Ana səhifə »   »  Anti-azərbaycançı mərkəzlərin yeni “demokratiya” oyunu
A+   Yenilə  A-
Anti-azərbaycançı mərkəzlərin yeni “demokratiya” oyunu

Və ya Böyük Britaniya, Fransa və Almaniyanın bəzi dairələrinin ölkəmizə qarşı qərəzli mövqe tutması nə ilə bağlıdır?
Məlum olduğu kimi, son bir neçə il ərzində Azərbaycanın sürətli inkişafı, yüksək nəticələr əldə etməsi, həm daxili, həm də xarici siyasətdə uğurlu nailiyyətlər qazanması dövlətimizin nüfuzunu və siyasi çəkisini dəfələrlə yüksəldib. Bunun nəticəsidir ki, respublikamız 155 dövlətin dəstəyilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, “Eurovision-2012” mahnı yarışmasına ev sahibliyi edib, həmçinin, qlobal əhəmiyyətli beynəlxalq tədbirləri yüksək səviyyədə reallaşdırıb. Bununla yanaşı, Azərbaycanın hərtərəfli şəkildə tərəqqi etməsi, infrastruktur və təhlükəsizlik baxımından əlverişli ölkə olması respublikamızın ilk Avropa Olimpiya Oyunlarını keçirmək hüququnu əldə etməsinə gətirib çıxarıb. Lakin hər zaman olduğu kimi, Azərbaycanın sürətli inkişafı və beynəlxalq münasibətlər sisteminin fəal aktorlarından birinə çevrilməsi müxtəlif xarici anti-Azərbaycan qüvvələri ciddi narahat edir. Həmin dairələr bir sıra yerli antimilli qurumlardan fəal istifadə etməklə Azərbaycana qarşı davamlı kampaniyalar təşkil edir və öz fəaliyyətlərini guya ölkəmizdə demokratiyanın inkişafı məsələləri ilə pərdələyirlər.
Daxili informatorların saxta raportları “hesabat” qismində...
Belə ki, xarici qərəzli dairələr Azərbaycanın əldə etdiyi nailiyyətlərə kölgə salmaq və onun demokratik imicinə zərbə vurmaq üçün ən çox özlərinin tükənməyən “insan hüquqları” bəhanəsindən istifadə edirlər. Onlar iddia edirlər ki, guya Azərbaycanda insan haqları pozulur, demokratik dəyərlər ayaq altına atılır və s. Lakin Azərbaycana qarşı irəli sürülən bu cür ittihamları faktlarla sübut etməyə gəlincə, həmin qərəzli dairələr çıxılmaz vəziyyətə düşürlər. Ona görə də, “beşinci kolon”un Azərbaycandakı nümayəndələri vasitəsilə ölkədəki reallığın əksini ifadə edən saxta raportlar əldə edir və bunları da fakt kimi təqdim etməyə cəhd göstərirlər. Bu cür fəaliyyətin əsas subyektlərinin kimliyi haqqında isə hər bir sosium üzvü məlumatlıdır. Yəni, ictimaiyyət açıq şəkildə görür ki, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ), İnsan Hüquqları Klubu (İHK), Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi kimi qurumlar xarici anti-Azərbaycan dairələrdən yüksək məbləğdə qrantlar alaraq dövlətə qarşı kampaniyalar təşkil edir, cəmiyyətdə gedən prosesləri təhrif edərək öz havadarlarına qərəzli, heç bir əsası olmayan donoslar ötürürlər. Sonda belə uydurmalar da “Freedom House”, “Human Rights Watch”, “Amnesty İnternational” və bu kimi xarici QHT-lərin hesabatlarında əks olunur, həmçinin, Azərbaycana qarşı fəal istifadə edilir.
Xarici qrantlar hesabına başladılan kampaniyalar anti-milli xarakter daşıyır
Eyni zamanda, adları çəkilən təşkilatlar tez-tez, xüsusilə də, mühüm ictimai-siyasi, həmçinin, sosial-mədəni hadisələr ərəfəsində ölkəmizə qarşı kampaniyalar təşkil edirlər. Təsadüfi deyil ki, məhz RATİ və İHK-nin vasitəsilə reallaşdırılmış “Demokratiya naminə oxu”, “Onlayn ifadə təşəbbüsü” kimi kampaniyaların əsas məqsədi Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı vəziyyəti təhrif olunmuş şəkildə qabartmaq, xarici anti-Azərbaycan dairələrə müxtəlif ittiham və iddialar irəli sürmək üçün bəhanə vermək olub.
