Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ölkəmizdə yaradılan enerji və yol-nəqliyyat infrastrukturu həm böyük iqtisadi, həm də dərin sosial əhəmiyyət daşıyır

Ölkəmizdə yaradılan enerji və yol-nəqliyyat infrastrukturu həm böyük iqtisadi, həm də dərin sosial əhəmiyyət daşıyır

04.09.2019 [09:36]

Son 15 ildə müstəqil Azərbaycanın həyatı digər müsbət reallıqlarla yanaşı, həm də bütün ölkə boyu aparılan yüksək səviyyəli infrastruktur quruculuğu ilə əlamətdar olub. Belə ki, Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq həm Bakıda və digər iri şəhərlərdə, həm də kənd yaşayış yerlərində müxtəlif təyinatlı infrastruktur obyektləri yaradılıb. Nəticədə respublikamız infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri səviyyəsinə yüksəlib. Bir qədər bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədəki çıxışında dövlət başçımız infrastruktur quruculuğunun ölkəmiz üçün prioritet sahə olduğunu bir daha diqqətə çatdıraraq vurğulayıb: “Bu ilin əvvəlində regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramı qəbul edilib. Bu, çox genişmiqyaslı proqramdır. Baxmayaraq ki, son illərdə infrastruktur layihələri ilə bağlı bir çox işlər görülmüşdür, bu günə qədər həllini tapmayan məsələlər də bu proqramın icrası nəticəsində öz həllini tapacaq. Bildiyiniz kimi, bu sahə bizim üçün prioritet sahədir. Həm elektrik enerjisi ilə təchizat, qazlaşdırma, içməli su sahələrində, həm də suvarma layihələrinin icrası istiqamətində bir çox işlər görülüb və gözəl nəticələr var”.
Ölkə boyunca böyük generasiya güclərinin yaradılması müasir infrastruktur quruculuğuna yaxşı nümunədir
Azərbaycanda yüksək səviyyəli infrastruktur quruculuğunu bütün ölkə boyunca böyük generasiya güclərinin yaradılmasının timsalında aydın şəkildə izləmək mümkündür. Həyata keçirilən çoxsaylı layihələr hesabına respublikamız özünün enerji təhlükəsizliyini təmin etməyə nail olub. 2004-cü ilə qədər Azərbaycanda 3900 meqavat gücündə cəmi 9 elektrik stansiyası mövcud idi. Son 15 ildə isə respublikamız 30 yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 2500 meqavat artırmağa nail olub. Hazırda respublikamız həm elektrik enerjisinə olan daxili tələbatını tam olaraq yerli istehsal hesabına ödəyir, həm də müəyyən həcmlərdə ixrac imkanlarımız yaranıb. Prezident İlham Əliyev ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasından məmnunluğunu bildirərək vurğulayıb: “Elektrik enerjisi ilə bağlı böyük generasiya gücləri yaradılmışdır və Azərbaycan bu baxımdan yenə də ön sıralardadır. Çünki biz öz enerji təhlükəsizliyimizi təmin edə bilmişik. Bu il mövcud stansiyalarda aparılan yenidənqurma işləri nəticəsində əlavə generasiya gücü əldə ediləcək”.
Respublikamızda yeni generasiya güclərinin yaradılması, mövcud enerji obyektlərinin yenilənməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi davamlı prosesə çevrilib. Enerji təsərrüfatının yenilənməsi istiqamətində həyata keçirilən tədbirlər, ilk növbədə, elektrik enerjisinə tələbatın ödənilməsinə, bölgələrin elektrik enerjisi ilə təchizatının əsaslı şəkildə yaxşılaşdırılmasına, elektrik şəbəkələrində yüklənmələrin azalmasına, texniki itkilərin minimuma endirilməsinə imkan yaradıb. 2018-ci ilin ikinci yarısında Prezident İlham Əliyev regionlara səfərləri çərçivəsində bir sıra enerji obyektlərinin açılışında iştirak edib. Dövlət başçısının iştirakı ilə istifadəyə verilən “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzində elektrik enerjisinin alış nöqtəsindən istehlak nöqtəsinə qədər bütün mərhələlərdə şəbəkənin idarə olunması, balansın real vaxt rejimində və texnoloji itkilər müəyyənləşdirilərək təhlil edilməsi, qabaqlayıcı tədbirlərin görülməsi, sayğacların oxunması, fider və xətlər üzrə yük parametrlərinin virtual arxivləşdirilməsi, elektron xəritə vasitəsilə abonentlərin müraciətlərinə əsasən texniki şərtlərin verilməsi, istehlakçıların elektrik şəbəkəsinə qoşulması haqda sənədlərin hazırlanması işləri həyata keçirilir.
Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki 50 MVt-lıq “Yeni Yaşma” Külək Elektrik Parkı əsaslı şəkildə yenidənqurmadan sonra ölkənin generasiya obyektləri sırasına daxil edilib. Dövlət başçısının iştirakı ilə açılışı keçirilən Külək Elektrik Parkında yenidənqurma işlərini Almaniyanın “Berlin Wind” şirkəti aparıb. Hazırda burada elektrik enerjisinin istehsalı ay üzrə 9 milyon kVt/saata yaxındır. Parkın ərazisində inzibati bina inşa edilib, burada idarəetmə mərkəzi, işçi heyəti üçün xidməti otaqlar, habelə elektrik avadanlığının-yuvaların quraşdırılması üçün 20 kV-luq bölmə və Təlim-Tədris Mərkəzi yaradılıb.
Ötən il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də 110 kilovoltluq “Ağ Şəhər-2” və “Bakıxanov” yarımstansiyasının açılışını ediblər. “Ağ Şəhər-2” yarımstansiyası vasitəsilə 75 min əhali abonentinin elektrik təchizatı həyata keçiriləcək. Həmçinin ərazidə yeni inşa olunan sosial obyektlər, hotellər, əyləncə kompleksləri, Ağ Şəhər bulvarı, yeni layihələndirilən tikinti obyektləri, yaşayış kompleksləri “Ağ Şəhər-2” yarımstansiyası vasitəsilə enerji ilə təchiz olunacaq. “Ağ Şəhər-2” yarımstansiyası ilə yanaşı, layihə çərçivəsində “Bakı Ağ Şəhər”də 35/0,4 kilovoltluq yeddi yarımstansiya da inşa edilib.
Ötən əsrin 70-ci illərinin ortalarında o dövrün elektrik enerjisi tələbatına uyğun tikilərək istifadəyə verilən 110/35/10 kilovoltluq “Bakıxanov” yarımstansiyasının köhnə avadanlıqları müasir tələblərə cavab vermədiyindən və istismar müddətini bitirdiyindən tamamilə yenidən qurulub. Qeyd edək ki, Bakıxanov qəsəbəsinin istehlakçıları və onların tələbatı 30 il müddətində 10 dəfələrlə artıb. Bakıxanov qəsəbəsi ilə yanaşı, Bülbülə və Qaraçuxur qəsəbələrinin bir hissəsinin bu yarımstansiyadan qidalanması onun yenidən qurulmasını günün tələbinə çevirmişdi. Odur ki, yarımstansiya yenidən qurulmaqla yanaşı, onun mövcud 35 kilovoltluq elektrik şəbəkələri ilə əlaqələnmə sxemi daha dayanıqlı və etibarlı vəziyyətə gətirilib. Beləliklə, yeni “Bakıxanov” yarımstansiyası hazırda elektrik enerjisi ilə təchiz edilən bütün növ mövcud istehlakçılarla yanaşı, perspektivdə yaranacaq əhali və qeyri-əhali abonentlərin elektrik enerjisi təminatını daha keyfiyyətli və dayanıqlı formada həyata keçirmək üçün də bütün imkanlara malikdir.
Ölkənin enerji sisteminin dayanıqlılığının möhkəmləndirilməsi və yeni generasiya güclərinin yaradılması istiqamətində işlər 2019-cu ildə də intensiv şəkildə davam etdirilir. Cari ilin sonunadək ölkəmizdə 400 meqavat gücündə “Şimal-2” elektrik stansiyasının istifadəyə verilməsi planlaşdırılıb. Hazırda Mingəçevir şəhərində yerləşən və Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES-in yenidən qurulması prosesi sürətlə davam etdirilir. “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İctimaiyyətlə əlaqələr və media mərkəzindən verilən məlumata əsasən, 8 enerji bloklu stansiyanın artıq beşinci, altıncı, yeddinci və səkkizinci bloklarında yenidənqurma işləri yekunlaşmaq üzrədir və təmirinə başlanacaq digər dörd enerji blokunda işlər ilin sonuna kimi yekunlaşacaq. Paralel olaraq 500 kV-luq dörd yuvadan ibarət yarımstansiyanın üç yuvasında işlər yekunlaşıb, dördüncü yuvada isə yekunlaşmaq üzrədir. Bütövlükdə 500 kV-luq yarımstansiyada işlərin 90 faizi görülüb.
