
Prezident İlham Əliyev bu yüksək etimadı Azərbaycanın inanılmaz uğurları və vətəndaşların sürətlə yüksələn sosial təminatı ilə nəticələnən fəaliyyəti ilə qazanıb
Müstəqilliyinin tarix baxımından qısa zaman kəsiyində milli intibah konsepsiyasını gerçəkliyə çevirmiş və bütün dünya tərəfindən qəbul olunan “İnkişafın Azərbaycan modeli”ni yaratmış ölkəmizin gələcəyi üçün cari il oktyabrın 9-da keçiriləcək prezident seçkiləri taleyüklü əhəmiyyət kəsb edir.
Keçid dövrünü uğurla başa vuran və hərtərəfli modernləşmənin yeni mərhələsinə daxil olan Azərbaycan Respublikası dövlət başçısının seçimi ərəfəsindədir.
Hər bir ölkənin və xalqın inkişaf səviyyəsini müəyyən edən başlıca meyar iqtisadi potensialla yanaşı, milli lider amilidir. Belə ki, milli lider fenomeninin yaratdığı mütərəqqi inkişaf strategiyası hər bir dövlətin imkanlarını vahid məqsədlər naminə səfərbər edir, onun sosial, iqtisadi, mənəvi və intellektual tərəqqisi üçün etibarlı zəmin formalaşdırır.
Dövlətçilik tariximizdə bu şərəfli missiyanı çağdaş dünyamızın ən parlaq simalarından biri olan Ulu öndərimiz Heydər Əliyev yerinə yetirmişdir. Ümummilli liderimiz xalqımızın müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirmiş, müstəqil Azərbaycanın memarı, suveren dövlətçiliyimizin qurucusu və ölkəmizin dayanıqlı inkişaf strategiyasının müəllifi olmuşdur.
2003-cü ildə keçirilən prezident seçkiləri ərəfəsində Ulu öndər Heydər Əliyev müraciət edərək xalqımıza gələcəkdə Onun əsasını qoyduğu qlobal işləri davam etdirəcək, dövlətimizi yeni dövrün çağırışlarına uyğun olaraq daha da inkişaf etdirəcək lider kimi İlham Əliyevi dəstəkləməyə çağırmışdı.
Xalqımız da Ulu öndərimizin çağırışına böyük dəstək verərək 2003 və 2008-ci illərdə keçirilən prezident seçkilərində Ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevə səs verdi.
Bu gün tam əminliklə və qətiyyətlə söyləmək olar ki, möhtərəm Prezidentimiz Ulu öndərin siyasi və iqtisadi inkişaf kursunu qloballaşan dünyanın tələblərinə uyğun olaraq uğurla davam etdirir. Ümummilli liderin siyasi irsini yaşadan Yeni Azərbaycan Partiyası respublikanın yeniləşmə və tərəqqi yolu ilə yüksəlişinin önündə gedir.
Partiya üzvləri ölkəmizin daha da güclənməsi naminə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin ən fəal dəstəkçisi olmaqla, bu siyasətin uğurlarını xalq arasında geniş təbliğ etməkdədir.
Yeni Azərbaycan Partiyası yaradıldığı gündən ortaya qoyduğu fəaliyyət nümunəsi ilə, dövlətimizin, xalqımızın maraqlarını ən yüksək səviyyədə müdafiə etməklə ümumxalq partiyasına çevrilmişdir.
Ona görə də, Yeni Azərbaycan Partiyası Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin nümayəndələrinin güclü dəstəyinə malikdir. Biz bu dəstəyi bu günə qədər keçirilən bütün seçkilərin nəticələrində real olaraq hiss etmişik.
Azərbaycan xalqının mütləq əksəriyyətinin böyük dəstəyi ilə təmin olunan bu qələbələrin əsasında ümummilli etimad dayanır. Ötən 21 il ərzində keçilən yola nəzər saldıqda, qazanılan uğurların fonunda bir daha Ulu öndər Heydər Əliyevin vaxtilə əminliklə söylədiyi “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikrinin nə qədər doğru olduğunu müşahidə edirik.
