Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İlham Quliyev: Aqrar sektorun davamlı inkişafı uğurlu dövlət siyasətinin məntiqi nəticəsidir

İlham Quliyev: Aqrar sektorun davamlı inkişafı uğurlu dövlət siyasətinin məntiqi nəticəsidir

01.11.2019 [09:49]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Sərəncamı ilə noyabr ayının 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur. AZƏRTAC Kənd Təsərrüfatı nazirinin müavini, Əməkdar kənd təsərrüfatı işçisi İlham Quliyevin aqrar sahə işçilərinin peşə bayramı ilə əlaqədar məqaləsini təqdim edir.
Azərbaycan bu gün inkişafının yeni mərhələsini yaşayır. Ölkə iqtisadiyyatının bütün sahələrində, o cümlədən kənd təsərrüfatında müşahidə olunan inkişafın əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən davamlı siyasi kurs dayanır. Bu siyasi kurs müstəqilliyimizin, təhlükəsizliyimizin, sosial-iqtisadi tərəqqinin, müasirləşmənin, sosial rifahın və iqtisadi inkişafın təminatçısına çevrilib. Aqrar sahənin müxtəlif sahələrinə dair Dövlət proqramlarının icrası davam edir. Ölkədə məqsədyönlü islahatlar keçirilir, nəticədə digər sahələr kimi, aqrar sektor da öz dinamik inkişafı ilə mövcud çağırışlara cavab verir. Ərzaq təhlükəsizliyinin təminatı istiqamətində görülən işlər 2019-cu ildə də davamlı xarakter daşıyıb. Kənd təsərrüfatının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması özünü iqtisadi göstəricilərin yüksəlməsində, fermerlərin gəlirlərinin artmasında, aqrar fəaliyyətin insanlar üçün əməktutumlu və gəlirli sahəyə çevrilməsində göstərir.
Kənd təsərrüfatı məhsullarının istehsalı. Azərbaycanda həyata keçirilən genişmiqyaslı aqrar islahatlar nəticəsində kənd təsərrüfatında artım tempi dayanıqlı xarakter alıb, dinamik inkişaf trendi cari ildə də davam edib. 2019-cu ilin 9 ayı ərzində kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 6,27 milyard manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1 faiz artıqdır. Həmin dövrdə kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 6,2 faizə çatıb.
Yanvar-sentyabr aylarında ölkədə 2,97 milyard manatlıq heyvandarlıq məhsulları (3,1 faiz çox), 3,3 milyard manatlıq isə bitkiçilik məhsulları (11 faiz çox) istehsal olunub. Bu il taxıl, pambıq, günəbaxan, şəkər çuğunduru, tütün, kartof, tərəvəz, bostan məhsulları, meyvə və giləmeyvə, üzüm, yaşıl çay yarpağı istehsalında ötən ilə nisbətən əhəmiyyətli artım qeydə alınıb. Eyni zamanda, 2019-cu ilin 9 ayında barama, diri çəkidə ət, süd, yumurta və yun istehsalında da ötən illə müqayisədə artım olub. Əgər ötən il 513,9 ton yaş barama istehsal edilmişdisə, bu il bu rəqəm 647,5 tona çatdırılıb.
Aqrar ixracat. Aqrar sahədə inkişaf ölkədə kənd təsərrüfatı məhsullarının ixracına da əhəmiyyətli təsir göstərib. Aqrar sektorun ixrac potensialı yüksəlib, kənd təsərrüfatı məhsullarının ölkənin valyuta gəlirlərinin formalaşmasında rolu artıb. Yanvar-sentyabr aylarında Azərbaycandan müxtəlif ölkələrə 501,5 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulları ixrac edilib. Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nisbətən dəyər ifadəsində 16,3 faiz artıb. 2019-cu ilin 9 ayı ərzində ölkədən 187,3 milyon dollarlıq tərəvəz məhsulları (ötən illə müqayisədə 0,5 faiz çox), 202,6 milyon dollarlıq meyvə (31,2 faiz çox), 86,7 milyon dollarlıq pambıq lifi (38,3 faiz çox), 22,5 milyon dollarlıq pambıq ipliyi (25,3 faiz çox) ixrac edilib.
