Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı: ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi” mövzusunda keçirilən seminar başa çatıb

“Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı: ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi” mövzusunda keçirilən seminar başa çatıb

07.12.2019 [10:34]

Bakıda Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığı ilə “Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı: ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi” mövzusunda keçirilən seminar işini dekabrın 6-da davam etdirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov əqli mülkiyyət (ƏM) hüquqlarının müdafiəsinin təminatı sahəsində ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi, məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında geniş məruzə ilə çıxış edib.
Kamran İmanov dövlət başçısının apardığı məhkəmə-hüquq islahatları prizmasından praktikamıza aid bir neçə misalla seminar iştirakçılarını tanış edərək bunların məhkəmə təcrübəsindən irəli gəldiyini və onların seçiminin bir tərəfdən ƏM sahəsində real çətinlikləri, digər tərəfdən isə tipik yanlışları qabarıq göstərməkdən ibarət olduğunu bildirib.
Agentliyin rəhbərinin birinci misalı müəllif-hüquq məsələlərinə aid olub.
K.İmanovun məruzədə toxunduğu ikinci misal əqli mülkiyyət sahəsindəki mübahisələrdə hakimlərin xüsusi biliklərə malik olması, bu biliklərin hakimlərin müstəqilliyinin zəmanəti olması məsələsi olub. Vurğulanıb ki, qanunvericilikdə hakim müstəqilliyi Konstitusiya prinsipi bir sıra zəmanət mexanizmləri, o cümlədən siyasi, sosial-iqtisadi və hüquqi zəmanətləri ilə səciyyələnir. Hüquqi zəmanətlər isə təşkilati-hüquqi və prosessual-hüquqi tədbirlərdən ibarətdir.
Kamran İmanovun digər misalı hakimlərin ixtisaslaşması və ekspertizanın aparılmasının zərurəti ilə bağlı olub.
Kamran İmanov qarşıdakı digər konseptual məsələnin dövlət başçısının tapşırıqları çərçivəsində məhkəmə ekspertizalarının təyin edilməsi ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, ƏM üzrə münaqişələrdə çox vaxt əqli fəaliyyət nəticəsinin (ƏFN) məhkəmə ekspertizasının aparılması məqsədə müvafiqdir, hətta zəruridir. Çünki söhbət elm, ədəbiyyat və incəsənət əsərlərindən, yaxud dəqiq və təbiət elmlərinə aid yeniliklərdən gedir. Məhkəmə praktikasında qeyri-tipik ekspert məsələləri də mövcuddur. Bunların sırasında təsviri, həcmli, kombinasiyalı və s. əmtəə nişanlarının oxşarlıq səviyyəsinin müəyyən edilməsidir, yuxarıda sözü gedən proqram təminatının yenidən işlənməsidir (modifikasiya aparılmasıdır). Yaxud audiovizual, səhnə qrafik, xoreoqrafiya, memarlıq, geoloji və coğrafi (xəritələr) və digər bu növ əsərlərdən mənimsəmə faktlarının müəyyənləşdirilməsi. Bu ekspert işləri böyük kompetensiya və peşəkarlıq tələb edir.
Agentliyin rəhbəri məhkəmə praktikasında əqli mülkiyyət obyektlərinin təbiətindən irəli gələn, hakimlərin isə qərarların verilməsində vahid yanaşmanın və bu təcrübənin istifadəsinin tərəfdarı olduğu bir sıra incə məsələlərə də toxunub.
Qeyd olunub ki, inkişaf etmiş hüquq sistemlərində tarazlığı bərpa etmək və hüquq sahibinin ədalətsiz praktikasının qarşısını almaq məqsədilə bir sıra hüquqi mexanizmlər mövcuddur. Belə ki, ABŞ və Kanadada “utilitar funksionallıq” doktrinasına əsasən, faydalı məmulatlar, müəlliflik hüququ obyektlərinin mexaniki və ya utilitar aspektləri müəlliflik hüququ obyektləri sırasından çıxarılaraq, qanunvericilikdə müvafiq normalar vasitəsilə öz əksini tapmışdır.
Bu cür vəziyyətlərlə bağlı Azərbaycan qanunvericiliyində müvafiq normaların, məhkəmələrin qərarlarına da əsaslanan yuxarı məhkəmə orqanlarının tövsiyələrinin mövcud olmadığını vurğulayan K.İmanov bildirib ki, digər ölkələrin məhkəmə praktikasından məlumdur ki, yaranan şəraitdə məhkəmələrdə ümumiləşmiş müəyyən tövsiyələr işlənilir: əgər hüquq pozucusunun hərəkətləri sənaye nümunəsinin istifadəsi ilə bağlıdırsa, onun patent sahibi qorunmanı patent hüquqlarının müdafiəsi üsulları ilə həyata keçirə bilər. Hüquq pozuntusu sənaye nümunəsinin istifadəsi ilə bağlı deyilsə və pozucunun hərəkətləri əsərə müstəsna hüququn pozulmasına aiddirsə, o zaman qorunma müəllif-hüquq müdafiəsi çərçivəsində təşkil edilməlidir. Odur ki, məhkəmələr öz qərarlarında ƏM obyektinin pozucu tərəfindən istifadənin konkret üsullarının təhlilinə əsaslanmalıdır.
