Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ömür davam edir...

Ömür davam edir...

17.01.2020 [09:33]

Həyatda insanlar müxtəlif cür olurlar. Elələri var ki, yaşadığı illəri, sadəcə, boşa verirlər, əməlisaleh bir iş görmürlər. Onlar üçün ağla qaranın, isti ilə soyuğun heç bir fərqi yoxdur. Belələrinin varlığı ilə yoxluğu bir o qədər də hiss olunmur, həmişə diqqətdən kənarda qalırlar. Elə insanlar da var ki, dəyişməz əqidəsi və əməlləri ilə özünün, necə deyərlər, yaddaşlara həmişəlik həkk olunan obrazlarını yaradırlar. Tam qətiyyətlə demək mümkündür ki, haqqında yazmaq istədiyimiz Xeyrəddin Qoca həyatda öz izini qoyan və öz obrazını yaradan insanlar sırasında yer alır. Xeyrəddin Qoca elə insandır ki, o, həmişə daşıdığı vəzifələrin rəsmiyyət çərçivələrindən kənara çıxıb, daxilən azad olub, işinə bir səmimiyyət, isti ovqat da qatıb və elə bu kimi cəhətlərinə görə də başqalarından fərqlənib, özünə qarşı böyük maraq yaradıb.
Xeyrəddin Qoca ilə 70 illik yubileyi ərəfəsində görüşdük - 2020-ci il yanvarın 29-da 70 yaşı tamam olur. “Facebook”da bir statusunda yazıb ki, iki 35-i haqlamaqdadır. Soruşduq ki, Xeyrəddin müəllim, niyə belə yazmısınız, bəlkə, siz də bir vasitə ilə yaşınızı gizlətmək istəyirsiniz və buna nə hacət var? Sualımıza özüsayağı zarafatla cavab verdi, dedi ki, artıq iş-işdən keçib, yaşı gizlətməyə də lüzum yoxdur: “Mən gizlətməklə deyil ki, ömrün hansı çağında olduğunu təsdiqləyən ağarmış saçlar, oturuş-duruş kimi o qədər dəlil-sübutlar var ki... Sadəcə, istəmişəm ki, söhbətə bir qədər duz-məzə qatım, onsuz da 35-in üstünə bir 35-də gələndə 70 edir. Əsas məsələ bu quru 70 rəqəmində deyil. Əsas məsələ yeddi onillikdə gördüyün işlərdir, əməllərindir, təsdiqlədiyin “mən”dir, yaratdığın obrazdır”.
Xeyrəddin Qocanın şəxsiyyəti, fəaliyyəti və yaradıcılığı müxtəlif rakruslardan dəyərləndirilir. Ancaq baxış bucaqları fərqli olsa da, onun müsbət obrazı ümumiləşdirici amil qismində çıxış edir. Dostlarının, tanıyanların dediklərinə görə, Xeyrəddin Qoca səmimi, təvazökar insandır. Qəlbində kin-küdurətə qətiyyən yer yoxdur. Azərbaycanın ictimai fikrində ümumiləşən qənaət ondan ibarətdir ki, o, daim dövlətçilik mövqeyində dayanan, əqidəsi ilə sözü, əməli üst-üstə düşən qələm adamları sırasında yer alır. Çoxsaylı oxucularının mülahizələrinə görə isə Xeyrəddin Qoca vətənpərvər publisist, hədəfi doğru nişan alan və sadə dillə “maralları”nın dolğun portretini yaradan satira ustası, istedadlı nasirdir. Onun böyük ustalıqla qələmə aldığı əsərlər janr və mövzu müxtəlifliyi ilə fərqlənir. Fəqət müəllifin dəst-xətti, yanaşması, bədii “priyom”ları, az qala hər sətirdə diqqəti çəkən vətənpərvərliyi, xəlqiliyi və milliliyi bu əsərlərin ümumi qayəsini, spesifikliyini, məhz Xeyrəddin Qocaya məxsus olduğunu təsdiqləyir.
