkədən biri kimi tanıması və ölkəmizin 32 pillə irəliləyərək hazırda 25-ci yerdə qərarlaşması dediklərimizin əyani sübutudur.
- Ölkəmizin uğurları fonunda anti-Azərbaycan dairələrinin qarayaxma kampaniyası da güclənir. “Sosial şəbəkə müxalifəti” Azərbaycan polisinin fəaliyyətinə, həyata keçirilən ən ciddi sosial-iqtisadi layihələrin uğurlarına kölgə salmağa çalışırlar. Sizcə, bütün bunların əsas səbəbi nədir?
- Ümumiyyətlə, bu suala cavab vermədən öncə Azərbaycanın yerləşdiyi coğrafiyaya, eləcə də bizim regionla qonşu olan bölgələrdə baş verən hadisələrə, insanların yaşayışına və siyasi-ictimai sabitliyinə nəzər salmaq lazımdır. Adları hər kəsə yaxşı bəlli olan ölkələrdə müharibələrin, səfalətin, aclığın, destabilliyin hökm sürməsi həmin dövlətləri dünyanın ümumi inkişaf vektorundan kənarlaşdırır və uzun illər geriyə salır.
Lakin Azərbaycan 26 ildir sabit və dinamik inkişafını davam etdirir. Anti-Azərbaycan dairələr dəfələrlə çalışıblar ki, ölkəmizdə qarışıqlıq yaratsınlar, ictimai-siyasi sabitliyi pozsunlar. Amma Azərbaycan xalqının müdrikliyi, liderinə verdiyi dəyər və birmənalı dəstək nəticəsində ölkəmiz mənfi tendensiyaları dəf edib, uğurlu inkişafını davam etdirib.
Əlbəttə ki, bu gün Azərbaycan Cənubi Qafqaz regionunun maliyyə və iqtisadi kütləsinin 75 faizinə malik bir dövlət kimi dünyanın diqqət mərkəzindədir. Bu səbəbdən də uğurlarımıza və nailiyyətlərimizə sevinən dostlarımız olduğu kimi, paxıllıq edən düşmənlərimiz də var. Elə bu səbəbdən də anti-Azərbaycan dairələri hər fürsət düşdükcə Azərbaycanın imicinə ləkə yaxmaq, uğurlarına kölgə salmağa cəhdlər edir. Bu işdə də təbii ki, sapı özümüzdən olan baltalardan - “sosial şəbəkə müxalifəti”ndən, “qrant müxalifəti”ndən, “söyüş və iaşə” müxalifəti”ndən, “5-ci kolon”dan istifadə edir. Sosial şəbəkələrin müxtəlif seqmentlərindən istifadə etməklə xalqımız və dövlətimiz üçün ən həssas sahələrə hücumlar edirlər, qarayaxma kampaniyası təşkil edirlər.
Elə sizin də vurğuladığınız kimi son zamanlar Azərbaycan polisinə qarşı təbliğat aparırlar. Bu da səbəbsiz deyildir. Çünki Azərbaycan polisi daim ölkənin ictimai-siyasi sabitliyini təmin edir, qoruyur, vətəndaşlara xidmət edir, dövlətçiliyin keşiyində durur. Bu da anti-Azərbaycan dairələrin məkrli planlarını reallaşdırmağa şərait yaratmır.
Məhz polisimizin gərgin əməyinin nəticəsidir ki, hazırda respublikamızda MDB və digər qonşu dövlətlərlə müqayisədə hər 100 min nəfərə düşən cinayətlərin sayı 40-50 faiz aşağıdır. Hətta cinayətkarlıqla mübarizənin nəticələrinə görə ölkəmiz bəzi Şərqi Avropa, Amerika ölkələrini də qabaqlayır. Bu, birbaşa ictimai maraqlara söykənən sosial sifarişdir və məqsədyönlü dövlət siyasətinin nəticəsidir. Bu nəticələrin qorunması və saxlanması cəmiyyətdə qanunçuluğun və ictimai təhlükəsizliyin qorunmasına cavabdeh olan hər bir polis əməkdaşından çeviklik, bilik, qabiliyyət və fədakarlıq tələb edir.
Ölkəmizdə baş verən cinayətlərin 80-90 faizindən çoxu açılırsa, bu, çox böyük nailiyyət hesab olunur. Cinayətlərin belə yüksək faizlə açılması necə ağır zəhmət hesabına başa gəlir. Bu uğurlar cinayətlərin qarşısının alınması, açılması, istintaqı, cinayətkarların axtarışı, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, yol hərəkəti təhlükəsizliyinin etibarlı təşkilindən qaynaqlanır. Ölkəmizdə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işləri beynəlxalq təşkilatlar, dünya dövlətləri də yüksək dəyərləndirir. Buna görə də, bu gün Azərbaycan çoxsaylı beynəlxalq tədbirlərə, forumlara, konfranslara ev sahibliyi etməklə, dünyada tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi tanınır. Təbii ki, bu uğurların arxasında çətin və şərəfli xidmət aparan bütün hüquq-mühafizə orqanları ilə yanaşı, Azərbaycan polisi də dayanır.
Polis orqanları öz xidməti borcunu yerinə yetirir, ictimai asayişi, vətəndaşların təhlükəsizliyini qoruyur, insanların qanuna uyğun davranışını təmin edir. Ona görə də, biz də vətəndaş olaraq polisin şərəfli adını və qürurlu fəaliyyətini yüksək qiymətləndirməli, adına ləkə gətirilməsinə imkan verməməliyik.

Paylaş:
Baxılıb: 767 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31