Xatırladaq ki, hələ “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində başladılmış bu kampaniyalar, əslində xarici anti-Azərbaycan dairələrinin maraqlarına xidmət edirdi. Əsas məqsədi o idi ki, Azərbaycanın imicinə xələl gətirilsin, “Eurovision” müsabiqəsinə olan maraq azalsın və mədəni hadisə siyasiləşdirilməklə ölkəmizin maraqlarına zərbə vurulsun. Məhz bu məsələlərdən ruhlanan RATİ və İHK Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və “Civil Solidarity Platform” təşkilatının dəstəyi ilə yeni bir müddətsiz layihənin həyata keçirilməsinə başladılar. Layihənin də məqsədi “Eurovision-2012” mahnı müsabiqəsi zamanı keçirilmiş “Demokratiya naminə oxu” kampaniyasının təcrübəsindən istifadə etməklə guya Azərbaycanda demokratikləşmə prosesinin genişləndirilməsində incəsənətin bütün növlərindən yararlanmaq, bu vasitə ilə beynəlxalq diqqəti Azərbaycanda insan hüquqlarının vəziyyətinə yönəltmək və s. göstərilir. Əslində isə, bu layihə xarici anti-azərbaycançı və islamafob dairələrin Azərbaycana qarşı həyata keçirdiyi qarayaxma kampaniyasının növbəti həlqəsi idi.
Amma Azərbaycanda xalqla hakimiyyətin vəhdət təşkil etməsi, birlik nümayiş etdirməsi qərəzli dairələrin planlarının baş tutmasını əngəllədi. Lakin, eyni zamanda, bu cür kampaniyalar anti-Azərbaycan mövqeyində duranlar üçün bir növ “həvəsləndirici mükafat” rolunu oynadı.
Tomas Melianın anti-Azərbaycan mövqeyi nədən irəli gəlir?
Təəssüf doğurucu hal isə ondan ibarətdir ki, sözügedən prosesdə ayrı-ayrı ölkələrin səfirlikləri, diplomatik nümayəndələri və şirkətləri aparıcı rol oynayırlar. Elə buna bariz nümunə kimi ABŞ Dövlət Katibinin müşaviri Tomas Melianı göstərmək olar. Maraqlıdır ki, dekabrın 11-də Bakı Caz Mərkəzində keçirilən “Demokratiya naminə incəsənət” kampaniyasının təqdimat mərasimində bəzi Qərb ölkələrinin səfirləri, həmçinin, ABŞ Dövlət Katibinin müşaviri Tomas Melia da iştirak edib və bu qondarma kampaniyaya dəstəklərini ifadə ediblər. Bu cür vəziyyət əlbəttə ki, iki ölkə arasındakı əməkdaşlığın ruhuna və prinsiplərinə ziddir. Məgər, Azərbaycan ABŞ-dakı hindu azlıqların və ya qaradərili insanların hüquqlarının pozulması ilə bağlı hər hansı aksiyaya və ya kampaniyaya dəstək verirmi? Təbii ki, xeyr. Azərbaycan daha çox ABŞ daxilində sosial inteqrasiya layihələri reallaşdırmaqla Amerika cəmiyyətində tolerantlığın möhkəmlənməsinə öz töhfəsini vermiş olur...
Azərbaycana qarşı aparılan qarayaxmalara Böyük Britaniyanın ölkəmizdəki səfirliyi də qoşulur
Bununla yanaşı, son günlər ərzində Azərbaycandakı maraqlarının tam təmin olunmadığını görən Böyük Britaniyadakı bəzi qüvvələrin də anti-Azərbaycan cəbhəsində yer aldığını görürük. Onlar da ölkəmizdəki “beşinci kolon”un təmsilçilərinə maddi dəstək verməklə, direktivlər göndərməklə mənafelərini təmin etməyə çalışırlar. Bu işdə isə Böyük Britaniyanın ölkəmizdəki səfirliyi daha fəal rol oynayır. Görəsən, Böyük Britaniya səfirliyinin belə cəfəng layihələrə dəstək verməkdə məqsədi nədir?
Məsələn, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi “Amnesty İnternational”, “Article 19” və digər Böyük Britaniya hüquq-müdafiə təşkilatlarının Azərbaycana qarşı qarayaxma kampaniyasına indi də açıq şəkildə qoşulur. Səfir Piter Beytmanın bu əməlləri Böyük Britaniyanın Azərbaycana qarşı təxribatı kimi qəbul edilə bilərmi?
Əgər cənab səfir, həqiqətən də, demokratiyanın durumundan narahatdırsa, 2011-ci ildə bu ölkənin paytaxtı Londonda və müxtəlif şəhərlərində baş vermiş iğtişaşlar zamanı insan haqlarının kobud şəkildə pozulması, internetin məhdudlaşdırılması, 2 mindən artıq insanın, fəalların həbs olunması zamanı niyə səsini qaldırmırdı? Bundan başqa, artıq Böyük Britaniya ingilislərdən başqa digər xalqların nümayəndələri üçün yaşamaqdan ötrü təhlükəli ölkəyə çevrilib. Çünki hər kəsin gözü qarşısında, günün günorta çağında hicablı qadınlara belə hücumlar olur, dəhşətli səhnələr yaradılır. Məgər, bu cür antidemokratik, qeyri-tolerant mühiti dünya ictimaiyyəti görmür? Ona görə də, Böyük Britaniya başqasının gözündə çöp axtarınca, elə öz gözündəki tiri görsə yaxşı olar.
