Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / “KİV haqqında” Qanuna edilən əlavə və dəyişikliklər mütərəqqi və mühüm əhəmiyyətə malikdir

“KİV haqqında” Qanuna edilən əlavə və dəyişikliklər mütərəqqi və mühüm əhəmiyyətə malikdir

06.02.2015 [09:43]

Yeni əlavə və dəyişikliklər jurnalistlərin peşə məsuliyyətinin artmasına öz töhfəsini verəcək
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Kütləvi informasiya vasitələri haqqında” Qanuna edilən əlavə və dəyişiklikləri təsdiq edib. Vurğulayaq ki, edilən əlavə və dəyişikliklər əsasən KİV-lərin özünü tənzimləməsini ehtiva edir. Dəyişikliklərə əsasən, eyni və oxşar adların KİV orqanına verilməsi qadağan olunur. Yəni, qanunun 3-cü maddəsinə (Əsas anlayışlar) “oxşar ad” termini əlavə edilir və onun təsnifatı göstərilir. Əlavənin mahiyyəti ondan ibarətdir ki, mövcud olan media orqanının adına oxşar yeni KİV-in yaradılmasına imkan verilməsin.
Bundan başqa, qərəzli yazılara görə haqsız olduğuna dair barəsində məhkəmə tərəfindən il ərzində 2 dəfə qərar verilən media orqanının dərcinə və yayımına xitam verilməsi barədə dəyişiklik də qanunda öz əksini tapacaq. Bu isə mətbuat pərdəsi altında fərqli maraqların həyata keçirilməsinin, o cümlədən, jurnalistika peşəsindən sui-istifadə hallarının, insanların hüquqlarının pozulmasının qarşısını alacaq.
Millət vəkili Aqil Abbas qəzetimizə açıqlamasında qanuna edilən əlavə və dəyişikliklərin KİV-lərin məsuliyyətinin artmasına yol açacağını söyləyib. Onun sözlərinə görə, insanlar öz işlərinə məsuliyyətlə yanaşmalıdırlar: “Elə qəzetlər var ki, ildə bir neçə dəfə məhkəməyə düşürlər. Bu addım bəzi mətbuat orqanlarının rəhbərlərinin məsuliyyət hissinin artmasına yol açacaq. Həmin insanlar nəyisə yazanda mütləq şəkildə ehtiyatlı olmalıdırlar, kifayət qədər araşdırma aparmalıdırlar. Hər hansı bir fakta malik olmadan kimlər haqqındasa nəyisə yazmaq, şər-böhtan atmaq yolverilməzdir. Bu isə dalbadal məhkəmələrə müraciətlərə gətirib çıxarır. Bu dəyişiklik qeyd edilən problemlərin aradan qaldırılmasına kömək göstərəcək. Hesab edirəm ki, bu əlavə və dəyişikliklər mətbuatımızda müsbətə doğru tendensiyanı daha da artıracaq”.
Məsələ ilə bağlı öz fikirlərini bildirən millət vəkili Sahib Alıyev isə qeyd edib ki, özünə hörmət edən, peşəkar KİV orqanı doğru olmayan, əsaslandırılmamış xəbərlərə, təhqirlərə, jurnalistin peşə etikasını pozan bu qəbildən olan hallara yol verməməlidir. Millət vəkili vurğulayıb ki, hətta təsadüfən bu hala yol verilərsə belə, təkrarlanmamalıdır: “Artıq bu halın təkrarlanması özü həmin məsuliyyətsizliyə yol verən mətbu orqan əməkdaşının və ya rəhbərinin jurnalistika standartlarına cavab vermədiyini ortaya çıxarır. Bu baxımdan, məhkəmələrlə bağlı halın 2 dəfəyə endirilməsi məsələsinin KİV-lərə təzyiq kimi qiymətləndirilməsi özü anormal haldır. Bu cür məsuliyyətsizliyi özünə peşə edənlər var ki, qanuna edilən dəyişikliklər belələrinin çirkin fəaliyyətinin qarşısının alınmasına kömək edəcək. Belə yollara əl atanlar və onların nəzarətlərində olan KİV-lər özünü informasiya vasitəsi kimi deyil, kütləvi təhqir, böhtan, iğtişaş vasitəsi kimi göstərir. Bu hallara ardıcıl olaraq yol verən media orqanları isə mənim nəzərimdə KİV deyil”.
“İki sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə bildirib ki, verilən bütün qərarlar, qanuna edilən əlavə və dəyişikliklər mətbuatın inkişafına yönələn addımlardır. Onun sözlərinə görə, bu əlavə və dəyişikliklərdə olduqca mühüm məqamlar öz əksini tapıb: “Məsələn, oxşar adlarla, o cümlədən, məhkəmələrlə bağlı problemlər bu əlavə və dəyişikliklərlə öz həllini tapacaq, qanunla tənzimlənəcək. Hesab edirəm ki, bu yeni əlavə və dəyişikliklər Azərbaycan mətbuatının inkişaf konsepsiyasının formalaşma modelinə öz töhfəsini verəcək. Oxşar adlarla bağlı məqam olduqca vacib və toxunulması gərəkən məqamdır. Zaman-zaman Mətbuat Şurasına da bu yöndə müraciətlər