Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / İslam dini sülhü, barışı, əmin-amanlığı tərənnüm edir “

İslam dini sülhü, barışı, əmin-amanlığı tərənnüm edir “

15.02.2014 [11:01]

Yeni Azərbaycan” qəzetində keçirilən “dəyirmi masa”da Azərbaycanda dini sahədə vəziyyət, nailiyyətlər və problemlər müzakirə olunub
Müasir dünya sivilizasiyası nə qədər inkişaf etsə, bir çox böyük elmi kəşflərə imza atsa da, mənəvi dünyanın əsas lokomotivi hər zaman dini-mənəvi dəyərlər sayılıb. Dini dəyərlərlə müasirliyin vəhdəti bəşəri tərəqqinin ən əsas komponentlərindən biri hesab edilir. Bu vəhdət cəmiyyətin siyasi, sosial və mədəni inkişafında, münasibətlərin formalaşmasında zəmin rolu oynayacaq qədər böyük əhəmiyyətə malikdir.
Amma təbii olaraq dini sahədə də hələlik mövcud olan müəyyən problemlərin həllinə nail olunması istiqamətində davamlı fəaliyyət nümayiş etdirilir. Ölkəmizdə fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, o cümlədən, Qafqaz Müsəlmanları İdarəsi gənclərimizin, inanclı insanların fərqli istiqamətlərə yönləndirilməsinin qarşısını almaq, yalanı, radikalizmi, fərqli maraqları təbliğ edən cərəyanlardan kənarda olmasını təmin etmək üçün bütün gücünü sərf edir. Bəs, cəmiyyət olaraq biz bu problemin aradan qaldırılması üçün nələri etməliyik?
“Yeni Azərbaycan” qəzetində keçirilən “dəyirmi masa”nın mövzusu da məhz bununla əlaqədardır. “Dəyirmi masa”mızın qonaqları millət vəkili Azər Badamov, Bakı Dövlət Universitetinin dinlər tarixi müəllimi, ilahiyyatçı Saleh Kazımov, Məşədi Dadaş məscidinin imam-camaatı, “Mənəvi Dünya” İB-in sədri Hacı Şahin Həsənli və ilahiyyatçı Elşad Miridir.
- Ölkəmiz müstəqillik əldə etdikdən sonra 1995-ci ildə Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında hazırlanan və qəbul edilən Konstitusiyamızda digər hüquq və azadlıqlarla yanaşı, vətəndaşlarımızın vicdan azadlığı da öz əksini tapdı. İlk olaraq, ölkəmizdə əsrlərdir davam edən tolerantlıq mühitinin bu günü haqda söhbət açmaq istərdik. Sizcə, Azərbaycanı dünyanın tolerantlıq nümunəsi adlandırmaq olarmı?
Azər Badamov: Tamamilə doğru dediniz, bu gün Azərbaycan dünyada tolerantlıq modeli kimi qəbul edilən bir ölkədir. Vətəndaşlarımızın vicdan azadlığı ölkə Konstitusiyası ilə qorunur. Məhz Ulu öndərimiz Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışından sonra qəbul edilən Konstitusiyamızda dini etiqad azadlığı məsələsi ali qanunvericilikdə təsbit edildi və bu da ölkəmizdə əsrlərdir yaşayan tolerantlıq ənənələrinin daha da güclənməsinə imkan verdi. Bu məsələ Konstitusiyamızın 18-ci maddəsində təsbit olunub. Konstitusiyanın digər bir maddəsində, 25-ci maddədə göstərilir ki, bütün dinlərin daşıyıcıları qanun qarşısında bərabərhüquqludur. Bu da bir daha ölkəmizdəki tolerantlıq mühitinin, o cümlədən Azərbaycanın multikultirizmə sadiqliyinin bariz sübutudur. Digər tərəfdən, qəbul edilən qanunlar ölkəmizdə bütün dinlərin daşıyıcılarının öz dini rituallarını azad şəkildə həyata keçirməsinə şərait yaradır. Təəssüf ki, elə hallar da olur ki, bəzi insanlar qanunla təsbit edilmiş bu azadlıqlardan sui-istifadə etməyə cəhd göstərirlər. Məsələn, bir sıra dini cərəyanların meydana gəlməsi, həmin cərəyanların insanları səhv yönləndirməyə çalışması buna misaldır. Bu gün cəmiyyətdə bu məsələlər müzakirə obyektinə çevrilir və həmin hallar birmənalı şəkildə pislənir, cəmiyyət tərəfindən etirazla qarşılanır.
