Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Meyvəçiliyin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir

Meyvəçiliyin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir

11.02.2020 [09:40]

Ötən il regionlarda meyvə bağlarından yığılan məhsulun əsas hissəsi xarici bazarlara ixrac edilib
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə iqtisadiyyatın digər sahələri kimi, aqrar sahə də sürətlə inkişaf etməkdədir. Dövlətimizin başçısı tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur. Göstərilən çoxşaxəli dövlət dəstəyi tədbirləri nəticəsində aqrar sahədə uğurlu inkişaf təmin edilir. Belə ki, dövlətimizin başçısının tapşırıqlarına əsasən, son illərdə aqrar sahədə ixracyönümlü məhsulların istehsalının təşviqi istiqamətində həyata keçirilən tədbirlər ölkədə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələrin əldə olunmasına gətirib çıxarıb, regionlarda əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına etibarlı zəmin yaradıb.
“Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda yekun nitqlə çıxış edən Prezident İlham Əliyev 240 milyon dollarlıq meyvə ixrac olunduğunu və artımın 11 faiz təşkil etdiyini bildirib: “Amma bu meyvənin içində fındıq da var. 125 milyon dollarlıq fındıq ixrac olunub, artım 33 faiz. Nəyin hesabına? Yenə də dövlətin hesabına. Mən o vaxt göstəriş verdim ki, fındıq bağları salınsın. Bizim 30 min hektar sahədə fındıq bağımız var idi. İndi biz bunu 80 min hektara çatdırmışıq”.
Yeri gəlmişkən, ötən il Daşkəsən rayonu üzrə 103,7 hektar bağlar və giləmeyvəliklər qeydə alınıb ki, onlardan da 84,9 hektarı bar verəndir. 2019-cu ildə bağlar və giləmeyvəliklərdən 644,9 ton məhsul toplanıb. Hər hektardan orta hesabla 76 sentner məhsul gotürülüb. Eyni zamanda, ötən il ərzində yeni bağlar salınıb.
Zaqatala rayonunda isə kənd təsərrüfatının ixrac potensialı yüksək olan sahələrindən biri də xurmaçılıqdır. 2019-cu ildə rayonun xurma bağlarından 6 min 658 ton məhsul tədarük olunub. Xurma istehsalı əvvəlki illə müqayisədə 1136 ton artıb. Hər hektar xurma bağından orta hesabla 192,4 sentner məhsul tədarük olunub. Məhsuldarlıq əvvəlki illə müqayisədə 28,4 sentner artıb. İstehsal olunan xurma satış üçün daxili bazarla yanaşı, Rusiyaya da ixrac edilib.
Hazırda rayonda mövcud xurma bağlarının ümumi sahəsi 387 hektardır. Bu bağların 336 hektarı barverəndir. Son illər rayonda 21 hektar sahədə yeni xurma bağları salınıb. Yeni bağlar salınarkən “Şişburun” xurma sortuna daha çox üstünlük verilir. Bazarlarda xurmanın bu sortuna tələbat yüksəkdir.
Ümumiyyətlə, əlverişli bazar mövqeyi qazandığına görə son illər xurma istehsalına maraq əksər dünya ölkələrində, eyni zamanda, bizim ölkəmizdə də artmaqdadır. Dünyanın bazar konyunkturasına uyğun şəkildə Azərbaycanda mövcud olan biznes mühitinə və dövlətin aqrar sahəyə yönəltdiyi dəstək siyasətinə uyğun olaraq meyvəçiliyin bu istiqaməti genişlənir, sənaye əhəmiyyəti formalaşır, əkin və məhsuldarlıq göstəriciləri yüksəlir. Ekspert Nicat Nəsirli bildirib ki, 2018-ci ildə ölkədə xurma bağlarının əkin sahəsi 12,013 hektar, məhsuldarlıq hektardan 152 sentner olubsa, 2019-cu ildə əkin sahəsi 12,196 hektar, məhsuldarlıq isə 161 sentnerə yüksəlib. İki il əvvəl 160,1 min ton xurma istehsal olunmuşdusa, 2019-cu ildə istehsal həcmi 10,6 faiz artaraq 177,1 min ton təşkil edib. Bağlardakı məhsuldarlıq isə 6 faiz artıb. Bu inkişafı stimullaşdıran əsas amillərdən biri isə ixrac olub. Məlum olduğu kimi, ənənəvi ixrac bazarımız olan Rusiyada xurma həmişə əlverişli mövqe tutaraq sərfəli qiymətə satılıb. Təkcə 2018-ci ildə bu qonşu ölkəyə 114 milyon dollarlıq 151 min ton xurma ixrac olunub. Lakin 2018-2019-cu təsərrüfat ilində Rusiya bazarlarında baş verən qiymət dəyişmələri, əvəzində daxili bazarda xurma üçün əlverişli qiymətin formalaşması ixracın həcminə ciddi təsir göstərib. Nəticədə 2019-cu ilin yanvar-dekabr ayları ərzində Rusiya və digər xarici ölkələrə 104 milyon dollar dəyərində 146,1 min ton meyvə ixrac olunub ki, bu da ötənilki göstəricidən təxminən 5 min ton azdır. Həmçinin xarici bazarlarda xurma üçün qiymətlər 2018-ci ildəki qiymətlərlə müqayisədə əlverişli olmayıb. Əgər iki il əvvəl Rusiya bazarlarında xurmanın topdansatışı tonu 759 dollar, pərakəndə satışı 76 sent təşkil edibsə, 2019-cu ildə tonu 716,5 dollara, pərakəndə satışı isə 72 sentə enib.
