Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Milli Məclisin növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclası keçirilib

09.10.2019 [09:38]

İclasda Əli Əsədovun Azərbaycanın Baş Naziri vəzifəsinə təyin olunmasına razılıq verilib
Oktyabrın 8-də Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasda ilk olaraq Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Əli Hidayət oğlu Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsinə razılıq verilməsi barədə məsələ müzakirə edilib. Milli Məclisin Sədri Oqtay Əsədov qeyd edib ki, Novruz Məmmədov Azərbaycanın Baş Naziri vəzifəsindən azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə ərizə ilə müraciət edib. O deyib ki, Baş Nazir postuna yeni namizəd Əli Əsədov hansı vəzifədə çalışmasından asılı olmayaraq, bilik və bacarığını işə sərf edən, iqtisadi məsələlərə dərindən bələd olan mütəxəssisdir. “Əminəm ki, Prezident İlham Əliyevin bu seçimi dövlətimiz, xalqımız üçün uğurlu olacaq”, - deyə spiker vurğulayıb.
Sonra iclasda məsələ ilə bağlı çıxışlar olub. Çıxış edən millət vəkilləri Əli Əsədovun indiyədək olan fəaliyyətini müsbət qiymətləndirib, dövlətçilik ənənələrinə sadiq şəxs olduğunu qeyd ediblər. Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə müxtəlif islahatlar aparılır, uğurlu siyasət həyata keçirilir. Əli Əsədovu Baş Nazir vəzifəsinə namizədliyinin irəli sürülməsi ilə bağlı təbrik edən YAP İcra katibinin müavini qeyd edib ki, Əli Əsədov 1993-cü ildən partiyanın üzvü, daha sonra YAP-ın İqtisadiyyat komissiyasının sədri olub, 1995-ci ildə proporsional seçki sistemi əsasında deputat seçilib. Onun sözlərinə görə, Əli Əsədov Avropa-Azərbaycan iqtisadi münasibətlərinin qurulmasında çox yaxından iştirak edib, qanunvericiliyimizin Avropa standartlarına uyğunlaşdırılmasında fəallıq göstərib. “Daha sonra onun Ulu Öndər Heydər Əliyevin, eləcə də Prezident İlham Əliyevin köməkçisi kimi xidmətləri var. Əli Əsədov Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi prosesində işçi qrupunun rəhbəri olub. Bununla yanaşı, onun Azərbaycan üçün vacib layihələrdə xidmətləri olmaqla yanaşı, ölkə başçısının köməkçisi kimi iqtisadi sektorda həyata keçirilən islahatlarda mühüm rolu var”, - deyə S.Novruzov vurğulayıb.
“Əli Əsədovun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin olunması çox yerində verilən bir qərardır”. Bu fikirləri isə Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib. Hikmət Babaoğlu bildirib ki, bu günə qədər Azərbaycan iqtisadiyyatı çox böyük inkişaf yolu keçib, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dərin islahatlar aparılır.
Millət vəkili qeyd edib ki,iqtisadiyyatımızın hazırkı mərhələdə inkişafı yeni perspektivlər yaradır. Onun sözlərinə görə, bundan sonra bu perspektivləri realizə etmək üçün qlobal çağırışlar kontekstində və milli iqtisadiyyatımızın çağırışları kontekstində daha dərin islahatların aparılması üçün baş nazirlik institutunun fəaliyyətində belə bir aktivliyə ehtiyac vardı ki, Əli Əsədov öz bilik və bacarığı ilə bu işin öhdəsindən layiqincə gələ biləcək. “Çünki Əli Əsədov iqtisadiyyatın nəzəri əsaslarını dərindən bilir. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda təhsil alarkən Əli Əsədov mənim müəllimim olub. Sonra bu ali məktəb Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası kimi təsis olunanda yenə Əli Əsədov mənim müəllimim idi. Bu illər ərzində bizim çox yaxşı tələbə-müəllim münasibətlərimiz olub. Ölkəmizin iqtisadi inkişaf perspektivləri ilə bağlı onun ideyaları ilə tanışam və sonrakı mərhələdə bu ideyaların necə realizə olunduğunun da şahidi olmuşam. Bir xüsusiyyəti də ondan ibarətdir ki, bütün mərhələlərdə Əli müəllim bir pedaqoq kimi davranmağı, səmimi olmağı bacarıb. Hansı vəzifədə olmasından asılı olmayaraq, o, bu səmimiyyəti nümayiş etdirib. Mən düşünürəm ki, bu da çox insani keyfiyyətdir”, - deyə deputat vurğulayıb.