Ötən ilin iyulunda qəza baş verən 330 kV-luq yarımstansiyada isə 63 cərəyan transformatorunın artıq hamısı dəyişdirilib. Ümumilikdə 330 kV-luq yarımstansiyada işlərin yarıdan çoxu başa çatıb. Eyni zamanda, 330 kV-luq yarımstansiya üçün tikilən idarəetmə mərkəzində işlər tamamlanıb və hazırda təmir edilən xətlərin mühafizə, avtomatika və idarəetməsinin mərhələli şəkildə yeni mərkəzə keçirilməsi prosesi gedir.
Bundan başqa, su kanalının beton qatının yenilənməsi işləri başa çatıb. Qarabağ kanalının üzərindən əhali üçün tikilən körpünün tikintisi yekunlaşmaq üzrədir. Həmçinin “Azərbaycan” İES-in 6 mərtəbəli mühəndis korpusu tamamilə yenidən qurulub. Yeni tikilən baş idarəetmə mərkəzində isə işlər yekinlaşmağa doğru gedir.
Beləliklə, elektrik stansiyasının azot-oksigen, hava kompressor sahələrində, yağ və reagent təsərrüfatlarında, kimya sexində tikinti işləri başa çatıb, son yoxlama sınaq işləri aparılır. Eyni zamanda, 6 km məsafədə ərazinin hasarlanması və digər istiqamətlərdə də işlər sürətlə davam etdirilir. “Azərbaycan” İES-in yenidənqurulması prosesinin 2020-ci ilin birinci yarısında yekunlaşdırılması planlaşdırılıb.
Ümumiyyətlə, ötən ilin sonuncu rübündən başlayaraq “Azərenerji” ASC tərəfindən “Reabilitasiya Proqramı”na start verilib. Hazırda ölkədəki 12 elektrik stansiyasında, 17 yarımstansiyada 100-dən artıq təyinat üzrə yenidənqurma, təmir və bərpa işləri aparılır. 35 elektrik stansiyasını və 150 yarımstansiyanı əhatə edəcək SCADA Dispetçer İdarəetmə Sistemi yenidən qurulur, Azərbaycan enerji sistemində qəza rejimlərinin məhdudlaşdırılması və tam ləğvini mümkün etmək üçün mikroprosessor texnikasının tətbiqi, həmçinin modernləşdirilməsi ilə yeni əks qəza avtomatika kompleksləri yerinə yetirilir.
Həyata keçirilən davamlı tədbirlərin nəticəsi olaraq 2019-cu ilin birinci yarısında enerji istehsalı və ixracı artıb
Ölkənin enerji sistemində həyata keçirilən məqsədyönlü tədbirlər öz müsbət nəticəsini verir. Bunu 2019-cu ilin birinci yarısının nəticələri də təsdiqləyir. Bəhs olunan dövrdə “Azərenerji” ASC tərəfindən xarici dövlətlərə 648 milyon kVts elektrik enerjisi ixrac edilib ki, bu da ötən ilin birinci yarım ili ilə müqayisədə 24 milyon kVts çoxdur.
Ötən ilin birinci yarım ili ilə müqayisədə elektrik enerjisinin istehsalı da artıb. Belə ki, 2019-cu ilin arxada qalan birinci yarım ili ərzində 11.544 milyard kVts elektrik enerjisi istehsal edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 521 milyon kVts çoxdur.
Əsas məqamlardan biri də odur ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin arxada qalan birinci yarım ili ərzində elektrik enerjisinə tələbat da 586 milyon kVts artıb. Bu da milli iqtisadiyyatımızın və əhalinin enerjiyə olan tələbatının çoxalması ilə bağlıdır. “Azərişıq” ASC-nin məlumatına görə, vətəndaşlarının sayı 10 milyonu keçən Azərbaycanda təkcə 2019-cu ilin birinci yarım ilində “ASAN xidmət” və elektron qaydada 12 mindən artıq əhali və qeyri-əhali abonent elektrik şəbəkəsinə qoşulub. Təkcə 2019-cu ilin arxada qalan yarım ili ərzində tələbatın bu səviyyədə artımı, sözsüz ki, yeni generasiya güclərinin yaradılmasını, elektrik stansiyalarında “itirilmiş” güclərin bərpa edilməsini və ən əsası isə, enerji sisteminin etibarlılığı və dayanıqlığını daha müasir üsullarla tənzimləməyi zəruri edir.
Vacib məqamlardan biri də texniki itkilərin azaldılması ilə bağlıdır. 2015-ci ildə “Azərişıq” ASC yaradılanda şirkətdə elektrik enerjisi üzrə texniki itki 13,9% təşkil edib. 2016-cı ildə bu rəqəm 10%-ə, 2017-ci ildə 9,9%-ə, 2018-ci ildə 9,8%-ə qədər endirilib. Paytaxtda isə bu göstərici 7,5% təşkil edib.
