Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İstilik təsərrüfatları qış mövsümünə tam hazırdır

İstilik təsərrüfatları qış mövsümünə tam hazırdır

15.11.2019 [10:06]

YAP İcra Katibliyində “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev mətbuat konfransı keçirib
Noyabrın 14-də Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev mətbuat konfransı keçirib.
Mətbuat konfransında İlham Mirzəliyev qış mövsümünə hazırlıq işləri ilə bağlı ətraflı məlumat verib. İ.Mirzəliyev bildirib ki, dünyanın bir çox dövlətlərinin qlobal böhranın məngənəsində olduğu bir vaxtda ölkəmizdə aparılan böyük abadlıq və quruculuq işləri, irimiqyaslı infrastruktur layihələrinin reallaşdırılması, inkişaf, tərəqqi təkcə iqtisadi, sosial sahələrdə deyil, həyatımızın bütün sferalarında özünü büruzə verir. Onun sözlərinə görə, ölkənin sürətli iqtisadi inkişafı, həyata keçirilən sosial siyasət əhalinin maddi durumunun yaxşılaşması və rifah halının yüksəldilməsinin başlıca şərtlərindəndir: “Heç kimə sirr deyil ki, ölkəmizin bütün sahələr üzrə əldə etdiyi nailiyyətlərin əsasını Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi strategiya təşkil edir. Bütün bunlar ölkə iqtisadiyyatının və əhalinin yüksək standartlara cavab verən kommunal xidmətlərlə təchiz edilməsi ilə bağlı bu xidmətləri göstərən müəssisələr qarşısında daha məsul vəzifələr qoyur. Bu baxımdan bu gün aktual əhəmiyyət kəsb edən məsələlərdən biri də ölkədə dayanıqlı istilik təchizatı sisteminin yaradılması, əhalinin və iqtisadiyyatın etibarlı və keyfiyyətli istiliklə təmin edilməsi ilə bağlıdır. Ölkəmizdə istilik təchizatı sisteminin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 08 iyun 2005-ci il tarixli 847 saylı Sərəncamı bu sahədə çox ciddi bir dönüşün əsasını qoyub. 2005-ci ildə “Azəristiliktəchizat” ASC yaradılanda uzun illər fəaliyyət göstərməyən, tamamilə dağılmış vəziyyətdə olan istilik təsərrüfatlarının bərpa ediləcəyinə, bəlkə də, çoxlarının inamı yox idi. Lakin ötən illər ərzində ölkə Prezidentinin birbaşa göstərişi və dəstəyi nəticəsində bu sahədə əhəmiyyətli işlər görülüb, ilk növbədə təhsil və səhiyyə müəssisələrində istilik sistemlərinin bərpası ilə bağlı çoxsaylı layihələr icra edilib, yaşayış binalarında istilik sistemlərinin bərpasına başlanılıb və ən vacibi, istilik sistemlərinin bərpasına inam hissi artıb”.
İ.Mirzəliyev deyib ki, təmsil etdiyi qurumun strategiyasının 3 əsas prinsipi var. Bunlardan birincisi ötən əsrin 60-70-ci illərinin texnologiyalarına əsasən yaradılan və bu gün qeyri-effektiv fəaliyyət göstərən həddən artıq mərkəzləşdirilmiş rayon istilik qazanxanalarının əhatə dairəsinin məhdudlaşdırılması və tədricən ləğv edilərək müasir avadanlıqlar quraşdırılmaqla məhəlli qazanxanaların yaradılmasıdır. İkincisi istiliklə təmin edilməyən ərazi və binaların müəyyənləşdirilməsi, optimal istilik variantlarının seçilməsi, müvafiq olaraq yeni istilik sistemlərinin qurulması və üçüncüsü mövcud istilik mənbələrinin modernləşdirilməsidir.
