Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Regionlarda yeni su layihələrinin icrası uğurla həyata keçirilir

Regionlarda yeni su layihələrinin icrası uğurla həyata keçirilir

09.11.2019 [10:06]

Hazırda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq ölkənin 50 şəhər və rayon mərkəzində içməli su təchizatı və kanalizasiya layihələri icra olunur
Son illərdə respublikamızda yüksək səviyyəli infrastruktur quruculuğu siyasəti çərçivəsində böyük iqtisadi və sosial əhəmiyyət daşıyan su layihələrinin icrası da uğurla davam etdirilir. Buraya həm içməli su layihələri, həm də meliorativ tədbirlər daxildir. Ötən 16 ildə reallaşdırılan içməli su və kanalizasiya layihələri ölkənin bütün bölgələrini əhatə edib və nəticədə respublika üzrə əhalinin yüksəkkeyfiyyətli su ilə təchizatında dönüş yaranıb. Əgər 2004-cü ildə ölkədə fasiləsiz içməli su ilə təminat 26 faiz səviyyəsində idisə, 2019-cu ilin əvvəlində bu göstərici 67 faizə çatdırılıb. Ümumilikdə, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq ölkənin 50 şəhər və rayon mərkəzində içməli su təchizatı və kanalizasiya layihələri icra olunur. İndiyədək bu şəhərlərin 30-da su və kanalizasiya, 11-də isə su layihələrinin icrası yekunlaşıb. İstifadəyə verilən yeni layihələr hesabına respublikanın yüksəkkeyfiyyətli içməli su ilə təchiz olunan şəhər və kəndlərinin coğrafiyası getdikcə genişlənir.
Ağdaş şəhərində 47 min nəfərin içməli su təminatı yaxşılaşacaq
Əlamətdar haldır ki, Prezident İlham Əliyev ölkə üzrə istifadəyə verilən infrastruktur obyektlərinin, o cümlədən də yüksək səviyyədə qurulan su və kanalizasiya sistemlərinin istifadəyə verilməsi mərasimlərində şəxsən iştirak edir. Belə əlamətdar tədbirlərə qatılan dövlət başçımız həm layihələrin necə icra olunduğu ilə maraqlanır, Özünün dəyərli tövsiyələrini verir, həm də yerlərdə vətəndaşların arzu və istəkləri ilə maraqlanır, həlli vacib olan problemləri bilavasitə onların dilindən öyrənir. Yeri gəlmişkən, elə bu günlərdə Prezident İlham Əliyev regionlara son səfəri çərçivəsində Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində iştirak edib.
Tədbirdə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına layihə çərçivəsində görülən işlərlə bağlı məlumat verib. Bildirilib ki, 2008-ci ildə “Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin həyata keçirilməsinə başlanılıb və layihə mərhələlərlə icra olunub. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Ağdaş şəhərində 47 min nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Eyni zamanda, 20 min sakinin yaşadığı 13 kəndə də içməli suyun verilməsi nəzərdə tutulub. Ümumilikdə bu layihədən 67 min nəfər sakin faydalanacaq. Rayon mərkəzini və ətraf kəndləri içməli su ilə təmin etmək üçün mənbə olaraq yeraltı sular seçilib. İlkin mərhələdə Türyançayın məcrasında 2 kəşfiyyat quyusu qazılıb. Mənbədə aparılan tədqiqatlar suyun keyfiyyətinin mövcud standartlara uyğunluğunu təsdiqləyib. Araşdırma zamanı məlum olub ki, mənbənin məhsuldarlığı da optimal səviyyədədir, şəhər mərkəzi və ətraf kəndləri davamlı olaraq su ilə təmin