“Azərişıq” ASC tərəfindən texniki itkilərin azaldılması istiqamətində genişmiqyaslı işlər davam etdirilməkdədir. İstismar müddətini başa vurmuş və xəta ilə işləyən sayğacların yenisi ilə əvəz olunması işləri aparılır. 2015-ci ildən bəri təxminən 1 mln. abunəçi yeni sayğaclarla təchiz edilib. 2019-cu ilin sonuna qədər texniki itkilərinin xüsusi çəkisinin daha 0,1-0,2% azaldılması hədəflənib.
Bundan başqa, Azərbaycanın kənd yaşayış yerlərində elektrik enerjisi sisteminin yenidən qurulması ilə bağlı layihələndirmə işləri də aparılıb və son 4 ildə 400 kənddə layihələndirmə olub.
Respublikamızda yol-nəqliyyat infrastrukturunun yenilənməsi ardıcıl şəkildə davam etdirilir
Respublikamızda yüksək səviyyəli infrastruktur quruculuğu siyasəti çərçivəsində həmçinin respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması istiqamətində də çoxlu sayda böyük investisiya tutumuna malik layihələr reallaşdırılıb. Bütövlükdə, respublikamızda 2004-cü ildən bəri yol infrastrukturunun yenilənməsi ilə bağlı statistika kifayət qədər zəngindir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı müşavirədəki çıxışında respublikamızda yol təsərrüfatının yüksək səviyyədə yenilənməsindən məmnunluğunu ifadə edib. “Yol tikintisi də Azərbaycanda geniş vüsət alıb. Son 15 il ərzində 15 min kilometr yol çəkilib”, - deyə dövlət başçısı vurğulayıb.
Ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yüksək səviyyədə yenidən qurulmasına davamlı şəkildə siyasi və maddi dəstək göstərilməsi bir sıra mühüm amillərlə şərtlənir. İlk növbədə onu vurğulamaq yerinə düşər ki, ölkəmizin ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub dəhlizləri tranzit daşımaları və yeni şəraitdə respublikamızın neftdənkənar iqtisadiyyat üzrə gəlirlərinin artması baxımından böyük önəm daşıyır. Region dövlətləri, eləcə də Avropadan Asiyaya və əks istiqamətə yük və sərnişin daşıyan şirkətlər sabitlik və təhlükəsizlik baxımından böyük üstünlüklərə malik Azərbaycanın tranzit imkanlarından bəhrələnməyə böyük maraq göstərirlər. Azərbaycan da öz növbəsində ölkə ərazisindən tranzit daşımalarının səmərəliliyini və cəlbediciliyini artırmaq üçün həm hüquqi bazanın möhkəmləndirilməsinə, həm də yüksək səviyyəli yol-nəqliyyat-logistika infrastrukturu quruculuğuna güclü siyasi iradə nümayiş etdirir. Deyilənlərin təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, respublikamız son illərdə Xəzərdə ən böyük liman tikməyə nail olub. Azərbaycanın moderatorluğu ilə inşa olunan Bakı-Tbilisi-Qars dəmir yolu Avopa ilə Asiya arasında ən qısa nəqliyyat bağlantısıdır. Eyni zamanda, respublikamızda qonşu ölkələrlə - Gürcüstanla, İranla və Rusiya ilə dövlət sərhəddinə doğru uzanan magistrallarda böyükhəcmli əsaslı yenidənqurma işləri həyata keçirilib. Hazırda magistral yollar boyunca yeni layihələrin icrası da uğurla davam etdirilir.
Respublikamızda kənd yollarının yenidən qurulması da diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev qarşıya ölkənin bütün bölgələrində kənd yollarının abadlaşdırılması ilə bağlı mühüm vəzifə qoyub. Dövlət başçısının tapşırığına uyğun olaraq hər il regionlarda təxminən min kilometr yol yenidən qurularaq sakinlərin istifadəsinə verilir.
Respublikamızda yol-nəqliyyat infrastrukturunun yenilənməsi perspektivdə də davam etdiriləcək. Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı müvafiq Fərmanla təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda bölgələrdə magistral və kənd yollarının əsaslı şəkildə yenidən qurulması ilə bağlı çox sayda tədbirlər nəzərdə tutulub. Hədəf cari ildə də təxminən min kilometr yolun yenidən qurulmasıdır. Bununla bağlı Prezident İlham Əliyev deyib: “Bu il də kənd yollarının, şəhərlərarası yolların çəkilişi nəzərdə tutulur. Təxminən min kilometrə yaxın yolun çəkilişi nəzərdə tutulur. Məndə olan məlumata görə, altı ayda təxminən 400 kilometrə yaxın avtomobil yolu çəkilib”.