- Bu gün ölkəmizdə qanuni şəkildə fəaliyyət göstərən və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçən bir sıra dini icmaların nümayəndələri öz dini bayramlarını, ayinlərini azad şəkildə həyata keçirirlər. Amma bəzən cəmiyyətimiz, ən əsası isə ilahiyyatçılarımız özünü dindar sayan, məqsədi bəlli olmayan fəaliyyətlə məşğul olan dini  təmayüllü qrupların yaratdıqları problemlərdən narahatlıqlarını bildirirlər. Bu problemlər nədən yaranır?
Saleh Kazımov: Azərbaycan tarixən bir sıra dinlərə məxsus insanların, eyni zamanda, İslam dininin müxtəlif məzhəblərinə mənsub şəxslərin anlaşma şəraitində yaşadığı bir dövlət kimi xarakterizə edilib. Ölkəmizdə heç bir zaman din və ya məzhəb fərqinə görə ayrı-seçkilik olmayıb. Amma müstəqilliyin ilk dövründə, xüsusən 90-cı illərin əvvəlində regionda Azərbaycan üçün ənənəvi olmayan bir sıra dini görüşlərin peyda olması, yayılması hazırkı vəziyyətə gətirib çıxardı. Yəni, bugünkü durum ənənəvi dindarlıqdan qaynaqlanan bir şey deyil. Daha sonradan müxtəlif ölkələrin maraq dairəsində olan qüvvələrin apardığı din adına təbliğat, əslində, dinlə yaxından-uzaqdan əlaqəsi olmayan bir fəaliyyətin nəticəsidir. Bu fəaliyyət isə istər cəmiyyətimiz, istər dövlətimiz, istərsə də dindarlarımız üçün təhlükə mənbəyinə çevrilib. Bu fəaliyyətin yaranmasının və tarixinin yaşı cəmisi 200-300 ildir. Təbii ki, bu məsələlərin qarşısının alınması istiqamətində işlər aparılır, amma düşünürəm ki, bu cür fəaliyyətlərin qarşısının alınmasında ən effektiv addım maarifləndirmə işlərinin genişləndirilməsidir. Bu gün dinin nə olduğunu bilməyən amma din adına fəaliyyət nümayiş etdirənlər var, bu səbəbdən də cəmiyyət İslamın nə olduğunu, nələr tövsiyə etdiyini bilməlidir. Ən təhlükəli yalan içində az miqdarda doğrunun olduğu yalandır, deyiblər. Qurani-Kərimdən, peyğəmbərimizin həyatından bəhs edən hədislərdən bəzi kontekstləri götürərək cəmiyyəti çaşdıran, “dinimiz belə deyir” qışqıraraq bütün ənənəvi anlayışların üstündən xətt çəkilməsinə cəhd çox yanlış bir yanaşmadır. Təbii ki, bu gün ölkəmizdə dini etiqad azadlığı mövcuddur və kimsə kiməsə deyə bilməz ki, sən nə üçün bu dinə inanırsan.
Azər Badamov: Sevindirici haldır ki, məhz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin səyi ilə cəmiyyətə mənfi təsirləri olan dini ədəbiyyatın yayılmasının qarşısı hüquqi yolla alınır. Səslənən problemin kökündə isə İslam dininin təbliğatı və maarifləndirmə işinin düzgün qurulmamasının dayandığını düşünürəm. Maarifləndirmə işləri düzgün qurulsa insanlar əsl həqiqətlərdən uzaqlaşmaz. Bu maarifləndirmə işi aparıldığı təqdirdə kənar ünsürlərin təsirləri də yoxa çıxacaq.