Kreditləşmə, texnika və gübrə təminatı. Hesabat dövründə kənd təsərrüfatının kreditləşdirilməsi, texnika və gübrə təminatı sahəsində də işlər görülüb. Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 57 rayonda aqrar sektorda fəaliyyət göstərən 536 hüquqi və fiziki şəxsə 16,24 milyon manat məbləğində güzəştli kreditlər verilib, nəticədə 539 daimi və müvəqqəti iş yeri açılıb. Eyni zamanda, Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 81 təchizatçı vasitəsilə 1037 hüquqi və fiziki şəxsə 2448 ədəd kənd təsərrüfatı texnikası, “Aqrolizinq” ASC-nin xətti ilə isə 225 fiziki və ya hüquqi şəxsə 483 ədəd kənd təsərrüfatı texnikası güzəştli lizinq şərti ilə satılıb. Yanvar-sentyabr aylarında kənd təsərrüfatına dövlət dəstəyi tədbirləri çərçivəsində “Aqrolizinq” ASC tərəfindən səyyar satışlar həyata keçirilib, fermerlərə 111 min ton mineral gübrə, 195,2 min litr pestisid güzəştli şərtlərlə verilib.
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi. Bu il aqrar xidmətlərin elektronlaşdırılması istiqamətində də mühüm addımlar atılıb. Kənd Təsərrüfatı Nazirliyi 2019-cu ildə əsas fəaliyyət prinsiplərini - fermerlərə yaxınlıq, şəffaf və səmərəli idarəetmə və innovasiyaların tətbiqi - özündə ehtiva edən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) layihəsini həyata keçirməyə başlayıb. EKTİS daxili və xarici sistemlər ilə inteqrasiya imkanlarını geniş əhatə edən və kənd təsərrüfatı zəncirinin qurulmasına zəmin yaradan vahid sistemdir, şəffaflıq və operativlik baxımından fermerlərin və kənd təsərrüfatı məhsullarının ilkin mərhələsindən son mərhələsinə qədər bütün biznes proseslərini əhatə edən modulların formalaşdırılmasını özündə ehtiva edir. Bu sistemin fəaliyyətə başlaması kənd təsərrüfatı ilə bağlı bütün proseslərin məntiqi əlaqəliliyini qurmağa, analizlər aparmağa, müasir texniki həlləri tətbiq etməyə, dəqiq məlumatlara əsaslanan proqnozlar verməyə imkan yaradacaq. Artıq EKTİS-də 350 mindən çox fermer qeydiyyatdan keçərək şəxsi kabinet yaradıb, aqrar fəaliyyətlərinə dair məlumatları sistemə daxil etməyə başlayıb. Noyabr ayından etibarən fermerlər EKTİS-də növbəti il üçün əkdikləri məhsulları bəyan edəcəklər. Bəyan prosesi EKTİS-in tətbiqinin ən mühüm mərhələlərindən biridir. 2020-ci ildən aqrar subsidiyalar məhz elektron sistem üzərindən, fermerlərin məlumatları əsasında veriləcək.
Yeni subsidiya mexanizmi. Kənd təsərrüfatına dövlət dəstəyinin genişləndirilməsi istiqamətində atılan ən mühüm addımlardan biri aqrar subsidiyaların verilməsi mexanizminin təkmilləşməsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması” haqqında Fərmana əsasən, kənd təsərrüfatı məhsullarının subsidiyalaşdırılmasının yeni qaydaları müəyyənləşib. Fərmanın icrası ilə əlaqədar nazirlik yanında Aqrar Subsidiya Şurası yaradılıb. Şura 2020-ci ildə subsidiyaların verilməsi üçün bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarını, toxum və ting kvotalarını artıq müəyyənləşdirib. Yeni subsidiya siyasəti kənd təsərrüfatına dövlət dəstəyinin gücləndirilməsini, ixrac potensialı olan kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılmasını nəzərdə tutur. Eyni zamanda, bu qaydalar əsasında ilk dəfə rayonların ixtisaslaşması siyasəti də həyata keçirilir ki, bu da nəticə etibarilə torpaq ehtiyatlarından daha səmərəli istifadəyə imkan verəcək.