Onu da vurğulamaq yerinə düşər ki, respublikamızda yeni yollar salınarkən keyfiyyət amili əsas götürülür. Prezident İlham Əliyev müşavirədəki çıxışında diqqəti Davos İqtisadi Forumunun müvafiq hesabatında Azərbaycanda qurulan yol infrastrukturunun keyfiyyət göstəricilərini yüksək dəyərləndirməsinə çəkib. Bundan məmnunluğunu bildirən dövlət başçısı deyib: “Davos Ümumdünya İqtisadi Forumunun hesabatında avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir. Əminəm ki, bizim yerimiz daha da irəliləyəcək. Çünki bu sahəyə doğrudan da çox böyük investisiyalar qoyulur və bundan sonra da qoyulacaq”.
Həqiqətən də, Azərbaycanda indiyədək reallaşdırılan və hazırda da davam etdirilən yol layihələri yalnız kəmiyyət baxımından diqqəti cəlb etmir. Görülən işlər həm də yüksək keyfiyyətinə görə hər cür xoş sözə layiqdir. Aparılan müşahidələrdən o qənaət hasil olur ki, inşaatçılar bu və ya digər layihəni icra edərkən Prezident İlham Əliyevin keyfiyyətlə bağlı qarşıya qoyduğu tələblərə yüksək səviyyədə əməl edirlər. Həmçinin Azərbaycanda yolların keyfiyyətlə inşa edildiyi beynəlxalq səviyyədə də layiqincə dəyərləndirilir. Davos İqtisadi Forumunun bəhs olunan hesabatı da bunu bir daha təsdiqləyir.
Yüksək səviyyəli infrastruktur insanlarda böyük məmnunluq hissi yaradır
Son 15 ildə bütün ölkə üzrə intensiv şəkildə həyata keçirilən yüksək səviyyəli infrastruktur quruculuğu Azərbaycanın dinamik iqtisadi inkişafını və insanların həyat səviyyəsinin yüksəlməsini şərtləndirən çox mühüm amil qismində çıxış edir. Prezident İlham Əliyev Azərbaycan-Polşa biznes forumundakı nitqində bu amilə diqqət çəkərək “Ölkəmizdə həyata keçirilən infrastruktur layihələri biznes şəraitini daha da yaxşılaşdırır. Çünki yollar, kommunikasiyalar olan yerlərdə əlbəttə ki, biznes dairələri də özlərini daha rahat hiss edirlər. Son illərdə Azərbaycanda infrastruktur layihələrinin icrasına çox böyük diqqət yetirilmişdir. Hesab edirəm bu sahədə əldə edilmiş nəticələr deməyə əsas verir ki, bu layihələr öz bəhrəsini verir, həm insanlara rahatlıq gətirir, eyni zamanda, iş adamlarının fəaliyyətini yüngülləşdirir”, - deyə vurğulayıb.
Yuxarıda qeyd etdiyimiz kimi, respublikamızda reallaşdırılan infrastruktur layihələri bir qayda olaraq dövlət investisiya qoyuluşu hesabına maliyyələşdirilir. Sonradan investorlar yaradılan infrastruktur obyektlərindən bəhrələnərək iqtisadiyyatın müxtəlif sahələrinə məmnuniyyətlə sərmayələr yönəldirlər. Mütəxəssislərin qənaəti belədir ki, yüksək səviyyəli infrastruktur quruculuğu ölkəmizin investisiya cəlbediciliyini əhəmiyyətli dərəcədə artırıb.
Eyni zamanda, dövlət əsaslı vəsait qoyuluşu hesabına araya-ərsəyə gətirilən infrastruktur obyektləri insanların həyatına böyük rahatlıq gətirib. İnsanlar onlara göstərilən kommunal xidmətlərin keyfiyyətinin yüksəlməsindən və əlçatanlığın təmin olunmasından böyük məmnunluq duyurlar. Təsadüfi deyil ki, son vaxtlarda respublikamızın bölgələrindən paytaxt Bakıya və digər iri şəhərlərə əhalinin miqrasiyasının səngidiyinin şahidi oluruq. Rahat yollarla, davamlı elektrik enerjisi ilə təmin olunan insanlar doğma yerlərə daha möhkəm tellərlə bağlanırlar və həyatlarını elə oradaca qurmağa üstünlük verirlər.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 740 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30