“Azəristiliktəchizat” ASC-nin sədr müavini söyləyib ki, bununla bağlı 2005-2019-cu illərdə Bakı şəhərində və respublikanın regionlarında 172 yeni istilik mənbəyi yaradılıb, 109 köhnə tipli qazanxana müasir avadanlıqlar quraşdırılmaqla modernləşdirilib, 57 istilik məntəqəsi yenidən qurularaq müasir qazanxanaya çevrilib, 278 qazlaşdırma layihəsi icra edilib, 1900-ə yaxın yaşayış binası, 400-ə yaxın təhsil və səhiyyə müəssisəsində istilik sistemləri əsaslı təmir olunub: “Ümumilikdə, 2005-2019-cu illərdə istilik təchizatının bərpası və yaxşılaşdırılması tədbirləri çərçivəsində 2700-dən artıq layihə icra edilib ki, bu da öz növbəsində istilik təchizatının əhatə zonasının genişləndirilməsinə, istiliyin keyfiyyət parametrlərinin yaxşılaşdırılmasına imkan verib. Həyata keçirilən tədbirlər hazırda 550 qazanxana istismar edilməklə 3800 yaşayış binası, 291 məktəb, 150 uşaq bağçası, 159 səhiyyə obyekti və 1300 digər sosial obyekti istiliklə təmin etməyə imkan verib ki, bu da 2004-2005-ci illərlə müqayisədə istilik mənbələrinin sayının 384 ədəd və ya 3,3 dəfə, yaşayış binalarının sayının 2812 ədəd və ya 3,8 dəfə, məktəblərin sayının 145 ədəd və ya 2 dəfə, uşaq bağçalarının sayının 66 ədəd və ya 1,8 dəfə, səhiyyə obyektlərinin sayının 98 ədəd və ya 2,6 dəfə, digər obyektlərin sayının 1209 ədəd və ya 14,3 dəfə artırılmasına imkan verib”.
İ.Mirzəliyev qeyd edib ki, istilik mənbələrinin və istiliklə təmin edilən sosial obyekt və yaşayış binalarının əhəmiyyətli dərəcədə artması ilə bərabər, həyata keçirilən tədbirlər texniki-iqtisadi göstəricilərin daha da yaxşılaşdırılmasına, istiliyin keyfiyyət parametrlərinin yüksəldilməsinə imkan verib. Ölkənin istilik təchizatı sistemlərində müasir avadanlıqların istifadəsi və yeniliklərin tətbiqi ilə bağlı işlər görülüb, ASC-nin mütəxəssisləri tərəfindən artıq geniş şəkildə istifadə edilən modul tipli daşınan istilik qazanxanası ilə bərabər, “Kombi” tipli istilik sistemlərinin tətbiqi ilə bağlı yeni layihə hazırlanıb, mövcud qanunvericiliyə uyğun olaraq bütün razılaşdırmalardan keçirilıb, uyğunluq sertifikatı alınaraq icrasına başlanıb. Bu qazanxanalar orta və kiçik həcmli təhsil, səhiyyə və digər sosial obyektlərin istilik təchizatı problemlərinin həllində əhəmiyyətli rol oynayır.
İ.Mirzəliyev istilik təchizatı sahəsində müəyyən problemlərin olduğunu da istisna etməyib. Onun sözlərinə görə, əsas problemlər sırasında layihə ilə nəzərdə tutulmuş bütün binaların mərkəzləşdirilmiş istilik təchizatı sisteminə qoşula bilməməsi, binadaxili sistemlərdə təmir-bərpa işlərinin zəruriliyi, mənzillərdə olan sistemlərin dəyişdirilməsi ilə bağlı çətinliklərdir: “Bu problemləri biz görürük və aidiyyəti dövlət orqanları, müvafiq icra hakimiyyəti orqanları və vətəndaşlarımızın özləri ilə birlikdə onların həll edilməsi üçün “Azəristiliktəchizat” ASC-nin səlahiyyətləri daxilində bütün tədbirlər görülməkdədir”.