çox olurdu. Əsasən tirajlı, cəmiyyətdə tanınan qəzetlərin adlarına bənzər, adına cüzi əlavələr edilən qəzet adları ortaya çıxır. Bu cür plagiat adlar, təsvirlərin ortaya çıxması isə özü ilə bərabər bir sıra neqativ hallara yol açırdı. Qanuna edilən əlavə və dəyişikliklər bu neqativ halların aradan qaldırılmasında mühüm əhəmiyyətə malikdir. O ki qaldı məhkəmələrlə bağlı əlavə və dəyişikliklərə, bu da çox mühüm məsələdir. Yəni, bütövlükdə edilən əlavə və dəyişikliklər həm jurnalistlərin peşə davranışlarının, peşə etikasının artırılmasına, eyni zamanda, azad sözə verilən qiymət baxımından dəyərlidir. Bu əlavə və dəyişikliklərin edilməsi ilə Mətbuat Şurasına analoji yönümlü müraciətlərin azalacağı kimi nikbin bir fikirdəyəm. Çünki məsələ artıq qanunla tənzimlənəcək. Bu əlavə və dəyişikliklər cəmiyyətlə mətbuat arasındakı münasibətlərin daha isti, səmimi formada inkişafına öz köməyini göstərəcək”.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev də qanunlara edilən hər bir dəyişikliyin, yeniliyin Azərbaycan mətbuatının müasir standartlara uyğunlaşmasına, daha yüksək inkişaf səviyyəsinə çatmasına, o cümlədən, insan hüquq və azadlıqlarının qorunması kontekstində peşəkarlığının, məsuliyyətinin artmasına yol açdığını diqqətə çatdırıb. Baş redaktor vurğulayıb ki, bu mənada “KİV haqqında” Qanuna edilən əlavə və dəyişikliklər olduqca mütərəqqi xarakterə malikdir: “Bildirmək lazımdır ki, bu əlavə və dəyişikliklərə qədər Ədliyyə Nazirliyi qəzetlərin eyni ad altında dərc edilməməsinə nəzarət edirdi. Yəni, qeydiyyatdan keçən zaman təklif edilən ad altında hansısa mətbu orqanın fəaliyyət göstərib-göstərməməsi yoxlanırdı. Amma bəzən oxşar adlara rast gəlinirdi ki, bu da müəyyən neqativ hallara yol açırdı. Artıq oxşar adların verilməsi məsələsinin də qanunla tənzimlənməsi həmin neqativ halların aradan qaldırılmasına yaxından kömək edəcək. Bu mənada ki, bəzi insanların subyektiv maraqlarının təmini üçün cəmiyyətdə tanınan qəzetlərin adlarından plagiat formada istifadə etməsi halı aradan qaldırılacaq. Bu alqışlanası bir məsələdir. İnanıram ki, illərdir ki, mətbuatımızda ağrılı bir problem sayılan və fərqli maraqlara xidmət göstərən belə qəzetlərin fəaliyyətinin qarşısı alınacaq, problem birdəfəlik öz həllini tapacaq”.
Onun sözlərinə görə, bir sıra mətbu orqanlar, o cümlədən, jurnalist peşə etikasından və ümumilikdə peşəkarlıqdan xəbərsiz insanlar ölkəmizdə azad sözün qorunması prinsipindən sui-istifadə etməyə çalışırlar: “Hər bir jurnalist, o cümlədən, mətbu orqan rəhbəri öncə Azərbaycan dövlətinin vətəndaşı olduğunu dərk etməli, vətəndaş olaraq qanun qarşısında hər kəslə bərabər məsuliyyət daşıdığını bilməlidir. Mətbuat işçisi olmaq heç kimə əlavə səlahiyyət və ya hüquq vermir. Artıq öz peşəsindən sui-istifadə etməyə çalışanlar qanun qarşısında məsuliyyətini dərk edəcəklər. Əminəm ki, bu əlavə və dəyişiklik cəmiyyətimizdə də çox müsbət qarşılanıb”.
“Lider” televiziyasının aparıcısı, prodüsseri Mətanət Ağamirli bildirib ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncam demokratik dəyərlərin daha da gücləndirilməsinin təminatı rolunda çıxış edir. M.Ağamirli vurğulayıb ki, qanunvericilik, o cümlədən, edilən əlavə və dəyişikliklər ölkəmizdə mətbuat azadlığı üçün yaradılmış mühitin daha da şəffaf olmasına xidmət edir: “KİV haqqında” Qanunun mütəmadi olaraq yenilənməsi, ona əlavə və dəyişikliklərin edilməsi KİV-də arzuolunmaz halların müşahidə olunmamasına, mediaya və jurnalist adına xələl gətirən neqativ halların aradan qaldırılmasına böyük köməklik göstərəcək. Bu baxımdan, cənab Prezidentimizin bu Sərəncamı mütərəqqi addım kimi dəyərləndirilməlidir və inanıram ki, qanunun aliliyi mediaya yaraşmayan fəaliyyət və davranışların aradan qalxmasına böyük təkan verəcək”.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 1368 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31