Möhtərəm dövlət başçısının istər daxili, istərsə də xarici siyasət sahəsində qazandığı və bütün dünya tərəfindən qəbul olunan uğurlar xalqımızın öz tarixi seçimində yanılmadığını bir daha sübut etdi. Cənab Prezident həm seçki kampaniyası dövrlərində, həm də andiçmə mərasimlərində xalqımız qarşısında verdiyi bütün vədləri yerinə yetirdi və ölkəmizi regionun lider dövlətinə çevirdi.
Bu gün Azərbaycan inkişaf edən, müasirləşən, beynəlxalq aləmdə böyük nüfuzu olan, qlobal layihələri reallaşdıran, böyük beynəlxalq tədbirlərə ev sahibliyi edən bir dövlətdir.
2009-cu ildən bəri davam edən qlobal iqtisadi və maliyyə böhranının fəsadlarının dünyanın inkişaf etmiş ölkələrinin reytinqlərinin aşağı düşməsinə, bir sıra Avropa dövlətlərinin iqtisadi tənəzzülə uğramasına səbəb olduğu bir dövrdə Azərbaycanın özünəməxsus iqtisadi modeli öz möcüzələrini göstərməkdədir.
Hazırda müstəqil Azərbaycan Respublikası müasir tərəqqinin yeni inkişaf mərhələsini yaşayır. Bu inkişafın təməlində Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasət dayanır.
İqtisadi yüksəliş, sosial tərəqqi, mədəni intibah son illərin tarixi reallıqlarıdır. Ölkəmizin beynəlxalq aləmdə müsbət imicinin möhkəmlənməsi, iqtisadi inkişafın davamlılığı və diversifikasiyasının sürətləndirilməsi, yeni müəssisələrin yaradılması, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə qazanılmış nailiyyətlər, əhalinin həyat səviyyəsinin daha da yüksəlməsi son illəri xarakterizə edən səciyyəvi cəhətləridir. Bu reallıqlara hörmətli dövlət başçımızın yüksək diqqəti və qayğısı sayəsində nail olunmuşdur.
Cənab Prezidentin təsdiq etdiyi sosial-iqtisadi inkişaf proqramlarının və infrastruktur layihələrinin uğurlu icrası nəticəsində nəzərdə tutulan vəzifələr layiqincə yerinə yetirilmiş və əsas makroiqtisadi göstəricilərdə böyük artım əldə edilmişdir.
Milli intibah prosesinin faktoloji əsaslarını son illər xüsusi iqtisadi zona əhəmiyyəti kəsb edərək ölkənin 3 böyük sənaye mərkəzindən birinə çevrilməkdə olan və Milli Məclisdə millət vəkili kimi seçicilərini təmsil etdiyim Qaradağ rayonu da nəzərə alınmaqla 2003-2013-cü illərin real göstəricilərində və konkret rəqəmlərində aydın görmək mümkündür.
Belə ki, son 10 il ərzində Azərbaycanın real ifadədə iqtisadiyyatı 3,4 dəfə və qeyri-neft sektoru 2,7 dəfə artmışdır. Dövlət büdcəsi 19 dəfə artmış və ölkə iqtisadiyyatına 110 milyard manat sərmayə qoyulmuşdur.
Sənaye sahələrində 2,8 dəfə, kənd təsərrüfatında 1,5 dəfə, tikinti sektorunda 7 dəfə, nəqliyyat və İKT sektorunda 3,2 dəfə, xarici ticarət dövriyyəsində 8,8 dəfə artıma nail olunmuşdur. İqtisadiyyatın və sosial sahələrin inkişafı üçün əsas kapitala 84 milyard manat vəsait yönəldilmiş, onun 49 faizini dövlət, 51 faizini isə qeyri-dövlət investisiyaları təşkil etmişdir. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi 12,3 dəfə artaraq 55,5 milyard manat təşkil etmiş, xarici mənbələrdən əsas kapitala 28,5 milyard manat vəsait yönəldilmişdir. Qeyri-neft sektorunun inkişafına yönəldilmiş vəsaitin ümumi həcmi 11,1 dəfə artaraq 52,1 milyard manat təşkil etmişdir.