Vurğulanıb ki, bununla yanaşı, hüquqların prioriteti də nəzərə alınmalıdır.
Qeyd olunan tezislərin sonunda K.İmanov Agentliyin kvazi məhkəməsi - Apellyasiya Şurasında baxılmış iki qənnadı məhsul (əsasən konfetlər, peçenye, yoqurt, tortlar və s.) istehsal edən Azərbaycanın və xarici ölkənin (adlarını açıqlamırıq) firmaları arasında çoxsaylı əmtəə nişanları ilə bağlı mübahisəni misal gətirib. Mübahisənin hallarına əsasən, Azərbaycan və xarici firmaların arasında 2010-cu ildən distribüterlik müqaviləsi olmuşdur (Azərbaycan firması xarici firmanın Azərbaycanda distribüteri kimi çıxış etmişdir). Buna əsaslanaraq, xarici firma ona məxsus olan, lakin Azərbaycanda qeydə alınmamış nişanlara Azərbaycan firmasının oxşar nişanlarının Azərbaycanda qeydə alınmasının etibarsız hesab edilməsini iddia etmişdir. Bununla yanaşı, əmtəə nişanlarının oxşarlığı səbəbindən xarici firmanın müəlliflik hüququnun pozulması da iddia edilir. Apellyasiya Şurasının icraatında olan təxminən 20 işdən bir neçəsinə hazırda baxılmış, qalanları isə baxılmaqdadır. Verilən qərarla razılaşmayan tərəf məhkəmələrdə qərarların öz xeyrinə dəyişməsi məqsədilə iddialara münasibətdə məhkəmələrin qərarlarının müxtəlif yanaşması müşahidə olunur.
Agentliyin rəhbəri müəlliflik hüququnun pozulması məsələsi üzərində də dayanıb. O bildirib ki, Azərbaycan qanunvericiliyində müvafiq qanunun 6 maddəsində qeyd olunduğu kimi, “müəlliflik hüququ sahibinin və ya onun varisinin razılığı olmadan Azərbaycan Respublikasında məşhur elm, ədəbiyyat, incəsənət əsərləri, onların personajları, onlardan sitatlar və ya onların fraqmentləri əmtəə nişanlarının qeydə alınmaqdan imtina edilməsinə “digər əsaslar” sırasında çıxış edir” burada “məşhur” sözünün “tanınan” mənasında istifadəsi məqsədə uyğundur.
Əksər hüquqşünasların fikrinə əsasən, müəlliflik hüququ qanunvericiliyi ilə qorunan obyektin əmtəə nişanı kimi qeydə alınması yalnız bu obyektin hüquq sahibinin icazəsi ilə həyata keçirilə bilər. Məlumdur ki, obyektiv əks olunmuş yaradıcılıq əməyi nəticəsində əqli fəaliyyət nəticəsi müəlliflik hüququ ilə qorunur. Yəni qorunma qanunun tələblərinə uyğun olaraq təsbit edilir və heç bir əlavə formalçılıq, o cümlədən dövlət orqanı tərəfindən aparılan qeydiyyatı tələb etmir. O zaman vacib bir məsələ ortaya çıxır: məhkəmələr əmtəə nişanında müəlliflik hüququ ilə qorunmanı hansı əsaslarla əldə etməlidirlər? Sirr deyildir ki, patent təşkilatları əmtəə nişanlarının ekspertizasını apararkən və qeydə alarkən, nadir hallarda müəlliflik hüququnun mövcudluğunu nəzərə alırlar (bunun izahı mövcuddur) və bu məsələ adətən apellyasiya orqanlarının və məhkəmələrin üzərinə düşür. Lakin biz nəzərə almalıyıq ki, Azərbaycanın müəllif-hüquq qanunvericiliyi MDB və bir sıra Avropa ölkələrinin qanunvericiliyindən fərqli olaraq, hüquq sahibinə könüllü əsaslarla Əqli Mülkiyyət Agentliyində əsərin qeydiyyatı imkanını yaradıb. Bu növ mübahisələr zamanı istər Apellyasiya şuraları, istərsə də məhkəmələr əsərin qeydiyyatı haqqında Şəhadətnamənin təqdim olunması tələbini irəli sürmək səlahiyyətindədirlər. Əsərin qeydiyyatı haqqında qorunma sənədi hüquqların tanınması (qorunması) və müdafiəsinin təmin edilməsi arasındakı körpüdür və məhkəmələrdə mübahisəli hallarda adətən müəlliflik hüququ prezumpsiyası kimi çıxış edir. Hüquqların verilməsi ilə bağlı müstəsna hüquqların keçməsi, lisenziya müqavilələri də agentlikdə qeydə alınır. Sənədlər təqdim edilmədiyi halda məhkəmənin səlahiyyətləri çərçivəsində ekspertiza aparıb, müəlliflik hüquqlarına qorunmanın təsdiqi alınmalıdır.