Azərbaycana qarşı aparılan çirkin kampaniyanın arxasında duran qüvvələrdən biri də bp şirkətidir. Böyük Britaniya şirkəti olan bp-nin Azərbaycanda qazandığı milyardların müqabilində İngiltərənin müxtəlif hüquq-müdafiə təşkilatlarının, o cümlədən, BBC başda olmaqla müxtəlif media orqanlarının Azərbaycana qarşı səlib yürüşü təşkil etməsi də anlaşılan deyil.
Minlərlə müsəlmanın qanına əli batmış Fransa da çirkin kampaniyanın önündə gedir
Qeyd edək ki, Azərbaycana qarşı aparılan çirkin kampaniyanın önündə gedən qüvvələrdən biri də Fransadır. Daim Azərbaycanla əməkdaşlıqdan, enerji və təhlükəsizlik məsələlərindən danışan Fransanın Azərbaycandakı səfirinin ölkəmizdə antimilli qüvvələrə dəstəyini heç anlamaq olmur. Xüsusilə də, Fransanın Azərbaycanda insan haqlarının pozulması haqqında dedikləri böyük gülüş doğurur. Çünki bir ölkə ki, tarixi həqiqəti demək istəyənləri cərimələmək və həbs etmək siyasəti yürüdür (erməni soyqırımını tanımamağa görə yüksək məbləğdə cərimə və həbs cəzasının tətbiqinə cəhd), onun nümayəndəsi heç bir halda azad söz və demokratiyadan danışa bilməz. Cənab Paskal Mone Fransada faktiki qettolarda minlərə və milyonlarla müsəlmanın insan haqlarının pozulmasından danışsa daha yaxşı olar.
Rasizmin və korrupsiyanın baş alıb getdiyi Almaniyanın Azərbaycana irad tutmağa haqqı varmı?
“Eurovision-2012” mahnı yarışması ərəfəsində Azərbaycana qarşı aparılmış qarayaxma kampaniyasının öndə gedənlərindən biri olan Almaniya da fəallığı ilə seçilir. Yeri gəlmişkən, bu günlərdə, Olaylar informasiya agentliyinin yaydığı məlumata görə, Almaniyanın Azərbaycandakı səfirliyi “Azadlıq” qəzetinin maliyyə problemlərini həll etməyi öz üzərinə götürüb. Məgər bu, digər ölkənin suveren bir dövlətin işlərinə kobud şəkildə müdaxiləsinin bariz nümunəsi deyilmi? “Eurovision”da iç üzləri ifşa olunmuş Almaniyanın müxtəlif dairələri 2012-ci ildə “öz qəhrəmanlıqlarını” təkrarlamaq niyyətindədirlərmi?
Almaniyanın anti-Azərbaycan kampaniyasının iştirakçıları, əslində, öz ölkələrindəki problemlərə nəzər salsalar yaxşı olardı. Çünki bu gün Almaniya rasizmdən və korrupsiyadan ən çox əziyyət çəkən ölkədir. Ümumi mənada desək, Almaniya korrupsiya içərisində çabalayır, özü də, alman cəmiyyəti bu xəstəliyə “başdan” yoluxub. Heç kəsə sirr deyil ki, Almaniya prezidenti Christian Wulf vəzifəsindən sui-istifadəyə və korrupsiya faktlarına görə istefa verib. Əgər bir ölkənin prezidenti korrupsiya əməli törətməsi faktını etiraf edirsə, dövlət aparatının aşağı təbəqələrdə nələrin baş verdiyini dilə gətirmək belə dəhşətli olar.
Amma təsvir olunan mənzərəyə heç də təəccüblənmək olmaz. Çünki Almaniya BMT-nin korrupsiya ilə mübarizə konvensiyasını ratifikasiya etməmiş nadir ölkələrdəndir. Bu ölkədə tikinti və kommunal sektor ən çox korrupsiyaya məruz qalmış sahələrdir. Dövlət sifarişlərinin və müqavilələrin bağlanması hallarının 50 faizdən çoxunda korrupsiya faktları müşahidə olunur. Lakin onlarla bağlı konkret addımlar atılmır.
“Alman dalğası” bildirib ki, korrupsiyanın 21 faiz artdığı Almaniyada birja maxinasiyaları, böyük beynəlxalq müqavilələrin bağlanmasında rüşvət halları, süni şəkildə müflisləşmə və insanların milyardlarla avro vəsaitinin mənimsənilməsi reallıqdır. Təkcə 2001-ci ildə müəyyən edilmiş korrupsiya faktlarının vurduğu zərər 6 milyard 600 milyon avro olub.