Xeyrəddin Qoca Azərbaycan cəmiyyətində ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində tanınmağa başlayıb. O dövr təlatümlü bir dövr idi. Sovet dönəminin xofu yaddaşlardan silinməmişdi. Bəziləri sürətlə cərəyan edən hadisələrin axarını, sabah nə baş verəcəyini aydın təsəvvür etməyərək mövqeyini bildirməkdən çəkinir, suların durulmasını gözləyirdi. Təbii ki, belə mövqesizlik Xeyrəddin Qocadan uzaq idi. Həmin təlatümlü dövrdə - hakimiyyətin dövləti idarə etmək iqtidarında olmadığı, müxtəlif qüvvələrin isə respublikanı vətəndaş qarşıdurmasına çəkdiyi bir zamanda ölkənin, xalqın yeganə xilaskarının - Ulu Öndər Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə dəvət edilməsi təşəbbüsü ilə çıxış ziyalılardan biri də Xeyrəddin Qoca idi. O, vətəndaş mövqeyi ilə qələmə aldığı çoxsaylı məqalələrində həm siyasi əleyhdarlarının cavabını verir, həm də uzaqgörən dövlət xadimi Heydər Əliyevin respublikanı xilas edə biləcək yeganə rəhbər ola biləcəyi ideyasının təbliğinə özünəməxsus töhfələr verirdi. O, Heydər Əliyev haqqında keçmiş İttifaqın və Azərbaycanın kommunist mətbuatında yazılan böhtan və iftiralara çoxsaylı yazıları ilə cavab verirdi. Bu yazılarına görə də müəllif təqiblərə məruz qalırdı. Əvvəlcə Azərbaycan Korlar Cəmiyyətinin orqanı olan “Dan Ulduzu” qəzetindəki redaktor vəzifəsindən, daha sonra “Mədəniyyət” qəzetində baş müxbir vəzifəsindən uzaqlaşdırılması da bu səbəblə bağlı idi. X.Qocanın Ulu Öndər Heydər Əliyevə həsr olunmuş silsilə məqalələri hakimiyyətdəkiləri qane etmir, o işindən kənarlaşdırılırdı. “Sərhəd” qəzetində isə cəmi 11 gün işlədi. Bu dəfə Xeyrəddin Qoca Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevlə görüşüb Ondan müsahibə almaq üçün muxtar respublikaya getmişdi. Geri qayıtdıqdan sonra qəzetin rəhbərliyi tərəfindən narazılıqla qarşılandı və bu görüş onun növbəti iş yerindən də uzaqlaşdırılması ilə nəticələnmişdi... “Mozalan” qəzetində redaktor müavini vəzifəsini tərk etməsi də eyni səbəblə bağlı idi.
Ulu Öndər Heydər Əliyevin Özü zamanında Kommunist Partiyasının sıralarını tərk edərkən qeydiyyatda durduğu SSRİ Nazirlər Kabinetinin partiya təşkilatına ünvanladığı məktub - bəyanatında Onu müdafiə edən jurnalistlərin təqiblərə məruz qaldığına xüsusi diqqət çəkərək yazmışdı: “...Azərbaycanda mənim çıxışlarımı dərc edən qəzet redaktorları, jurnalistlər işdən çıxarılıb, təqiblərə məruz qalırlar...”
O zamankı hakimiyyət orqanlarının təqiblərinə, bəzən də həmkarlarının tənqid dolu atmacalarına baxmayaraq, Xeyrəddin Qoca prinsiplərindən dönmür, öz işini görürdü. O sonralar da müxtəlif mətbuat orqanlarında Heydər Əliyev haqqında yazılan böhtanlara öz kəskin, əsaslandırılmış, Azərbaycan xalqının Ulu Öndərə rəğbətini ifadə edən məqalələri ilə cavab verirdi.