Azərbaycan 2013-cü il fevralın 8-də ilk telekommunikasiya peykini orbitə çıxarmışdır. Davos Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları-2012” hesabatında Azərbaycan “Şəbəkə Hazırlığı İndeksi”nə görə əvvəlki mövqeyindən 9 pillə irəliləyərək dünyanın 142 ölkəsi arasında 61-ci yerə yüksəlmiş, hər 100 nəfərə düşən internet istifadəçilərinin sayına görə MDB-də birinci yerə çıxmışdır.
Davos Dünya İqtisadi Forumunun “2012-2013 Qlobal Rəqabətqabiliyyətlilik İndeksi”nə görə Azərbaycan dünyada 46-cı, MDB məkanında isə lider mövqeyindədir. Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya Cəmiyyətinin Ölçülməsi-2012” hesabatında respublikamız 10 “Ən dinamik inkişaf edən ölkələr” qrupunda yerini möhkəmlətmişdir.
İri infrastruktur layihələri çərçivəsində respublikamızda 5 beynəlxalq hava limanı, 4 avtovağzal kompleksi, 4 metro stansiyası tikilib istifadəyə verilmiş, 31 körpü, 726 kilometr uzunluğunda yeni avtomobil yolları çəkilmişdir. Son 10 ildə paytaxtın sürətli inkişaf dinamikasını təcəssüm etdirən 25 yolötürücü, 35 yeraltı, 22 yerüstü piyada keçidi tikilib istifadəyə verilmiş, 10 yeraltı piyada keçidi isə əsaslı təmir edilmişdir. Həmin dövrdə Qaradağ rayonu da nəzərə alınmaqla şəhərdə və şəhərətrafı qəsəbələrdə 300 kilometrə yaxın yeni yollar inşa olunmuş, 1300 kilometrdən artıq yollar isə əsaslı təmir edilmişdir. Hazırda paytaxtın Ələt qəsəbəsində yeni beynəlxalq dəniz limanı kompleksi yaradılır.
Eyni zamanda, 8,4 min kilometrlik qaz kəmərləri, Qaradağ rayonunun Səngəçal qəsəbəsində tikilən 300 mqv-lıq Modul Stansiyası da daxil olmaqla 14 elektrik stansiyası tikilib istifadəyə verilmiş və elektrik stansiyalarının gücü 21 faiz artmışdır.
Son 10 il ərzində Azərbaycanda 1,2 milyon yeni iş yeri açılmış, iqtisadi fəal əhalinin sayı 7,2 faiz, məşğul əhalinin sayı isə 11,9 faiz artmış və işsizliyin səviyyəsi 5 faizə enmişdir. Qaradağ rayonu üzrə 12 minə yaxın iş yeri də nəzərə alınmaqla bütövlükdə Bakı şəhərində 265460 yeni iş yeri açılmışdır.
Ölkənin humanitar sahələrinin inkişafına xüsusi diqqət ayrılmış, dövlət büdcəsindən elmin inkişafına sərf olunan xərclər 10,2 dəfə artmış, təhsilə yönəldilən xərclər 7,6 dəfə çoxalmışdır. 408,2 min şagird yerlik ümumtəhsil məktəbi, 9780 yerlik uşaq bağçası tikilmiş, yeni tikilən və əsaslı təmir olunan təhsil müəssisələrinin sayı 2700-ə çatmış, onların 87,2 faizi kompüter və digər İKT avadanlığı ilə təmin olunmuşdur.
Qaradağ rayonunun 33 təhsil müəssisəsi də nəzərə alınmaqla 2003-2013-cü illərdə Bakıda 32800 şagird yerlik 46 yeni məktəb binası, o cümlədən Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 7300 şagird yerlik 12 məktəb binası, 128 məktəb üçün 58550 şagird yerlik əlavə tədris korpusları tikilib istifadəyə verilmiş, 189700 şagird yerlik 203 məktəb binası isə əsaslı təmir edilmişdir.