Daxili bazarda xurma üçün formalaşmış əlverişli qiymət mühitinin bir sıra sahibkarları məhsullarını ölkə bazarlarında satmağa təşviq etdiyini deyən N.Nəsirli bildirib ki, qeyd etdiyimiz dövrdə xurmanın daxili orta bazar qiymətləri 3 faiz yüksələrək topdan 68 qəpik həddində qərarlaşıb: “Pərakəndə qiymətlər daha yüksək olduğu üçün sahibkarlarımız məhsullarını uzun məsafə qət edərək Rusiya bazarlarına yox, yaxın bazarlarda realizə etməyə üstünlük veriblər. İxrac həcmində azalmanın əsas səbəbi xurmanın xarici bazarlarda mövqeyinin zəifləməsi fonunda, daxili bazarda güclü mövqe qazanmasıdır. Bütün bunlara baxmayaraq, xurma ixracın strukturunda əsas məhsullardan biri olaraq qalır və heç şübhəsiz ki, növbəti illərdə həm istehlakda, həm də xarici bazarlarda əlverişli mövqeyini qoruyacaq”.
Ötən il Salyan rayonunda da 944,2 hektar meyvə bağı qeydə alınıb. Salyanlı bağbanlar becərdikləri meyvə bağlarından 4 min 937 ton meyvə tədarük ediblər. Yığılan məhsulun 550 tonunu xurma, 3 min 267 tonunu nar, 450 tonunu heyva, 71 tonunu alma, 44 tonunu armud, 40 tonunu ərik, 75 tonunu alça, 47 tonunu şaftalı və digər meyvələr təşkil edib. Məhsul istehsalçıları, həmçinin sahələrdən 248,6 ton giləmeyvə və rayonda mövcud olan 1122,5 hektar üzüm plantasiyasından 9 min 78,1 ton üzüm yığıblar. Rayonun Xalac, Yenikənd, Çuxanlı kəndlərinin bağbanları meyvə tədarükündə xüsusilə fərqləniblər.
Kürdəmir rayonunda isə 2019-cu ildə 36 min 836 ton meyvə istehsal edilib. Bu göstərici 2018-ci illə müqayisədə 3 min 29 ton və ya 8,9 faiz çoxdur. Son illər kənd əməkçilərinin narçılığa maraq göstərməsi, intensiv texnologiyaların tətbiqi məhsul istehsalında narın xüsusi çəkisinin artmasına səbəb olub. Məhz bunun nəticəsidir ki, ötən il istehsal olunan meyvənin 32 min 796 tonu nardır. Qalanı isə heyva, gavalı, alça və digər meyvələrdir.
Qeyd edək ki, son beş ildə rayonda bağların sahəsi 1300 hektar artaraq 3998 hektara çatıb. Meyvə bağları, xüsusilə sakinlərin əsas məşğuliyyət növü olan narçılıq Axtaçı, Karrar, Ərəbqubalı, Sığırlı və bir sıra digər ərazi dairələrində daha sürətlə artır.