Ulu Öndər Heydər Əliyev 1990-cı il iyulun 20-də Moskvadan Bakıya qayıdanda aeroportda Onu qarşılayanlardan biri də Xeyrəddin Qoca idi. Təəssüf ki, respublikanın o vaxtkı rəhbərliyi Heydər Əliyevin Bakıda qalmasına imkan vermədi və O, doğulduğu doğma məkana - Naxçıvana üz tutmaq məcburiyyətində qaldı. Çətin şəraitdə yaşayan Naxçıvan əhalisi Ulu Öndəri böyük hörmətlə, duz-çörəklə qarşıladı. Məşhur “91-lər”in 16 oktyabr 1992-ci ildə məlum müraciətindən sonra Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasına razılıq verdi. Ulu Öndər YAP-ın 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirilən təsis konfransında partiyanın Sədri seçildi. Partiyanın Siyasi Şurasına seçilən üzvlər sırasında Xeyrəddin Qoca da var idi. Xeyrəddin Qoca xatırlayır: “Yeni yaradılan YAP o vaxtkı hakimiyyətə qarşı siyasi müxalifətdə idi. Yaxşı yadımdadır, Heydər Əliyev Bakıya gəlmişdi və partiya üzvləri ilə görüş keçirirdi. Görüşün sonunda partiyanın qəzetinin yaradılması barədə müzakirələr oldu. Aparılan müzakirələr nəticəsində qəzetin “Yeni Azərbaycan” adlandırılması ilə bağlı razılığa gəlindi. Bir qədər sonra - 1993-cü il martın 26-da bir qrup partiya fəalı ilə Naxçıvanda Heydər Əliyevin yanında olarkən Ulu Öndər məni qəzetin baş redaktoru təyin etdiyini bildirdi. Ulu Öndər Özünün dəyərli tövsiyələrini də verdi, həmçinin qəzetin nəşrini təşkil etməyi, Nizamnaməsini hazırlamağı tapşırdı, sonra da əlavə etdi ki, aprelin 10-dək qəzetin ilk sayı işıq üzü görməlidir. Əlbəttə, çətin tapşırıq idi - işçi heyəti, maddi-texniki baza yox idi, maliyyə tapmaq lazım idi. Lakin kiçik bir heyətlə çətinliklərin öhdəsindən gəldik. Beləliklə, 1993-cü il aprelin 10-da - Ulu Öndər Heydər Əliyevin dediyi gün qəzetin ilk sayı çapdan çıxdı. Bu sanki ilk müjdə idi. “Yeni Azərbaycan”ın ilk sayında Ulu Öndərin təbrikini də dərc etmişdik. Baş redaktor kimi mənim sevincimin həddi-hüdudu yox idi. Artıq mən Ulu Öndərimizin parlaq ideyalarını təbliğ etmək üçün qadağasız-filansız bir tribuna qazanmışdım. Əlbəttə, o dövrdə qəzet buraxmağın özünəməxsus çətinlikləri var idi - nə gizlədim, bəzən kağız qıtlığına, maddi vəsait çatışmazlığına görə qəzetin çapının dövrəliyi pozulurdu. Ancaq Heydər Əliyev tez maraqlanıb lazımi kömək göstərirdi. Onun nəzərindən heç nə yayınmırdı. O, “Yeni Azərbaycan”ın kollektivinə böyük qayğı ilə yanaşırdı.
Mən “Yeni Azərbaycan”ın baş redaktoru vəzifəsində çalışarkən 1995-ci ildə Milli Məclisin deputatı seçildim. 1997-ci ildə Prezident Heydər Əliyevin müvafiq Sərəncamı ilə Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu təyin edildim və mənə “1-ci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi” diplomatik rütbəsi verildi. Baş konsul işlədiyim müddətdə Türkiyədəki diplomatik korpusun nümayəndələri ilə sıx təmaslar quraraq zəngin mədəniyyətimizin, Azərbaycan reallıqlarının, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin təbliğinə çalışırdım. Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə mən də hansısa bir töhfə verdiyimə görə özümü xoşbəxt sanıram”.
Təbii ki, yeddi onilliyin zirvəsində Xeyrəddin Qocanın həyat və fəaliyyəti barədə söhbət açarkən onun bədii yaradıcılığının məziyyətlərini xüsusi qeyd etmək lazım gəlir. Xeyrəddin Qoca gərgin siyasi fəaliyyətlə paralel şəkildə, həm də özünün dediyi kimi, onu xalqa, cəmiyyətə daha yaxın edən və sevdirən qələminə sadiq qalıb. Xeyrəddin Qocanın bədii yaradıcılığının, qələmə aldığı mövzuların əhatə dairəsi kifayət qədər genişdir. Öz zəmanəsində xalqını aydınlıq və firavanlıq içində görməyi arzulayan Xeyrəddin Qoca ustalıqla qələmə aldığı publisistik yazılarında, hekayə və pyeslərində həm həyatımızda köhnədən qalmış eybəcərliklərə, həm də müasir dövrümüzün nadanlıqlarına, çatışmazlıqlarına vətəndaş-yazıçı münasibətini ortaya qoyub. Xeyrəddin Qocanın incə yumoru, necə deyərlər, xalq dili ilə verdiyi sətiraltı nəsihətləri oxucunu düşündürür, onu başımıza gələn bəlalardan, çəkdiyimiz müsibətlərdən ibrət dərsi götürməyə çağırır. Yazıçı “Filankəslər” (1995), “Hərə öz payını götürsün” (1998), “Marallar” (2000), Türkiyədə nəşr olunmuş “Bu dünyadan məktublar...” (2002), “Gərək yazam...” (2003), “Hərənin öz payı...” (ikihissəli komediya) (2003), “Pyeslər” (2004), “Bu da belə həyatdır...” (2008), “Biz bizə bənzərik...” (2010), “Yazdıqlarım... Yazılanlar...” (2018) və s. kimi kitablarının müəllifidir.