Bildirilib ki, vətəndaşlar və ümumiyyətlə, istehlakçılar tərəfindən müraciətlərin asanlaşdırılması və operativ tədbirlərin görülməsi məqsədi ilə “Azəristiliktəchizat” ASC tərəfindən 956 saylı Çağrı mərkəzi və mərkəzi dispetçer xidməti 24 saat fasiləsiz olaraq fəailiyyət göstərir. “İstilik təchizatı sistemlərinin bərpası və yenidən qurulması ilə bağlı növbəti illər üçün tərəfimizdən tədbirlər planı hazırlanıb və bu tədbirlərə əsasən Bakı şəhəri və respublikanın regionlarında 110 yeni istilik mənbəyinin yaradılması, 84 mövcud qazanxananın modernləşdirilməklə yenidən qurulması və 2367 yaşayış binası və sosial obyektdə istilik sistemlərinin bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərin icrası mərkəzləşdirilmiş istilik təchizatı sisteminin əhatə dairəsi genişləndirilməklə xidmət səviyyəsinin daha da yaxşılaşdırılmasına imkan verəcəkdir. Bu dövrdə təqribən 950-yə yaxın yeni iş yerinin açılması proqnozlaşdırılır”, - deyən İ.Mirzəliyev əlavə edib ki, hazırda 2019-2020-ci illər qış mövsümünün başlanması ilə əlaqədar son tədbirlər görülməkdədir. Belə ki, respublikanın dağ və dağətəyi rayonlarında 1 noyabr tarixindən artıq işlər başlanıb, digər ərazilərdə, o cümlədən Bakı şəhərində 15 noyabr tarixindən başlanılması və mövsüm ərzində ASC-yə məxsus 550 qazanxana istismar edilməklə 3850 yaşayış binası, o cümlədən 180,0 mindən artıq mənzil, 290 məktəb, 150 uşaq bağçası, 160 səhiyyə müəssisəsi və 1600-ə yaxın digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində qazan aqreqatları, nasoslar, elektrik mühərrikləri təmir olunub, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənib, nəzarət ölçü cihazlarının və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilib, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunub, qazanxanalar ehtiyat avadanlıqlarla təmin edilib.
“Hesab edirəm ki, istilik təsərrüfatları qış mövsümünə tam hazırdır, onun uğurla başlanması və davam etdirilməsi üçün “Azəristiliktəchizat” ASC olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək. Qeyd etmək istəyirəm ki, hər bir müraciət, istər vətəndaşlar, istərsə də kütləvi informasiya vasitələri tərəfindən qaldırılan faktların dərhal araşdırılması, operativ olaraq zəruri tədbirlərin görülməsi üçün ASC-nin bütün strukturlarına müvafiq tapşırıqlar verilib”, - deyə İ.Mirzəliyev vurğulayıb.
“Azəristiliktəchizat” ASC-nin sədr müavini jurnalistlərin suallarına cavab olaraq bildirib ki, əhalinin istiliklə təchizatı ilə bağlı tariflərdə artım gözlənilmir. İ.Mirzəliyevin sözlərinə görə, bu gün binalarda istilik sisteminin quraşdırılmasında əsas problemlər binadaxili istilik təchizatı sistemindəki qüsurlardır. O deyib ki, hazırda 300-dək bina istilik təchizatı ilə təmin edilməyib: “Bizim hazırda “Azəriqaz” İstehsalat Birliyinə borcumuz var. Amma onu deyim ki, bu gün mövcud borc vətəndaşa təsir etməyəcək. Hazırda bizim xidmət ərazimizdə 4500-dək bina var. Amma onlardan 300-də istilik təchizatı praktik cəhətdən mümkün deyil. Bunlar Nərimanov, Nəsimi rayonları və şəhərin mərkəzində olan bəzi binalardır”.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 488 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31