Hacı Şahin Həsənli: Həqiqətən də Azərbaycanda bir çox ölkələr üçün nümunə ola biləcək tolerantlıq mühiti mövcuddur. Tarixən ölkəmizdə nəinki məzhəblərarası qarşıdurma olmayıb, hətta məzhəblər dinc və yanaşı şəkildə yaşayıblar. Burada qeyd olunduğu kimi, ölkəmizdə əsrlərdir ki, var olan ənənəvi məzhəblərin daşıyıcıları da bu prinsiplərə riayət ediblər. Ümumiyyətlə, Azərbaycanda İslam irfanlıq üzərində təbliğ olunub. Bizim poeziyamızda da bu öz əksini tapıb. Bu anlayış bütövlükdə bizim milli mentalitetimizin tərkib hissəsinə çevrilib. Qeyd edildiyi kimi, 90-cı illərin əvvəlində bir sıra cərəyanlar öz fəaliyyət sferasını genişləndirdi və ölkəmizə də yol tapa bildi. Bu, ənənəvi təriqətlərlə heç bir əlaqəsi olmayan cərəyanlardır. Mən onları İslam məzhəbi hesab etmirəm. Onların əsas fəaliyyətləri dağıdıcılıqdır ki, istənilən ölkəyə baxsaq, onların məzhəblər arası mübahisələri qızışdırmalarının, terrorla məşğul olmalarının şahidi ola bilərik. Ən acınacaqlısı isə onların buna dinə istinadən əl atmalarıdır. Yəni, terror pisdir, ən təhlükəlisi dinə söykənən terrordur. Qurani-Kərimi düzgün anlamaq üçün bütöv halda qavramaq lazımdır. Burada səsləndi ki, bir sıra ayələr kontekstdən çıxarıldıqda zorakılığın təbliği kimi anlaşıla bilər. Mən də razıyam ki, maarifləndlirmə işləri aparılmalıdır. Çünki inzibati işlər görülür, hüquq-mühafizə orqanları tərəfindən bu qruplaşmaların fəaliyyətinin qarşısı alınıb. Bu problemin aradan qalxması üçün ilahiyyatçıların, din xadimlərinin də üzərinə məsuliyyət düşür. Düşünürəm ki, bu gün din xadimlərimizin dinimizi gənclərimizə müasir dildə çatdırmalarına ehtiyac var. Etiraf etməliyəm ki, bu sahədə müəyyən qədər problemlərimiz var. Kadr potensialı kifayət qədər müasir zamanın tələblərinə cavab vermir. Hər halda bu istiqamətdə tədbirlər görülür. Xüsusilə də, Qafqaz Müsəlmanları İdarəsinin toplantısında da din xadimlərinə tövsiyələr edildi. Çünki din xadimlərimiz insanlarla hər həftə ünsiyyətdə, təmasda olan insanlardır. Xüsusilə də, gənclərimizin dini dünya görüşlərinin formalaşmasında din xadimlərimizin rolu müstəsnadır. Dini Qurumlarla İş üzrə  Dövlət Komitəsi tərəfindən də təşəbbüslər var. Məsələn, konkret olaraq bizim icma sosial layihələrə cəlb edilib. Dini icmaların sosial layihələrə cəlb edilməsi olduqca müsbətdir. Bu istiqamətdə addımlar davamlı olmalıdır. Din xadimlərinin də təkmilləşməsinə ehtiyac var.
- QMİ-nin son toplantısında Qazılar Şurasının fətvası oxundu. İstərdik bu məsələyə toxunasınız. Bu fətva özündə nələri əks etdirirdi və onun verilməsi hansı ehtiyacdan yaranır?