Xeyrəddin Qoca həmçinin böyük türk satiriki Əziz Nesinin bir sıra əsərlərini dilimizə çevirib. Qeyd etdiyimiz kimi, ədibin bədii yaradıcılığı çoxşaxəlidir. Onun “Hərənin öz payı...” adlı satirik komediyası 2002-ci ildə Akademik Milli Dram Teatrının səhnəsində oynanılıb, “Vəzifə dəlisi” pyesi isə 2014-cü ildə C.Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrında tamaşaya qoyulub. Yazıçının “Qonşulaşma, qohumlaşma, kirvələşmə” adlı komediyası Azərbaycan Dövlət Televiziyasında ekran həyatı tapıb (2004). Bundan başqa, onun “Düzü düz, əyrini əyri” (2006), “Bu bizim zəmanədir” (2007), “Toy olacaq” (2008) adlı pyesləri Azərbaycan Milli Radiosunun tamaşaları kimi efirdə səsləndirilib və böyük rəğbət qazanıb.
Ədibin həyat və yaradıcılığından bəhs edən çoxlu sayda kitabın, resenziyanın çap edilməsi onun əsərlərinə olan böyük marağın ifadəsidir. İndiyədək müxtəlif nəşriyyatlarda işıq üzü görən “Xeyrəddin Qoca” (foto-kitab) (2000), “Ömür belə keçir...” (2005) və “Həyati proseslərin axarında...” (2013) adlı kitablar bu qəbildəndir. “Çinar-çap” nəşriyyatı “Xeyrəddin Qocanın gülüşü” adlı miniatür kitab nəşr edib (2007). İctimai Televiziyada yazıçı haqqında “Ömür belə keçir...” və “Bir kəndin nağılı” adlı filmlər çəkilib (2009). Heydər Əliyev Sarayında Xeyrəddin Qocanın yaradıcılığı ilə bağlı Azərbaycanda ilk dəfə “Bilirəm, səsim xoşunuza gəlməyəcək..” adlı satira gecəsi keçirilib və anşlaqla qarşılanıb (2003).
Xeyrəddin Qocanın məhsuldar yaradıcılığı çoxsaylı ədəbi mükafatlara layiq görülüb. Onun əməyi Azərbaycan dövləti tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, o, mədəniyyət və incəsənt sahələrində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb (2007-ci il), həmçinin Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib (2017-ci il).
Əlbəttə, bir qəzet məqaləsində uğurlu ömür yolu keçən Xeyrəddin Qocanın həyat və fəaliyyətinin, yaradıcılığının bütün məqamlarına diqqət çəkmək imkan xaricindədir. Qısa şəkildə xarakterizə etsək, deyə bilərik ki, o, keçdiyi ləyaqətli ömür yolu, ictimai-siyasi fəaliyyəti və məhsuldar yaradıcılığı ilə Azərbaycan cəmiyyətinin və geniş oxucu auditoriyasının sevimlisinə çevrilib. Bu, Xeyrəddin Qocanın böyük zəhmətlə qazandığı əbədi haqqıdır. Ömür isə davam edir. Xeyrəddin Qoca “neçə ki, qəlbimdə təpər, dizimdə güc var, xalqıma, Vətənimə, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət sayəsində getdikcə güclənən Azərbaycan dövlətinə xidmət göstərəcəyəm, məni dəyərləndirən oxucularıma xoş müjdələr bəxş etməyə çalışacağam” deyir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 250 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30