Ötən 10 ildə Qaradağ rayonunun 9 məktəbəqədər tərbiyə müəssisəsi də daxil olmaqla paytaxtda 2260 yerlik 22, o cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 580 yerlik 4 uşaq bağçası tikilmiş, 15920 yerlik 132 uşaq bağçası isə əsaslı təmir edilmişdir.
2003-cü ildən etibarən 50-dən çox dövlət proqramının və infrastruktur layihəsinin uğurla icra olunması nəticəsində Bakı şəhərinin və regionların siması əsaslı şəkildə dəyişilmiş və müasirləşmişdir.
Möhtərəm Prezidentimizin son 10 il ərzində elmi əsaslara söykənən düşünülmüş, sistemli və davamlı islahatlar konsepsiyasının ardıcıllıqla həyata keçirilməsi nəticəsində sabit və dinamik inkişaf edən, etibarlı tərəfdaş bir ölkə kimi tanınan ölkəmizin beynəlxalq nüfuzu durmadan artmış və bunun məntiqi nəticəsi olaraq hazırda Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini əhatələyən Azərbaycan Avroatlantik məkanda çox mühüm strateji mərkəzə çevrilmişdir.
2012-ci ildə Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməsi, 2013-cü ilin aprelində Ümumdünya Davos İqtisadi Forumunun ilk dəfə olaraq Bakıda təşkil olunması, 2015-ci ildə isə birinci Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsinin qərara alınması ölkəmizin beynəlxalq imicinin yüksək səviyyədə olmasının yeni parlaq təzahürləridir.
Beləliklə, 2003-2013-cü illərdə Azərbaycan keçid dövrünü uğurla başa vuraraq qlobal və regional çağırışlar fonunda kəmiyyət və keyfiyyət etibarilə yeni dövrün astanasına qədəm qoymuşdur. Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi, qlobal və regional çağırışlara cavab verərək ölkəmizin dünya nizamında öz mövqelərini gücləndirməsi üçün Prezident İlham Əliyev “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Fərman imzalamışdır.
Heç şübhə yoxdur ki, Heydər Əliyev yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra daha möhtəşəm uğurlar qazanacaq və daha uca zirvələr fəth edəcəkdir.
Xalqımızın Heydər Əliyevin əbədiyaşar ideyalarına və strateji kursuna böyük etimadı, dövlət başçısının uğurlu daxili və xarici siyasəti ölkəmizin sosial-iqtisadi qüdrətini və beynəlxalq nüfuzunu bundan sonra daha da möhkəmləndirəcək və qarşıdakı illərdə Azərbaycan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə daha möhtəşəm qələbələrin və zəfərlərin sevincini yaşayacaqdır.
Bu gün ən önəmli vəzifəmiz və yaxın hədəfimiz şübhəsiz ki, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində növbəti qələbəmizi rəsmiləşdirmək olacaqdır. Təbiidir ki, partiyamızın Sədri, cənab İlham Əliyevin siyasi portreti, cəmiyyət tərəfindən Ona göstərilən böyük etimad və dövlətimizin başçısının həyata keçirdiyi siyasətin xalqımız tərəfindən fəal şəkildə dəstəklənməsi onu deməyə əsas verir ki, bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının liderinin qələbə qazanacağı heç kəsdə şübhə doğurmur.
Əminəm ki, xalqımızın mütləq əksəriyyəti oktyabrın 9-da keçiriləcək prezident seçkilərində ən doğru seçim edərək möhtərəm dövlət başçımız, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə və Onun simasında doğma Azərbaycanımızın xoşbəxt gələcəyinə səs verəcəklər!
Ağalar Vəliyev,
Milli Məclisin deputatı
- Oxunub: 26010 |
- Tarix: 04-10-2013 |
-
Çap et |