Hacı Şahin Həsənli: Təbii ki, belə məsələlərə həm hüquqi qiymət verilməlidir, həm də dini nöqteyi-nəzərdən dəyərləndirilməlidir. Ümumiyyətlə, son dövrlərdə radikal cərəyanların öz fəaliyyətlərini genişləndirməyə çalışması aktual bir məsələyə çevrildi. Dini Qurumlarla İş üzrə  Dövlət Komitəsi vaxtaşırı bu fəaliyyətlərə hüquqi qiymətin verilməsinə nail olur, onların fəaliyyətləri araşdırılır. Amma təəssüf ki, həmin radikal cərəyanlar bəzi dini anlayışlarla da spekulyasiya etməyə çalışırlar. Məsələn, “şəhid” anlayışı ilə. Yəni, bu gün Suriyada və ya başqa yerlərdə döyüşüb ölən insanların “şəhid” sayılıb-sayılmaması müzakirə mövzusuna çevrilir. Bu məsələyə dini cəhətdən qiymət vermək zərurəti yarandı deyə QMİ-nin Qazılar Şurasının dini ekspertləri bu məsələyə şəriət hökmləri əsasında qiymət verdilər. Bu qurumun missiyası məhz bu cür məsələlərə qiymət verməkdir və bu qiymət də səlahiyyətli olmalıdır.
- Son dövrlərdə dünyada çox təhlükəli bir president yaranıb. Bəzi maraqlı dairələr İslam dinini terrorizmlə əlaqələndirməyə səylər göstərirlər. Xüsusən, internetdə, axtarış sistemlərində bu hallara daha çox rast gəlinir. Bu mənzərənin yaranması nə ilə əlaqədardır?
Elşad Miri: Bunun bir neçə səbəbi var. Birincisi odur ki, həmin o təqdimetmə alətləri, cihazları və ya axtarış sistemləri İslamı terror dini kimi qələmə verməyə çalışan insanların əlində cəmləşib. Bu gün həqiqətən də dünyada beynəlxalq internet məkanı, televiziya məkanı həmin qurumların əlində cəmləşdiyi üçün müsəlmanlarla bağlı mənfi xarakteristikanın yaradılmasına nail olurlar. Əgər həmin insanlar istəsələr ki, hansısa məsələni daha gözəl şəkildə təqdim etsinlər, bu yanaşma dəyişəcək. İkinci bir tərəfdən, burada müəyyən fərqli məsələlər də mövcuddur. Belə ki, əgər hər hansı bir məsələdə müsəlmanlar etiraz edərkən zorakılığa yol vermək, məsələn, hər hansı bir səfiri öldürmək və ya əlinə dəyənək alıb kiməsə qarşı gəlmək şəklində addımlar atırlarsa, bu da həmin dairələrin əlinə rəvac verir ki, müsəlmanları bu cür təqdim etsinlər. Adi bir misal çəkim, ABŞ-da bir insanın dinini soruşmaq etikadan kənar sayılır. Orada bir qız bir müsəlman oğlanla bir yerdə oxuyub və onun hansı dinə mənsub olduğunu bilməyib. Sonradan onlar bir yerdə işləyəndə qız bilib ki, oğlan müsəlmandır və onunla bir yerdə işləməkdən imtina edib. Öz fikrini də belə əsaslandırıb ki, müsəlmanlar terrorçudurlar. Həmin oğlanın izahı isə belə olub ki, İslam yeganə dindir ki, adında sülhü, əmin-amanlığı, barışı əks etdirir. Bu din necə terror dini ola bilər? Sadəcə, insanlara bu dini terror dini kimi təqdim etmək istəyənlər var. Axı, İrlandiyada baş verən hadisələr, tarixən “səlib yürüşləri” “xristian terroru” adı altında tanıdılmadığı kimi hansısa müsəlmanın törətdiyi əməllər dinlə əlaqələndirilə bilməz və cinayətkarın da dini olmaz. O qız İslamı qəbul etdi və onların Bakıda toyları oldu. Demək istəyirəm ki, burada ikitərəfli məsuliyyət var. Digər yandan, bir müsəlman konkret olaraq Qurani-Kərimdən uzaqlaşırsa, demək ki, həmin müsəlmanda problem var.
(ardı var)
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 1183 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30