Millət vəkili Fəzail Ağamalı da çıxışında Əli Əsədovun iqtisadiyyat sahəsindəki xidmətlərindən danışıb.
Sonra məsələ səsverməyə çıxarılıb və parlament Əli Əsədovun Azərbaycanın Baş Naziri vəzifəsinə təyin olunmasına razılıq verib.
Çıxış edən Əli Əsədov ona göstərilən bu yüksək etimada görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib. Əli Əsədov qeyd edib ki, müasir Azərbaycan müstəqillik illərində mürəkkəb və şərəfli yol keçib: “Dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev 1990-cı illərin əvvəllərində Azərbaycanı böhran vəziyyətindən qurtarıb və real müstəqilliyimizi inkişaf etdirib. Bu gün Prezident İlham Əliyevin səyi nəticəsində ölkəmiz sürətli inkişaf yolu keçir. Qazanılan möhtəşəm nailiyyətlər Azərbaycan Prezidenti İlham Əliyevin əməyinin nəticəsidir. Bu dövr ərzində ölkəmizdə ümumi daxili məhsul 3,3 dəfə artıb, iqtisadiyyata qoyulan investisiyaların həcmi 270 milyard dollara çatıb, yoxsulluğun səviyyəsi 5 faizə, işsizlik səviyyəsi 4,9 faizə enib. Ölkənin strateji valyuta ehtiyatları 26 dəfə artaraq 49 milyard dollara çatıb. Eyni zamanda, əhalinin sayı 2019-cu ildə 10 milyon nəfərə çatıb. Dövlətimizin başçısının rəhbərliyi ilə “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi meqalayihələr gerçəkləşdirilib. Bununla yanaşı, neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi bu sahənin də inkişafında ciddi nailiyyətlər qazandırır. Qeyri-neft ümumi daxili məhsulu 2,8 dəfə, qeyri-neft sənayesi isə 2,4 dəfə artıb. Azərbaycan kosmik ailənin üzvü olub”.
“Bu gün ölkənin əsas problemi doğma Qarabağımızın işğal altında qalmasıdır. Ermənistan rəhbərliyinin məsuliyyətsiz, populist çıxışlarına Prezident İlham Əliyev tərəfindən layiqli cavab verilib: “Qarabağ tarixi və əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”. Qarabağın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası üçün hərbi qüdrətimizin artırılması Prezidentin gündəlik fəaliyyətinin əsas prioritetlərindəndir”, - deyə Əli Əsədov bildirib.
Əli Əsədov deyib ki, son illərdə ölkəmizdə sosial problemlərin həlli istiqamətində böyük uğurlar əldə edilib, sosial müdafiə sistemi beynəlxalq standartlara uyğun yenidən qurulub, sosial yardım və müavinətlər artırılıb. Uğurlu sosial siyasət nəticəsində əməkhaqqı 2,4 dəfə, pensiya isə 3 dəfə qaldırılıb. Ölkə rəhbərliyi Vətənin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid ailələrini, müharibə əlillərini, xüsusi qayğıya ehtiyacı olan şəxsləri, o cümlədən məcburi köçkünləri, ahılları, uşaqları daim diqqət mərkəzində saxlayır. Bu insanlara Birinci vitse-prezident Mehriban Əliyeva məhəbbət və mərhəmətlə dolu qayğı göstərir. Azərbaycanın dayanıqlı və çoxşaxəli inkişafı dövlətin bütün qollarının ahəngdar və bərabər fəaliyyətindən asılıdır. “Bu gün bu yüksək tribunada, Azərbaycan xalqının hüzurunda, hörmətli deputatlar, sizin qarşınızda çıxış edərək Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirəcəyimə söz verirəm”, - deyə o vurğulayıb.
Milli Məclisin Sədri Oqtay Əsədov Əli Əsədova fəaliyyətində uğurlar arzulayıb.
Sonra millət vəkilləri gündəlikdə duran digər məsələləri müzakirə ediblər.
İclasın gündəliyində olan sonuncu məsələ - “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi isə ikinci oxunuşda müzakirə edilib. Layihə haqqında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Məsələ ilə bağlı çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov indiki mərhələdə bu qanunun qəbul olunmasının tərəfdarı olmadığını deyib. O qeyd edib ki, belə qanunlar federativ və konfederativ dövlətlər tərəfindən qəbul edilməlidir. Azərbaycan isə unitar dövlətdir.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə burada narahatçılığa ciddi səbəb olmadığını bildirib. O qeyd edib ki, qanun layihəsində vətəndaşların hansı hallarda qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququna malik olduğu əksini tapıb.
Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 429 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30