Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Milli Məclisin növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclası keçirilib

18.03.2020 [09:34]

İclasda millət vəkilləri bir sıra qanunlara dəyişikliklər ediblər
Martın 17-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti iclası keçirilib. İclası Milli Məclisin Sədri Sahibə Qafarova açaraq gündəliyi təqdim edib.
Dörd məsələdən ibarət gündəlik təsdiqləndikdən sonra spiker Sahibə Qafarova dünya miqyasında yayılmış koronavirus (COVİD-19) pandemiyasına toxunub. O bildirib ki, Azərbaycanda bu təhlükəyə qarşı səmərəli mübarizə təşkil olunub: “Ölkəmizdə koronavirus pandemiyasına qarşı görülən işlər ÜST tərəfindən yüksək qiymətləndirilir. Plenar iclasa təqdim olunmuş qanun layihələrinin dördü də həmin tədbirlərlə əlaqədardır. Bu qanun layihələrinin qəbul edilib qüvvəyə minməsi nəzərdə tutulan mübarizənin kompleks şəkildə həyata keçirilməsinə hüquqi baza yaradacaq”.
Sonra Milli Məclisin Sədri deputatları koronovirusa qarşı mübarizə tədbirləri çərçivəsində Azərbaycanın Baş Naziri tərəfindən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət qurumlarının rəhbərlərinə göndərilmiş təlimat məktubunun məzmunu ilə tanış edib. Sahibə Qafarova vurğulayıb ki, yüksək sürətlə yayılan bu infeksiyaya qarşı ölkə rəhbərliyinin həyata keçirdiyi tədbirlərin səmərəli nəticə verməsi üçün vətəndaşların da məsuliyyətli olması vacibdir.
Daha sonra iclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəlikdəki iki qanun layihəsini təqdim edib. O bildirib ki, İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələn təxirəsalınmaz tədbirlərin ölkə ərazisində həyata keçirilməsi məqsədi daşıyır. Azərbaycanda bir ay müddətində kütləvi tədbirlər təxirə salınıb, dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.
Diqqətə çatdırılıb ki, İnzibati Xətalar Məcəlləsinin “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması”na dair 211-ci maddəsinə edilən dəyişiklik inzibati məsuliyyəti nəzərdə tutur, müvafiq cərimələrin məbləği artırılır. Cinayət Məcəlləsinə əlavə olunan “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması”na dair 139-1.1-ci maddədə isə 2500 manatdan 5000 manatadək cərimə və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Adıçəkilən rejimlərin pozulması insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda isə 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə cəzası verilə bilər.
Plenar iclasda hər iki qanun layihəsi geniş müzakirə olunub.
Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov ÜST-ün elan etdiyi pandemiya və Azərbaycandakı epidemiya ilə bağlı Milli Məclisdə martın 16-da keçirilmiş dinləmələr barədə ətraflı məlumat verib. Bildirib ki, COVİD-19 dünya ölkələrində sürətlə yayılır. Koronavirusun uzun inkubasiya dövrünün olması (2-3 həftə), vaksinin hələ də tapılmaması dövlətləri daha ciddi tədbirlər görməyə sövq edir. Onun sözlərinə görə, ölkəmizdə çox geniş, kompleks, bugünkü epidemioloji vəziyyətə adekvat olan tədbirlər həyata keçirilir.
Ə.Əmiraslanov deyib ki, bu gün ölkəmizdə kifayət qədər avadanlıqların olmasına baxmayaraq, Prezident İlham Əliyevin tapşırığı ilə yeni ləvazimatlar ölkəyə gətirilib: “Bu sahədə bir qədər kadr qıtlığı hiss olunsa da, ölkədən kənarda təhsil almış mütəxəssislərin ölkəyə gətirilməsi üçün ciddi işlər görülür və bu, nəticəsini verir. Xəstəliklə bağlı ölüm göstəricisinə baxsaq, görərik ki, bu xəstəlik o qədər də təhlükəli deyil. Ancaq dünyada bunun pandemiya elan olunmasının birinci səbəbi sürətlə yayılmasıdır. Çünki 1 xəstə insan qısa müddətdə bir neçə yüz insanı da bu xəstəliyə yoluxdura bilir. Xəstəliklə bağlı xüsusi dərman və vaksin müalicəsi yoxdur. Ölkəmiz bu gün ÜST-lə çox sıx təmasda işləyir. ÜST ölkəmizdə koronavirus əleyhinə aparılan tədbirlərlə yerindəcə tanış olub və bu vəziyyəti yüksək qiymətləndirməklə bərabər, bir çox çatışmazlığı da qeyd edib. TƏBİB-in rəhbəri dünən qeyd etdi ki, onlar Çin Xalq Respublikasından olan mütəxəssislərlə də onlayn şəkildə sıx əlaqədə işləyirlər. Ölkəmizdə bu təhlükəli xəstəliklə mübarizə aparmaq üçün bütün tədbirlər görülüb. Ölkəmizdə 27 nəfər koronavirusa yoluxub, 1 nəfər dünyasını dəyişib. Həmin şəxs də İranda müalicə olunub, digər ağır xəstəliklərdən əziyyət çəkib. Bir neçə insan da sağalıb”.