etməyə imkan verir. Bütün bunlar nəzərə alınaraq ümumi məhsuldarlığı saniyədə 240 litr olan 8 subartezian quyusu qazılıb. Su mənbəyində yerləşən qurğuların Türyançayda baş verə biləcək sel və daşqınlardan mühafizəsi məqsədilə müvafiq tədbirlər görülüb. Subartezian quyularından qəbul olunan suyun toplanması və optimal paylanması üçün tutumu 10 min kubmetr olan 2 su anbarı inşa edilib. Əhaliyə verilən içməli suyun keyfiyyətinin standartlar səviyyəsində saxlanılması məqsədilə zərərsizləşdirici qurğu inşa edilib. Anbarlardan şəhər şəbəkəsinə və ətraf kəndlərə suyun nəqli məqsədilə ümumi uzunluğu 13 kilometr olan, 560 millimetr diametrli polad borulardan ibarət 2 magistral su xətti çəkilib. Layihə çərçivəsində Ağdaş şəhərində 183 kilometr içməli su şəbəkəsinin inşası tam başa çatıb və 7500 ev birləşməsi və su sayğacı quraşdırılıb. Şəhər əhalisi yeni tikilmiş şəbəkə vasitəsilə 24 saat keyfiyyətli içməli su ilə təmin olunacaq. Layihə çərçivəsində yeni yaradılmış infrastruktur hesabına şəhər mərkəzinə yaxın və magistral su xəttinin marşrutu boyu yerləşən 5 kəndə içməli su verilib. Hazırda Qaradağlı, Zeynəddin, Gürcüva, Nehrəxəlil kəndlərinin və Ləki qəsəbəsinin bir hissəsində 10 mindən çox sakinin içməli su təchizatı yaxşılaşdırılıb. Gələcəkdə daha 8 kəndə içməli suyun verilməsi nəzərdə tutulur. Bununla da həmin kəndlərdə 11 minədək sakinin keyfiyyətli içməli suya çıxışı təmin ediləcək.
Qeyd edilib ki, yeni layihənin icrasına qədər şəhərə içməli su Türyançay çayının yatağında quraşdırılmış drenaj sistemi vasitəsilə verilirdi. Şəhərdə 32 kilometr paylayıcı şəbəkə mövcud olmuşdur və içməli su fasiləli rejimdə verilirdi. 24 min sakinin təxminən 50 faizinə xidmət göstərilirdi. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi.
Ağdaş şəhərinin kanalizasiya şəbəkəsi tamamilə yenidən qurulub
Respublikamızın digər bölgələrində olduğu kimi, Ağdaşda da yeni layihə çərçivəsində həmçinin şəhərin kanalizasiya şəbəkəsi də müasir səviyyədə yenidən qurulub. Tədbirdə bu barədə də ətraflı məlumat verilib. Bildirilib ki, şəhərin yeni kanalizasiya şəbəkəsi yaradılarkən perspektiv inkişaf nəzərə alınıb. Şəhər ərazisində 166 kilometr kanalizasiya şəbəkəsi tikilib. Hər bir evin və obyektin kanalizasiya şəbəkəsinə qoşulması təmin edilib. Şəhərdə yaranan tullantı sularının təmizləyici qurğuya ötürülməsi məqsədilə kanalizasiya nasos stansiyası və 9,6 kilometr uzunluğunda əsas daşıyıcı kollektor inşa edilib. Yaranan tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədilə şəhərin cənub hissəsində məhsuldarlığı sutkada 10 min kubmetr olan təmizləyici qurğunun tikintisi yekunlaşmaq üzrədir.
Qeyd edək ki, indiyədək Ağdaş şəhərində kanalizasiya infarstrukturu qismən mövcud idi. Tədbirdə vurğulanıb ki, şəhərdə əvvəllər mövcud olmuş 18 kilometr kanalizasiya şəbəkəsi kiçik bir hissəni əhatə edirdi. Qurğuların texniki vəziyyəti də ürəkaçan deyildi və ayrı-ayrı ünvanlarda əslində istismara yararsız vəziyyətə düşmüşdü. Yeni layihənin tamamlanması ilə şəhər sakinlərinin illər boyu əziyyət çəkdiyi problemə birdəfəlik son qoyulacaq.