K.İmanov məruzəsinin sonunda car il aprelin 30-da dövlət başçısının Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin yığıncağındakı sözlərini xatırladıb: “... Bildiyiniz kimi, bu yaxınlarda məhkəmə-hüquq sahəsində islahatlarla bağlı Fərman imzalanmışdır. Hesab edirəm ki, onun icrası bu sahədə də ciddi dönüşə səbəb olacaq. Yəni biz gərək hər bir sahədə irəli gedək. Yeniliklər, müsbət təcrübə, dünyada mövcud olan ən mütərəqqi yanaşma Azərbaycanda tətbiq edilməlidir...”
Agentliyin rəhbəri hakimlərimizin bilik və peşəkarlığına inamını təsdiqləyərək, Prezident İlham Əliyevin tapşırığını birgə yerinə yetirmək işində müvəffəqiyyətlər arzulayıb.
Seminarda Haaqa Məhkəməsinin baş hakimi Edqer Brinkman patent məsələlərindən danışıb, patentin qüvvədə olma müddəti, qorunma sahəsi, əlavə qorunma barədə məlumat verib. O, patentin müxtəlif ixtiralar üçün verildiyini xatırladıb. Bildirib ki, patentin verilməsi ixtiralara dair bütün hüquqların hüquq sahibinə aid olmasını bildirir.
Məruzəçi patentlərin verilməsindən, müxtəlif sahələr üzrə patentləşmənin xüsusiyyətlərindən söz açıb. Bildirib ki, hər bir sahə üzrə, məsələn, mexanika, fizika, kimya, elektrotexnologiya üzrə müxtəlif ekspertizaların keçirilməsi tələb olunur. Bu mənada o, mobil telefonların istehsalına toxunaraq bildirib ki, bunun üçün müxtəlif sahələrə aid çoxsaylı ixtiralar patentləşdirilib. Farmakologiya sahəsi isə demək olar ki, bütövlükdə patent üzərində qurulub.
Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktoru Xudayət Həsənli “Əmtəə nişanlarının qorunma şərtləri və qeydiyyatının qüvvədə olma müddəti” mövzusunda məruzə ilə çıxış edib. X.Həsənli əmtəə nişanının qorunmasının şərtləri, əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydiyyatının qüvvədəolma müddəti, kollektiv əmtəə nişanın təkrar qeydiyyatı, əmtəə nişanının etibarsız sayılmasının şərtləri barədə ətraflı məlumat verib. O bildirib ki, əmtəə nişanı sahibkarın əmtəələrini və xidmətlərini digər sahibkarın əmtəə və xidmətlərindən fərqləndirən göstəricidir. Qeydiyyat üçün təqdim olunan əmtəə nişanı sözlərdən, şəxsi adlardan, hərflərdən, rəqəmlərdən, təsviri elementlərdən, əmtəələrin formasından və ya onların qablaşdırılmasından, yaxud rənglərin və yuxarıda göstərilənlərin hər hansı formada uzlaşmasından ibarət olmalıdır.
Məruzəçi geniş tanınmış əmtəə nişanını səciyyələndirən əlamətləri nəzərə çatdırıb, əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydiyyatının ləğvi şərtlərindən söz açıb.
Əqli Mülkiyyət Agentliyinin Hüquq, apellyasiya və daxili nəzarət şöbəsinin müdiri İqbal Əsgərov məruzəsində əqli mülkiyyət hüquqlarının pozuntularına qarşı hüquqi müdafiə vasitələrindən danışıb. O, əqli mülkiyyət sahəsini tənzimləyən Azərbaycan Respublikasının müvafiq qanunlarından bir sıra maddələrin mətnini diqqətə çatdırıb, onların mahiyyətini izah edib. Tədbir çərçivəsində ÜƏMT-nin Hüquq İnstitutunun nümayəndəsi xanım Nahal Zebarcadinin moderatorluğu ilə dəyirmi masa keçirilib. Dəyirmi masada hakimlərin və mütəxəssislərin iştirakı ilə “Azərbaycanda əqli mülkiyyət hüquqlarının məhkəmə-hüquq vasitələri ilə nizamlanmasının imkanları” mövzusunda müzakirələr aparılıb, suallar cavablandırılıb.

Paylaş:
Baxılıb: 316 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30