Komitə sədri qeyd edib ki, məsələnin ikinci tərəfi əhalinin bu məsələyə yanaşma tərzi ilə bağlıdır: “Azərbaycanda bəzi vətəndaşlar öz yaxınlarını karantindən çıxartmağa cəhd edir. Bunu qeyd etməliyik ki, bir nəfər virus daşıyıcısı bir neçə yüz insanı xəstələndirə bilər. Ona görə də karantinə çox ciddi fikir verməliyik. İnsanlar ailəliklə, toplu şəkildə mağazalara və digər yerlərə gedirlər. Bu, böyük təhlükədir. Koronavirus təhlükəli xəstəlikdir və ancaq təşvişə düşmək olmaz. İnsanlar sadəcə dərk etməlidir ki, bu virus çox təhlükəli virusdur. Hər birimiz şəxsi gigiyena və sosial izolyasiya ilə bağlı tədbirləri görməliyik”.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc da çıxışında bildirib ki, Azərbaycan hökuməti əhalinin sağlamlığının qorunmasına xüsusi diqqət yetirir. Onun sözlərinə görə, qanunvericilikdə bu tipli inzibati məsuliyyət və cəza tədbirləri dünya ölkələrinin də təcrübəsində var.
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev hökumətin bu sahədə gördüyü işləri təqdir edib. Komitə sədri qeyd edib ki, vətəndaşlar hökumətin tövsiyələrinə tam şəkildə əməl etməlidir.
Vitse-spiker Adil Əliyev də bu məsələdə əhalini diqqətli olmağa çağırıb.
Müzakirələr zamanı millət vəkilləri Rəşad Mahmudov, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Qənirə Paşayeva, Hikmət Babaoğlu, Jalə Əliyeva, Elman Nəsirov məsələ barədə rəy və təkliflərini bildiriblər. Sonda qanun layihələri qəbul edilib.
İclasda daha sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik edilməsi barədə məsələni təqdim edib. Ölkəmizdə koronavirusa qarşı aparılan mübarizəni vətəndaşın dövlət tərəfindən qorunması məqsədilə ən üst səviyyədə görülən tədbirlər kimi dəyərləndirib. Qeyd edib ki, bəzi tədbirlərin sahibkarlıq subyektlərinə təsirsiz ötüşməyəcəyi indidən məlumdur, təqdim olunmuş qanun layihəsində bu məqam nəzərə alınıb.
Komitə sədri bildirib ki, layihəyə əsasən, bu Qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılır. Qanun layihəsi özəl tibb fəaliyyəti subyektlərində səhiyyə qanunvericiliyinə əməl olunmasına nəzarəti gücləndirəcək, səmərəliliyi artıracaq, nəticədə əhalinin sağlamlığının daha keyfiyyətli qorunmasına nail olunacaq.
Müzakirə zamanı deputatlar Əli Məsimli, Naqif Həmzəyev, İlham Məmmədov, Razi Nurullayev, Nigar Arpadarai layihəni müsbət dəyərləndiriblər. Məsələ səsə qoyularaq qəbul edilib.
İclasın sonunda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə məsələyə baxılıb. Layihəni təqdim edən parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində informasiyanın yayılması”na dair 13-2-ci maddədə edilən dəyişiklikləri və “İnternet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi ilə əlaqədar məsuliyyət”i tənzimləyən 13-4-cü maddədə edilən dəyişikliyi ətraflı şərh edib. Müasir dövrdə informasiyanın cəmiyyətdəki danılmaz rolundan söz açaraq yalan məlumatların yayılmasının qarşısının alınmasının vacibliyini vurğulayıb.
Müzakirələr zamanı çıxış edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, “Yeni Azərbaycan” qəzetini baş redaktoru Hikmət Babaoğlu bildirib ki, informasiya təhlükəsizliyi Azərbaycanın milli təhlükəsizliyinin komponentlərindən biridir. Onun sözlərinə görə, bu gün Azərbaycanın informasiya təhlükəsizliyini təhdid edən əsas mənbə sosial şəbəkələrdir: “Bununla bağlı tez-tez qanunvericiliyə dəyişiklik edirik. Ancaq bizim klassik informasiya məkanımız, radio və televiziya efirimiz var. Düşünürəm ki, növbəti mərhələdə biz bu istiqamətdə də qanunvericilik bazasını təkmilləşdirməliyik. Bu nədən ibarətdir?! Misal üçün, Bakıdan 100 km kənarda radio efir dalğaları pozulur. Bəzən qısa məsafələrdə də bu, belə olur. Biz Bakıdan uzaqlaşan zaman başqa ölkələrin radio dalğalarına qulaq asmalı oluruq. Düşünürəm ki, həm virtual məkanda, həm də klassik efir məkanında bütün münasibətləri tənzimləyəcək və bu təhlükələri aradan qaldıracaq geniş qanunvericilik bazasına ehtiyac var. Ümid edirəm ki, növbəti mərhələdə biz bunun öhdəsindən gələcəyik”.
Müzakirələr zamanı deputatlar Qənirə Paşayeva, Sabir Rüstəmxanlı, Bəhruz Məhərrəmov, Hicran Hüseynova, Elşad Mirbəşir, Musa Qasımlı, Erkin Qədirli, Arzu Nağıyev, Tahir Mirkişili, Ziyafət Əsgərov, Fəzail Ağamalı qanun layihəsinə münasibət bildiriblər. Layihə səsə qoyulub və qanun qəbul edilib.
Bununla da Milli Məclisin iclası başa çatıb.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1195 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30