Ötən il Neftçala rayonundan olan bağbanlar becərdikləri 591,7 hektar meyvə bağından 2358,1 ton məhsul tədarük ediblər. 2019-cu ildə bağbanların tədarük etdikləri meyvə 2018-ci ildəkindən 137 ton və ya 6,2 faiz çox olub. Yığılan məhsulun 139,3 tonunu alma, 67 tonunu armud, 495 tonunu heyva, 59 tonunu ərik, 255 tonunu gavalı, 200,5 tonunu alça, 27,1 tonunu şaftalı, 26,3 tonunu gilas, 833 tonunu nar, 56 tonunu xurma, 20,7 tonunu fındıq, 411 tonunu albalı və digər meyvələr təşkil edib. Tədarük olunan meyvənin, demək olar ki, üçdəbir hissəsi Aşağı Qaramanlı, Yuxarı Qaramanlı, Surra və Xolqarabucaq kəndlərinin payına düşüb. Ən yüksək nəticə isə üzüm bağlarından əldə olunub. Rayonda mövcud olan 134,1 hektar üzüm bağından 419 ton məhsul götürülüb ki, bu da 2018-ci ildəkindən 111,5 ton və ya 36,3 faiz çoxdur.
Hacıqabul rayonunda da təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Bunun sayəsində rayonda hər il yeni bağçılıq təsərrüfatları yaradılır, meyvə istehsalı artır. Təsərrüfatın bu sahəsi ilə məşğul olan fermerlər hər il meyvə bağlarından 100 tonlarla məhsul istehsal edərək bazarlara çıxarır və emal müəssisələrinə göndərirlər. Hazırda Hacıqabulda həyətyanı sahələrlə birlikdə 1559,6 hektar meyvə bağı var və ötən il bu bağlardan 14 min 708,1 ton məhsul tədarük olunub. Bağbanlar ən yüksək nəticəni nar bağlarından əldə ediblər. Onlar becərdikləri 1177 hektar nar sahəsindən 9 min 349 ton məhsul yığıblar. Tədarük olunan məhsulun, demək olar ki, üçdəiki hissəsi Udulu kəndindəki nar bağlarından yığılıb.
2019-cu ildə Balakən rayonunda meyvə bağlarından 32 min 866 ton məhsul tədarük olunub. Yığılan məhsulun 15 min 180 tonu xurma, 6 min 262 tonu fındıq, 4 min 885 tonu alma, 3 min 582 tonu armud, qalanı isə digər meyvələr olub. Meyvə istehsalı əvvəlki illə müqayisədə 613 ton artıb. Ötən il meyvəçilikdə ən çox artım alma tədarükündə qeydə alınıb. Belə ki, ötən il alma istehsalı əvvəlki illə müqayisədə 412 ton artıb. Fındıq istehsalında artım 58 ton, xurmada isə 50 ton olub. 2019-cu ildə rayonda 792 hektarda yeni meyvə bağları salınıb. Yeni salınan bağların 772 hektarına fındıq, 20 hektarına isə şaftalı ağacları əkilib. Hazırda rayonda meyvə bağlarının ümumi sahəsi 13 min 341,6 hektardır.
Yeri gəlmişkən, ötən ilin sonunda Azərbaycanın meyvə ixracı da artıb. Vurğulayaq ki, “Aqrar Tədarük və Təchizat” ASC-nin fəaliyyət istiqamətlərindən biri də yerli istehsal kənd təsərrüfatı məhsullarının ixracının həyata keçirilməsidir. Bu istiqamətdə Strateji Yol Xəritəsindən irəli gələn tələblərə uyğun olaraq ənənəvi ölkələrlə yanaşı, qeyri-ənənəvi ölkələrə məhsul ixracı üzərində araşdırmalar aparılır. İxrac coğrafiyasını genişləndirmək məqsədilə ötən il Rusiya, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Fransa kimi ölkələrdə təşkil edilən sərgilərdə iştirak etdik, yeni əməkdaşlıqlar qurulub. 2019-cu ildə Birləşmiş Ərəb Əmirlikləri və Afrika ölkələrinə Azərbaycan istehsalı meyvə və tərəvəzin ixracı gerçəkləşdirilib. Nigeriyaya ilkin olaraq “Napoleon” sortundan olan gilasın qablaşdırılmış formada “Made in Azerbaijan” brendi ilə ixracı həyata keçirilib. Bu əməliyyat sınaq xarakteri daşıyıb və 2019-cu ilin sonuna doğru 1 ton nar məhsulu da Nigeriyaya ixrac edilib. Hazırda digər Afrika ölkələrinə, eyni zamanda, ərəb ölkələrinə Azərbaycan məhsullarının ixracı üçün danışıqlar aparılır.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 538 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31