Aqrar sığorta. Ölkəmizdə kənd təsərrüfatının inkişafını təmin edəcək daha bir mühüm addım aqrar sığorta sisteminin tətbiqinə start verilməsi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Fərman imzalayıb. Bu Fərman yeni aqrar sığorta mexanizminin fəaliyyətə başlamasını nəzərdə tutur. Fərmanın icrası ilə əlaqədar dünyada mövcud olan aqrar sığorta modelləri araşdırılıb, mütərəqqi kənd təsərrüfatı sığortası sistemi olan ABŞ, Kanada, İspaniya, Türkiyə, İsrailin bu sahədə təcrübəsi öyrənilib. Həmin modellərin üstün və zəif cəhətləri araşdırılaraq Azərbaycan üçün dövlət-özəl tərəfdaşlığını əsas tutan model hazırlanıb. Yeni sığorta mexanizmi Azərbaycanda ilk dəfə olaraq müştərək sığorta sisteminin yaradılmasını nəzərdə tutur. Müştərək sığorta sistemi sığortaçıların birgə vəsaitləri ilə özlərini sığorta etdirməsidir. Dövlət sığorta vəsaitinin müəyyən edilən faizi həcmində sığorta edilənlərə subsidiya ayıracaq. Təkrar sığorta siyasəti və sığorta risklərinin düzgün qiymətləndirilməsi nəticəsində bu sahədə dayanıqlı və effektiv fəaliyyət təmin ediləcək. Yeni sığorta mexanizmi 2020-ci ildən etibarən işə salınacaq.
Kadr hazırlığı. Aqrar sahənin inkişafı müasir dövrün tələblərinə cavab verən peşəkar mütəxəssislərin hazırlanmasından əhəmiyyətli dərəcədə asılıdır. Kənd təsərrüfatının inkişafı bu sahəyə marağı daha da gücləndirib. Ölkədə aqrar mütəxəssislərin hazırlanmasında əsas rolu Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) oynayır. 2019/2020-ci tədris ilində ADAU-ya ayrılmış 1485 yerdən 1368 yerə tələbə qəbul olunub. Bu, ADAU tarixində ən yüksək göstəricidir. Qəbul imtahanlarının ilk mərhələsində ADAU-nun kənd təsərrüfatı ixtisasları üçün nəzərdə tutulmuş yerlərin mütləq əksəriyyəti dolub ki, bu da abituriyentlər arasında aqrar ixtisaslara marağın artmasının göstəricisi sayıla bilər. Azərbaycan Dövlət Aqrar Universitetində təhsilin stimullaşdırılması üçün tədbirlər davam etdirilir. Ali məktəblərə qəbul imtahanlarında 400-dən yuxarı bal toplamış və Azərbaycan Dövlət Aqrar Universitetini seçmiş tələbələrə 100 manat, 500-dən çox bal toplamış tələbələrə isə 200 manat əlavə təqaüd verilir. Eyni zamanda, ADAU-da ingilis dilində təhsil alan tələbələrə əlavə olaraq hər ay 70 manat, imtahan sessiyaları zamanı 6 fəndən maksimum nəticə göstərmiş tələbələrə isə 100 manat əlavə təqaüd ödənilir.
Ölkəmizdə kənd təsərrüfatının davamlı inkişafı istiqamətində mühüm uğurlar əldə olunub. Bu uğurlar dövlətin həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Prezidentin dəfələrlə vurğuladığı kimi, ölkəmizdə dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur. Bu vətəndaşların böyük bir hissəsi ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında bilavasitə iştirak edən kənd təsərrüfatı işçiləridir. Dövlətin fermerlərə verdiyi yüksək qiymətin təzahürü olaraq hər il noyabrın 1-i Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd edilir. Bütün fermerlər adından dövlətimizin başçısına aqrar sektorun inkişafına göstərdiyi yüksək qayğı və diqqətə görə minnətdarlığımızı bildiririk.
Kənd Təsərrüfatı Nazirliyinin kollektivi peşə bayramı münasibətilə bütün kənd təsərrüfatı işçilərini, əziz fermerlərimizi ürəkdən təbrik edir, onlara aqrar fəaliyyətlərində uğurlar arzulayır.

Paylaş:
Baxılıb: 600 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31