Alman siyasətçilərinin korrupsiyalaşmasına dair faktlar da heyrətamizdir. Vaxtilə Helmut Kollun hakimiyyətdən getməsinin əsas səbəbi partiyanın “qara kassası” faktının ictimailəşməsi ilə bağlı olmadımı? Bu yaxınlarda Kölndə zibilin utilləşdirilməsi ilə bağlı zavodun alman siyasətçilərinə xidmət etdiyi faktının müəyyənləşdirilməsi korrupsiyadan xəbər vermirmi?
Faktiki olaraq bütün hallarda siyasətçilər məsuliyyətdən qaçır, bir-birini müdafiə edirlər. Hətta məsələlər məhkəməyə çatdıqda belə əksər hallarda korrupsiyaya dair faktlar qənaətbəxş hesab olunmur.
Təsadüfi deyil ki, “Alman dalğası” Almaniyada “banan respublikası” simptomları barədə həyəcan təbili çalıb. Onların təqdim etdiyi materialda bildirilib ki, şəffaflıq korrupsiyaya qarşı ən yaxşı mübarizə metodudur: “Hakimiyyət sərbəst şəkildə informasiya əldə etmək üçün müvafiq qanunun qəbul ediləcəyini bildirmiş və müvafiq qanun layihəsi də hazırlanmışdı. Lakin həmin qanun bürokratların və korrupsionerlərin kabinetlərində itirildi. Buna görə də, hazırda korrupsiya faktlarını ifşa etmək üçün lazımi informasiya əldə etmək çətindir. Hakimiyyət korrupsiyada əli olan “qara firma”ların federal və kommunal sifarişlərə yolunu kəsəcəyini vəd etmişdi. Bəs hanı bu siyahı?”.
Bununla yanaşı, Almaniya Cinayət Polisi İdarəsinin 2007-ci il üçün açıqlamasına görə, 2006-cı illə müqayisədə ölkədə vəzifəli şəxslərə rüşvət verilməsi halları 38 faiz artaraq 9563 hala çatıb. Qurumun sədri Yorqa Cirke DPA agentliyinə bildirib ki, iqtisadi sahədə korrupsiya hallarına görə Almaniya büdcəsi hər il 6-8 milyard avro itirir. Korrupsiyanın yüksək həddə olması bu ölkənin iqtisadiyyatına da təsir göstərir. Hələ 2007-2008-ci illərdə bu ölkədə iqtisadi cinayətlər, o cümlədən, sürücülük kursları şəbəkəsində, “Siemens” şirkətində müəyyən edilən korrupsiya halları geniş müzakirə mövzusuna çevrilmişdi. “Transparency İnternationale” təşkilatının keçmiş rəhbəri Xansyorq Elsxorst deyib ki, beynəlxalq səviyyəli alman şirkətlərində yayılmış korrupsiya halları adamı dəhşətə gətirir. Çünki onlar sərfəli sifariş almaq üçün rüşvət biznesinin bir hissəsinə çevriliblər.
Təsadüfi deyil ki, Almaniyada neqativ halların sayının artması, idarəçilik sistemində problemlər sosial məsələlərin həllində çatışmazlıqların yaranmasına da səbəb olub. Bu qış yollarda baş verən özbaşınalıq, şaxta və soyuq hava şəraiti nəticəsində ölənlərin sayına görə Almaniyanın Avropada ən yüksək göstəricilərə sahib olması təbii suallar doğurur.
Azərbaycan xalqı 2013-cü ildə də heç bir təxribata getməyəcək
Bütün bunlar təsdiq edir ki, Qərbin müxtəlif dairələri Azərbaycana qarşı artan xətt üzrə təzyiqlərini davam etdirmək niyyətindən əl çəkmək istəmirlər. Ancaq onlar əmin ola bilərlər ki, bütün dövrlərdə olduğu kimi, Azərbaycan xalqı 2013-cü ildə də heç bir təxribata getməyəcək və onların bütün bu cəhdləri iflasa uğrayacaq. Yəqin ki, öz ölkələrinin vergi ödəyicilərinin milyonlarla vəsaitini belə əhəmiyyətsiz layihələrə sərf etməklə, bu ölkələrin rəsmi şəxsləri sonda öz cəmiyyətləri qarşısında cavab vermək məcburiyyətində qalacaqlar. Onlara çıxış yolu kimi isə ölkələrindəki problemlərin həllinə çalışmalarını göstərə bilərik.
Siyasət şöbəsi

 
  • Oxunub:  36450  |  
  • Tarix:  15-12-2012  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Növbəti böyük humanizm nümunəsi

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+24 +28
gecə+14 +17