Qəbələ şəhərində 132 kilometr uzunluğunda içməli su şəbəkəsi yaradılıb
Azərbaycanın dilbər guşələrindən olan Qəbələ şəhərinin sakinləri də onların evlərinə yüksəkkeyfiyyətli su verilməsinin sevincini yaşayıblar. Prezident İlham Əliyev regionlara son səfəri çərçivəsində həmçinin Qəbələ şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsi mərasimində iştirak edib.
Tədbirdə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına məlumat verib ki, qədim tarixə və zəngin turizm imkanlarına malik Qəbələ şəhərində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə icra olunan layihə artıq yekunlaşıb. Bu layihənin icrası Azərbaycan hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi”, həmçinin dövlət investisiya proqramı çərçivəsində həyata keçirilib. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Qəbələ şəhərində 30 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
Qəbələ şəhərində əhalini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə Dəmiraparançayın yatağında 8 subartezian quyusu qazılıb. Su mənbəyindən Qəbələ şəhərinə 10,5 kilometr magistral su xətti çəkilərək yeni şəbəkəyə birləşdirilib. Layihə çərçivəsində şəhərdə ümumi tutumu 10400 kubmetr olan 6 su anbarı, xlorator qurğusu və laboratoriya binası inşa edilib.
Diqqətə çatdırılıb ki, görülən işlər nəticəsində şəhərdə 132 kilometr içməli su şəbəkəsi yaradılıb, 7 mindən çox abonent yeni şəbəkəyə qoşulub və sayğaclaşma işləri aparılıb. Hazırda şəhər əhalisi yeni yaradılmış infrastruktur hesabına fasiləsiz rejimdə içməli su ilə təmin olunur. Şəhərdə 123 kilometrlik kanalizasiya şəbəkəsi və 8,2 kilometr uzunluğunda kanalizasiya kollektoru inşa edilib. Tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 4400 kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi yekunlaşıb.
Ölkə üzrə daha 5 şəhərdə içməli su layihəsi həyata keçiriləcək
Ölkəmizdə su layihələrinin icrası perspektivdə də davam etdiriləcək. İndiyədək paytaxt Bakı ilə yanaşı, bölgələrdə də çoxlu sayda su layihələri icra olunmasına baxmayaraq, bir sıra yaşayış məntəqələrinin mərkəzləşdirilmiş qaydada su ilə təchizatı hələ də öz həllini tapmayıb. Prezident İlham Əliyev Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimindən sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu məsələni bir daha gündəmə gətirib. Ölkədə reallaşdırılan su layihələrinin böyük sosial əhəmiyyət daşıdığını vurğulayan dövlətimizin başçısı “Bildiyiniz kimi, içməli su insan orqanizmi üçün ən vacib amildir. İçməli su problemi bir sıra ölkələrdə çox ciddi problem kimi qalır. Bəzi ölkələrdə insanların ömrünün uzunluğunun o qədər də böyük olmamasının səbəbi də içməli suya olan tələbatdır. Biz isə bütün şəhərlərdə bu layihələri icra edirik. İlk növbədə, Bakı şəhərində bunu icra etdik və çox müasir, dünya miqyasında ən böyük sutəmizləyici stansiya tikildi. İndi bütün şəhərlərdə bu layihələr ya icra edilib, ya da ki, icradadır. Cəmi beş şəhər qalıb ki, hələ orada işlər başlamayıb. Ancaq “Azərsu”ya göstəriş verildi ki, gələn ildən başlayaraq qalan bu beş şəhərin də içməli su problemi öz həlini tapsın”, - deyə bildirib.
Onu da vurğulamaq yerinə düşər ki, respublikamızda digər təyinatlı infrastruktur layihələri kimi, su layihələri də yüksək keyfiyyətlə icra olunur. Belə layihələrin tamamlandığı ərazilərdə həmçinin abadlıq işləri görülür, qazılmış çalalar operativ qaydada doldurulur, küçələrin asfalt örtüyü bərpa olunur.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 604 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30